“Mənim öz insani qaydalarım var. Koronavirus boş şey olsaydı, o qədər də vecimə olmazdı”.
Bu sözləri Kulis.az-a açıqlamasında Xalq artisti Eldar Mansurov bildirib.
“Evdəkilərə görə ehtiyat edirəm, çalışıram ki, evdən çıxmayım, heç kimlə əlaqədə olmayım. Mikrobdur da, kimdənsə keçə bilər, adam özü də bilməz ki, kimdən keçib. Özüm bir tərəfə uşaqları yoluxduraram. Ona görə də evdə oturmuşam. Hərdən eyvandan baxıram, görürəm ki, maşınlar gedib gəlir. Onda ürəyim darıxır, fikirləşirəm ki, mən niyə bayıra çıxa bilmirəm”.
E.Mansurov daha sonra qeyd edib ki, daha çox nəvələrini görmək istəyir.
“Oğlumun biri yanımdadı, o birisi bir az uzaqda olur. Onu, nəvələrimi gedib görmək istəyirəm. İnsanlar demək istərdim ki, qaydalara riayət edək ki, bu karantin günlərindən də tez çıxaq. İndi deyirlər ki, aprelin 20-nə qədər bütün bunlar sovuşacaq, mən də özümü tənzimləmişəm həmin vaxta qədər. Birtəhər ona qədər dözərəm. Yaradıcı adam olsaq da, yaradıcılıq üçün münasib əhval olmalıdır. Amma belə əhvalla yaradıcılıqla da məşğul ola bilmirəm”.
Xalq artisti 65 yaş qadağıası qoyulduqdan sonra evdən çıxmadığını bildirib.
“65 yaş qadağası qoyulan gündən evdən çıxmamışam. Bilirəm ki, çıxsam, polis gəlib aparacaq. Yaxşı dostlarım var, oturub onlarla internet vasitəsi ilə söhbət edirik. Amma mən məclis əhliyəm. Tez-tez dost-aşna ilə görüşüb oturan adamam. İndi bitmişəm evə. Nə qədər komputerin, televizorun qabağında oturmaq olar? Səhər açılandan otururam komputerin qarşısında bir də baxıram ki, gecə yatmaq vaxtıdır. Bu günlər hamısı mənim ömrümdən gedir. Günü gündən ömrüm qısalır, azalır. Bircə buna heyifslənirəm”.