"Ağalar Qut ciddi fəlsəfi problemlərlə məşğul olsun" - Əsəd Cahangirdən SƏRT CAVAB

"Ağalar Qut ciddi fəlsəfi problemlərlə məşğul olsun" - Əsəd Cahangirdən SƏRT CAVAB
1 oktyabr 2025
# 12:00

Ağalar Qutun Kulis.az-da dərc olunan yazısı müzakirələrə səbəb olub. Kulis.az tənqidçi-ədəbiyyatşünas Əsəd Cahangirin sözügedən yazı ilə bağlı fikirlərini təqdim edir.

Məhz Səməd Vurğun “sayrışmaq” sözünü işlədəndən sonra bu söz ümumiişləklik keyfiyyəti qazanıb. Mən bu fikirləri özümdən uydurmamışam.

"Səməd Vurğun 1937-ci ildə yazdığı “Rəhbərə salam” şeirində "sayrışmaq" sözündən istifadə edir:

Bakının sayrışan yıldızlarından,

Çadrasız, boyasız türk qızlarından.

Uçan durnaların xoş avazından.

Bizim aşıqların simli sazından

Şərqin qapısında yanan bir şamdan,

Günəşli gündüzdən, aylı axşamdan,

Azad sənətimdən, azad dilimdən,

Mənə könül verən öz sevgilimdən,

Salam gətirmişəm hüzuruna mən

Bu gündən, gələcək qərinələrdən…


1940-50-60-cı illərin tənqidçiləri, alimləri hamısı bir ağızdan təstiq ediblər ki, bu sözü Qazax dialektindən ədəbi dilə gətirən ilk dəfə Səməd Vurğun olub. Daha sonra məşhurlaşıb, ümumiişləklik keyfiyyəti qazanıb.

Başa düşmürəm, Ağalar Qut niyə mənım adımı çəkir? Axı mənə qədər bu fikri çoxları səsləndirib!

Ola bilər, “sayrışmaq” sözünə “Koroğlu” dastanında, Qasım bəy Zakirin təmsilində və qeyrilərin əsərlərində rast gəlinir.

Ancaq unutmaq olmaz ki, söz həmin əsərlərdə işlənəndə ədəbi dil faktına çevrilməmişdi, populyarlaşmamışdı, məhdud çərçivədə qalmışdı.

Məhz Səməd Vurğun “sayrışmaq” sözünü işlədəndən sonra bu söz ümumiişləklik keyfiyyəti qazanıb. Ağalar Qutun mövzusu qurtarıb? Bütün işini-gücünü atıb, “sayrışmaq” sözündən məqalə yazıb.

Ağalar Quta tövsiyə edirəm ki, ciddi fəlsəfi problemlərlə məşğul olsun.

Filosofun işi fəlsəfi problemlərlə məşğul olmaqdır. Hansı söz ilk dəfə kimin dilində işlənib-işlənməyib, bu, dilçi-ədəbiyyatşünas alimlərin işidir.

Filosof daha ümumi, daha böyük məsələlərə diqqət yetirməlidir. Onun konkret bir söz ətrafında məqalə yazması mənə qəribə gəlir.

Özünə filosof deyənin adı öz sahəsindəki işlərdə hallansa, daha yaxşıdır.

Ümdi edirəm, nə zamansa hörmətli Ağalar Qutun maraqlı, fəlsəfi bir məqaləsini oxuyacağam.

Çox adam özünə filosof deyir, amma bilinmir, onlar nəyin filosoflarıdır. Azərbaycanın elmi-ictimai fikrində əsl problem “sayrışmaq” sözü deyil, əsl problem odur ki, hələ bu vaxtacan bir nəfər də filosof meydana çıxmayıb. Bir nəfər də! Bunu bütün məsuliyyətimlə deyirəm.

Azərbaycan şairləri Nizami, Füzuli, Xətai, eləcə də Mirzə Fətəli Axundovun əsərlərində fəlsəfi məsələlər qoyulubdur.

Ağalar Qutun adını çəkdiyi Səməd Vurğunda da müəyyən qədər fəlsəfə var idi, amma Sovet höküməti bunu reallaşdırmağa şairə imkan vermədi. Müəyyən qədər Bəxtiyar Vahabzadədə, İsa Muğannada, Ramiz Rövşəndə də fəlsəfə vardır.

Bədii təfəkkür daşıyıcıları bu missiyanı öz çiyinlərinə götürüblər. Niyə? Çünki, Azərbaycanda fəlsəfi fikrin, sözün ciddi mənasında daşıyıcısı yoxdur.

Bizdə fəlsəfi idrak formalaşmayıb və ona görə formalaşmayıb ki, filosoflar öz sahələrini bir qırağa qoyaraq, özlərinə biləvasitə dəxli olmayan işlərlə məşğuldurlar. Vəssalam.

# 336 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər