Kulis AMEA-nın müxbir üzvü Nizami Cəfərovun “Yusif... və Səmədoğlu” məqaləsini təqdim edir.
«Yusif», hamıya məlum olduğu kimi, «gözəl» deməkdir. Və Yusif Səmədoğlu bu dünyaya gəlişi, dədə-babadan gələn bu adı daşıması ilə onun («Yusif» adının) məzmun-mündərəcəsini bir az da gözəlləşdirdi.
Yusif Səmədoğlunu mən ilk dəfə tələbəlik illərimdə Azərbaycan (indiki Bakı) Dövlət Universitetinin filologiya fakültəsində görüşdə görmüşəm… Və yadımda qalanlardan birincisi odur ki, çıxışına «bilirsiniz, mən natiq deyiləm…» sözlərilə başladı, ancaq bütün çıxışı boyu bir dəfə də olsun kəkələmədi. Məclis bitəndə tədbiri aparan dekanımız, professor (və dünya miqyaslı fonetist) Ağamusa Axundov özünəməxsus intonasiya ilə «Yusif müəllim təvazökarlıq elədi, o, eyni zamanda böyük natiq imiş» dedi. Biz əl çaldıq… Keçən əsrin ya yetmişinci illərinin sonu, ya da səksəninci illərinin əvvəlləri idi…Bir də yadımda o qalıb ki, tələbələrdən kiminsə «Vaqif Səmədoğlu sizin üçün kimdir?» sualına təbəssümlə «müasir dövrün ən böyük şairi» cavabını verdi. Sonra isə əlavə elədi: «Xahiş edirəm, özünə də çatdırın»…
İllər keçdi… «Füzulidən Vaqifə qədər» adlı bir məqalə yazmışdım. Və istəyirdim ki, Yusif Səmədoğlunun baş redaktor olduğu «Ulduz» jurnalında çıxsın… Bütün cəhdlərim hədər getdi. Çünki baş redaktoru tapmaq ümumiyyətlə mümkün deyildi, yerdə qalanlar isə hərəsi öz səviyyəsində «çax-çux»unda idilər…
Nə isə qərara gəlmişdim ki, bu cızma-qaramı Yusif müəllim gərək mütləq oxusun… Çap eləməsə belə… Onun (Səməd Vurğunun oğlunun!) fikri mənim üçün çox əhəmiyyətli idi. Çünki həmin məqalədə o vaxtki ağlımca Səməd Vurğunun Azərbaycan poeziyası tarixindəki yerini də müəyyənləşdirmişdim: Füzuli – tezis, Vaqif – antitezis, Səməd Vurğun – sintez… İş elə gətirdi ki, mənim passiv mücadiləm davam etdiyi aylarda Yusif müəllim «Ulduz»dan «Azərbaycan»a keçdi. Və nəhayət ki, bu keçid dövründə məqaləni Yusif qağaya çatdıra bildim… Dedi ki, bir həftədən sonra zəng elə, eşitmişəm, ciddi yazıdır, gərək rahat bir vaxt baxam. Kişiyə əziyyət verməmək üçün bir aydan sonra zəng elədim. Cavabı bu oldu ki, Nizami, qadası, oxudum, yaxşı yazıdı, növbəti nömrədə çıxacaq… Onda mən də «Ədəbiyyat və incəsənət» qəzetinin Tənqid və ədəbiyyatşünaslıq şöbəsinin müdiri idim. Və təbii ki, Yusif qağanın nəinki işdə, sözdə də qeyri-məhdud «demokratizm»i barədə kifayət qədər aydın təsəvvürüm vardı. İki-üç ay gözlədim. Bir şey çıxmadı… Zəng elədim. Üzürxahlıqdan sonra dedi ki, qadası, məqalə yaddan çıxıb işdə qalmışdı, indi evə aparıram, sən narahat olma, bu gecə oxuyacam… Elə mütəəssir oldum ki… Ağlıma da gəlməzdi ki, böyük bir yazıçı-intellektual mənim məqaləmi evə aparıb gecə oxuya.
