Kulis.az müğənni Elmira Ələkbərzadə haqqında maraqlı faktları təqdim edir.
Elmira Çingiz qızı Ələkbərzadə 10 noyabr 1973-cü ildə Bakı şəhərində anadan olub. Atası yazıçı Çingiz Ələkbərzadə Azərbaycan sovet romanının banisi, Xalq yazıçısı Əbülhəsən Ələkbərzadənin oğlu olub.
***
Uşaqlıqdan yaradıcı mühitdə doğulan Elmira Ələkbərzadə hələ balaca olanda, bacısı Sevda Ələkbərzadə ilə birlikdə atasının “Vulkan” əsərindən səhnələr seçər, evdə kiçik səhnəciklər qurarmışlar.
Elmiranın ailəsi bir müddət “Baksovet”də babasıgillə eyni məhəllədə yerləşən evlərində yaşasalar da, sonradan atasının işi ilə əlaqədar İsmayıllıya köçməli olurlar.
***
Ancaq tale elə gətirir ki, televiziyada müxbir kimi fəaliyyət göstərən Elmiranın atası Çingiz Ələkbərzadə Sovet dövründə şərlənərək həbs olunur. Bu hadisə onun həyatında dərin iz buraxır. Müsahibələrinin birində o, deyir:
“Atamı Sovet dövründə şərlədilər. Belə ki, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində “Günün ekranı” redaksiyasında telejurnalist kimi çalışdığı zaman, durğunluq dövründə ictimai qüsurları kəskin tənqid etməsi həbs olunmasına səbəb oldu. 2 il 8 ay günahsız yerə həbs həyatı yaşadı. Şamaxıdan zəng edib atamdan hansısa kolxoz haqqında çəkiliş etməsini istədilər. Elə Şamaxıya gedəndə yolda dayandıqları restoranda bir neçə nəfər atamın qollarını burub apardılar. Stula asılan pencəyinin ön cibinə salfetə bükülən 400 rubl pul qoyub atamı şərlədilər. Guya atam kimdənsə rüşvət alıb.
Atam şərlənmədən öncə babam Əbülhəsən Ələkbərzadənin çap olunan kitablarından 30 min rubl pul almışdı. 30 min rubl o dövrdə bir evin pulu idi. Bu qədər pulu olan insanın 400 rubla ehtiyacı ola bilərdi? Bu qədər pulun müqabilində atamı 400 rubla görə rüşvət adıyla şərləyərək həbs etmələri gülünc idi. Bunun sifarişli həbs olduğunu hər kəs bilirdi. İndi azad ölkədə yaşasaq da, o vaxt heç kim öz fikrini deyə bilməzdi. Məhkəməyə o qədər saxta şahidlər gətirmişdilər ki, heç birinin sözü üst-üstə düşmürdü. Həbsxana atam üçün deyildi. Atamın həbsindən sonradan nənəm Şövkət xanım vəfat etdi. Nənəm bu ayrılığa dözmədi, Çingiz deyə-deyə rəhmətə getdi”.
Elmiranın atası həbsdən çıxandan sonra əvvəlki həyatına uyğunlaşa bilmir. Həbsxana həyatı onun əsəblərinə və sağlamlığına ciddi ziyan vurur.
***
Yeniyetməlik dövrü yaşayan Elmira isə həmin ərəfədə musiqi üzrə təhsil almağa başlayır. Əvvəlcə Bülbül adına orta ixtisas məktəbində fortepiano sinfini bitirir. Daha sonra Asəf Zeynallı adına musiqi kollecində təhsil alır. İncəsənət universitetində sənət tarixi üzrə təhsilini davam etdirən Elmira Ələkbərzadə musiqi karyerasının da başlanğıcını elə həmin illərdə qoyur.
Müğənni ilk dəfə “Tənhayam” adlı mahnısı ilə debüt edir. Bu mahnı ona böyük populyarlıq qazandırır.
