Bakı Forumunun iştirakçıları Sakit Məmmədovun emalatxanasında olublar

Bakı Forumunun iştirakçıları Sakit Məmmədovun emalatxanasında olublar
3 may 2024
# 14:00

Azərbaycan tarixən mədəniyyətlərin kəsişməsi məkanı olub. Müxtəlif etnik qrupların və dinlərin nümayəndələri burada bir ailə kimi yaşayırlar. Çoxmədəniyyətli və etnik cəhətdən rəngarəng Azərbaycan cəmiyyəti uzun əsrlərboyu tolerantlıq, qarşılıqlı hörmət, dostluq və tərəfdaşlıq kimi yüksək dəyərləri qoruyub saxlaya bilib. Azərbaycan bütün dünyada özünün zəngin mədəni irsi ilə tanınır.

Kulis.az xəbər verir ki, Bakı Forumu çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Migel Anxel Moratinos və TÜRKSOY-un Baş katibi Sultan Rayev dünyaşöhrətli rəssam, müxtəlif ölkələrin dövlət orden və medallarının kavaleri, Azərbaycanın Xalq rəssamı, UNESCO Rəssamlar Birliyinin və Ümumdünya Rəssamlıq Akademiyasının üzvü, professor Sakit Məmmədovun emalatxanasında olublar.

Sakit Məmmədovun rəsmləri bütün dünyada öz incəliyi ilə tanınır. Belə bir deyim var ki, rəssam ilham alan deyil, ilham verəndir. Fəxri qonaqlar müxtəlif ölkələrin və xalqların qadınlarının milli obrazlarını əks etdirən “On dörd gözəl” silsilə rəsmləri ilə tanış olublar. Onlar qədim türk sərkərdəsinə və hökmdarına həsr olunmuş “Tomris” tablosuna da böyük maraqla baxıblar.

Qədim Azərbaycan torpağı olan Qarabağın tarixindən və mədəniyyətindən bəhs edən əzəmətli tablo - “Qarabağnamə” öz miqyası ilə qonaqları heyran edib. BMT-nin Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Migel Anxel Moratinos Forumda iştirak etməkdən, həmçinin Sakit Məmmədovla görüşməkdən çox şad olduğunu bildirib. O deyib: “Mən sizin opalizm tərzinizi, həmçinin ilham verən ispan gözəlliyini tərənnüm etməyinizi çox bəyəndim. Bu, mənim ürəyimi isitdi. Dünyada sizin kimi gözəl sənətkarlar azdır”.

Azərbaycan xalqının qonaqpərvərliyi çoxdan fəxri qəbul ənənəsi ilə məşhurdur. Sakit Məmmədov uzun illər yaradıcılıq fəaliyyətindən, tanınmış dövlət xadimləri, o cümlədən Böyük Britaniya və Şimali İrlandiya Kraliçası II Elizabet və onun həyat yoldaşı Edinburq hersoqu, habelə dünyaşöhrətli mədəniyyət xadimləri, elm və siyasət xadimləri ilə görüşlərindən danışıb.

Görüşün sonunda Sakit Məmmədov Migel Anxel Moratinosa özünün “Ovsunlayan Azərbaycan” əsərini hədiyyə edib. Dünya şöhrəti qazanmış həmyerlimizin yaradıcılığından ruhlanan qonaq emalatxanadan ayrılarkən deyib: “Sizinlə görüşməyimə çox şadam, işinizə, istedadınıza və insanlığınıza heyranam. Yaşayın, yaradın və bizi sevindirin, mən sizinlə fəxr edirəm və “Ovsunlayan Azərbaycan” tablosunu mütləq Birləşmiş Millətlər Təşkilatında sərgiləyəcəyəm”.

# 882 dəfə oxunub

Müəllifin son yazıları

# # #