HBO-nun "Harri Potter" serialında yeni simalar

HBO-nun "Harri Potter" serialında yeni simalar
16 sentyabr 2026
# 10:00

Amerikanın HBO telekanalı "Harri Potter" (Harry Potter) serialının ikinci mövsümündə Uizli ailəsinin atası, Ağlağan Mirtl (Moaning Myrtle) və zəhlətökən tələbə-fotoqraf Kolin Krivi (Colin Creevey) obrazlarını canlandıracaq aktyorların adlarını açıqlayıb.

Kulis.az xəbər verir ki, bu barədə "Variety" nəşri məlumat yayıb.

Məlumata görə, serialda Artur Uizli rolunu Reyf Spoll (Rafe Spall), Ağlağan Mirtlı Molli Hyuitt-Riçards (Molly Hewitt-Richards), Kolin Krivini isə Casper Embrouz (Jasper Ambrose) ifa edəcək.

Qeyd edək ki, eyniadlı filmlər seriyasında bu unudulmaz rolları müvafiq olaraq Mark Uilyams, Şirli Henderson və Hyu Mitçell canlandırmışdı.

"Harri Potter" serialının birinci mövsümünün premyerası 2026-cı ilin Milad bayramına planlaşdırılır. Böyük maraqla gözlənilən layihədə əsas rolları Dominik Maklaflin (Harri Potter), Arabella Stenton (Hermiona Qreyncer), Alaster Staut (Ron Uizli), Con Litqou (Albus Dambldor), Canet Maktir (Minerva Makqonaqal) və Paapa Essyedu (Severus Sneyp) ifa edəcəklər.

May ayında "Variety" HBO-nun hələ birinci mövsümün premyerasına yeddi ay qalmış ikinci mövsümün çəkiləcəyini anons etdiyini yazmışdı. Coan Roulinqin (J.K. Rowling) "Harri Potter və Sirlər Otağı" (Harry Potter and the Chamber of Secrets) kitabı əsasında ekranlaşdırılacaq yeni mövsümün çəkilişlərinə bu payızda start veriləcək. İstehsal prosesini sürətləndirmək məqsədilə layihənin şouranneri Françeska Qardinerə (Francesca Gardiner) birinci mövsümün ssenaristi Con Braun (John Brown) da qoşulacaq.

"Harri Potter və Fəlsəfə Daşı" (Harry Potter and the Sorcerer's Stone) adlanan birinci mövsüm isə 11 yaşı tamam olan Harrinin Hoqvarts (Hogwarts) Cadugərlik və Sehrbazlıq Məktəbinə qəbul məktubu alması ilə başlayır. Bu hadisə onun qarşısında tamamilə yeni və ecazkar bir dünyanın qapılarını açır.

HBO-nun yeni "Harri Potter" serialı haqqında

Dünyaşöhrətli yazıçı C.K. Roulinqin (J.K. Rowling) 7 kitabdan ibarət eyniadlı bestseller seriyası əsasında hazırlanan yeni "Harri Potter" serialı, 2001–2011-ci illərdə ekranlara çıxan kult filmlər seriyasının tam hüquqlu (reboot) televiziya adaptasiyasıdır. "Warner Bros. Discovery" və HBO tərəfindən istehsal olunan layihənin hər mövsümü kitablardan birinə həsr olunacaq və filmlərə sığmayan kiçik detalları, xarakter dərinliklərini daha geniş şəkildə ekrana daşıyacaq. Şirkət layihənin 10 il ərzində davam edəcəyini və yeni nəsil izləyicilər üçün Hoqvartsın sehrli dünyasını yenidən kəşf edəcəyini vəd edir.

# 93 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər