Kitab sərgisi

Bu sözü dilimizə Səməd Vurğun gətirməyib - İllər sonra üzə çıxan həqiqətin pərdəarxası

Bu sözü dilimizə Səməd Vurğun gətirməyib - İllər sonra üzə çıxan həqiqətin pərdəarxası
30 sentyabr 2025
# 12:06

Kulis.az Ağalar Qutun "Sayrışmaq, yoxsa səyrişmək: Səməd Vurğun əslində, nə etmişdi?" yazısını təqdim edir.

Çoxları kimi mən də ağlım kəsəndən eşitmişəm və yaxud oxumuşam ki, "sayrışmaq" sözünü ədəbiyyata, başqa sözlə, ədəbi dilə böyük şairimiz Səməd Vurğun gətirmişdir. Bir neçə il bundan qabaq televiziya kanallarının birində Azərbaycan dilində elmi-fəlsəfi terminologiya mövzusunda gedən debatda iştirak edən hörmətli ədəbi tənqidçimiz Əsəd Cahangir də söz arasında bu məlumatı təkrarladı. Mən o vaxt bu qələti-məşhura düzəliş etməyə ərinmiş, xalq məsəlində deyilən kimi, “Bu ölü bu şivənə dəyməz” deyərək susmuşdum.

Bir neçə gün sonra Vətəndə ilk dəfə tanış olacağım, ana dilimizin görkəmli yazıçısı Şərif Ağayarın “Rəng mühəndisi” romanını oxuyarkən, müəllifi daha yaxşı tanımaq üçün onun bəzi müsahibələrinə də qulaq asdım. Müsahibələrinin birində hörmətli Şərif bəy də eyni fikri – "sayrışmaq" sözünü ədəbi dilə Səməd Vurğunun gətirmiş olmasını – səsləndirdi. Bu dəfə isə fikirləşdim ki, yox, artıq belə qala bilməz, ayaq tutan bu yalanı çox da uzaqlara yeriməyə qoymaq olmaz, nəsə demək lazımdır. Belə görünür ki, dialekt sözlər və ədəbi dil mövzusu ortalığa gələn kimi təcili sayrışmaq və Səməd Vurğun misalı verilir. Beləliklə, bu mövzuda mən də bir sıra fikirlərimi bölüşmək istəyirəm.

Bəlkə də Səməd Vurğun özü eşitsəydi ki, el-aləm "sayrışmaq" sözünə ədəbi statusu onun verdiyini deyir, buna etiraz edərdi. Çünki Səməd Vurğun özü, çox böyük ehtimalla bilirdi ki, ondan yüz il qabaq yaşamış başqa bir Azərbaycan şairi Qasım bəy Zakir “Aslan, qurd və çaqqal” təmsilində yazır:

“Böyük əgər deyə gündüzə gecə,

De ki, göydə ulduz səyrişir necə!”

Elə təkcə bu fakt bəs edir deyə bilək ki, "sayrışmaq" sözünü gündəlik danışıq dilindən çıxarıb ona ədəbi status verən müəllif Səməd Vurğun olmamışdır.

Onda belə çıxır ki, dilimiz qarşısında bu xidmət Qasım bəy Zakirə məxsusdur? Xeyr! Ona da məxsus deyildir.

Belə ki, folklorumuzun ən məşhur yazılı abidələrindən biri olan "Koroğlu" dastanında oxuyuruq:

“Koroğlunun adını eşidəndə göydə mələklər səyrişir”.

Bunlar sözün “səyrişmək” şəklində Səməd Vurğundan əvvəlki dövrdə yaranmış ədəbiyyat və folklordan misallar idi. Belə ki, həlledici səhv sözün Vurğun tərəfindən ilk dəfə “sayrışmaq” şəklində yazılması olmuşdur. Görünür, böyük şair “Sayrışır göydəki ulduzlu səhər”, “Ulduzlar sayrışır, buludlar açıq” kimi misraları qələmə alarkən, gic mənası bildirən “səy” sözündən çəkinərək "səyrişməy"i "sayrışmaq" kimi dəyişdirməyə qərar vermişdir. Bununla da o, əslində, sözü öz qohumlarından, daha doğrusu, söz ailəsindən – səyrimək, səyirtmək, səksənmək, səkmək və s. qopararaq onu tanınmaz şəklə salmışdır. Belə ki, “gözüm səyriyir” deyirik, “atını səyirtdi” deyirik, “kəklik kimi səkmək” deyirik və s. – bu sözlərin hamısı vahid bir söz ailəsinə daxildirlər. Nəzərdən qaçan ilk məqam budur.

Deməli, ulduzlar səyrişir, mələklər səyrişir, gözümüz səyriyir, kimsə atını səyirdir və s. Ümumiyyətlə, nə deməkdir bu "səyrişmək" və yaxud Vurğunun ifadəsilə desək "sayrışmaq"?

Axtarışlarım nəticəsində mənə məlum olmuşdur ki, "sayrışmaq", daha doğrusu, "səyrişmək" sözünün mənşə kökü “səng” (səŋ) olmuş, bu mənşə sonralar öz inkişafında 1) “sənq” (səñ), ardından “sən” və 2) “sək” qolları üzrə ikiyə haçalanmışdır. Gəlin, misallara baxaq.

Sözün 1) “sən” şəklinə Koroğlu dastanından misallar: “Xotkar bacısını quş sənməz qala divarı arasında saxlayır”. “O quş sənməz sarayı üç cüt bir tək qoca-qoltaq gözətçi, bir də Qara Pəhləvan gözləyir”.

Sözün 2) “sək” şəklinə misallar: Tapmacalarımızdan biri belə başlayır: “Sağsağan səkər”. Və yaxud, “kəklik kimi səkmək” deyirik, “səksənmək deyirik” və s.

Bilinməyən müəllif tərəfindən başlanğıcda ərəbcə-farsca lüğət kimi tərtib edilən “Müqəddimat əl-Ədəb” adlı lüğətə Xarəzm hökmdarı Atsızın sifarişi ilə Orta əsrlərin mötəzilə məktəbinə mənsub böyük türkmən alimi, şairi və dilçisi əl-Zəməhşəri (ölümü 1143-cü il) tərəfindən türk dilinin o dövrkü lüğət tərkibi də əlavə edilərək üçdilli lüğət meydana gətirilmişdir. “Müqəddimat əl-Ədəb” lüğəti 1926-cı ildə Bakıda keçirilən I Türkologiya Qurultayında da iştirak edən məşhur türkoloq N.Poppe tərəfindən 1938-ci ildə latın qrafikasına transliterasiya və rus dilinə tərcümə edilmişdir.

Nəzərə alınmalıdır ki, “Müqəddimat əl-Ədəb”ə xarəzmli əl-Zəməhşərinin əlavə etdiyi türk dili lüğəti, eyni zamanda Orta əsrlərdə tərtib edilən Azərbaycan dilinin lüğətlərindən biridir. Orada oxuyuruq:

“səkirdi” – “скакал“ (tullandı, atıldı, sıçradı, hoppandı – A.Q.) , “səkridi daqı oynadı at” – “лошадь скакала и играла” (səyirdi dəxi oynadı at; yəni, at sıçradı və oynadı – A.Q.), “səkirdi yoqarı sarı” – “прыгнул вверх” (səyirdi, yəni, atıldı yuxarı sarı – A.Q.), “səkridi atnıng uçasıqa” – “вскочил на коня” (atıldı atın üstünə – A.Q.), “səkrimək” – “прыгать” (tullandı, atıldı, sıçradı, hoppandı – A.Q.), “səkrir illət” – “прыгающая болезнь” (sıçrayan, yəni, yoluxucu xəstəlik – A.Q.).

Göründüyü kimi, XII əsrdə bu feil hələ nə “say”lı, nə “səy”li idi, – “sək”li idi. Lakin artıq “səng”li də deyildi. Mənim hipotezimə görə, etimoloji baxımdan mənşə kök nazal “n” ilə “səng” (səŋ) şəklində idi.

Sonrakı dövrdə söz nitqdə sürüşkənləşərək əvvəlcə “sənq” (səñ), ardından “sən”, “sək” və nəhayət “səy” şəkillərini aldı. Etimoloji baxımdan bu, bir sözün təbii ömrünün müşahidə edilməsidir. Mənşə kök “səng”i fərz etmədən, məsələn, “quş sənməz”, “kəklik kimi səkmək”, “sağsağan səkər” kimi ifadələri izah etmək mümkün olmaz.

Beləliklə, istər folklorda, istər ədəbiyyatda, istər dialektlərdə, istərsə də gündəlik danışıq dilində qarşımıza "səyrişmək", "səkmək", "sənmək" kimi şəkillərdə çıxan söz bir və eyni sözdür, mənası sıçramaq, atılmaq, hoppanmaq, tullanmaq deməkdir. Sadəcə olaraq, səyrişmək feili gülüşmək, qaçışmaq, sevişmək kimi müştərəklik, çoxluq bildirir.

Gəlin, sözün sıçramaq, tullanmaq, atılmaq, hoppanmaq mənasını yuxarıdakı dil faktlarına tətbiq edərək yoxlayaq; “göydə ulduz səyrişir” (Qasım bəy Zakir) – bu, göz illüziyasıdır, belə ki, gecə göyə baxdıqda ulduzlar gözə elə görünür ki, elə bil fişəng kimi partapart biri yanır, biri sönür, sanki ulduzlar qığılcımlar kimi bir ordan bir burdan sıçrayaraq parlayıb sönürlər. "Koroğlu" dastanında “quş sənməz qala divarı” və yaxud “quş sənməz saray” dedikdə quşların guya sıçraya bilməyəcəyi, uçub qona bilməyəcəyi dərəcədə hündürlük, ucalıq nəzərdə tutulur. Gözün səyriməsi göz kapilyarlarından birində qanın tez-tez dəri səthinə atılması, sıçraması; quş səyirtmək – quş uçurtmaq; at səyirtmək – atı sıçratmaq, hoppandırmaq; səksənmək – diksinərək yerindən hoppanmaq deməkdir. Tapmacada “Sağsağan səkər” deyərkən sağsağanın tullana-tullana yeriməsinə işarə vurulur.

İndi gəlin görək, Azərbaycan dilinin dördcildlik izahlı lüğəti "sayrışmaq" feilini necə “izah” edir. Lüğət bu feili iki mənada aşağıdakı kimi mənalandırır: “1. Titrək, zəif işıq saçmaq, parlamaq, şəfəq buraxmaq // görünmək” və “2. Qaçışmaq”. Göründüyü kimi, İzahlı lüğətimizi yazanlar sözü nə anlayıblar, nə də tədqiq ediblər. Sadəcə uydurublar! İzahlı lüğətimizdə çoxdur belə uydurma “izahlar”.

İndi isə, gəlin, Dialektoloji lüğətimizin izahına baxaq. Lüğətin yazdığına görə bu söz Salyanda “Gəlim biyaz səyrişim?” şəklində qeydə alınmışdır. Lüğət isə sözü belə mənalandırır: “Təlxəklik etmək”. Bu isə artıq, ümumiyyətlə, biabırçılıqdır! Burada söhbət uşaqların ipin üstündə hoppanaraq oynadıqları ipatdı oyunundan gedir, təlxəklikdən yox. Uşaqdır, deyir: “Gəlim, ip (скакалка) üstündə atılmaq oyunu oynayaq?”

Beləliklə, “sayrışmaq" sözünü ədəbiyyata Səməd Vurğun gətirmişdir” fikri tamamilə yersizdir. Əks təqdirdə, belə çıxardı ki, folklor (dastan, tapmaca və s.) və yaxud Qasım bəy Zakir yaradıcılığı ədəbiyyat hesab edilmir.

Dialekt sözləri ədəbiyyata gətirməklə onlara ədəbi dil statusu vermək ilk baxışda asan və cəlbedici görünsə də, burada bir neçə səbəbdən ehtiyatlı olmaq lazımdır. Birincisi, hər dialekt söz hələ Azərbaycan dilində deyildir; sözün mənşəyinə gedib onun hansı dilə aid olduğunu etimoloji baxımdan yoxlamaq zəruridir. İkincisi, canlı danışıq dilindəki tələffüzə bəzən etimoloji mənşəyə əsasən düzəliş etmək gərəkli olur, lakin çox vaxt bir sözün dialektdəki təbii tələffüzü o sözün ilkin mənşə şəklinə daha yaxındır; bu səbəbdən də dialekt sözə müdaxilə etmək, onu öz bildiyi kimi və yaxud müasir normalara əsasən dəyişdirmək, tutalım, "səyrişməy"i "sayrışmaq" etmək yolverilməzdir.

