Aleks Qarlendin rejissorluğu və məşhur "A24" studiyasının istehsalı ilə ərsəyə gələcək "Elden Ring" bədii filminin çəkilişlərinə start verilib.
Kulis.az xəbər verir ki, eyniadlı populyar videooyunun ekran adaptasiyası olan bu layihənin çəkilişləri Böyük Britaniyanın müxtəlif yerlərində, o cümlədən Şotlandiyada aparılacaq.
Filmdə baş rolları Kit Konnor, Nik Offerman, Keyli Speyni və Ben Vişou canlandırırlar.
Dünya miqyasında milyonlarla pərəstişkarı olan oyunun müəllifi Hidetaka Miyazaki olsa da, ekran işi üçün xüsusi əhəmiyyət kəsb edən məqam Corc R. R. Martin faktorudur. "Taxt oyunları" seriyasının müəllifi olan Martin hazırda filmin icraçı prodüseri kimi çıxış edir.
Filmin süjet xətti hələlik tam açıqlanmasa da, hadisələrin "Aradakı torpaqlar" (Lands Between) adlı məkanda cərəyan edəcəyi məlumdur. Qəhrəmanlar burada "Elden Ring"i bərpa etmək və yeni "Elden Lord" olmaq üçün təhlükəli səyahətə çıxacaqlar.
Filmin ssenari müəllifi də Aleks Qarlenddir.
Layihə "A24" ilə yanaşı, Britaniyanın "DNA Films" və videooyun şirkəti "Bandai Namco Entertainment" tərəfindən birgə istehsal olunur.