Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Ermənistan silahlı qüvvələrinin 2022-ci il sentyabrın 12-dən 13-ə keçən gecə Azərbaycan-Ermənistan dövlət sərhədində genişmiqyaslı təxribatları ilə bağlı bəyanat verib.
Kulis.az bəyanatın mətnini təqdim edir:
“Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Ermənistan silahlı qüvvələri tərəfindən 2022-ci il sentyabrın 12-dən 13-nə keçən gecə Azərbaycan-Ermənistan dövlət sərhədində törədilmiş genişmiqyaslı təxribatları qətiyyətlə pisləyir və Ermənistan tərəfinin Azərbaycana qarşı növbəti təcavüzünü beynəlxalq hüququn fundamental norma və prinsiplərinin, habelə Azərbaycan, Ermənistan və Rusiya Federasiyası liderləri arasında imzalanmış üçtərəfli bəyanatların müddəalarının kobud şəkildə pozulması kimi qiymətləndirir.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Ermənistanın hərbi təxribatları nəticəsində həlak olan şəhidlərə Allahdan rəhmət diləyir, onların ailələrinə və bütün Azərbaycan xalqına dərin hüznlə baş sağlığı verir”.