"Bu hekayədə hər şey sünidir..." - Müzakirə

"Bu hekayədə hər şey sünidir..." - Müzakirə
25 sentyabr 2024
# 09:00


Kulis.az Alpay Azərin "Taxma kirpiklər" hekayəsi haqqında ədəbiyyat adamlarının fikirlərini təqdim edir.

Sevgi şəhəri - Babək Məmmədlinin hekayəsi

Babək Məmmədli:

"Bəri başdan deyim ki, tanışdan tanış personajların yer aldığı hekayənin mövzusu aktual olsa da, ənənəvi üslubunu bəyənmədim. Halbuki, reallıqla səsləşən bu cür müasir məzmunlu hekayədə keçmişə körpü salmaq üçün kreativ üsulları yoxlamağa daha geniş zəmin vardı ki, bu halda müəllif də oyunun əvvəlində aşkar üstünlüklə hesabda irəli çıxa bilərdi. Dediyim məqam istisna, digər məziyyətlərinə görə hekayəni ümumən uğurlu saymaq olar. Belə çoxsəsli, polifonik mətnlərdə dialoqların təbiiliyi obrazların asanlıqla vizuallaşmasına müstəsna kömək edib hekayəni daha da yaddaqalan edir. Bu qolu da müəllifin aktivinə yazıram. Əla! Ancaq mənə görə hekayənin ən baxımlı qollarından biri təhkiyəçinin mübhəm duyğuları qamaşdıran şəhvani təxəyyülü idi ki, bu məqamda onu hətta əfsanə rejissor Tinto Brassla da müqayisə etmişdim. Hakimin yekun fitinə bir qədər qalmış müəllifin meydanın mərkəzindən vurduğu zərbə ilə Lamiyənin timsalında son dövrlər populyasiyaları sürətlə artan, pyedestalı fəth etmiş, el arasında “qlamurkalar” dediyimiz məhdud təfəkkürlü hedonist fenomen xanımların xarizmasını çilikləməsi isə hekayənin ən kuryoz qolu oldu; Faiqin sərgisində aşırı intellektual görünmək ehtirası Lamiyəni çoxbilmiş Fransa səfirinin qarşısında rəzil duruma saldı. Müəllif də, səfir Şarpantye də sağ olsunlar. Sayələrində Lamiyəylə bərabər özüm də öyrənmiş oldum; demə Barokko üslubunun lokomotivlərindən sayılan Rafaelin “Sisktin madonnası” və “Müqəddəs Məryəmin tacqoyma mərasimi” əsərləri Luvr muzeyində yox,-Drezden qalereyası ilə Vatikan muzeyində qorunub saxlanırmış.

Yekunda hekayənin əsas qüsuru kimi müəllifin müəyyən abzaslarda və məqamlarda yersiz uzunçuluğa, bəzən də quru, statistik informasiyalara meydan verməsini qeyd etmək istəyirdim, gözlərim önünə dünyaya çıxa bilməməsində xarici faktorlar axtarıb qeyzlənən ədəbiyyatımızın reanimasiyada süni nəfəs aparatına qoşulmuş redaktə-korrektə seksiyası gəldi, susmalı olduğumu anladım. Ölüm ayağında olanı narahat etmək bizə yaraşmaz. Yolu yaxın, ölümü əzabsız olsun deyək. Gedib cənnətdə Heminquey, Fitzcerald, Vulf kimi sənətkarlarla işləmiş, şəxsi haqqında şəhvət bütü Merilin Monronun təbirincə desək, “öpüşə minlərlə dollar, insan ruhuna isə əlli sent ödəyən” fleqmatik Hollivudun sərmayə qoyub film çəkdiyi əfsanə redaktor Uilyam Perkinsə qonşu olsun. Amin".

Tindəki şorgöz kişi udqunur - Narıngül Nadirin yeni şeirləri

Narıngül Nadir:

"Alpay Azər imzasını maraqla izlədiyim istedadlı yazıçıdır. Hesab edirəm ki, müasir Azərbaycan nəsrində, hekayəçiliyində onun imzasının özünəməxsus yeri var. Alpayın hekayələrində dərin müşahidə qabiliyyəti, yazıçı peşəkarlığı, müəllifin insan psixologiyasına dərindən bələd olması dərhal özünü büruzə verir. Onun hekayələrində gözlənilməz hadisələr, nizamlanmış sujet xətti, dinamik keçidlər gözə dəymir. Əsərlərin fabulası daha çox gündəlik rastlaşdığımız, tez-tez ünsiyyətdə olduğumuz insan xarakterlərinin bədii dillə sərgilənməsi və şüuraltı düşüncənin ön plana çəkilməsidir.

