Vegetarian olmaq faciədirmi? - Nihat Pir

Vegetarian olmaq faciədirmi? - Nihat Pir
13 mart 2026
# 16:00

Kulis.az Nihat Pirin "Vegetarian olmaq faciədirmi?" yazısını təqdim edir.

Raketlərin, bombaların kölgəsində yaşadığımız bu vaxtda 2024-cü ilin Ədəbiyyat üzrə Nobel mükafatçısı Han Kanqın “Vegetarian” romanını oxudum. Roman 2017-ci ildə Beynəlxalq Buker Mükafatına layiq görülüb və elə yazıçıya da dünya şöhrətini məhz bu əsər gətirib.

Müəllif romanın yaranma ideyasını belə ifadə edir: olduqca mənasız günlərin birində avtobus gözləyərkən özümdən asılı olmadan küçədəki ağacların gövdəsinə toxundum. Ağacların nəm qabığı soyuq bir alov kimi ovuclarımı yandırdı, mən bu hadisəni iki canlının görüşü kimi qiymətləndirdim və dərhal da əlimi geri çəkdim.

“Vegetarian” romanı üç fəsildən ibarətdir və bu üç fəsil üç ayrı baxışı ifadə edir ki, bu baxışların hər biri, əslində, ayrı-ayrı hekayədir, hadisəyə münasibətdir. Amma bütövlükdə onlar “Vegetarian” adlı romanın parçasıdır.

Hər şey gecələrin birində Yonqhe adlı qadının əri ilə bir cümləlik dialoqu ilə başlayır. Ər öz arvadını soyuducunun qapısını açıb qarşısında süst-məst dayanmış halda görür. Donuq baxışlarla soyuducudakı ət və ət məhsullarını, konservləri seyr edən Yonqhe növbəti dəfədə onların hamısını zibil qabına atır. Əri bunun səbəbini soruşduqda, sadəcə, yuxu gördüyünü deyir.

Bu yuxuya qədər ötəri də olsa, ailədə hər şeyin qaydasında olduğu təəssüratı yaranır. Sıradan bir həyat, ərin iş-ev, ev-iş həyatı, qadının isə, sadəcə, ev həyatı. Biz onların ya dəli kimi bir-birlərinə aşiq olduqları, yaxud da nəyinsə xatirinə evləndikləri barədə heç bir informasiyaya sahib deyilik. Amma, heç olmasa, ortada bir ailə münasibəti var, bir ailə rutini var və qadının yuxu görməsi həmin ailə rutinini pozur. Bu yuxu getdikcə daha da fövqəladə həddə çatır və nəticədə, ər artıq bu münasibətdən bezdiyinin fərqinə varır.

Çünki qadın irəliləyən günlərdə hətta ərindən “ət iyi gəldiyini” deyib onu özündən uzaqlaşdırır. Normal qadın-kişi münasibətindən uzaq qaçır və bütün bunların yekununda ər onunla zorla münasibətdə olur, Yonqheni zorlayır.

Çox vacib iş görüşmələrinin birində isə Yonqhenin restorandakı davranışı, – süfrəyə əl uzatmaması, heç kəsə cavab verməməsi, büstqalter geyinməməsi, özünü qəribə və xəstə kimi aparması və sair, – ərini daha da çilədən çıxarır və hadisəni Yonqhenin ailəsinə danışmaq qərarına gəlir. Belə də edir.

Restoran səhnəsində Yonqhenin vegetarian olmasını daha çox ailə məsələsindən qopub cəmiyyət məsələsinə dönməsi formasında görürük. Burada ərinin iş yoldaşlarının davranışları ilə ətrafdakı adamların, ümumiyyətlə, cəmiyyətin vegetarian adamlara və bunun fonunda subyektiv fikrə, davranışa, həyat tərzinə münasibəti aşkar formada özünü biruzə verir.

Ərinin şikayətindən sonra Yonqhenin ailəsi gəlir və onun vegetarian həyat tərzinə zorla müdaxilə edib dəyişməyə cəhd göstərirlər. Burada da biz şəxsi fikir, davranış və həyat tərzinə zorla müdaxiləni görürük, amma bu dəfə cəmiyyətin reaksiyası ilə yox, Yonqhenin öz ailəsinin davranışları ilə. Yonqhenin atasının ət yeməyini zorla onun boğazına dürtüşdürməsindən sonra isə hekayə özünün kulminasiyasını yaşayır: Yonqhe biləyini doğrayır.

Buna qədər Yonqhe yuxu görməsinin ardınca seçdiyi həyat tərzini çox sakit yaşayır. Ona qarşı davranışlara da səssiz qalır, az qala, reaksiya vermir. Bir növ, sükut içində mübarizə aparır. Amma məhz bu səhnədə artıq onun seçiminə zorla müdaxilə edilməsində Yonqhe səssiz mübarizəsini pozur: biləyini doğrayır və özü də bilmədən ailəsini cəzalandırır.

Yonqhenin əri bu qarışıq və gözlənilməz situasiyadan heç cür baş aça bilmir və nəticədə, onlar ayrılırlar. Yəni bu addımı, bir növ, onun başını götürüb qaçması kimi də qiymətləndirmək olar. Sıradan bir ailə münasibəti artıq bir-birinə həm düşüncə, həm davranış, həm də hətta qida baxımından da yad bir münasibətə çevrildiyindən məhvə məhkumdur və məhv də olur. Burada biz bir daha bu ikilinin, əslində, heç də uğurlu ailə olmadığını, ümumiyyətlə, onlar arasında ər və arvad münasibətinin mövcudsuzluğunu görürük. Yonqhenin insanlardan qopub özünü, tamamilə, təbiətin bir parçası hesab etdiyi vaxtlarda ərinin hətta onu zorlaması fonunda bu ayrılıq, əslində, olduqca təbiidir.

Getdikcə Yonqhenin qarabasmaları daha da çoxalır və o özünü ümumiyyətlə, insan hesab eləməkdən çıxır. Romanın ikinci fəsli Yonqhenin bacısı ərizinin hekayəsi kimi nəql olunur. Belə ki, o baldızının qarabasmalardan sonra, bir növ, özünü və kimliyini itirməsi üzərinə ondan sui-istifadə edir. Əslində, Yonqhenin bacısı Yonqhedən daha yaxşıdır, daha uğurludur, hətta daha gözəldir də demək olar. Amma bilinməyən bir hiss onu baldızını xəyal eləməsinə gətirib çıxarır.

O, əvvəlcə videoqraf fəaliyyətini bəhanə edərək Yonqhenin bədəninə güllər çəkib onu lentə alır. Yonqhenin bu çılpaq təkliflə tərəddüdsüz razılaşması ağlını daha da başından alır və bir növbəti mərhələdə artıq baldızı ilə intim münasibətə girir. Özü də necə: özünün də bədəninə müxtəlif gül və çiçəklər çəkməklə. Məhz bu detal bizə bir daha göstərir ki, Yonqhe, əslində, özünü insan, yaxud qadın hesab etmir. O, bir çiçəkdir, o bir güldür, o bir ağacdır və sair. Bacısı əri ilə münasibətə girməyinə də ona görə razılıq verir ki, o da özünü həmin gül, çiçək, ağac kimi təqdim edir. Yəni əri ondan insan kimi münasibət istəyərkən buna razı deyildisə (çünki o özünü insan hesab etmirdi), bacısı əri bir ağac kimi, çiçək kimi münasibətdə olmaq istəyir və Yonqhe buna razılaşır (çünki o özünü təbiətin bir hissəsi hesab edirdi).
Bu xəyanət hadisənin tamamilə təsadüfən tutan bacısı isə dərhal polisə zəng edir və onların ikisini də psixatiriya şöbəsinə aparırlar. Bacısı isə ərindən boşanır.

Bu məqamdan sonra ailə Yonqhedən tamamilə imtina etmiş sayılır və yalnız bacısı onu bu məşəqqətdən qurtarmaq üçün çaba sərf edir. Lakin ərindən boşanması faktı isə bu ailənin də ciddi və dayanıqlı bir təməl üzərində qurulmadığını göstərir.

Romanın üçüncü fəsli Yonqhenin xəstəxanada yatmasına, bacısının ondan vaz keçməməsinə, sağalacağına ümid etməsinə fokuslanır. Yonqhe xəstəxanada qaldığı müddətdə də bir çox qəribə hadisələr baş verir: onun xəstəxanadan meşəyə qaçmasından tutmuş, başı üstə dayanıb özünü ağac təsəvür etməsinə qədər hər şey bacısının gözünün qarşısında baş verir. Və nəhayət, bacısı Yonqhenin qəti şəkildə əvvəlki adam ola bilməyəcəyini anlayır.

Beləliklə, ana hekayənin paralelində iki ailənin dağılması, atasının Yonqheyə qarşı kobud davranışı, restoran səhnəsində kənardakı adamların münasibətindən yola çıxaraq çox rahatlıqla deyə bilərik ki, “Vegetarian” romanı, əslində, vegetarianlar haqqında deyil. Burada mövzu kiminsə ət yeməkdən imtina etməsi, onu həyat tərzinə çevirməsi deyil. Mövzu fərdi seçimə qarşı münasibətdir. Mövzu başqalarından fərqli hiss etmənin törətdiyi faciələrdir. Kəsəsi, sənin seçimin sənin ola bilər, o seçim sənə rahat gələ bilər, amma cəmiyyət, ailə, həyat yoldaşı onu qəbul etmirsə, heç nə.

Çünki insan təkcə öz qərarları ilə yaşamır. O, başqalarının gözləntiləri, qaydaları və hətta kaprizləri ilə əhatə olunmuş bir mühitin içində yaşayır. Bu mühit fərdi seçimi qəbul etməyəndə isə ən sadə qərar belə üsyan kimi görünür. Yonqhenin ət yeməkdən imtina etməsi də məhz belə bir üsyandır. Halbuki o hər hanssa bir siyasi çağırış etmir, heç kimə nəyisə sübut etməyə çalışmır, sadəcə, öz daxili hissinin diktə etdiyi bir həyatı yaşayır. Daha doğrusu, yaşamağa çalışır. Amma cəmiyyət üçün problem də elə budur: izah olunmayan fərqlilik.

# 130 dəfə oxunub

Oxşar xəbərlər

“Elmi-ədəbi dəb” arxasınca yüyürən təsəvvüf “görməmişləri”... - Füzuli qəzəllərində hansı dözülməz təhriflər var?

“Elmi-ədəbi dəb” arxasınca yüyürən təsəvvüf “görməmişləri”... - Füzuli qəzəllərində hansı dözülməz təhriflər var?

15:00 12 mart 2026
Tənqidi realizmin ən yaxşı romanlarından biri - Nəşri niyə qadağan edilmişdi?

Tənqidi realizmin ən yaxşı romanlarından biri - Nəşri niyə qadağan edilmişdi?

18:33 11 mart 2026
Ədəbiyyatın teatra çevrildiyi mənəvi ərazidə - Elnarə Akimova

Ədəbiyyatın teatra çevrildiyi mənəvi ərazidə - Elnarə Akimova

17:00 10 mart 2026
Döyüb-söyən valideynlər, yoxsa onlarsız əziyyətlərə dözmək.. - Hansı daha pisdir?

Döyüb-söyən valideynlər, yoxsa onlarsız əziyyətlərə dözmək.. - Hansı daha pisdir?

16:30 10 mart 2026
"Bilirsən nəyin məni bəxtiyar etdiyini..."  - Hədiyyə Şəfaqətin Şumer mətnləri ilə hansı əlaqəsi var?

"Bilirsən nəyin məni bəxtiyar etdiyini..." - Hədiyyə Şəfaqətin Şumer mətnləri ilə hansı əlaqəsi var?

12:00 10 mart 2026
Hüseynbala Mirələmov bədii nəsrini insan və zaman kontekstində dəyərləndirən monoqrafiya - Elman Quliyev

Hüseynbala Mirələmov bədii nəsrini insan və zaman kontekstində dəyərləndirən monoqrafiya - Elman Quliyev

17:20 6 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər