Məşhur rejissor millətçilərdən necə xilas oldu?

Məşhur rejissor millətçilərdən necə xilas oldu?
27 fevral 2014
# 12:59

Kulis.Az sürrealist rejissor Luis Bunyuelin “Mənim son nəfəsim” kitabından “Unudulanlar” filmi haqqında olan hissəni təqdim edir.

1949-cü ildə prodüser Oskar Dansiqer (Oscar Dansigers) yeni təklif irəli sürdü. Məşhur Meksika aktyoru Fernando Soler özünün də baş rolda oynayacağı kino çəkməli idi. Bu işin bir nəfər üçün çətin olacağını düşünən Fernando dürüst və sözəbaxan rejissor axtarırdı. Oskar bu işi mənə təklif etdi, mən də dərhal razılıq verdim. Filmin adı “Möhtəşəm əyyaş” idi.

Məncə, bu kino çox maraqsız alınıb. Ancaq o qədər uğur qazanmışdı ki, Oskar mənə demişdi: “Biz səninlə əsl kino çəkəcəyik. Sadəcə, yaxşı süjet tapmaq lazımdır.”

Dilənçiliklə yaşayan evsizlər və atılmış uşaqlar haqqında süjetim Oskara çox maraqlı gəlmişdi. Mən Vittorio de Sikanın “Ayaqqabı parıltısı” filmini çox bəyənirdim və ondan təsirlənmişdim. Dörd, ya beş ay ərzində, bəzən kanadalı rəssam Fitscerald, bəzən də Luis Alkorisa ilə, amma əsasən tək özüm tez-tez “itmiş şəhərləri” – Mexiko ətrafına səpələnmiş kasıb gecəqonduları ziyarət edirdim. Kiçik kamuflyajda və əynimdə nimdaş paltar müşahidə aparır, qulaq asır, suallar verir, insanlarla əlaqə yaradırdım. Gördüyüm bəzi şeyləri birbaşa filmə salırdım. Kino ekranlara çıxandan sonra mənə çoxsaylı təhqirlər yağdırırdılar. Məsələn, İqnasio Palasio yazmışdı ki, barakda bürünc çarpayı yerləşdirməyə ixtiyarım yox idi. Amma bu – həqiqətdir. Mən özüm bir barakda bürünc çarpayı görmüşdüm. Yeni ailə həyatı quran bir cütlük böyük məhrumiyyətlər bahasına toydan sonra belə çarpayı almışdı.

Ssenari üzərində işləyərkən kinoya izah olunmayan bir neçə kadr salmaq istəyirdim. Bu kadrlar çox qısa olmalı, tamaşaçılarda sual doğurmalı idi: bu gördüyümü mən doğrudan da gördüm? Məsələn, çöllükdə bir korun ardınca gedərkən uşaqlar tikilməkdə olan iri binanın yanından keçirlər. Mən istəyirdim ki, inşaat sahəsində böyük bir orkestr ifa etsin, ancaq ekranda heç bir səs eşidilməsin. Filmin uğursuzluğa düçar olacağından qorxan Oskar bunu mənə qadağan etdi. Baş qəhrəman Pedronun anası geri qayıtmış oğlunu evdən qovarkən ekranda silindr göstərməyə də Oskar icazə vermədi. Yeri gəlmişkən, bu səhnəyə etiraz olaraq bizim bərbər xanım çəkiliş heyətini tərk etdi. O deyirdi ki, heç bir meksikalı ana öz övladına qarşı belə hərəkət etməz. Mənsə bir meksikalı qadının öz oğlunu qatardan atması haqqında lap yaxınlarda qəzetdən oxumuşdum.

Çəkiliş heyəti işinə ciddi yanaşsa da, heyətin üzvləri filmə qarşı düşmənçiliyini gizlətmirdi. Texniki işçilərdən biri mənə demişdi: “Niyə axı siz bu eybəcərliyin yerinə əsl Meksika kinosu çəkmək istəmirsiz?” Meksika ləhcəsinə xas sözləri dialoqlara salmaqda mənə kömək edən yazıçı Pedro de Urdemalas kinonun titrlərində öz adının yazılmasına qəti etiraz etmişdi.

Film 21 gün ərzində çəkildi. Hər şey mənim digər çəkilişlərimdə də nəzərdə tutduğum müddət ərzində yerinə yetirildi. Məncə, heç vaxt çəkilişlərdə öncədən nəzərdə tutduğum müddətdən kənara çıxmamışam. Çəkiliş metodlarımı nəzərə alaraq deyim ki, neqativi də üç-dörd gün ərzində montaj edib bitirirdim. Eyni qaydada deyə bilərəm ki, mən heç vaxt 20 min metrdən artıq lentdən istifadə etmirdim. Bu isə kiçik göstəricidir.

Kinonun ssenarisi və rejissurasına görə cəmi iki min dollar pul almışdım, gətirəcəyi gəlirdən heç bir faiz götürmürdüm.