“Taxma kipriklər” hekayəsindəki Lamiyə, Lalə, Faiq hər gün rastlaşdığımız insan prototipləridir. Hekayə mövzu baxımından müasirdir. “Tədbirlərdə Tahir Salahov, Baba Vəziroğlu, Alim Qasımovla çəkdirdiyi şəkilləri feysbukda, instaqramda tez-tez paylaşan Lamiyə ətrafa “İş adamı olsam da, sənətdən başım çıxır” mesajı ötürürdü.”

Ümumiyyətlə, Alpay hekayələrində əsasən müasir mövzulara müraciət edir. Hesab edirəm ki, bu, əlbəttə peşəkar yazıçı üçün, müsbət haldır və onu yazıçı kimi fərqləndirən əsas cəhətlərdən biridir.

Hekayədə Lalə ərini qısqanan qadın obrazıdır. Onun əlində olan əsası budur ki, rəfiqəsi Lamiyə gözəl qadındır, həm də onun ərinə meyllidir. Müəllif hekayədə bu qısqanclıq səhnəsini faciəyə çevirmir. Baş verənləri sakit şəkildə anladır və bununla da oxucunu daha çox inandırır. Lalə hətta yas yerində də ərini qısqanır. Maraqlıdır ki, Lalə ərinin kafedə bir yaşılgöz xanımla oturduğunu eşidib əvvəlcə Lamiyə hesab etdiyindən az qalır qısqanclıqdan ürəyi partlasın. Amma sonra başqa qadın olduğunu bildikdə sakitləşir, o qədər də vecinə almır. Yəni başqasından eybi yoxdur, əsas odur ki, həmin qadın rəfiqəsi olmasın.

Deyim ki, Alpay Azərin başqa hekayələrində olduğu kimi, bu hekayəsində də qadın obrazları, onların daxili aləmi çox dəqiqliklə verilib. Hətta bəzən adama təəccüblü gəlir ki, bir kişi müəllif qadın psixologiyasını necə belə dəqiqliklə ifadə edə bilir?..
“Taxma kipriklər” hekayəsinin əsas xüsusiyyətlərindən biri də budur ki, obrazların heç biri ideal deyil. Müəllif tamamlilə soyuqqanlı şəkildə, neytral zonadan bu obrazlara yanaşır. Heç birinə “güzəştə” getmir.

“Məktəbdə musiqi müəllimi kimi üç yüz qırx manat maaş alan Jalə arada fikirləşirdi, Nadiri naməhrəm bilib ona ərə getsəydi, istədiyi paltarları, ətirləri alardı, illərdi arzuladığı Barselonaya, Romaya gedib doyunca gəzərdi.”
Buradan aydın olur ki, Lalənin də ürəyinin dərinliklərində ərinə qarşı azacıq da olsa xəyanət gizlənib.

“Faiq arvadının rəfiqəsi, üstəlik, ərdə olan birisi onunçün naməhrəm olsa da, xəyal dünyasında onunla öz arasında tikanlı hasar çəkmişdi. Amma arada başını qaldırıb hasardan Lamiyəyə baxmaqdan vaz keçmirdi.” Deməli, Faiq də hardasa xəyanətə yönəlikdir.
Lamiə taxma kipriklərini məhz Faiqə görə çıxartmır və bunu açıq şəkildə Laləyə bildirir. Yəni qısqanmaq üçün Laləyə əsas verir. Bəlkə də, bunu qəsdən belə edir. Axı qadın dünyası başdan-başa sirrdir, müəmmadır…

Amma bu adamların heç biri xəyanət etmirlər, ailələrinə sadiqdirdlər. Sadəcə, qəlblərinin dərinliyində istəklərini hiss edirlər və yeri gələndə gizlədə bilirlər. Alpay Azər bu bu hekayədə həm də şərq insanının xarakterini açıb göstərir. Bu insanlar ikili həyat yaşayırlar və hardasa xoşbəxtdirlər.
Ümumiyyətlə, “Taxma kirpiklər” hekayəsini bəyəndim və Alpay Azərə uğurlar arzulayıram".

Xəyyam Rəfili:

Alpayın hekayələrində özünəməxsus kolorit olur. Yazıçının öz üslubunu, ifadə şəklini tapması, uğurun yarısıdı, məncə. Bu, hər yazıçıya nəsib olmur. Sənətdə öz yolunu tapanlardan isə fərqli dil və texnika tələb eləmək doğru deyil. Bu yaxınlarda Ömər Xəyyam adaşımın Mübariz Örənin hekayəsindən umduğu kimi. Hər əsər öz üslub və estetikası çərçivəsində təhlil olunmalıdır. Çərçivədən çıxmamış, hekayəmizə qayıdım.
"Taxma kirpiklər"dən xoşum gəldi. Hekayədə hər şey sünidir. Münasibətlər, sevgilər, əşyalar, hətta nifrətlər belə, anadolulular demiş, yapmacıqdır. Hekayənin elə ilk abzaslarında ən böyük yalanı görürük. "Mamam özünü öldürürdü ki, məni də aparın, təzyiqinə görə qoymadıq. Amma gələn cümədə mütləq gələcək". Bu cür yalanlardan heç kim incimir, tam tərsi, inanmaq da istəyir, amma hamı belə sözlərin həqiqət olmadığını bilir. Yas yerində ağ fincanda gələn çaylar da sünidi, taxma kirpiklər kimi. Alpayın yerində olsam, bu yalançı üslubu dilə də tətbiq edib, eksperiment edərdim.
Bir də hekayədə fərqli obrazların yer almasını, müxtəlif məişətlərin təsvir olunmasını sevdim. Sadəcə, bu obrazları oxucuya təhkiyəçinin tanıtması hekayənin tempini dəyişir. Məsələn, bir abzasda oxuyuruq: "İşiylə bağlı gah Dubaya, Berlinə, gah da Parisə uçan Lamiyənin Bakının yaxşı yerlərində iki gözəllik salonu, bir estetik klinik mərkəzi varıydı. Bir suyu Müşərrəf Akaya oxşayan Lamiyənin yaşı əllini keçsə də, otuz-otuz beşdən o yana verməzdin. Kefinə düşəndə, səhər yeməyinə Londona, naharda suşi üçün Tokioya uçurdu". Məncə, bu cür arayışları oxucuyla ünsiyyətə girmədən də vermək olardı.
Sonda bir etiraf da edim, adaşımda olan mərəzdən məndə də var. "Dəbdəbəli üçmərtəbəli" kimi ifadələrin həmişə alternativini axtarırarm. Lakin buna da yanlışdır demirəm.
Başda da dediyim kimi, Alpay öz yolu olan yazıçıdır. Bu yolda ona uğurlar diləyirəm.

Elnarə Qaragözova:

"Alpay Azərin "Taxma kirpiklər" hekayəsi klassik hekayə estetikasına tam cavab verən əsərdir. Maraqlıdır ki, əsərin adı - "Taxma kirpiklər" hekayənin qadın obrazlarından biri olan Lamiyəyə işarədir. Halbuki, əsərin əsas qəhrəmanları Jalə və əri Faiqdir. Əsərin süjeti onların həyatı, düşüncə tərzi, dünyagörüşü və hətta yuxuları üzərindən təqdim edilir. Jalə ilə Lamiyənin gizli savaşının (Lamiyənin heç xəbəri olmayan bir savaşın) məğlubu məhz Jalədir. Çünki oxucu onu qısqanc, özgüvənsiz, paxıl bir qadın olaraq qəbul edir. Lamiyə isə öz meşşanlığına, lovğalığına, kütlüyünə baxmayaraq ondan daha təmiz və ləyaqətli görünür. Hekayənin süjet axışında yazıçının əsas niyyəti Lamiyənin əsərin məhək daşı rolunda təqdimi vasitəsilə açılır. Məhz Lamiyənin - bu meşşan, savadı və dünyagörüşü məhdud varlı xanımın həyatına və varlığına münasibət Jalə və Faiqin şəxsiyyətinin açarına çevrilir..."

Çəmənzəminli niyə şaman ayinindədir?" - Rəvan Cavid

Rəvan Cavid:

"Hekayəni hansı cığırdan oxuyursan oxu, finala gedən yola çıxırsan. Bu, xoşuma gəldi. Finalda isə niyə bu qədər yol gəldiyini anlamırsan. Hekayədə hər şey var; səlis təhkiyə, sadə dil, hadisələr qovşağı, intellektual göndərmələr, təsvirlər, canlı dialoqlar. Amma bütün bunlar səpələnmiş muncuqlara oxşayır. Müəllif onları sapa düzə bilməyib sanki. Sanki hər şey yarımçıqdı və bu da oxucuda sual yaradır: "Mən nə oxudum?"

# 158 dəfə oxunub

Müəllifin son yazıları

# # #