Honq-Konqdan olan aktrisa, rejissor, ssenarist və prodüser Enn Xuey Venesiya Kinofestivalında kinematoqrafiyaya verdiyi töhfəyə görə “Müqəddəs Markın şiri” mükafatı ilə təltif olunub.
Kulis.az xarici mediaya istinadən xəbər verir ki, Eylin Çanın romanı əsasında Enn Xueyin çəkdiyi “Sevgidən sonra sevgi” filmi sarayın böyük zalında nümayiş edilib.
Enn Xuey üslubundakı təmkinlik və zərifliyinə görə Honq-Konq kinosunda “Yeni dalğa” cərəyanının ən yaşlı nümayəndəsi hesab olunur. O, 1979-cu ildə karyerasına “Sirr” trilleri ilə başlayaraq 40 ildən çox müddətdə onlarla ekran əsəri yaradıb. 2011-ci ildə rejissorun “Sadə həyat” lenti Venesiya Kinofestivalında iştirak etmiş və baş rolda oynayan aktrisaya Volpi Kuboku qazandırmışdır. 2014-cü ildə “Qızıl dövr” filmi isə festivalın bağlanış mərasimində nümayiş olunmuşdur.