AMEA-da Məhəmməd Əmin Rəsulzadənin 140 illiyi qeyd olunub

AMEA-da Məhəmməd Əmin Rəsulzadənin 140 illiyi qeyd olunub
30 yanvar 2024
# 14:00

Yanvarın 29-da AMEA-da Rəyasət Heyəti, Humanitar Elmlər Bölməsi və İctimai Elmlər Bölməsinin birgə təşkilatçılığı ilə “Milli istiqlalın görkəmli nümayəndəsi Məhəmməd Əmin Rəsulzadə” mövzusunda elmi konfrans keçirilib.

Kulis.azxəbər verir ki, tədbir Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucu liderlərindən birinin - Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyinə həsr edilib.

Konfransda çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Azərbaycan tarixində mühüm rol oynamış siyasi, ictimai və ədəbi şəxsiyyətlərin zəngin irsinin, onların həyat və yaradıcılıqlarının dərindən öyrənilməsi, gələcək nəsillərə ötürülməsinin ölkəmizdə strateji xətt kimi müəyyənləşdirildiyini söyləyib. O, Prezident İlham Əliyevin “Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında” Sərəncamına əsasən, AMEA-da tədbirlər planının hazırlandığını, artıq iki elmi müəssisədə M.Ə.Rəsulzadəyə həsr olunmuş tədbirlərin təşkil edildiyini vurğulayıb. Qeyd edib ki, Məhəmməd Əmin Rəsulzadənin müstəqil Azərbaycan dövlətinin qurulmasındakı xidmətləri ilə yanaşı, ədəbi yaradıcılığı da diqqətəlayiqdir. Onun zəngin qaynaqlar əsasında yazdığı “Azərbaycan şairi Nizami” adlı monoqrafiyası orta əsrlər ədəbiyyatımız haqqında sanballı tədqiqat işi olmaqla yanaşı, dünya Nizamişünaslığının da mühüm nailiyyətlərindəndir.

O, Məhəmməd Əmin Rəsulzadənin “Bir türk milliyyətçisinin Stalinlə ixtilal xatirələri” məqalələr toplusunu tarixi əhəmiyyətə malik qiymətli əsər kimi dəyərləndirib. AMEA prezidenti, həmçinin mərhum professor Şirməmməd Hüseynovun Məhəmməd Əmin Rəsulzadə irsinin öyrənilməsində və təbliğindəki xidmətlərini diqqətə çatdırıb. İ.Həbibbəyli görkəmli ictimai-siyasi xadimin zəngin fəaliyyətini yenidən tədqiqata cəlb etməyin, onun irsini daha dərindən öyrənməyin, indiyədək bizə məlum olmayan fəaliyyətini araşdırmağın və əsərlərini üzə çıxarmağın önəmini vurğulayıb.

Sonra Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mühacirət ədəbiyyatı şöbəsinin baş elmi işçisi Abid Tahirlinin “Məhəmməd Əmin Rəsulzadənin publisistikasında Azərbaycan Xalq Cümhuriyyəti qurucuları” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi bildirib ki, Məhəmməd Əmin Rəsulzadənin AXC-nin qurucuları haqqındakı yazıları, həm onun yaradıcılığını dərindən öyrənmək, həm haqqında bəhs etdiyi xadimlərin həyat və fəaliyyəti ilə daha yaxından tanış olmaq, həm də dövrün ictimai-siyasi, ədəbi-mədəni olayları ilə bağlı təsəvvürləri zənginləşdirmək baxımından əhəmiyyətlidir. Qeyd edib ki, görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin dövrünün salnaməsi kimi səciyyələndirə biləcəyimiz publisistik yaradıcılığında AXC-nin qurucuları Nəsib bəy Yusifbəyli, Əhməd bəy Ağaoğlu, Fətəli xan Xoyski, Əli Mərdan bəy Topçubaşov, Üzeyir Hacıbəyli və başqaları haqqında publisistik məqalələri mühüm yer tutur.

Tədbirdə professor Nəsiman Yaqublu “Məhəmməd Əmin Rəsulzadənin mühacirət mətbuatı ilə bağlı fəaliyyəti”, dosent Mübariz Ağalarlı “Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşündə etnik tarix və milli kimlik məsələləri”, dosent Faiq Ələkbərli “Məhəmməd Əmin Rəsulzadə və Azərbaycan ideyasının fəlsəfi mahiyyəti” və Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi Əfşan Səfiyeva “Məhəmməd Əmin Rəsulzadənin ictimai-siyasi fəaliyyətinin İran mərhələsi” mövzularında məruzələrlə çıxış ediblər. Məruzələrdə Məhəmməd Əmin Rəsulzadənin keşməkeşli həyatından, onun Azərbaycanın ictimai fikir və istiqlal uğrunda mücadilə tarixində rolundan, həmçinin bolşevik rejiminə, kommunist ideologiyasına qarşı bənzərsiz xidmətlərindən və müqəddəs amalı uğrunda ömrünün sonuna qədər mübarizə aparmasından söz açılıb.

# 722 dəfə oxunub

Müəllifin son yazıları

# # #