***
Müğənni həmin ərəfələrdə köklükdən və xroniki hipertoniyadan əziyyət çəkir. Günlərlə yüksək təzyiqi qalxan Elmira Ələkbərzadə demək olar ki, hər gün təcili yardıma müraciət etməli olur. Ürəyində ciddi problemlər yaranır. Depressiyaya düşür, günlərlə bədbinliyə qapılır. Nəhayət, günün birində qərara gəlir ki, arıqlasın. Ciddi pəhrizə keçərək 93 kilodan, 55 kiloya qədər arıqlayır. Bir ay ərzində onun gündəlik qida rasionu iki çay qaşığı qarabaşaq sıyığı, bir alma və su olur. Müsahibələrinin birində bu haqda deyir:
““Tənhayam” mahnım sevilmişdi. Bakılı oğlanlar komandası bu mahnını “Tankdayam” deyə ifa etmişdilər. O vaxt özüm də tanka oxşayırdım. Əslində, kök olmağa qarşı kompleksim olmayıb. Sadəcə qısa geyinməzdim, şalvar geyinəndə üstündən uzun bir kofta geyinərdim. Mənim köklüyüm incə olub. Səhnədə rəqs edəndə sanki uçurdum. Səhhətimdə problemlər yaşayırdım. Yüksək təzyiqin ağır forması olurdu. Kanalların birindən çəkilişdən qayıdırdım. Telefonla danışırdım. Gördüm ki, ağzımın sağ tərəfini hiss etmirəm. Güzgüyə baxanda qorxdum. Anamgilə zəng vurdum ki, Təcili Yardım çağırın. Anamla Sevda məni görəndə çox qorxdular. Həkim gəldi, məni geri qaytardılar. İflic ola bilərdim. İkinci dəfə isə Tbilisidə təzyiqim qalxdı. Bu, 2007-2008-ci illər idi. Pəhrizim orada başladı. 3-5 ilə arıqladım. 98 kiloqramdan 48 kiloqrama düşdüm. İndi yüksək təzyiqdən əziyyət çəkmirəm”.
Ancaq onun arıqlaması şayiələrin yayılmasına səbəb olur. Bir çoxları müğənninin mədəkiçiltmə və daha bahalı əməliyyat keçirdiyini iddia edirlər. Müğənni isə bu fikirləri qəti şəkildə rədd edir, əməliyyatdan, həkimdən qorxduğunu dilə gətirərək deyilənlərin yalan olduğunu bildirir.
***
Elmira Ələkbərzadə məşhurlaşandan sonra adını müəyyən mənada korrektə edərək özünü Emma Ələkbərzadə kimi təqdim etməyə başlayır.
***
Emma Ələkbərzadə 39 yaşında 3 noyabr 2012-ci ildə ixtisasca aşpaz olan Emil adlı bəylə rəsmi nikaha girir. Bu evlilikdən onların David adlı bir oğlu doğulur. O, müsahibələrinin birində deyir:
“Emil bəy əslində mənim yox, bacım Sevdanın pərəstişkarı olub. Mən Emilin ağ saçlarına vuruldum. Çünki ağ saçların aşiqi, xəstəsiyəm. Toyumuz öz istədiyimiz kimi keçdi. Bacım mənə demədən mənim “Tənhayam” mahnımı ifa etdi. Mənim gözlərim doldu. Sevda bunu məndən gizlətmişdi”.
***
Müğənninin həyat yoldaşı Emil bəy isə Emma xanımka necə tanış olması barədə belə xatırlayır:
““Tənhayam” mahnısı çıxanda çox bəyənmişdim, hər gün dinləyirdim. Avtobuslarda eşidirdim. O vaxt internetindiki kimi populyar deyildi. Mahnını axtarırdım, satıcılardan soruşurdum ki, bu mahnını kim oxuyur. Çox adam da bilmirdi, deyirdilər tanımırıq, eşitməmişik. Bir neçə il əvvəl saytların birində Emmanın müsahibəsinə rast gəldim. Şəklə baxdım gözlərimə inanmadım. Emma çox arıqlamışdı. Dedim ola bilməz bu qədər arıqlaya. Müsahibəni oxudum. Deyirdi “facebook”da dostluq yollayırlar, sonra axmaqlıq edirlər. Həmin an mən də “facebook”da qeydiyyatdan keçdim və Emmaya dostluq yolladım. Məktub yazdım, əhval-ruhiyyəsini qaldırmaq istədim. Yazdım ki, “elə adamlara fikir verməyin, hər cür adamlar var. Şəklinizi görəndə siz olduğunuza inanmadım. Çox dəyişmisiniz”. Üstündən iki həftə keçmişdi. Gördüm cavab gəldi. Təşəkkür edirdi. Yenə bir məktub yazdım. 3 gündən sonra cavab gəldi. Yenə yazdım və həmin dəqiqə cavab verdi. Beləcə, danışmağa başladıq. Nə işlə məşğul olduğumla maraqlandı. Kulinar olduğumu dedim. O da yeməkləri çox sevdiyini dedi, əsas da “stake”i. Mən də onu “stake” yeməyə dəvət etdim. Üstündən 2 ay keçdi. Bir də baxdım ki, Amerikadadır. 2 aydan sonra qayıtdı. Mən də ona yazdım, “stake”qonaqlığını yadına saldım. Soruşdu ki, kiminlə gəlim? Cavab verdim ki, mənimlə. Razılaşdı. Görüşdük. İlk dəfə bir-birimizə baxanda hiss etdik ki, nəsə var. Əvvəlcə dost kimi danışıb, görüşürdük. Sonra sevgi yarandı”.