Məmməd Arazın tələbə qızlara böyük jesti - XATİRƏ

Məmməd Arazın tələbə qızlara böyük jesti - <span style="color:red;">XATİRƏ
14 oktyabr 2016
# 11:59

Bu gün Xalq şairi Məmməd Arazın doğum gündür. Kulis.Az Səfurə Çərkəzqıznın şairə həsr etdiyi “Əgər yoxluğunda yoxsa varlığın...” yazısını təqdim edir.

Böyük Məmməd Araza

Bəzən elə-belə, söz xatirinə, ya da kiməsə xoş gəlsin, təmtəraqlı alınsın deyə, hər ada "böyük" sözünü yamaq vururuq. "Böyük sənətkar...", "böyük insan..." Amma bu söz onun adının yanında heç vaxt yamaq kimi görünməyib.

...Uşaqlıqdan şeirlərindəki saflığa vuruldum. Sevgim misra-misra böyüdü...

...Mən də böyüdüm. Evimizin arxasından keçən qatar məni bütün kənd uşaqlarının əlçatmaz arzusuna - Bakıya apardı. Bakıda olmaq onunla bir gün görüşə biləcəyimə inanmaq demək idi.

...Ona lap çoxdan şeirlərinin sehrinə düşdüyümü, onları oxuduqca böyüyüb dəyişdiyimi, şair olmaq istədiyimi - hamısını bircə-bircə danışdım. Sonra ürəyim əsə-əsə yazdığım ilk şeiri ona göstərdim. Oxuyub gülümsündü....

- Cücənin biri yoxdu, gör, qonşunun çəpərinə keçməyib?

Bacımın səsi məni xəyaldan ayırır. Key-key gah onun üzünə, gah da yan-yörəmə baxıram. Şəhər nə gəzir, həyətimizdəki tut ağacının kölgəsində oturmuşam. Ayağa qalxıb itmiş cücənin dalınca qaçmaq istəyəndə şeir kitabı qucağımdan yerə düşür...

İllər sonra qatar məni, doğrudan da, Bakıya apardı...

Tələbəydim. Bir gün cəsarətimi toplayıb rəfiqəmlə onu görməyə getdim. İkimiz də həyəcanlıydıq. O, "Azərbaycan" Nəşriyyatında işləyirdi. "Azərbaycan təbiəti" jurnalının baş redaktoru idi. Fikirləşirdik, yəqin, bizimlə görüşməyə vaxtı olmayacaq. Ya da... Biz kimik axı?!

...İçəri girəndə o, oturduğu yerdən qalxmaq istədi. Amma ayaqları sözünə baxmadı. Özümüzü itirdik. Ona sarı bir-iki addım atıb yenə dayandıq, bir-birimizin üzünə baxdıq. Rəfiqəm məndən cəsarətli çıxdı:

- Zəhmət çəkməyin!

O, əlini yellədib "yox!" işarəsi verdi. Sonra min-bir əzabla ayağa durub bir-iki addım atdı. Titrəyən əlini bizə uzatdı. Nəsə demək istədi, amma... Üzünün ifadəsi dəyişdi, deyəsən, gülümsündü. Bu dəfə də rəfiqəm vəziyyətdən çıxa bildi:

- Salam, şair, necəsiz?!

Yenə danışmaq istədi, yenə üzü dəyişdi...

Uzun bir sükut... Daha kəlmə kəsməyə cəsarətimiz çatmadı. İkimiz də günahkar kimi başımızı aşağı salıb dinməzcə dayandıq. Kənddəykən uydurduğum xəyalları xatırladım. Şeirlərindən ruhunu duyduğum bu insanla görüşməyi neçə illər arzulamışdım! Amma belə səssiz görüş heç ağlıma gəlməzdi. Başımı qaldırıb ona baxdım, xəstəlikdən üzülmüşdü, qocalmışdı. Kitablarındakı şəklinə heç oxşamırdı. Amma yenə də BÖYÜK idi...

...Onunla sağollaşıb otaqdan çıxanda bizi yola salmaq istədi. Arxamızca iki addım atıb dayandı...

Bu, mənim BÖYÜK ŞAİR, BÖYÜK İNSAN - BÖYÜK MƏMMƏD ARAZLA ilk, həm də son görüşüm oldu. Bir ömrə işıq salmağa bəs eləyən görüş...

O görüşü sonralar çox xatırladım. Tanınmış birinin kabineti ağzında saatlarla gözləyəndə, hansısa vəzifəli həmkarımın iş otağına girdiyim vaxt onun yerindən belə qımzanmadığını görəndə, iki-üç cızma-qara yazıb özünü dahi sayanlarla rastlaşanda yadıma BÖYÜK MƏMMƏD ARAZ düşdü.

Bir də ruhum öləziyəndə... Şairi xatırlayıb yenidən güc aldım...

Əgər yoxluğunda yoxsa varlığın,

Demək, varlığında sən elə yoxsan...

Yoxluğunda da var olmağı bacardı BÖYÜK MƏMMƏD ARAZ!

Mənim uşaqlığımın xəyali qəhrəmanı…

# 1022 dəfə oxunub

Müəllifin son yazıları

# # #