"Bir Müəllimin Manifesti" Vaşinqtonda - Vəfa Kazdal yazır

"Bir Müəllimin Manifesti" Vaşinqtonda - Vəfa Kazdal yazır
14 fevral 2022
# 15:35

Kulis.az ADA Universitetinin Akademik işlər üzrə prorektoru Vəfa Kazdalın “Bir Müəllimin Manifesti Vaşinqtonda” yazısını təqdim edir

“Bir Müəllimin Manifesti” proqramı 3 komponentindən ikisini Qazaxda və ADA Universitetində geridə qoyub, indi isə artıq növbəti tərkib hissəsi ilə yanvar ayının 17-dən etibarən ADA Universitetinin ABŞ-dakı Mərkəzində, Vaşinqtondadır.

Ötən ilin oktyabr ayının 1-dən fəaliyyətinə start verilən “Bir Müəllimin Manifesti” adlı təhsil proqramı, əslində, rektor Hafiz Paşayevin təşəbbüsü ilə yenidən bərpa olunan, təhsil tariximizin başlanğıc nöqtəsi sayılan Qazax Müəllimlər Seminariyasının 100 ildən sonra tərtib edilən ilk proqramıdır. Bu təşəbbüs yalnız Qazax Müəllimlər Seminariyasının bərpası deyil, həmçinin milli tariximizin və irsimizin bərpası yolunda atılan addımların davamıdır. “Azərbaycan” qəzetinin tam kolleksiyasının ərəb qrafikalı əlifbadan latın qrafikalı əlifbaya transliterasiyası və nəşr edilməsi, Azərbaycanda ilk əsaslı dərs vəsaitinin ‒ “Vətən dili” kitabının yenidən nəşr olunması, Kamal Abdullanın ADA Universitetində keçdiyi Azərbaycanşünaslıq fənninin mühazirələri əsasında “Azərbaycançılıq və Kitabi-Dədə Qorqud” kitabının tərtib edilməsi və 2020-ci ildə nəşr olunması ADA Universitenin rektorunun azərbaycançılıq məfkurəsinin gücləndirilməsi yolunda atdığı əsaslı addımların bariz nümunələrindəndir və eyni zamanda minlərlə gəncə əsl vətənpərvərlik dərsidir.

Proqramımıza 20 ucqar rayon məktəblərindən seçilən 24 müəllim və 14 nəfər direktor heyətinin təşkil etdiyi 38 iştirakçı ilə başladıq. Onlar özlərini hər fürsətdə təsəvvür edilə bilməyəcək qürurla Qazax Müəllimlər Seminariyasının ilk müəllim-tələbələri kimi təqdim edirlər.

Mərhələli şəkildə hər bir qrupun Vaşinqton səfəri təşkil ediləcək. Lakin ilk olaraq 16 nəfərlik qrupla birlikdə 8 həftəlik proqram üçün okeanın o biri tərəfini kəşf etməyə gəldik. “Bir Müəllimin Manifesti” təhsil proqramı adlansa da, ADA Universitetinin ABŞ-dakı Mərkəzinin prezidenti və eyni zamanda ADA Universitetinin qurulmasında və strateji inkişafında, eləcə də Qazax Müəllimlər Seminariyasının bərpasında əvəzsiz xidmətlər göstərən şəxslərdən biri olan Qalib Məmməd bu proqramı bir missiya və vətəndaşlıq məsuliyyəti kimi görür. O, Qazax Müəllimlər Seminariyası və “Bir Müəllimin Manifesti” proqramının məramını Çernyayevskinin kəndbəkənd gəzərək gənc, istedadlı müəllimləri kəşf etməsi, onları yetişdirməsi və milli təhsilimizə qazandırmasına bənzədir. Proqram iştirakçıları ilə yaxından tanış olduqda belə məlum olur ki, onlardan bir neçəsi müəllimlik peşəsindən uzaqlaşmaq istəyirmişlər, lakin bu proqramda iştirakdan sonra müəllimlik sənətinə böyük həvəs, sevgi, yeni məqsəd və ambisiyalarla geri qayıtdıqlarını bildirirlər. Bunlardan biri - Vəfa Fərəcli Yevlax rayonu Rüstəmli kənd tam orta məktəbinin ingilis dili müəllimidir. Bir müddət bundan əvvəl başqa iş imkanları axtaran Vəfa müəllim indi artıq özünəinamı sayəsində ADA-da bu ildən Azərbaycan dilində tədris olunacaq “Təhsilin idarə edilməsi” və “Müasir təlim və tədrisin Təşkili və Metodikası” üzrə magistr proqramlarının birində, daha sonra isə Amerikada doktorantura səviyyəsi üzrə təhsilini davam etdirməyi hədəfləyir. Belə ki, proqramın amalı yerli təhsil mühitinə həm yeni müəllimlər qazandırmaq, həm də müəllimlik peşəsinə yeni bir ruh və həvəslə qayıdışa təkan verməkdir.
Vaşinqton proqramının məqsədi ümumi proqramın məqsədindən fərqlənmir. Burada ali məqsəd müəllimlik sənətinin ləyaqətini bərpa etmək, müəllim peşəsinin dəyərini artırmaq və müəllimlərimizin özünə olan inamını gücləndirməkdir.

Bunun üçün müəllimlərimizlə təhsil sahəsində ən son tendensiya və təcrübələri paylaşmalı, onların təşəbbüskarlıq ruhunu artırmalı, müasir təhsildə tələb olunan tədqiqat əsaslı və problemi həll etməyə yönəlmiş idarəetmə (sinif və ya məktəb) bacarıqlarını inkişaf etdirməli və əməkdaşlıq mədəniyyətini gücləndirməliyik.

Vaşinqton proqramı məqsədinə görə ümumi proqramın məqsədilə eyni və məzmununa görə bundan əvvəl gələn komponentlərin davamıdır. Proqramın başlıca tərkib hissələrindən biri təhsil məqsədləri üçün ingilis dili proqramının təqdim edilməsidir. Proqram iştirakçıları Vaşinqtona getməzdən əvvəl üç ay intensiv şəkildə ADA Universitetinin müəllimləri tərəfindən tədris edilən ümumi inglis dili dərslərinə qoşulub, dil səviyyələrini artırıblar. Burada ingilis dili vasitəsilə müəllimlər müxtəlif pedaqoji yanaşmalar və təhsil standartlarını təhlil edir, öyrəndiklərini tədris etdikləri fənlərə tətbiq edərək tədris proqramının tərtibi üzərində işləyirlər. Bu dərsin son məhsulu müasir tələblərə cavab verən tədris proqramının tərtibi (sillabus) olacaqdır. Müəllimlər həm ingilis dili səviyyələrini elmi məqsədlər üçün təkmilləşdirir, həm də müasir təlim və tədrisin təşkili üzrə bilik və təcrübələrini inkişaf etdirirlər. Bu hissə ilə yanaşı, müəllimlər qlobal məsələlər və onların təhsilə təsiri adı altında mühazirələr və müzakirələrdə iştirak edirlər. Bu mühazirələr tanınmış siyasətçilər, təhsil ekspertləri, mədəniyyətşünaslar və amerikan müəllimlər tərəfindən təqdim olunur. Bu mühazirələr silsiləsi onlara bundan əvvəl keçirilən Müəllim Liderliyi fənninin praktiki və beynəlxalq davamıdır. Əlbəttə ki, Amerika təhsil sistemi və Amerika mədəniyyəti ilə tanışlıq proqramın həm maraqlı, həm də mühüm bir hissəsidir. Bu komponent çərçivəsində iştirakçılar Vaşinqtonun zəngin muzey imkanlarından faydalanaraq onları ziyarət edir, daha sonra topladıqları məlumatlar əsasında müzakirələr təşkil edir, dərslərdə fikir mübadiləsi aparırlar.

Onu da vurğulamaq istərdim ki, proqram iştirakçıları düşdükləri mühitin təsirindən qaynaqlanaraq hər anlarını dəyərləndirir, asudə vaxtlarını müstəqil şəkildə tədqiqatçılıq fəaliyyətinə həsr edərək araşdırmalar aparırlar. Müxtəlif ölkələrin təhsil sahəsindəki fəaliyyətlərinin oxşar və fərqli cəhətlərini müqayisə edir, fikir və təkliflər irəli sürürlər.

Vaşinqton komponentinin iştirakçıların öz tədqiqat layihələrinin təqdimi ilə yekunlaşması bu proqramın bir daha tətbiq xarakterli olduğuna dəlalət edir. Bu tədqiqat layihələri bundan əvvəlki 3 modulda tədris olunan Təhsildə tədqiqat metodları fənninin davamıdır. Layihədə iştirakçılar öz sahələrinə uyğun olaraq 4 qrupa bölünüblər: təbiət elmləri, riyaziyyat, dil və incəsənət, tarix və coğrafiya. Hər qrup proqram çərçivəsində əldə etdiyi bilik və bacarıqlara əsaslanaraq təhsildə və xüsusi olaraq onların öz ixtisas sahələrində mövcud olan bir problemi araşdırıb onun həlli yollarını təklif etməlidir.

Qayıdaq yenə də niyə məhz Azərbaycandan kənarda belə bir komponentin təşkilinin mahiyyətinə. Bu gün Azərbaycan müəllimi öz məktəbindən, kəndindən çıxmadan yenilikçi ruhunu tam şəkildə inkişaf etdirə bilməz. Sərhədləri aşaraq o, dünya təcrübəsini məktəbinə, məktəbini isə dünyaya yaxınlaşdıracaq. Məhz buna görə “Bir Müəllimin Manifesti”nin coğrafi marşrutu Qazax-Bakı-Vaşinqtondur. Bu olduqca maraqlı və yeni bir yanaşmadır. Qlobal təhsil proqramları (hər semestr bir ölkədə) ali təhsil sahəsində ən son tendensiyalardandır. Amma bu proqramın unikallığı onun həm lokal (regionlararası), həm də qlobal (ölkələrarası) olmasıdr. Bu yanaşmada biz nəinki regionlarımıza dünya qapılarını açırıq, eyni zamanda ADA-nın da qapılarını region müəllimlərinin üzünə daha geniş açırıq. Bizim professor heyəti bu proqram çərçivəsində iştirakçılar üçün dərslərin təşkili və həyata keçirilməsində bilavasitə iştirak edir, regionlarda təhsillə bağlı məsələlərlə yaxından tanış olur və onun inkişafına yönəlik verdikləri töhfələri yalnız “Bir Müəllimin Manifesti” proqramı çərçivəsi ilə məhdudlaşdırmır, proqramdan kənarda da fəaliyyətlərini uğurla davam etdirirlər.

Amerika Birləşmiş Ştatlarında belə bir təcrübə keçmək, demək olar ki, iştirakçıların hər biri üçün əlçatmaz arzu idi. Onlar inanmırdılar ki, bu arzu nə vaxtsa reallaşa bilər. Görünür, ADA-nı yaxından tanımırmışlar. ADA hər zaman olduğu kimi bu dəfə də sözünün arxasında durdu. Əlçatmaz görünən arzular bir-bir reallaşmağa başladı. Arzularının həyata keçməsi ilə iştirakçıların özlərinə inamı artdı. Bu artıq sabah yüzlərcə şagirdin xəyal qurması, onun həyata keçməsi üçün çalışması və ona doğru inamla addımlaması deməkdir. Bu iştirakçıların hər biri öz məktəbinə qayıdanda bir nümunə olacaq – “Mənim bir xəyalım var!” nümunəsi.

