"Rolların hamısından xoşum gəlir..." - Onu kino üçün hansı rejissor kəşf etmişdi?

"Rolların hamısından xoşum gəlir..." - Onu kino üçün hansı rejissor kəşf etmişdi?
9 aprel 2026
# 18:00

Azərbaycan Kinematoqrafçılar İttifaqının sosial şəbəkə hesabında tanınmış kino aktyoru və rejissor Ceyhun Mirzəyev haqqında paylaşım edilib.

Kulis.az həmin paylaşımı təqdim edir.

CEYHUN MİRZƏYEV – 80


"Keçmişdə çəkilən filmlərdə yol verilən səhvlərə görə həmin filmlərin üzərindən xətt çəkmək olmaz. Əvvəla o tarixdir, ikincisi, əgər biz o vaxtı elə filmlər çəkmişiksə, deməli bu bizim imkanlarımızın səviyyəsini göstərir. Hamı bilməlidir ki, Moskva, Sovetlər Birliyinin tərkibində olduğumuz günə qədər, hər sahədə olduğu kimi, kino sahəsində də bizə öz imkanlarımızdan səmərəli istifadə etməyə imkan verilməyib. Filmlərimizin əksəriyyəti Moskvada fəaliyyət göstərən Bədii Şuranın qadağalarına məruz qalaraq, ya ömürlük nümayişdən məhrum olunmuş, ya da doğranmış, qol-qanadı qırılmış vəziyyətə salındıqdan sonra ekrana çıxmışdır. Bir misal çəkim. "İşarəni dənizdən gözləyin" filmində ordunun gəlişi, inqilabçıların "ura" səsləri Moskvanın təkidi ilə salınıb. Əgər Moskvanın təkidi ilə həmin kadrlar filmə daxil edilməsəydi, o zaman filmin nümayişinə qadağa qoyula bilərdi. Ancaq "Ögey ana" kimi filmlərin mövzusu belə qadağalara şərait yaratmırdı"...

Bu fikirlər Azərbaycan kinosunda özünəməxsus yer tutmuş, “Görüş”, “Ögey ana”, “Matteo Falkone”, “Əsl dost”, “Yenilməz batalyon”, “İstintaq davam edir”, “Lətifə”, “Yol əhvalatı”, “Qanun naminə”, “Dəli Kür”, “Koroğlu” və s. filmlərdə oynamış, “Ögey ana” filmindəki İsmayıl roluyla tamaşaçıların qəlbini fəth etmiş, ömrünün son ilində kinomuza “Fəryad” kimi Qarabağ müharibəsinin dəhşətli məqamlarını özündə əks etdirən film bəxş etmiş kinoaktyor, rejissor Ceyhun Mirzəyevə aiddir.

9 aprel Ceyhun Mirzəyevin dünyaya göz açdığı gündür, yaşasaydı 80 illik yubileyini qeyd edəcəkdi.

C.Mirzəyev uşaq yaşlarında kino üçün görkəmli rejissor Tofiq Tağızadə tərəfindən kəşf edilib.

T.Tağızadə onu 1955-ci ildə çəkdiyi “Görüş filmində Şıxəlinin oğlu roluna, 1959-cu ildə yazıçı İmran Qasımovun ssenarisi əsasında çəkdiyi “Əsl dost” filmində Fərman rolunun uşaqlıq dövrünə, 1960-cı ildə isə “Matteo Falkone” kinodramında Fortunato roluna çəkib.

XIX əsr fransız yazıçısı Prosper Merimenin eyniadlı novellası əsasında ekranlaşdırılan “Matteo Falkone” filmində vətənpərvərlik hissləri təbliğ olunur. Fortunatonun simasında ailə dəyərlərini ləyaqətlə təmsil etmək, cəmiyyət üçün gərəkli vətəndaş olmaq kimi ali prinsiplər diqqətə çəkilir.

Oynadığı rollarla tamaşçılarda maraq yaradan C.Mirzəyev adlarını çəkdiyimiz filmlərdən sonra “Koroğlu”, “Qara qağayı” (“Lenfilm” kinostudiyası), “Yenilməz batalyon”, “Qanun naminə”, filmində “Yol əhvalatı”, “Qanlı zəmi” və s. filmlərdə bir-birindən maraqlı rollar canlandırıb.

C.Mirzəyevin xatirələrindən: “20-yə yaxın filmdə çəkilmişəm və etiraf edim ki, ifa etdiyim rolların hamısından xoşum gəlir, çünki rolları özüm seçmişəm. Əgər lap uzaqdan başlayası olsaq, onda deyim ki, hələ 5-ci sinifdə oxuyarkən televiziyada "Sizin üçün, məktəblilər" verilişinə dəvət alırdım. Elə həmin ərəfədə xəbərim olmadan belə kino rejissorlarının diqqət mərkəzinə çevrildim. 1955-ci ildə "Görüş" filmində çəkildim, 1956-cı ildə isə "Bir məhəlləli iki oğlan" filmində qəzet satan oğlan rolunu oynadım. Və belə bir məqamda H.İsmayılovun quruluşunda çəkilən, məni məşhur edən "Ögey ana" filminə dəvət olundum".

C.Mirzəyev sadəcə aktyorluqla kifayətlənmədi, kinoya olan bağlılıq onun rejissorluğa da həvəsləndirib.

Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsində təhsil alıb, daha sonra Moskvada təhsilini davam etdirib.

Təhsil illərindən sonra “Azərbaycanfilm” kinostudiyasında assistent, rejissor köməkçisi, rejissor və aktyor kimi fəaliyyət göstərib. "Mozalan" satirik kinojurnalı üçün 60-dan çox bədii və sənədli kinosüjetlər çəkmişdir. O, bədii kinoda 3 tammetrajlı - “Bəyin oğurlanması” (Vaqif Mustafayevlə birgə), “İşarəni dənizdən gözləyin” və “Fəryad” filmlərini ekranlaşdırıb.

1985-ci ildə çəkdiyi “Bəyin oğurlanması” filmində xalqın toy adət-ənənəsini lentə alması və bütün bunları komediya üzərində qurması onun milli ruha olan bağlılığından xəbər verirdi.

Film süjet xəttinə əsasən iki hadisə üzərində cərəyan edir. Kəndlərin birində toy səhnəsini lentə almağa gələn bir qrup kino işçisi və çəkiliş zamanı ssenari və çəkilən materialın real həyatdan çox uzaq olduğunu hiss edib görən rejissorun uydurma toy səhnəsi əvəzinə kənddə olan toyu lentə alması fonunda hadisələr cərəyan edir.

Tamaşaçı film vasitəsilə kənd həyatının maraqlı və zəngin ənənələri, adətləri ilə tanış olur. Əslində bu kinokomediya hər şeydən əvvəl insan səadəti, bu səadət uğrunda aparılan mübarizədən bəhs edir.

Rejissor 1986-cı ildə müstəqil olaraq yazıçı Firudin Ağayevin “İldırım dənizə çaxır" və "İldırım ömrü" romanlarının motivləri əsasında Azərbaycanın dəniz işləri üzrə ilk xalq komissarı Çingiz İldırıma həsr olunmuş “İşarəni dənizdən gözləyin” filmini çəkir.

Azərbaycanda sovet hakimiyyəti qurulması uğrunda aparılan mübarizədən danışan filmdəki qəhrəmanların ümumiləşdirilmiş obrazları arxasında real tarixi şəxsiyyətlər durur.

C.Mirzəyev 1993-cü ildə - Qarabağ torpaqlarının işğala məruz qaldığı bir dövrdə “Fəryad” filminə quruluş verməklə, hətta əsas qəhrəman olan İsmayıl obrazını yaratmaqla, inandırıcılıq baxımından döyülmə səhnəsinə canlı çəkilməklə dövrün haqsızlığa qarşı olan fəryadını nümayiş etdirdi.

Əslində “Azərbaycanfilm” və “Aşkarfilm” kinostudiyalarının birgə istehsalata buraxdığı “Fəryad” filminin ssenarisi elə Ceyhun Mirzəyev üçün nəzərdə tutulub. O, heç bir müdaxilə olmadan, öz görüntülərinə arxalanaraq filmi çəkib. O, rejissor ssenarisini hazırlayarkən, eyni zamanda aktyor seçimində də öz fikrini əsas götürüb. Əgər Gürcüstandan dəvət olunan bir neçə aktyor nəzərə alınmazsa, onda demək olar ki, filmdə görünən digər sənət adamları öz aktyorlarımızdır. Hadisələrin ən qızğın gedişatı zamanı heç kimin edə bilmədiyi cəsarətlə “Fəryad”ı yaratdı və hadisələri öz gözləri ilə görmüş insanları da filmin çəkilişinə cəlb etdi.

Filmin çəkilişi zamanı C.Mirzəyev öncə İsmayıl obrazını yaratmaqdan imtina edib, hətta bu rola uyğun olan aktyor axtarışına da başlayıb. Bu da ona görə idi ki, o, rejissor işi ilə yanaşı, filmdə obraz yaratmağın çətinliklər törədəcəyindən qorxurdu. Ancaq İsmayılı özü qədər duyan ikinci bir aktyor tapmaq çətin idi, buna görə də sonda özü həmin obrazı yaratmağa qərar verir.

Filmdə Ceyhunun daxili iztirabları, düşüncələri hamısı həqiqət olub.

İsmayılın həbsxanada döyülmə səhnəsinin daha canlı alınması üçün rejissor aktyor yoldaşlarından xahiş edib ki, onu doğrudan da döysünlər, hətta lazım gəlsə, lap zədə alana kimi döysünlər.

Canlı döyülmə filmin inandırıcı çıxması üçün yaxşı bir ideya kimi irəli sürülməsinə baxmayaraq, sonrakı proseslər sübut edib ki, bu, Ceyhun Mirzəyevin səhhətinə mənfi təsir göstərib. Eyni zamanda isə ölkədə haqsız olaraq cərəyan edən hadisələr onu çox təsirləndirib.

Onu tanıyanlar deyirdi ki, Ceyhun əgər bilsəydi ki, “Fəryad” filmi onun həyatına son verəcək, yenə də bu yoldan dönməzdi və film üçün bütün gücünü səfərbər edərdi. Vaxtsız ölümüylə bunu təsdiq etdi.

Yaşasaydı, bir çox filmlər çəkə bilərdi, kinomuza fərqli məzmunda rəng qata bilərdi və ya sadəcə Ceyhun Mirzəyev olaraq Azərbaycan kinosunun təbliğatında başlıca rol oynayardı...

Ancaq həyatın da öz qanunları var, 46 illik ömrünə bu qədər işləri sığdıra bildi.

Vətənpərvər, milli ruhlu, böyük sevgiylə dəyərli sənət nümunələri yaratmaq gücündə olan Ceyhun Mirzəyevi yubileyində böyük hörmət və ehtiramla yad edirik!

# 188 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər