Kulis gənc şair İsmaelin (İsmayıl Məmmədov) şerilərini təqdim edir.
Pasın yediyi dəmir darvazanın qonaqları..
Uçub getsə əlindəki hər şey,
baxsan aynaya unudulmuş birinin gözləri ilə
və soruşsan yoxolmuşlardan:
“Unutmaq necə hissdir?”, – deyə..
Bir körpənin yuxusu olmaq istəsən,
bir gecənin hüznünə qarışsan.
Sevgilinin saçlarında gəzmək üçün yaranmış əllərə
sifətini basdırsan,
tənhalığı zülmət bir gecədə azdırsan,
görərsən ki, “yoxsan”.
Görərsən ki, “səndən geriyə qalan”
bir ömür üşüməkdir.
Pasın yediyi dəmir darvazanın iniltisini dinləsən,
“seçdiyin ulduzu başqa seçən varmı?”, – deyə
düşünsən və yenidən üşüsən.
Dəmir darvazadakı pas kimi iz qoysan gəlib keçənlərə
və bir gün sökülüb atılsan uzaqlara.
“Görəsən, sənin pasınla gələn olacaqmı?”
Bunu heç bir zaman bilməsən.
Bütün sevgilər ölənəcən gözləsən,
“Özün özündən gedib”,
“Özünə bir də dönməsən”.
Və bir gün dikilib bayraq meydanına qışqırsan:
“O unudulmuş dəmir darvaza mənəm”.
Sonra da xoşbəxtlikdən danışsan insanlara
Desən ki,
əbədiyaşarlıq az yaşamaqda,
azad yaşamaqdadır.
Desən ki,
sevməyin qismət olduğu insanlar
əvvəl-axır əllərindən asılırlar.
Desən ki,
müharibədən qorxmağa ehtiyac yoxdur,
o, yalnız bizi öldürəcək,
gələcək nəsillər sağ-salamatdır.
Desən ki,
sonuncu peyğəmbər oğurluq üstündə həbsə düşüb,
Tanrı indi həbsxana müdiridir.
Desən ki,
insanların müqəddəs kitabları – pensiya kartları,
qəhrəmanlıq dastanları – məişət iztirablarıdır.
Desən ki,
unutmaq dünyanın ən asan işidir.
Sonra da
heç bir zaman heç kəsi
unuda bilməməyindən şikayətlənsən.
Söykənib tozlu şam ağacına
deşik ciyərlərinlə öskürsən,
sonra da sussan ömürlük.
Yıxılsan,
Yox olsan.
Ağıldankəm Ayaz,
yaxud arpa çörəyinin dadı
İllər keçdikcə biz qocalmırıq, biz ölürük.
Ağcaqayın kölgəsində can verən
sərçəyə dönür ümidlərimiz.
Sərv kimi hər ağrıya ağrıyaraq susur dərdlərimiz...
Əllərimiz Tanrının qırmancına çevrilir,
Dırnaqlarımız küt alət kimi torpağın bağrına sancılır.
Göz yaşlarımız suvardıqca bərəkətli taxıl zəmilərini,
göllərin güzgüsündə basdırılır səmamızın yüksəkliyi...
Qar adamı düzəldən uşağın əllərindən öpür şaxta,
ayaqlarına sarılır rüzgar.
Anasının narahat səsi donub havada...
Qaratoyuqlar ölüm yürüyüşünə çıxıb.
Qoşalülədən qəzəb yağdıqca
ağıldankəm Ayazın ağzına,
“Arpa çörəyi qurtarıb”, – deyir kobud əlləri olan satıcı.
İki dəfə kimsəsizlik...
Ah, Kerber!
Necə də məğlubluğun simasısan indi,
Üç başın üç dəfə edam olunacağından danışır.
Və necə edam,
hər qafatasını ayrı-ayrı günlərdə atacaqlar
Günəşin parlaq işıqları altına...
Adonis!
Ah, kiçicik otlar,
Necə də həsrətlə baxırsınız
saçınızı oxşamağa hürkən küknar ağaclarına...
Ah, kimsəsizliyim!
Tanrının kölgəsində
gözəl bir qadınla sevişmək istəyirsən indi,
Nar dənələri qədər parlaq bir məhəbbət parçalayır qəlbini...
Ah, sükut!
Buludların qoynundan kədəri gətirən rüzgarı dinləyirsən,
Dinmirsən.
Susursan, eynilə yeraltı köpəyinin
ulduzlara getməkdən qorxan
səssizliyi ilə...
Ah, sükut!
Susursan,
Bəşərin təkrarsız kimsəsizliyi ilə..
...Palçıqlı xiromantiya, xanımotunun qışqırıqları
Yalançı bir pəyğəmbərə bütöv bir ömrünü həsr etmiş
qoca professor kimiyəm:
qoltuğumdakı qovluqla dünyadan qovulmuşam.
Lillitin parçalamağa hazırlaşdığı körpə kimiyəm:
hələ də naməlum qadına baxıb,
“ana” qışqırmaq istəyirəm.
Yerin cazibəsindən çıxmağa hazırlaşan daş kimiyəm:
sevinirəm ki, nəhayət qurtulacağam,
“daş kimi ağır” sözündən.
Sərçə leşinə yaxınlaşan balaca ağ köpək kimiyəm:
leşi öz kölgəmə bənzədirəm.
Günəş batır,
qürubun bir də təkrarlanmayacağını düşünən
parlaq bir kəpənək kimiyəm:
bir də məni kim parladacaq?
İnsan xoşbəxtliyinin enini ölçdülər,
Sağ əlin barmaq ucundan
sol əlin barmaq ucuna qədər imiş,
Təxminən çarmıxın eni qədər.
İnsan xoşbəxtliyinin uzunluğunu ölçdülər,
Torpağın bətnindən səmanın köksünə qədər imiş,
Torpaq üzülmüş, səma keyimiş.
Palçıqlı bir yol...
Yağmurun fırçası qurumaq bilmir,
Ölüləri sevmək istəyirik, ölülər dirilmir.
Palçıqlı bir yol...
Ölüm səhrasına düşmüş cüzamlı yarpaqlar
naməlum ayağa yapışıb getmək istəyir.
Palçıqlı bir yol...
Buludlar niqab kimi səmanın üzünü gizlədir.
Və mən əlimdə günəbaxan çiçəkləri ilə
heç bir zaman görmədiyim,
heç bir zaman görmədiyi ölkələrdən yazan
şairin məzarı başındayam.
O, məndən tənha qağayını soruşur,
susuram.
O, məndən onu unudanların sayını soruşur,
susuram.
Mənsə ondan heç nə soruşmuram,
Bilirəm, danışmağa başlasa,
sahilə çırpılan balıqlar dirilib yenidən öləcək.
Qış axşamları ulayan canavarlar
aclıqdan bir-birini parçalayacaq.
Min ildir gəlməyən xilaskar isə
çirkli üst-başla, əlində bir butulka araq ilə gələcək.
Və deyəcək ki,
gəl səni də aparım.
Susuruq,
Yağmur dinib.
Təbiətin makyajı dağılıb və indi anamız
olduğundan çox qoca görsənir.
O isə öz-özünə gileylənir, məndən xəbərsiz,
“Kaş ki, qovulmazdım dünyadan”...
“Anaxronizmlərdə təngnəfəslər” kitabından
Hər yarasından başqa cür ölən dünya üçün...
Ah, çobanyastığı... siqaret kötüyü
və bir də bir uşağın yanağındakı peşmək ləkəsi...
Ah, susdumgülü... bir ovuc içi
və bir də bir uşağın ağlındakı göynəklər ölkəsi...
Ağrılar dənizini üzüb keçmək istədim
balıqların üzgəclərində...
Üzərdim keçərdim hər yanı,
Üzərdim keçərdin endən-enə bütün dünyanı.
Rənglər darvazasında dayanan əlimöhürlü sərhəd gözətçisinə
“Gözlərimə bax” deyərdim,
“Bax, eyni rəng deyilmi?”
Ona qəlbimi göstərərdim,
ona qanımı göstərərdim,
Ona sevməyimi,
unutmağımı göstərərdim.
Deyərdim ki, bax eyniyik, eyni
Və burax, keçim gedim
məni dünyanın o üzünə baxmaqdan
saxlayan bu divardan.
Sonra bir daş götürərdim yerdən,
atmaq üçün deyil saxlamaq üçün.
Saxlayardım onu bir mücrüdə
Və hər sabah günəşə çıxarardım.
Deyərdim ki, bu daş saxlayacaq yasımı mən öləndən sonra.
Deyərdim ki, bu daş göyərəcək əgər bir də gəlsəm dünyaya.
Deyərdim ki, bax, onda uzaqlardakı o qocaman qaya da
daha çox sevəcək bağrından qoparıb atdığı bu daşı.
Sonra hər yarasından ayrı ölən adamı
həmin qocaman qayaya bənzədərdim.
Anlayardım ki, hər bətndən düşmüş
sevgi yaymaq üçün gəlmir aramıza.
Anlayardım ki, hər bətndən düşmüş də
susqunca susmur ağrımıza.
Anlayardım ki, hər ömür borclu deyil dünya adlanan anamıza.
Anlayardım ki, köçkünlük sularının yüksəldiyi yerlərdə
vətən qoxusu ən dəhşətli bəladır.
Anlayardım ki, göz yaşlarına bulanmış narahat divanlarda,
ovuc içinin qoxusuna bulanmış alüminium qaşıqlarda,
alüminium boşqablar, gümüşü rəngli pəncərələr
torpaq rəngli pərdələrdə gizlənib bizim daşlığımız...
Və bir gün bir diş tüpürərdim dünyaya,
Bir bıçaq sancardım ağrıları bol kişiyə,
Bir laqeyd gülüş səpərdim ağıları bol küçəyə,
Bir ünvansız analıq göstərərdim
tanrı rəngli başıboş küçüyə.
Sonra da çıxıb gedərdim
hər ağrısından ayrı ölən dünyanın bətnindən
hər yaradan ayrı axan qan kimi.
Sonra çıxıb gedərdim dünyanın bətnindən,
insan ovçusuna çevrilmiş zaman kimi.
Axşamçağının it hürüşü
Zaman çayına düşmüş solğun yarpaqlarıq,
Başlanğıcımız yaşamaq eşqiydi.
Ünvanını itirmiş köç qaranquşlarıyıq
Ünvanımız:
zaman çayının sol sahilindəki balaca daxma olmalı idi
Yuva qurmalıydıq pas atmış sobanın nəfəs yolunda,
Bala verməliydik,
mahnı oxumalıydıq xar tut ağaclarına.
Sevgi paylamalıydıq dilənçilərə,
Üsyan paylamalıydıq qorxaqlara.
Və qulaqlardakı uğultulara şəkər tozu qatmalıydıq;
Bütün ölümlər şirin görsənsin deyə.
Buğda tarlalarına qarğıdalı toxumları səpməliydik,
Evləndirməliydik sabahgüllərini günəbaxanlarla.
Və sabahgülləri gecələr xəyanət etməməyi,
Günəbaxanlar gecəyə xəyanət etməməyi öyrənməliydilər.
Çıxarıb atmalıydıq əynimizdəki hər şeyi mürəkkəb gölünə,
Bənövşəyi bir ləkəyə çevrilməliydik samanyolunda.
Göz yaşlarımız yaz yağmuru olmalıydı,
Kədərimiz payız çiskini.
Solğun yarpaqların bətnindən
qocalmış adamların bədənindəki damarlar kimi
çıxarıb atmalıydıq kini...
Alqış yağdırmalıydıq nazik buludlara
Analarımızı, torpağı xatırlamalı,
Məzar daşımızın soyuqluğunu duymalıydıq.
Duymalıydıq ki, hər üşüməyimizə bir üsyan adı verək,
Duymalıydıq ki, itirdiyimiz yolumuzu
bir həyat eşqinə çevirək.
Balaca daxmanı yenə bürüsün çörək qoxusu,
Divardakı saralmış fotolar gülməyi öyrənsin.
Zamanın əbədi yaddaşı sadiqlik sözü versin bütün keçib gedənlərə
Və sönsün gözlərimizdə yanan bütün atəşlər...
“Xilaskar gözləməyə nə var ki” deyən xilaskar
Xilaskar olmağın qürurunu atsın üzərindən.
Soyumuş bir çaydana
sönmüş günəş kimi toxunan axşamçağının kədərli əlləri
hörməyə başlasın xatirələr köynəyinin yaxalığını...
“Yaşayırıq” desin,
“Yaşadıqca unutmuruq” desin
bütün bürünc abidələr...
Və sevinsin, sevinsin, sevinsin
Bütün unudulmağa üz tutmuş xatirələr...