Üstündən üç-dörd ay da keçdi… Günlərin bir günü özü zəng elədi ki, Nizami, sənin məqaləni oxudum, çox aktual məsələlər qaldırmısan, ancaq incimə, evə aparmışdım, hara qoyduğumu unutmuşam… Varsa bir nüsxəsini göndər verək, bu nömrəni sənə görə saxlamışam…
Ürəkdən təşəkkür elədim, dedim ki, Yusif müəllim sabah mütləq göndərərəm. Sonra soruşdu ki, Nəriman (Nəriman Həsənzadə – N.C.) necədi? Dedim, sağ olun, yaxşıdı…
Təbii ki, məqalənin heç bir nüsxə-filanını göndərmədim. Çünki əlimizdə o boyda nüfuzlu, populyar qəzet var idi. Və orada çap etdirmək üçün də heç bir maneə yoxuydu… Ona görə də «Azərbaycan»dan (və Yusif qağadan!) ümidimi təmkin (və təvazökarlıq) ilə üzdüm.
İki-üç aydan sonra, heç gözləmədiyim halda, «Füzulidən Vaqifə qədər» «Azərbaycan»da çap olundu. Müəyyən maraq da doğurdu… Zəng edib Yusif müəllimə təşəkkür eləyəndə «Nizami, jurnalda oxudum, ciddi araşdırmadır» dedi. Və əlavə elədi ki, «növbəti məqaləni gözləyirik, göndərən kimi çap edəcəyik»… Nə mən məqalə göndərdim, nə Yusif müəllim çap elədi…
Ancaq bu böyük İnsana hörmətim, məhəbbətim nəinki azaldı, get- gedə daha da artdı. Onun «laübaliliy»i daxildən – çox-çox «qədimlər»dən gəlirdi… Və həmişə düşünmüşəm ki, Yusif Səmədoğlunun (eynilə Səməd Vurğun kimi) təfəkkürü, dünyagörüşü Qazax mahalına oxşayır… Bir qədim tarixi var, bir də müasir… Orta əsrlər tarixi yoxdur… Elə bil qədim dövrün ürəyi dünya qədər geniş (və mütəfəkkir!) insanını, özü ilə razılaşmadan (təsadüfən!), diplomatiya, bicliklər, münaqişələrlə dolu müasir dövrə atıblar. Və həm etnoqrafik mükəmməlliyini( fundamentalizmini!) qoruyur, həm də müasir dünyayla, onun bitib-tükənməz konyukturlarıyla ayaqlaşmağa çalışır…
Yusif Səmədoğlu, nə qədər az yazsa da, heç şübhəsiz, ən böyük Azərbaycan yazıçılarından biri idi. Və yazıçı kimi böyüklüyünün bir mühüm göstəricisi də elə az yazması idi.
Fikrimcə, Yusif Səmədoğlu ona görə az yazırdı ki, ədəbiyyata, söz sənətinə (peşəsinə!) son dərəcədə ciddi, son dərəcədə məsuliyyətlə yanaşırdı. Heç zaman unutmurdu ki, dahi Səməd Vurğunun oğludur… Və onun böyük intellekti, yüksək zövqü həmişə, hər şeydən yazmağa, süni populyarlığa imkan vermirdi.
Nəhayət, bir məsələ də vardı… Yusif Səmədoğlu sözün geniş (və böyük) mənasında həyat adamı idi. O, bu dünyaya yalnız, yazı yazmağa (yazıçı olmağa!) gəlməmişdi. Gəlmişdi ki, həyatın insan görə biləcəyi bütün gözəlliklərini görsün… Özündən sonra təbii, canlı bir İnsan obrazı (əsər!) qoyub getsin. Və istədiyi kimi də elədi…
Allah Yusif Səmədoğluna yüksək intellektlə yanaşı, yaraşıq, boy-buxun, daxili aristokratlıq da vermişdi… Rəhmətlik Fərman Eyvazlı danışırdı ki, Moskvada Ədəbiyyat İnstitutunda oxuduğumuz illərdə Yusiflə restorana getmişdik. Yeyib-içirdik… Həzin musiqi də vardı. Birdən Yusif ayağa durub nəzakətlə qonşu stola yaxınlaşdı… Orada yaşlı bir general öz ailəsiylə əyləşmişdi…. Salam verdikdən sonra generala, təbii ki, rusca «olarmı gənc xanımı rəqsə dəvət edim?» dedi. General ona əvvəl tərs-tərs baxdı, sonra xoş görünüşünü, mütəvaze ədasını görüb «gənc xanım özü bilər, ona müraciət edin» dedi. Yusif, yəqin ki, xanımı öz baxışları ilə çoxdan ram eləmişdi. Və onlar restoranda əyləşənlərin gözləri qarşısında qeyri-adi bir rəqs elədikdən sonra kavaler gənc xanımı yüksək centlmen mədəniyyətilə öz yerində əyləşdirib genelara təşəkkür elədi.
Qayıdanda Yusifdən qızın kim olduğunu soruşdum… «Generalın qızıdır» dedi, «ailəlikcə gəliblər»… Yemək-içməyə davam elədik. Ancaq bu dəfə zəhmli generalın sərt baxışları altında… İmkan tapan kimi Yusiflə qız gözləşirdilər. Və yəqin ki, qızın atası bunu hiss edirdi. Yusif bir də ayağa qalxıb (ancaq bu dəfə səndirləyə-səndirləyə) generaldan qızı ilə rəqs etmək üçün növbəti dəfə icazə istəyəndə o, kəskin şəkildə «olmaz!» dedi. Və kavalerdən «nə üçün?» sualını eşitdikdə daha da qəzəblənərək qışqırdı: «Get burdan!»
Fərman müəllim danışırdı ki, Yusifi heç belə görməmişdim… Əlini cibinə salıb bıçaq çıxardı, generalın üstünə gələndə o da tapançasına əl atıb bağırdı. Mən özümü itirdim…
Yaxşı ki, restoran xidmətçiləri buraya tez-tez gələn Yusifə hörmətlə yanaşırlarmış. Hər ikimizi qomarğalayıb aradan çıxardılar. Və generalın bağırtı sədaları altında oranı tərk etdik…
Yusif Səmədoğlunun həyat tərzi, iş (və idarəçilik) üsulu barədə ən dəqiq, ən maraqlı fikirləri, mülahizələri, yəqin ki, uzun illər onunla birlikdə çalışmış böyük yazıçımız Seyran Səxavətdən gözəl heç kim qələmə almayıb. Və onun bir müşahidəsi tez-tez yadıma düşür… Yazır ki, Yusif Səmədoğlunun evində bir tutuquşu varıydı. Ömrümdə ondan tərbiyəsiz tutuquşuya rast gəlməmişdim. Çünki ağzını açanda ana-bacı söyüşü eləyirdi.
Və Seyran Səxavətin bir xatirəsi də yadımdan çıxmır… Yazır ki, təcili Moskvaya getməli idim. Axtarıb baş redaktoru – Yusif Səmədoğlunu tapa bilmədim ki, icazə alam. Ona görə də icazəsiz getməyə məcbur oldum… Moskvada Mərkəzi Yazıçılar Evinin barına girəndə baxdım ki, Yusif müəllim bir neçə adamla orda əyləşib. İstədim aradan çıxam, ancaq məni görüb yanına çağırdı. Soruşdu ki, Seyran, nə yaxşı gəlibsən? Dedim, sizi axtarırdım, Moskvaya getmək üçün icazə alam… Dedi, problem yoxdu…
Səməd Vurğunu Yusif Səmədoğlu qədər dərindən dərk eləmiş ikinci, yaxud üçüncü bir adam (mütəfəkkir!) təsəvvür eləmək son zamanlara qədər çox çətin idi. Və yeri gəlmişkən, bunu demək mənim üçün nə qədər çətin olsa da, deməliyəm (və mən deməsəm də, gələcəkdə kimsə deyəcək) ki, Səməd Vurğun tədqiqatçı sarıdan ən az bəxti gətirmiş şair-mütəfəkkirlərdəndir… Əlbəttə, bunun səbəbləri vardı ki, fikrimcə, birincisi, Səməd Vurğunun yaradıcılığının miqyası (və həmin miqyas səviyyəsində elmi tədqiqat metodunun olmaması) ilə bağlı idi. Dahi şairin çoxcildlik «Əsərləri»nin son nəşrinə professor Yaşar Qarayevin yazdığı ön söz, elə bilirəm ki, uzun illərin çatışmazlığını müəyyən qədər aradan qaldırdı.
Yusif Səmədoğlu Səməd Vurğun yaradıcılığının fəlsəfəsini dahi şairin öz misraları ilə izah edirdi:
«Şair, hökmdarın hüzurundasan!..» Və elə bilirəm ki, qətiyyən səhv eləmirdi, əksinə, gələcək (daha obyektiv!) tədqiqatlar üçün istiqamət verirdi.
«Qətl günü» romanını da təsadüfən yazmadı… Doğrudur, normativ (və kanonik) ədəbi-ictimai təfəkkür bu romanın baş qəhrəmanı kimi dahi Hüseyn Cavidi gördü, ancaq Sədi əfəndi yalnız Cavid deyildi. Və bəlkə də, daha çox Səməd Vurğun idi… Yusif Səmədoğlu «Qətl günü»ndə təsvir (və təhlil) etdiyi hadisələri ilk növbədə atasının tərcümeyi-halında görməyə, yaşamaya, analiz etməyə bilməzdi.
Yazıçının istər «Qətl günü» romanında, istərsə də ondan əvvəl qələmə aldığı hekayələrində, «Yeddi oğul istərəm» kinossenarisində Qazax mahalının zəngin koloriti var. Və ümumiyyətlə, Yusif Səmədoğlu nə qədər ümumbəşəri intellekt sahibi olsa da, atasının doğulduğu mahalın koloritinə (etnoqrafiyasına!) çox həssas idi. Hətta danışırlar ki, qardaşı Vaqif Səmədoğlunun «Bəxt üzüyü» tamaşasına baxandan sonra özünəməxsus yumorla «Vaqif qohum-əqrabanı bizlə düşmən edəcək» deyibmiş.
Və yumor böyük yazıçının faciələrlə dolu düşüncə (yaradıcılıq) inersiyasının əsas nikbin əlaməti – «tərəddüdlər»dən «çıxış yolu» sayıla bilər.
Keçən əsrin 80-ci illərinin sonu 90-cı ilərinin əvvəllərində – xalq hərəkatı (və xaos) dövründə, az-çox tanınan hər kəsin ürəyindən prezidentlik keçdiyi illərdə Yusif Səmədoğludan soruşurlar ki, siz niyə prezidentliyə namizədliyinizi vermirsiz?.. Cavab kifayət qədər qısa olur: Prezidentliyə namizədliyimi verərəm də, seçilərəm də… Ancaq sonra kim işləsin?..»
Yusif müəllim ictimai- siyasi həyatda hansı vəzifəni daşımalı olduğunu yaxşı bilir, nə qədər böyük nüfuzu (populyarlığı) olsa da, bundan sui-istifadə etməyi xəyalına belə gətirmirdi. Müsahibələrindən birində demişdi ki, mən keçmiş həyatımda, yəqin ki, «akvarium balığı» olmuşam… Bu isə o deməkdi ki, mistik «gen»imdə heç kimə dəxli olmayan sərbəstliyim var, ancaq məhdud, proqramlaşdırılmış bir miqyasda…
Yusif Səmədoğlu uzun illər yaradıcılıq qurumlarına rəhbərlik etmişdi, ancaq onun rəhbərliyi altında çalışmış insanların (onlar da yaradıcı şəxslər idilər) hamısı deyirdi ki, Yusif müəllimdə inzibatçılıqdan əsər-əlamət yoxdur, tez-tez iclas keçirməyi, dedi-qodunu, kimisə müzakirə obyektinə çevirib pisikdirməyi və ya həddindən artıq tərifləyib ağlını başından çıxarmağı xoşlamır… Eşitdiyimə görə, «Ulduz»a baş redaktor təyin ediləndə öz yerləri, redaksiyadakı mövqeləri, nüfuzları barədə narahat olmağa başlayan əməkdaşlardan «diribaşlar»ı təklikdə baş redaktorun kabinetinə gəlib «yaxın adam» kimi ona işdəki münasibətlər barədə məlumat verirlər. Və bu proses təxminən bir ay davam edir. Bir aydan sonra baş redaktor redaksiyanın bütün əməkdaşlarını yığır ki, iclasdır… Stolunun gözündən diktafonunu çıxarıb qoyur ortalığa. Kim kimdən nə «danos» veribsə hamısı məlum olandan sonra «iclas»ı belə yekunlaşdırır: «Hamınız mənə yaxınsız, gedin öz işinizlə məşğul olun, artıq söz- söhbətə ehtiyac yoxdur». Və bu, yeni baş redaktorun yalnız ilk yox, həm də son iclası olur.
«Ulduz»da işlədiyi illərdə redaksiya əməkdaşları vaxtaşırı ona kömək üçün müraciət edirlərmiş. Və Yusif müəllim tez-tez polis rəislərindən, prokurorlardan, hakimlərdən nə isə xahiş eləməli olurmuş… Təbii ki, həmin vəzifə sahibləri həm bu nüfuzlu, hörmətli insanın xahişini yerinə yetirir, həm də ona başının dəstəsiylə qonaqlıq verirlərmiş. Bir ara, necə olursa, qonaqlıqların arası uzanır. Və Yusif müəllim xətrini çox istədiyi, əhatəsi geniş olan Zakir Fəxrini axtarır. Soruşanda ki, Yusif müəllim, nə lazımdır, özünəməxsus təbəssümlə deyir: «Onu tapıb öyrənin görün bu günlərdə yaxın adamlarından polisə, prokurorluğa, məhkəməyə düşən olmayacaq, işimizi bilək»…
Yusif Səmədoğlu «Qətl günü» romanı ilə Azərbaycan ədəbiyyatına onun ən gözəl əsərlərindən birini, özünün isə şah əsərini verdi…
«Dərd də azar kimi, gələndə batmanla gəlir…
Hələ ulduzlar təkəmseyrəkdi – boz səmada bozumtul işıq vardı, gah öləziyirdi, elə bil sönmək istəyirdi, gah da par-par parıldamağa başlayırdı. Külək hələ əsmirdi, hərdən qoşa vələsin kəlləsində ləpədöyənin səsinə bənzər bir səs qopurdu, deyirdin, yaxınlıqda dəniz var, amma bu səsdən adam diksinirdi. Burada kim vardısa, bilirdi ki, çox- çox uzaqlarda, hardasa dünyanın o başında bir külək yatağından baş qaldırır, Baba Kahanın zülmətində gərnəşir, ordan çıxıb, ağır-ağır, sürünə-sürünə, batman ləngəri ilə torpaqda dərin şırımlar açırdı, daş- qayanın gövdəsinə uğultu sala- sala bu başıbəlalı dünyaya meydan oxumağa hazırlaşırdı. Burada kim vardısa, hələ çox- çox uzaqlarda həmləyə hazırlaşan küləyin qarğışını eşidirdi: ay ikiayaqlı bəndələr, kökünüz kəsilsin sizin!
…İnsanlar küləkdən bezmişdi, külək də insanlardan» sözlərilə başlayan romanda biri digərinin siyasi-ictimai, mənəvi və mistik davamı olan üç epoxa təqdim olunur. Və bu üç epoxa, əslində, insan cəmiyyətinin bütövlükdə tarixini (daha doğrusu, həmin tarixin metafizikasını) ehtiva edir.
Zaman dəyişir, ancaq xeyirlə şərin, xeyirxahlıqla bədxahlığın, allahlılıqla allahsızlığın, norma ilə anomaliyanın insan cəmiyyəti meydana çıxandan başlamış «dialoq»u özünün çoxspektrliyi, rəngarəngliyilə davam edir.
Roman müdrik ölünün dirilərə ibrətamiz müraciətilə bitir:
«Daha mən heç kəsin yuxusuna girmirəm. Son dəfə arvadın yuxusuna girdim, o da ağladı, mən də, o məni qucaqladı, mən onu, o mənim göz yaşlarımdan içdi, mən onun… Amma səhər ayılıb, arvad, Səlimə xanıma zəng eləyib, telefonda ağlaya- ağlaya yuxusunu ona danışdı. Vədələşib, gönorta görüşüb, Təzə Pirə getdilər, orda mollaya beş manat verib, Səlimə xanım dedi ki, bir dua oxuyub, bu cavan gəlini, yuxusuna girən ölünün xofundan azad eləsin…
Dəxi mən, a kişilər, bundan sonra, bir kimsənin röyasına girmərəm! Amma, ey mənim səbrli oxucum, işdir, şayəd, gecə röyada, sifəti xəzan yarpağı kimi sapsarı saralmış, gözləri çuxura düşmüş, beli azca donqar bir xəstə görsən, ya da ki, başında buxara papaq, əynində kürk, gülümsər və qüssəli gözlər sahibi olan bir sinli kişi görsən, o zaman, dəxi bizi qınama. Vallah, ölülər savab iş tutmaq istəyirlər. Yuxunuz şirin olsun, dirilər!»
«Qətl günü»ndən sonra Yusif Səmədoğlu «Deyilənlər gəldi başa» romanını yazmağa başladı, ancaq əsər yarımçıq qaldı…
Bununla belə Yusif müəllim bu dünyada bütöv, mükəmməl, zəngin (və adı kimi gözəl) obrazını qoyub getdi.
2015