Məsələn, Cəlil Məmmədquluzadə ləqəb mənasında "ayama" sözünü ədəbiyyata gətirmişdir (ümid edirəm, bu dəfə yanılan mən deyiləm). Bu, yadelli sözü anadilli sözlə əvəz etmək baxımından əvəzedilməzdir. Lakin mənim axtarışlarım mənə göstərmişdir ki, sözün əsli “ayalğa”dır. Ayalğa – tutalğa, dönəlgə, bitəlgə kimi sözlərin quruluşundadır. Məsələn, Şəmkirdə deyərlər: “Onun ayalğası Çəpərdələndi” (Onun ləqəbi Çəpərdələndi – A.Q.). Yaxud Bərdədə deyərlər: “Çaqqal – Cəfərin ayalğasıdı” (Çaqqal Cəfərin ləqəbidir – A.Q.). “Ayalğa” (və yaxud “ayalqa”) söyləmək, demək mənası bildirən “aymaq”, “ayıtmaq” feilindən yaranır. Mirzə Cəlil ayalğanı ayama kimi ədəbiləşdirmiş, dilçilərimiz də sözü bu orfoqrafiya ilə normativləşdirmişlər. Bununla da qəribə vəziyyət yaranmışdır, belə ki, xalq kənddə ayalğa deyərkən düz danışır, biz normativ ədəbi dildə ayama yazmağa məcbur olarkən səhv yazırıq.

Unudulmamalıdır ki, yazıçı etimoloq deyildir. Üstəlik, sözlərin mənşə şəklini və ilkin mənasını müəyyənləşdirməyə çalışan və sözlərin tarixdə istər şəkilcə, istərsə də mənaca uğradığı dəyişiklikləri öyrənən etimologiya elmi ölkəmizdə hələ təşəkkül tapmamışdır, dilçiliyin o sahəsi bizdə hələ yoxdur.

Səməd Vurğun və ancaq o, bu sözü "səyrişmək" şəklində yox, "sayrışmaq" şəklində yazmış, o vaxtdan da sözün düzgün yazılışı (orfoqrafik norması) “a”lı qəbul edilmişdir; halbuki, bu söz o vaxtadək həmişə “ə”li yazılmışdır.

Yuxarıda da qeyd etdim ki, Qasım bəy Zakir də, Koroğlu da onu "səyrişmək" kimi işlətmişlər. Beləliklə, orfoqrafik baxımdan "səyrişmək" yazılışı düzgündür, "sayrışmaq" səhvdir. Böyük şairimiz Səməd Vurğunun ruhu məndən inciməsin, belə ki, onun bu söz qarşısında əməyi yox, əksinə, ziyanı olmuşdur. Məlumatsız dilçilərimiz isə sözün etimologiyasını tədqiq etmədən, Vurğunun nüfuzuna arxalanaraq sözün orfoqrafik normasını sayrışmaq kimi təyin etmişlər.

Yox, əgər səyrişmək feilini ulduzlar barəsində işlədən ilk şəxsdən söhbət gedəcəksə, bu şəxs Səməd Vurğun yox, Qasım bəy Zakirdir.

# 246 dəfə oxunub

Oxşar xəbərlər

Bizim yazıçılar Pol Osterdən nəyi öyrənməlidirlər? - Mirmehdi Ağaoğlu

Bizim yazıçılar Pol Osterdən nəyi öyrənməlidirlər? - Mirmehdi Ağaoğlu

12:00 27 sentyabr 2025
İstedadlı adamın infantil söhbətləri

İstedadlı adamın infantil söhbətləri

10:00 26 sentyabr 2025
“Anadolunun qapıları arxasındakı xəzinələr”  adlı sərgi keçirildi

“Anadolunun qapıları arxasındakı xəzinələr” adlı sərgi keçirildi

14:20 23 sentyabr 2025
Azərbaycanda qadın yazıçılara seksist münasibət

Azərbaycanda qadın yazıçılara seksist münasibət

11:45 23 sentyabr 2025
Böyürtkənli torpaq haqqında sevgi dolu kitab - Qulu Məhərrəmli

Böyürtkənli torpaq haqqında sevgi dolu kitab - Qulu Məhərrəmli

15:47 19 sentyabr 2025
Qeyri-adi atmosfer cəhdi - Orxan Həsəni oxucunu niyə tanış ədəbi klişelərdən çıxarmaq istəyir?

Qeyri-adi atmosfer cəhdi - Orxan Həsəni oxucunu niyə tanış ədəbi klişelərdən çıxarmaq istəyir?

13:45 19 sentyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər