Azərbaycandan İslam dünyasına yayılan irfan işığı: Seyid Yəhya Bakuvi

Azərbaycandan İslam dünyasına yayılan irfan işığı: Seyid Yəhya Bakuvi
17 sentyabr 2026
# 12:00

Kulis.az "Dahi şəxsiyyətlərimizin Azərbaycan xalqının milli-mədəni irsinin inkişafına töhfələri" rubrikası çərçivəsində görkəmli mütəfəkkir, filosof, alim, şair, xəlvətilik təriqətinin ikinci qurucusu Seyid Yəhya Bakuvinin həyatı və yaradıcılığı haqqında materialı təqdim edir.

Tarixdə iz buraxmış elə mütəfəkkirlər var ki, onların həyatı və yaradıcılığı sadəcə yaşadıqları dövrün deyil, bütün bəşəriyyətin mənəvi-fəlsəfi yaddaşında əbədi iz buraxır.

Orta əsrlər Şərq intibahının parlaq simalarından biri, Xəlvətilik təriqətinin piri-sanisi (ikinci qurucusu), dahi mütəfəkkir və filosof Seyid Yəhya Bakuvi məhz belə əzəmətli şəxsiyyətlərdən biridir. Şirvan torpağının bağrından qoparaq bütün İslam aləminin qəlbini fəth edən bu ustad, insan ruhunun sonsuzluğa açılan qapısı və irfan məbədinin memarı olub.

Seyid Yəhya Bakuvinin həyatı ilkin mənbələrdə zəngin tarixi fonla əhatə olunub. Tam adı əs-Seyid Cəmaləddin Yəhya ibn əs-Seyid Bəhaəddin əş-Şamaxi əl-Bakuvidir. Qaynaqlarda onun dəqiq doğum tarixi birbaşa göstərilməsə də, bəzi mühüm xronoloji ipuçları və tarixi mülahizələr vasitəsilə bu tarix müəyyənləşdirilir. Məsələn, Nəzminin Bakıda qırx ildən çox yaşamasını qeyd etməsi və onun 1466-cı ildə vəfat etdiyini nəzərə alsaq, Bakıya 1426-cı ildən öncə gəldiyi anlaşılır. Ərzincanlı Pir Məhəmmədin onun haqqında söylədiyi yaşlılıq əlamətləri və digər məlumatlar işığında tədqiqatçılar onun XIV əsrin sonlarında – təqribən 1403-cü ildə Şamaxı şəhərində dünyaya göz açdığını qəbul edirlər.

Həmin dövrdə Şirvanşahlar dövlətinin paytaxtı olan Şamaxı bölgənin önəmli elmi, siyasi və mədəni mərkəzi mövqeyində idi. Əsil-nəsəbi etibarilə yeddinci imam Musa Kazımın mübarək soyuna bağlanan Seyid Yəhyanın atası Bəhaəddin Şirvanşahlar dövlətinin nəqibül-əşrafı idi. Orta əsr mənbələrində o, yüksək hörmət ifadə edən "nəqiblər nəqibi, nəciblərin nəcibi, şeyxlərin şeyxi və seyidlərin görkəmlisi", həmçinin "qüdvətüs-sani, imamür-rəbbani, qütbül-arifin" kimi uca ünvanlarla yad edilir. Uşaqlıq illəri zəngin və nüfuzlu ailədə keçən gənc Yəhya fitri zəkası, əxlaqı və tərbiyəsi ilə hələ kiçik yaşlarından ətrafındakılarda dərin rəğbət oyadıb.

Doğma şəhəri Şamaxıda əsaslı təhsil alan Seyid Yəhya dövrün elmlərinə dərindən bələd olub. Onun ana dili ilə yanaşı, İslam dünyasının əsas elm və ədəbiyyat dilləri olan ərəb və fars dillərini də mükəmməl mənimsədiyi qələmə aldığı əsərlərdən açıq-aydın görünür. Mütəfəkkir özü "Şəfaül-əsrar" adlı əsərində dəyərli müəllimlərinin adlarını minnətdarlıqla xatırlayır: Şeyx Şəmsəddin Əxıskətidən fiqhi, Mövlana Hafizəddin əl-Gərdəridən ərəb dili, bəlağət və xitabət sənətini, Mövlana Tacəddindən hədis və fiqh elmlərini, Qütbəddin əs-Sərabidən əqaid və kəlam elmlərinin incəliklərini öyrənib.

Seyid Yəhya ömrünün ən uzun və məhsuldar dövrünü – qırx ildən çox bir zaman kəsiyini Bakıda keçirib. Onun Bakıya köçməsinin səbəbi ilkin mürşidi Şeyx Sədrəddinin vəfatından əvvəl tərəfdarlarını toplayaraq Seyid Yəhyanı öz yerinə təyin etməsinə baxmayaraq, ölümündən sonra Pirzadə ilə aralarında yaranan ixtilaf və fikir ayrılığı olub. Bakıya gəldikdən sonra ona "Bakuvi" nisbəti verilib, əsərlərində doğulduğu Şamaxının adına ("əş-Şamaxi") az rast gəlinsə də, Bakıdakı nəhəng irşad fəaliyyəti və ömrünün sonunadək burada yaşaması bu nisbətin əsasını qoyub.