Meksikada təvazökar şəkildə ictimaiyyətə təqdim olunan kino cəmi dörd gün ekranlarda qala bildi və dərhal kəskin hücumlara səbəb oldu. Bu gün olduğu kimi, o zaman da Meksikanın ən böyük problemi ifrat həddə çatmış millətçilik idi və bu millətçiliyin altında dərin natamamlıq kompleksi gizlənirdi. Həmkarlar ittifaqları və digər peşə birlikləri mənim dərhal ölkədən çıxarılmamı tələb etdilər. Tənqidçilər film haqqında kəskin rəylər verirdilər. Azsaylı tamaşaçılar kinoteatrları sanki dəfn mərasimindən çıxırmış kimi tərk edirdilər. Bir qapalı seansdan sonra rəssam Dieqo Riveranın həyat yoldaşı Lupe mənimlə danışmaqdan imtina edərək filmə düşmən münasibətini heç gizlətməyə də çalışmırdı. İspan şairi Leon Felipenin həyat yoldaşı Berta yumruqlarını düyünləyib üstümə cummuşdu, elə hey çığırırdı ki, mən Meksikaya qarşı alçaqcasına davranmışam. Mən mümkün qədər sakit və tədbirli davranmağa çalışsam da Bertanın təhlükəli dırnaqları mənim gözlərimin üç santimetrliyində oynayırdı. Xoşbəxtlikdən digər rəssam Sikeyros araya girdi, kinoya öz heyranlığı bildirərək məni xilas etdi. Kino Meksika ziyalılarının başqa nümayəndələrinin də xoşuna gəlmişdi.

1950-ci ilin sonlarında kinonu nümayiş etdirmək üçün Parisə getdim. On ildən sonra şəhərin küçələrində yenidən gəzərkən göz yaşımı saxlaya bilmirdim. Mənim bütün sürrealist dostlarım “Stüdio 28”-də kinoya baxmağa gəldilər və məncə, çox təsirləndilər. Növbəti gün Jorj Sadul çox vacib məsələ barəsində danışmaq istədiyi bildirdi. Biz Ulduz meydanı yaxınlığında bir kafedə görüşdük. Sadul həyəcanla bildirdi ki, kino haqqında yazmağı kommunistlər ona məsləhət görmürlər. Təəccüblə səbəbini soruşdum.

“Çünki burjua kinosudur,” – Sadul cavab verdi.

“Burjua kinosu? Niyə?”

“Birincisi, mağazanın vitrinindən görünür ki, bir gey cavan oğlanla necə mazaqlaşır. Polis yaxınlaşan kimi gey aradan çıxır. Deməli, polis səmərəli işlə də məşğuldur, bunu isə demək olmaz! Filmin sonunda isə islah müəssisəsində sən xeyirxah və insani bir həkim göstərirsən, həmin həkim uşağa siqaret almağa icazə verir.”

Bu arqumentlər mənə sadəlövh, gülünc görünürdü və mən bunu Sadula dedim. Amma o da nə isə etmək iqtidarında deyildi. Xoşbəxtlikdən, bir neçə ay sonra Sovet rejissoru Vsevolod Pudovkin kinonu gördü və onun haqqında “Pravda” qəzetində coşqun bir məqalə yazdı. Bundan sonra fransız kommunist partiyasının mövqeyi dəyişdi. Sadul da bu vəziyyətdən çox razı qaldı.

Kommunist partiyasının razılaşa bilməyəcəyim davranışlarına bir misal da bu ola bilər. Başqa bir hərəkətləri də vardı ki, məni həmişə şoka salırdı. Əgər hər hansı yoldaş partiyadan çıxardısa, digərləri dərhal iddia edirdi ki, həmin şəxs əvvəldən xəyanətlə məşğul idi, sadəcə öz oyunlarını məharətlər gizlədə bilirdi.

Parisdə filmə qarşı çıxanlardan biri də Meksika səfiri Torres Bodet idi. Uzun illər İspaniyada yaşamış və hətta “Qaseta literaria” ilə əməkdaşlıq etmiş bu mədəni insan da hesab edirdi ki, “Unudulanlar” onun ölkəsini bədnam edir.

Hər şey 1951-ci ilin Kann festivalından sonra dəyişdi. Meksika şairi Oktavio Pas (onun haqqında ilk dəfə Andre Bretondan eşitmişdim, hələ də yaradıcılığına heyranam) filmin nümayişi keçirilən zalın girişində dayanıb film haqqında yazdığı məqaləsini tamaşaçılara paylayırdı. Onun məqaləsi bəlkə də bu film haqqında yazılmış ən yaxşı yazı idi. Festivalda kinonu böyük hərarətlə qarşıladılar, onun haqda çoxsaylı ecazkar resenziyalar yazıldı. Kino rejissor işinə görə mükafat aldı.

Sonralar prokatda kinonun subtitrlərində “Unudulanlar, və ya onlara rəhm edin” yazısını görəndə qüssə və xəcalət hissi keçirdim. Gülməlidir.

Avropada qazanılan uğurlardan sonra Meksikada mənim günahlarımdan keçdilər. Təhqirlər bitdi. Kino yaxşı bir kinoteatrda ekrana çıxarıldı və iki ay nümayiş etdirildi.

Tərcümə etdi: Əli Novruzov

# 4575 dəfə oxunub

Müəllifin son yazıları

# # #