Kulis.az Jalə İsmayılın "Buzovnanın sakura ağacları" hekayəsini təqdim edir.
Karantin günlərinin Məfkurəsinə
Milli mətbəx gecəsində dalaşdılar. Axşam-səhər meduza yeyən adam qayıdasan ki, fuu, kişmişlə soğanı necə qarışdırmaq olar? Əslində yerlisi oğlanın tərəfini saxladı. Belə baxanda, məcburdu, bu boyda şəhərcikdə ikicə yapon idilər. Amma yenə də cavabsız qoymadı qonşusunu. Heç qız olduğunu vecinə almadı. Allahın yaponu. Sunami aparsın hamınızı!
Üç gün sonra atmağa qıymadığı boyat aşı qaşıqladıqca fikirləşirdi ki, aşqarası qeyrəti çəkən çıxmısan? Sözü tutan bir adam vardı bu dəhlizdə, o da xətrinə dəydiyi yapon qız – divar qonşusu. Akemi qəşəng qızdı, yaxşı qızdı. Gülüşünəsə söz ola bilməzdi. İndi lap tək qalmışdı.
Adi vaxtda belə kobudluq etməzdi. O heç, bəs daş kimi möhkəm yapon necə özündən çıxa bilmişdi? Karantin gərginliyi əsəbləri tarıma çəkmişdi. Rektoru milli mətbəx gecəsi keçirməyə zorla razı salmışdılar. O da otuz adam qapısına gedəndən sonra. Axı o qədər yemək bişirilmişdi, bədii hissə hazırlanmışdı. Bütün bunlar üçün tələbə büdcəsinə ciddi ziyan vurulmuşdu, qısası. Rektor da: “Bu, axırıncı tədbirdir” - deyib, 2 saatlığına icazə vermişdi.
Həmin yeyib-içmək gecəsindən sonra yataqxanadan çölə çıxmamışdı. Ciddi karantin rejimi idi, virusa görə. Bütün dünya evə girmişdi. Neçə gündür milli mətbəxin nümayişindən qalan yeməklərlə həyatı yola verirdi. Balkon, otaq, mətbəx arasında vurnuxa-vurnuxa qalmışdı. Mətbəx də ovuc boyda, güclə yerləşirdi. Akemi şikayətçi deyildi, məsələn. “Bacımın da evi belədir, - deyirdi, - biz balaca evlərdə yaşayırıq”. Yəqin onun xətrinə dəymək istəmirdi. Yoxsa deyərdi, öküzə oxşayırsan, ona görə sığmırsan mətbəxə.
Hər şey cəhənnəmə, bu gün Novruz bayramı idi. Belə darıxacağı ağlına da gəlməzdi. Bezib çıxmışdı. Özünə söz verib çıxmışdı. Fikirləşirdi ki, lazım gəlsə, pasportunu da cırıb ata bilər. Atası ilə dalaşmış, anasından küsüb çıxmışdı. Qayıtmayacaqdı Bakıya. Bu semestri də yola verib, özünü atacaqdı Avropaya. İngiliscəsi də vardı, yar-yaraşığı da. Avropanın minnəti olsun onun kimi oğlana. Bəlkə elə Akemiyə qoşulub getdi Yaponiyaya.
Balkona çıxdı. Otaqdan səsi gəlirdi qonşusunun. Öz dilində danışırdı. Əcaib dilləri vardı. Ən azı, yedikləri meduzalar qədər əcaib. Burada dərsləri ingiliscə idi. Məcburi rumınca da öyrənirdilər. Arada bildikləri dilləri qarışdırıb danışmaq əyləncələri vardı. Axşamları balkonda vaxt keçirmək çox gözəldi. İndi aşqarasının zibilinə keçmişdi.
Bayram da gəlməyə vaxt tapdı. Görürsən, karantindir, gəlmə də. Hiss edirdi ki, tonqal çırtıltısı üçün darıxır, qapıya atılan papaqlar üçün darıxır. Qızbibi kimi darıxır, vəssalam! Özünə belə etiraf etmək istəmirdi bunu. Axı hər şeyə tüpürüb çıxmışdı. Bacısı videozəng etmişdi səhər-səhər. Onu da açmadı. Qorxdu, kövrəlib ağlayar. Möhkəm olmalıydı. Geriyə yol yoxdu.
Bayram payı iki həftə əvvəldən gəlmişdi. Hamısını da yeyib, üstündən su içmişdi. Bayram gününə bir şey qalmadığı üçün hirsli idi özünə. Son üç gündə Akemi üçün ayırdığı bayram payını da yemişdi. Amma nə balkon planları vardı, bu gün üçün. Paxlava yeyə-yeyə Novruzdan danışacaqdı Akemiyə, falabaxmadan, papaqatmadan. Onu da götürüb gedəcəkdi qapı pusmağa...
Amma üçgünlük küsüşmənin sonu görünmürdü. Qız üzünə də baxmırdı. Yanından düpdüz keçirdi. Yox, üzr istəməsə, düzəlməyəcəkdi bu iş. Cəhənnəm olsun aşqarası! Onsuz da geri dönməyəcək!
Dənizi hər yerdə tapmaq olar. Dost da qazanar, nə çətin işdir ki. İsti sevirsə, Avropa da istidir. Budey, balkonun qarşısındakı adını bilmədiyi ağac nə vaxtdır çiçəkləyib. Qəribə də ətri var. Meh əsdikcə ləçəkləri qar kimi yerə səpilir. Ürəyi sıxıldı. Otağa qayıtdı.
Yeni bir ümidlə evdən gələn yol çantasını yenə qarışdırdı. Nəsə tapmalıydı. Əlinə iki dənə şokolad keçdi. Götürüb baxdı. Xarici şokoladlar idi. Müxtəlif rənglərdə eyni şokoladlar – “Sakura”. Şokoladın kağızını açıb masanın üstünə atdı, şokoladı da ağzına.
Uzandı. Şokolad boğazını yandırdı. Durub çay qoymağa ərindi. Balkondan Akeminin səsi gəlirdi. Çarpayıda oturub dinşədi. Telefonda yaponca danışıb gülürdü. “Əsl barışmaq vaxtıdır” – düşünüb, balkona cumdu. Yadına “Sakura” şokoladı düşdü. O qədər sevindi ki! Masanın üstündən yeganə şokoladı götürüb balkona çıxdı. Akemi hələ danışırdı. Onu görüb arxasını çevirdi. O özünü sındırmadı. Heç nə olmamış kimi şokoladı qıza tərəf uzatdı. Telefon söhbətini bitirən qız gözucu ona uzanmış şokolada baxdı.
- İa... hmm...pentru tine – dedi, yəni götür, sənin üçündür.
Akemi bir ona, bir şokolada baxdı. Sonra üzünü çiçəkləmiş ağaca çevirdi.
- E sakura – qıza dedi.
- Nu e sakura – qız gözünü ağacdan çəkmədi.
- Asta e sakura!
Qız təəccüblə ona baxdı.
- Sakura?
- Da, sakura – deyib, şokolada işarə etdi.
Qonşusu yavaşca şokoladı ondan alıb üstünü oxudu.
- Sakura...
Akemi gülümsədi. Çiçəklərini səxavətlə sağa-sola səpən naməlum ağacı göstərib dedi ki, sakuraya bənzəyir, amma o deyil... heyif ki, o deyil. Sonra şokolada baxdı.
- Yeyə bilərəm? – soruşdu.
- Nuş olsun. Sənindir.
Akemi şokoladın kağızını açıb yarısını dişlədi. Yarısını barmaqlarının ucunda tutub ona baxdı. Etik deyildi, gigiyenik deyildi, həm də bu zəhlətökən karantin günlərində heç yeri deyildi. Amma bir yapon ilk dəfə sakuranı paylaşmaq istəyirdi. Başını irəli uzadıb, şokoladı yeməyə hazır olduğunu göstərdi. Akemi yarımçıq şokoladı ona uzatdı. Göydə qapdı. Gülüşdülər. Qonşusu yapon əlifbasına bənzəyən şriftlərlə yazılmış kağızı hamarlayıb, kənarındakı xırda yazıları oxumağa başladı.
- Buzovna harada yerləşir?
- Buzovna?
Təəccübləndi. Yaşadığı qəsəbənin adını Akemiyə deməmişdi axı.
- Hə. Burada yazılıb. Yəqin istehsal yeridir.
Kağızı alıb baxdı. Buzovnada istehsal edilmişdi. Həyatın ironiyası, sürprizi, hər nəyi idisə, onu yaman yerdə yaxalamışdı. Kövrəldi.
- Bizdə paytaxta yaxın bir qəsəbədir.
- Şirin qəsəbədir.
Akemi bunu deyib, elə gözəl güldü ki. Sanki Gündoğara yeni gün doğdu. Az qaldı, barışdığı yerdə yenə axmaqlasın, “anama gəlin olarsan?” - desin. Özünü saxladı.
Onsuz da olmazdı. Bir yapon sakura bitməyən bir ölkədə niyə yaşasın?
...Ağ çiçəkli naməlum ağaca baxırdılar. İkisi də gedəcəkdi öz sakurasının arxasınca. Bircə bu karantin bitsin...