“Ədəbiyyat dövlətin yumşaq gücüdür” YENİ LAYİHƏ

“Ədəbiyyat dövlətin yumşaq gücüdür” YENİ LAYİHƏ
17 iyun 2015
# 20:00

Kulis “Blitz müsahibə” layihəsinə start verir. Layihədə yazıçılar eyni suallara cavab verəcək.

- Azərbaycan ədəbiyyatının ən mühüm nəsr əsəri sizcə hansıdır və niyə?

- Məncə, konkret olaraq hansısa bir əsərin adını çəkmək yanlışlıq olardı. Çünki estetik və bədii dəyərləndirmədə «ən» ədatından az istifadə etsək yaxşıdır. Mənə görə, Azərbaycan ədəbiyyatını İsa Hüseynovun yaradıcılığı olmadan təsəvvür etmək mümkün deyil. «Teleqram», «Tütək səsi», «Saz» və s. kimi əsərlər həm sənətkarlıq baxımından, həm də öz fenomenoloji təbiəti etibarilə ədəbiyyatımızı istənilən səviyyədə təmsil etmək gücündədir.

- Özünüzü hansı milli və xarici yazıçının davamçısı sayırsınız?

- Sözsüz, çox xoşladığım yazıçılar var, onların adlarını tez-tez çəkirəm. Amma yekəxanalıq çıxmasın, özümü kiminsə davamçısı saymıram. Məni hansısa sənətkarın davamçısı kimi görən varsa, desin, mənə də maraqlıdır.

- Sizcə Azərbaycan yazıçıları dünyaya çıxmaq üçün nə etməlidir?

- Çox narahat edir. Bizdə ədəbiyyat məsələləri haqqında çox danışılır, ancaq ədəbiyyatın cəmiyyətdə yeri və rolu ilə bağlı təsəvvürlər çox bəsitdir. Müasir dünyada ədəbiyyat «dövlətin yumşaq gücü» sayılır, cəbbəxana-topxana öz yerində, dünyanın qüdrətli dövlətləri ədəbiyyata külli miqdarda vəsait xərcləyirlər. İlk baxışda Rusiyanın, Fransanın, İspaniyanın nə ehtiyacı var ki, öz ədəbiyyatlarının təbliğinə yüz milyonlarla pul xərcləsinlər? Deməli ki, hər şey bizim fikirləşdiyimiz kimi deyil. Azərbaycan yazıçılarının dünyaya çıxması üçün dövlətin gücünü cəlb etmək lazımdır. Məsələn, bir İsa Hüseynovu dünya oxucusuna çatdıra bilsək, avtomatik olaraq başqalarını da oxumağa başlayacaqlar. Necə ki, lokomotiv imzaların sayəsində Latın Amerikası ədəbiyyatı fenomeni üzə çıxdı.

- İnternetin kütləviləşməsi ədəbiyyata necə təsir edir?

- İnternetin kütləviləşməsinin ədəbiyyata yalnız faydası var. Burada yalnız «şəbəkə ədəbiyyatı»nı nəzərdə tutmuram. İnternetə biz hələ də üzümüzün öyrəşmədiyi kommunikasiya kimi baxır, onun yaratdığı mədəni şokdan ayıla bilmirik. İnternetə xaos və entropiya mənbəyi kimi yanaşmaq düzgün deyil. Xarici ölkələrin təcrübəsi də göstərir ki, internetin bədii ədəbiyyata əksərən xeyirli təsirləri var.

# 1101 dəfə oxunub

Müəllifin son yazıları

# # #