Xəyaldan bəhs etmişkən, Vaşinqtondakı proqram ayın 17-si başlamalı idi. Gözəl açılış proqramı hazırlamışdıq. Ayın 17-si Amerika Birləşmiş Ştatlarında qeyri-iş günü ‒ Martin Lüter Kinq günü idi. Biz isə onun məşhur “I have a dream” (Mənim bir arzum var!) nitqi ilə bağlı düşüncələrimizi məzarı üzərində səsləndirməyi planlaşdırmışdıq. Hətta müəllimlər arasında bu nitqi paylaşıb və dinləmişdik. Koronavirus böyük planlarımıza mane ola bilməsə də, bu niyyətimizə maneçilik törətdi. Amma boşuna demirlər ki, xeyirlisi belə imiş. Təhsil Məqsədləri üçün İngilis dili proqramımızın tərtibçisi və tədris edəni pedaqoq Lisa xanım Donohoe Luscome Amerika Birləşmiş Ştatlarının dillərin tədrisi və tərcümə sahəsində ən nüfuzlu universitetlərindən biri olan Monterey Beynəlxalq Münasibətlər Universitetinin müəlliməsidir. ADA Universitetinin bir sıra dil proqramlarını tərtib və tədris edən Lisa COVID-19 virusuna yoluxduğundan, həmçinin pandemiya qaydalarına əsasən biz 5 gün karantinə göndərildiyimizdən proqramımızın açılışını 17-si edə bilmədik. Düzdür, dərslər planlaşdırdığımız tarixdən onlayn şəkildə başladı. Proqramın başlanğıc mərasimi isə Azərbaycan xalqının ən böyük və ən müqəddəs xəyalı olan müstəqilliyimizin bərpası uğrunda mübarizə apardığı, o xəyalın gerçəkləşməsi üçün canlarından keçdikləri o gündə ‒ 20 Yanvar günündə baş tutdu. Bizim milli qürur və mənəviyyat günümüzdə. “Azad Azərbaycan” arzusunda olan yüzlərlə azərbaycanlının və bu ideya uğrunda canlarını qurban edən şəhidlərimizin anım günündə. Onların Vətənim Azərbaycanı müstəqil, azad görmək xəyalları var idi və o xəyallar gərçəkləşdi. Biz də 32 il sonra bu xəyalların reallaşması nəticəsində mavi səmalarda dalğalanan bayrağımızın fonunda başqa arzuları gerçəkləşdirmək üçün okeanın digər tərəfində toplaşdıq.

Rektor Paşayev hər dəfə qeyd edir ki, bu proqramın əsas məqsədi müəllimlərimizdə özlərinə inamı gücləndirməkdir. Hər zaman olduğu kimi sadə, amma incə və dərin düşüncədir. Özünə inamı olan müəllim özünə inamı olan nəsillər deməkdir. Özünəinam nədir? Özünəinam ən birincisi, öz milli kimliyimizi, irsimizi, mədəniyyətimizi, tariximizi dərindən bilmək, ona dəyər vermək, onunla qürurlanmaqdır. Özünəinam güclü azərbaycançılıq ruhudur. Bu sevginin, qürurun daşıyıcıları məhz vətənpərvərlik ruhu yüksək olan müəllimlərdir. Əgər biz, doğrudan da, o şəhidlərimizi ehtiramla anmaq istəyiriksə, bunu öz əməllərimizlə, yəni gənc nəsli azad dəyərləri olan azərbaycanlılar kimi yetişdirməklə bu borcumuzdan çıxa bilərik. Bu vəzifə, ilk növbədə, müəllimlərimizin üzərinə düşür. Bax, belə bir patriotik notlarla proqrama Vaşinqtonda start verdik.

Dərslərdən sonra sanki Bakıdakı ADA-nın mini modelini yalnız xatırlatmaqla qalmayan, həmçinin fəlsəfəsini: müasirlik və azərbaycançılığı təbliğ edən ADA-nın Vaşinqtonda yerləşən Mərkəzinin kiçik, amma çox isti və işıqlı otaqlarında tez-tez söhbətlər edirik. Azərbaycan və Amerika mədəniyyətini qovuşduran bu məkan Azərbaycan incəsənəti və Amerika arxitekturasını özündə birləşdirərək, doğrudan da, buraya gələnləri həm azərbaycançılıq məfkurəsi altında birləşdirirərək yeniliyə səsləyir. Azərbaycan xalçaları, Azərbaycan yazıçılarının və rəssamlarının əsərləri, Vaqif Mustafazadənin şəkilləri, çay mədəniyyətimizin xüsusi göstəricisi olan armudu stəkanlar burada xüsusi bir məna kəsb edir. ADA Universiteti dəfələrlə ABŞ-da təhsil alan azərbaycanlı doktorantları ilə birlikdə konfranslar təşkil edərək bu gün özünün ən yaxşı professor heyətini məhz bu məkanda kəşf edib və kəşf etməkdə də davam edir. Bu məkanda ADA Universitetinin idarə heyəti (dekanlar, direktorlar, prorektorlar) universitetin strateji xəritəsini ən nüfuzlu ABŞ universitetlərinin idarə heyəti ilə bərabər hazırlayıb. Bu məkanda tələbələr ADA və Corc Vaşinqton Universitetlərinin ikili diplom proqramı üzrə təhsil alırlar. Bu məkan yenilik, intellekt, mədəniyyət, mübadilə, əməkdaşlıq mərkəzidir. Maraqlıdır ki, Bakıda ADA Universitetində tələbələr necə ki dərs bitdikdən sonra evə getmək istəmirlər və kampusda qalmaq istəyirlər, burada da eynilə müəllimlərimiz ADA-da qalmaq istəyirlər. Burada müəllimlərlə söhbətlərimiz təhsilimiz və onun üçün nələr edə bilərik mövzusu ətrafında təşkil edilir. Bu söhbətlərdə müəllimlərimiz tez-tez deyirlər ki, bilirsiniz kənddə bütün müəllimlər ingilis dilini öyrənir ki, onlar da bu proqramda iştirak edib Vaşinqtona gəlsinlər. Bu, proqramın öz missiyasına çatmasının göstəricisidir. Bu o deməkdir ki, artıq inam var, arzu var və o arzuya gedən yol var.

İngilis dilində bir gözəl ifadə var. Son vaxtlar onu tez-tez işlədirəm “Stars are aligning”, yəni ulduzlar cərgəyə düzülür. Əgər ulduzlar cərgəyə düzülürsə, bu o deməkdir ki, kainat da o işi dəstəkləyir. “Bir Müəllimin Manifesti” o qədər nəcib bir missiyadır ki, hətta ulduzlar belə bu iş üçün cərgəyə düzülüb. Proqramın başlanğıc mərasiminin Azərbaycan xalqının müstəqilliyini şəhidlərinin qanı ilə qazandığı o günə ‒ 20 Yanvar gününə təsadüf etməsi, Təhsil Nazirliyinin təşkil etdiyi vebinar gördüyümüz işin nə qədər doğru, müqəddəs olduğunu göstərən sanki kainatdan bizə göndərilən bir işarə idi.

Firudin bəy Köçərlinin ad günü yanvar ayının 26-sı idi. Yanvarın 28-i Təhsil Nazirliyinin təşəbbüsü və Cəsarət Valehovun virtuoz moderatorluğu ilə proqram iştirakçılarının iştirak etdiyi vebinar keçirilir və ADA Universitenin ABŞ-dakı Mərkəzindən birbaşa yayım olur. Cəsarət müəllim yayıma başlamadan bizim hamımıza baxır, səmimi, könüllü, müasir, birlik və bərabərlik ruhunu hiss edib: “Mən də qalstuku çıxarım”,- deyərək qalstukunu çıxarır və yayıma başlayır. Bütün auditoriya isə onu alqışlayır. O, qalstuku çıxarmaq deyildi, o, formallığı qırmaq, bir olmaq, səmimi olmaq, yaxın olmaq, güvənmək idi. Dəyişiklik və yenilik ancaq belə sərbəst, güvən, inamla dolu olan əməkdaşlıq mühitində mümkündür. Cəsarət müəllim o mühiti hiss etdi və o anda ona qoşulmaq qərarına gəldi.

100 il əvvəl Qazaxda dayanan qatar bu dəfə təyyarə ilə davam etdi. Yeni ümidlər, yeni arzular, yeni fikirlər və təhsildə yeniliklər bu təyyarədə idi. Firudin bəyin ad gününü anmağın bundan daha gözəl yolu, məncə, ola bilməzdi.

Proqram iştirakçılarının gərgin və həyəcan dolu Vaşinqton təcrübəsi davam edir. Proqram mart ayında müəllimlərin yekun layihələri ilə tamamlanacaqdır. “Bir Müəllimin Manifesti” adlı təhsil proqramının çərçivəsində proqram iştirakçılarının qazandıqları təcrübə və nailiyyətləri, ən əsası, təqdim edəcəkləri layihələrin nəticələrini oxuyucularla paylaşmağı davam edəcəyik.

# 2926 dəfə oxunub

Müəllifin son yazıları

# # #