Bakıdakı fəaliyyət dövründə Şirvanşah I Xəlilullah xan ona böyük hörmət göstərib və xanəgahın inşasında yaxından köməklik göstərib. Hökmdarla aralarındakı səmimi bağ o qədər güclü idi ki, Bakuvi məşhur "Kəşfül-qülub" əsərini məhz "əmirül-adil, əzam, əkrəm, xülasətül-səlatin... Əmir Xəlilullah" adına ithaf edib. Hətta müridlərinə uzun ömür üçün dua edərkən: "Xəlil bəyə dua edin, çünki mənim ömrüm onun həyatıdır" – deyib.

Həqiqətən də, Misir tarixçisi əs-Suyuti və digər mənbələrin təsdiq etdiyi kimi, Şirvanşah I Xəlilullah 1465-ci ildə (869-cu ilin zilhiccə ayında) vəfat edib, bundan təqribən doqquz ay sonra isə – 870-ci ilin ramazan ayında (1466-cı ildə) Seyid Yəhya Bakuvi də Haqqın rəhmətinə qovuşub. Çələbi Xəlifənin Ərzincandan gələrkən təsadüf etdiyi böyük cənazə mərasimi xalqın ona olan sonsuz sevgisinin və ehtiramının göstəricisi idi. Onun məzarı hazırda Şirvanşahlar Saray Kompleksindəki türbədə yerləşir.

Şəxsi həyatına gəldikdə, mənbələrdə onun mürşidi Şeyx Sədrəddinin qızı ilə evləndiyi qeyd olunur. Onun üç oğlunun olması dəqiq bilinir: Fəthullah atası vəfat etdikdən sonra Bakıda səccadəyə oturub, bir il şeyxlik etdikdən sonra vəfat edərək atasının yanında dəfn olunub. Ortancıl oğlu Əmir Güllənin də Ləmazatdakı süfrə mənqəbəsində adı keçir. Həsən Krıminin məlumatına görə, kiçik oğlu Nəsrullah isə Krım xanının dəvəti ilə ora gedib, orada ona bağışlanan təkyədə şeyxlik edib, həmçinin Krım xanlığının nəqibül-əşrafı vəzifəsini icra edib. Xəlvətilik məhz onun vasitəsilə Krımda yayılıb.

Seyid Yəhya Bakuvinin təsəvvüf tarixindəki ən böyük xidməti Ömər Xəlvətinin təməlini qoyduğu Xəlvətilik təriqətinə tam sistemli, yeni və bəşəri bir nəfəs verməsi, yəni onun ikinci qurucusu olmasıdır. Ona qədər xəlvətiliyin təxminən 200 illik üsul və prinsipləri yazılı şəkildə mövcud deyildi. Bakuvi bu təriqətin bütün qolları tərəfindən oxunan xüsusi duanı ("Virdü-Səttar") və yerinə yetirilməsi zəruri olan qaydaları ("Meyari-təriqət") ilk dəfə qələmə alaraq sistemləşdirib.

Onun irşad halqasından keçən müridlərin sayının iyirmi minə yaxın olduğu, onlardan 360 nəfərinin xilafət aldığı rəvayət edilir. Ən məşhur müridləri sırasında Dədə Ömər Rövşəni, Pir Şükrüllah Ənsari, Əlaəddin Rumi, Həbib Qaramani, Pir Məhəmməd Ərzincani, Ziyaəddin Yusif Müsküri, Seyid Əhməd Sünnəti, Baba Qütb, Pirzadə Fəthullah, Pirzadə Nəsrullah, Hacı Həmzə Çankıri, Sinan Rumi, Baba Rəsul Xəlvəti, Dərviş Kamal, Üveys Xəlvəti və Şeyx Mənsur əfəndinin adları çəkilir.

Mütəfəkkirin qələmindən çıxan əsərlər onun ensiklopedik zəkasını nümayiş etdirir. Mehmet Rıhtımın Türkiyə və Azərbaycan kitabxanalarında apardığı geniş araşdırmalar nəticəsində Bakuvinin əsərlərinin 100-dən artıq əlyazma nüsxəsi aşkarlanıb. O, nəsr əsərlərini türk, ərəb və fars dillərində, nəzm əsərlərini isə fars dilində yazıb, şeirlərində "Seyid" təxəllüsündən istifadə edib. Əsərlərində Quran ayələri və hədislərə geniş yer verməsi onun dini elmlərə dərin bələdliyini sübut edir.

Dahi filosof "Ətvarül-qəlb", "Bəyanül-elm (Çehel Mənazil və həft məqam)", "Əsrarüt-Talibin", "Qəzəliyyat", "Kəşfül-qülub", "Qisseyi-Mənsur", "Kitabül-vüdu", "Məkarimi-əxlaq", "Mənaqibi-Əmirəlmöminin Əli", "Mənazilül-aşiqin", "Mənazilüs-sabiqin", "Meyari-təriqət", "Rümuzül-işarət (Təfsir və təvili "İhdinəs siratəl müstəqim")", "Risaleyi-Ma la buddə batiniyyə (Əsrarül-vüdu)", "Risalə fi Səlavatin-nəbi", "Şərh Məratibi-əsrari-qülub", "Şərh Sualati – Gülşəni-əsrar", "Şərhül-Əsmai-səmaniyyə", "Şəfaül-əsrar", "Təsərrufatü mükaşəfat", "Virdü-Səttar", "Elmi-lədün", "Mənazilül-arifin", "Əsrarül-vəhy", "Əsrarül-qülub", "Gəncineyi əsrar" və "Kitabül-üsul" kimi əsərlərin müəllifidir.

Seyid Yəhya Bakuvinin zəngin yaradıcılıq irsi əsasən təsəvvüf elminin nəzəri əsaslarını, qəlbin mənəvi tərəqqi mərhələlərini və ilahi idrakın dərketmə üsullarını ehtiva edir. Onun qələmə aldığı əsərlərdə insan ruhunun saflaşması, nəfsin tərbiyəsi və əxlaqi kamilliyə aparan yollar Quran ayələri ilə hədislərin işığında dərindən təhlil olunur. Xüsusilə "Ətvarül-qəlb" və "Bəyanül-elm" kimi fundamental traktatlarında qəlbin mərtəbələri, elmin həqiqi mahiyyəti və mənəvi məqamlar sistemli şəkildə elmi-fəlsəfi müstəviyə gətirilib. Eyni zamanda, təriqətin ədəb və zikr qaydalarını tənzimləyən "Virdü-Səttar" və "Meyari-təriqət" kimi dəyərli əsərləri sufizmin praktik tətbiqini və daxili nizamını qoruyub saxlamaqla yanaşı, bütün xəlvəti qolları üçün əsas mənbə rolunu oynayıb. Bakuvi fars dilində yazdığı qəzəllərində isə ilahi eşqin coşqusunu, dünyanın keçiciliyini və insanın əzəli vətəninə qayıtmaq arzularını incə poetik duyğularla ifadə edib.

Seyid Yəhya Bakuvinin şah əsəri hesab edilən "Virdü-Səttar" Xəlvətilik təriqətinin mənəvi təməlini və daxili nizamını təşkil edən ən müqəddəs mətnlərdən biridir. Əsər əsas etibarilə Allaha yönəlmək, nəfsi təmizləmək və ilahi eşqi qəbildə dirçəltmək məqsədilə oxunan zikr və dualardan ibarət sistemli bir təlimnamədir. Xəlvətiliyin bütün şöbə və qollarında qüsursuz şəkildə qəbul edilərək əsrlər boyu hər gün oxunması, bu traktatın təriqətin ideoloji sütununa çevrildiyini sübut edir. Bakuvi bu dəyərli əsərdə Quran ayələri və hədisləri sufi təfəkkürünün dərinliyi ilə uzlaşdıraraq müridlərin mənəvi kamilliyə çatmaq üçün izləməli olduğu yolu işıqlandırıb. Məhz bu xüsusiyyətlərinə görə "Virdü-Səttar" sadəcə dua toplusu deyil, həm də müəllifə Xəlvətiliyin həqiqi piri-sani məqamını qazandıran bir irfan abidəsidir.

Seyid Yəhya Bakuvi və onun qurduğu Xəlvətilik təriqəti haqqında sonrakı əsrlərdə çoxsaylı əsərlər yazılmışdır. Lamii Mahmud Çələbinin "Nəfahət tərcüməsi", Taşköprülüzadənin "Şəqayiqi-Numaniyyə", Məcdi Məhəmməd əfəndinin "Hədaiqüş-şəqayiq", Məhəmməd Nəzminin "Hədiyyətül-ixvan", Həsən Krıminin "Məqalate-əliyyeyi...", həmçinin Fuad Köprülü, Əbdülbaqi Gölpınarlı, Təhsin Yazıcı və Sara Aşurbəylinin tədqiqatları onun irsini öyrənmək üçün əvəzsiz mənbələrdir.

Seyid Yəhya Bakuvi yalnız orta əsr Azərbaycan sufi alimi deyil, üç dildə yazdığı əsərləri, zəngin xələflər ordusu və bəşəri irfan təlimi ilə bütün İslam dünyasının düşüncə tarixinə adını qızıl hərflərlə yazdırmış ölməz bir mütəfəkkirdir.

# 134 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər