Məşhur yazıçıdan qeyri-adi hekayə - İlk Dəfə

Məşhur yazıçıdan qeyri-adi hekayə - <span style="color:red;">İlk Dəfə
26 mart 2019
# 16:41

Kulis.az məşhur rus yazıçısı Konstantin Paustovskinin “Livnı tufanları” hekayəsinin elektron variantını ilk dəfə oxuculara təqdim edir.

Neçə-neçə illər ötüb keçdi və səhra öz varlığını bir daha büruzə verdi.

1931-ci ildə yayı keçirmək üçün Orlov vilayətinin Livnı şəhərinə getdim. Onda mən ilk romanımı yazırdım və hər hansı bir balaca, sakit şəhər üçün ürəyim əsirdi; elə bir şəhər ki, heç bir tanış-bilişə rast gəlməyəsən, diqqətini yaxşı-yaxşı cəmləyə biləsən və heç kəs, heç nə işləməyə mane olmasın.

Livnıda heç vaxt olmamışdım. Buradakı təmizlik, çiçək açmış saysız-hesabsız günəbaxanlar, hamar iri daşlar döşənmiş küçələr və sarı əhəng layları arasından özünə yol açıb gedən Bıstraya Sosna çayı çox xoşuma gəldi.

Mən şəhərin kənarında taxtadan tikilmiş köhnə bir ev tutdum. O, çayın kənarında, sıldırım qayaların üstündə idi. O, çayın kənarında, sıldırım qayaların üstündə idi. Evin arxasında bağ vardı. Oradakı ağacların təxminən yarısı qurumuşdu. Bağ dərəyə doğru uzandıqca uzanıb gedir və onun ağacları çayın sahilindəki kolluğa qarışırdı.

Qaldığım evin sahibi yaşlı, məzlum bir kişi idi. Vağzal kioskunda qəzet satırdı. Onun sısqa, qaraqabaq bir arvadı və iki qızı vardı: böyük qızının adı Anfisa idi, kiçiyinki Polina.

Ağ bənizli zəif Polina mənimlə söhbət eləyəndə utandığından həmişə sarışın saçlarını hörüb açırdı. Onun on yeddi yaşı vardı.

Anfisa on doqquz yaşlarında boy-buxunlu qız idi. Solğun bənizi, boz, ciddi gözləri olan bu qız astadan danışırdı. O, rahibə qadınlar kimi daim qara paltarda gəzirdi və evdə, demək olar ki, əlini ağdan-qaraya vurmurdu – bağda quru otun üstünə uzanıb kitab oxuyurdu.

Evin çardağına çoxlu siçan yemiş kitab tökülmüşdü. Bunların çoxu xarici ölkə klassiklərinin Soykin nəşrləri idi. Çardaqdan mən də kitab götürürdüm.

Mən bir-iki dəfə yuxarıdan, bağdan Anfisanı Bıstraya Sosnanın sahilində görmüşdüm. O, yarğanın altında yemşan kolunun dibində, sısqa, məzlum bir oğlanla otururdu. Oğlanın on altı yaşı olardı, onun sarışın, saçları və iri, iti baxışlı gözləri vardı.

Anfisa çayın qırağına oğlan üçün, xəlvətcə yemək gətirirdi. Oğlan yeyirdi, Anfisa da mehriban-mehriban onu süzür, hərdən də oğlanın saçlarını sığallayırdı.

Bir dəfə Anfisanın üzünü əlləri ilə tutub qəfil hönkürdüyünü gördüm, qız ağladıqca bədəni titrəyirdi. Oğlan yeməyə ara verib, qorxa-qorxa qızın üzünə baxdı. Sakitcə çıxıb getdim və xeyli vaxt çalışdım ki, onlar barədə düşünməyim.

Mənim sadəlövhlüyümə baxın: fikirləşmişdim ki, Livnıda heç kəs məni yazdığım romanla əlaqədar olan adamlardan və hadisələrdən ayırmayacaqdır. Lakin həyat bu sadəlövh ümidimi bir andaca alt-üst elədi. Anfisanın sirrini öyrənməmiş diqqəti bir yerə cəmləmək və roman haqda asudə fikirləşmək barədə, şübhəsiz ki, söz də ola bilməzdi.

Hələ qızı oğlanla bir yerdə görməmiş, Anfisanın əzab dolu gözlərinə baxa-baxa ən onun ürəyində nəsə, olduqca kədərli bir sirr gəzdirdiyini düşünmüşdüm. Belə də oldu.

Bir neçə gündən sonra gecənin yarısı göy gurultusuna yuxudan ayıldım. Livnıda tez-tez tufan olurdu. Yerli camaat deyirdi ki, şəhərin altında filiz yatağı vardır və guya bu filiz tufanı çəkib gətirir.

Gecə sanki pəncərənin dalında çapalayırdı. Ağ ildırım nurunda o, gah sinəsini açıb göz önündə dayanır, gah da amansız qatı zülmətin qoynuna qısılırdı. Divarın o tərəfindən mənim otağıma həyəcanlı səslər gəlirdi. Sonra mən Anfisanın qəzəbli çığırtısını eşitdim:

- Axı bu harada yazılıb? Hansı qanunda yazılıb ki, mən onu sevə bilmərəm? O qanunu mənə göstərin! Məni həyata siz gətirmisiz, indi o həyatı mənim əlimdən almayın. O yazıq günbəgün şam kimi əriyib gedir. Şam kimi! – Anfisa boğula-boğula qışqırdı.

Ər çəkinə-çəkinə arvadına acıqlandı:

- Sakit ol, arvad! – dedi. – Madam ki, ağlı yoxdur, qoy öz bildiyini eləsin. Buna söz qandırmaq çətin işdir. Ancaq Anfisa, aç qulağını eşit, mən sənə pul verməyəcəm!

Yenə Anfisa ucadan qışqırdı:

- Sizin pulunuz mənə lazım deyil. Özüm pul qazanıb onu Krıma aparacağam. Bəlkə orda özünə gəlib bir-iki il də yaşaya. Onsuz da mən bu evi qoyub qaçacağam. Rüsvayçılıqdan qurtula bilməyəcəksiniz. Eşidin, bilin!

Mən əhvalatın nə yerdə olduğunu anlamağa başladım. Dəhlizdə, qapının dalında da kim isə ağlayır, burnunu çəkirdi.

Qapını açdım və ildırımın xəfif işartısında Polinanı gördüm. O, yekə bir şala bürünərək alnını divara dirəyib dayanmışdı.

Onu astadan səslədim. Birdən ildırım çaxdı, sanki göy parçalandı və balaca ev yerin tərkinə getdi. Polina qorxa-qorxa qolumdan yapışdı:

- Ay allah! Bunun axırı nə olacaq görəsən? Bir yandan da bu cür tufan başlayıb!

Dul arvad Karpovnanın oğlu Kolyanı Anfisanın necə ürəkdən sevdiyini Polina mənə pıçıltı ilə nağıl elədi. Karpovna ev-ev gəzib, ona-buna paltar yuyurdu, başıaşağı, dinməz arvad idi. Oğlu isə xəstə, vərəmli idi. Sonra Polina dedi ki, Anfisa çox tərsdir, dəlisovdur, onunla heç kəs bacara bilməz. O, ya öz bildiyini edəcək, ya da özünə xətər yetirəcək.

Divarın dalından gələn səs gözlənilmədən kəsildi. Polina öz otağına qaçdı. Mən yerimə uzandım, ancaq qulağım səsdə idi, yuxum gəlmirdi. Evdə səs-səmir yox idi, mürgüləyə-mürgüləyə gücdən düşməkdə olan göy gurultusunu, itlərin hürüşməsini eşidirdim. Sonra yuxu məni apardı.

Yuxuya getməyimdən, yəqin ki, çox keçməmişdi. Qapını bərk-bərk döyüb məni yuxudan oyatdılar. Mən ev sahibinin qapının dalından gələn ölü səsini eşitdim:

- Başımıza iş gəlib. İnciməyin, sizi narahat eləyirəm.

- Nə olub ki?

- Anfisa qaçıb. Bir dəst paltardaca. Mən Slobodaya, Karpovnanın evinə baş çəkəcəyəm. Yəqin ora qaçıb. Siz, zəhmət olmasa, bizim uşaqlardan göz-qulaq olun. Arvad huşunu itirib.

Tələsik paltarımı geyinib, ev sahibinin arvadına valeryan apardım. Sonra Polina məni çağırdı və biz artırmaya çıxdıq. Səbəbini bilmirəm, ancaq nədənsə mənə elə gəlirdi ki, bu saat bir bədbəxtlik üz verəcəkdir.

- Gedək çaya baxaq, - deyə Polina astaca dilləndi.

- Fənəriniz varmı? – dedim.

- Var.

-Tez olun, gətirin.

Polina gedib bir hisli fənər gətirdi. Biz sürüşkən yamac ilə ehmalca çaya tərəf endik.

Mən yəqin bilirdim ki, Anfisa haradasa buralarda, lap yaxındadır. Polina birdən qışqırdı:

- Anfisa-a-a! – Nədənsə bu səs məni yaman qorxutdu. Mən ürəyimdə “Sən nahaq yerə qışqırdın, Polina, - dedim. – Lap nahaq yerə”.

Çayın o tərəfində şölələnən şimşəklər tamam zəifləmişdi. Göy gurultusu kəsilməkdə idi. Qayanı dövrəyə almış kolların üstündən damcılar tökülürdü.

Biz üzüaşağı, çayın axarı ilə gedirdik. Fənər yolu zorla işıqlandırırdı. Sonra birdən göy, başımızın üstündə, gecikmiş bir şimşəyin alovundan od tutub yandı və mən bu işıqda gördüm ki, irəlidə, çayın sahilində nəsə ağarır.

Həmin ağ şeyə yaxınlaşıb, Anfisanın donunu və köynəyini gördüm. Onun yaş başmaqları da burada qalmışdı.

Polina qışqırıb evə qaçdı. Mən bərəyə yüyürüb, bərəçini yuxudan oyatdım. Biz qayığa oturub, gözümüzü suya zillədik, o sahilə, bu sahilə üzdük, çayı ələk-vələk elədik. Bərəçinin yuxusu hələ dağılmamışdı. O, fasiləsiz əsnəyir və deyirdi:

- Gecənin bu vaxtında adamı tapmaq olar? Özü də bu cür yağışda! Suyun üzünə çıxmasa, bekara işdir, tapılmayacaq. Ey səni yox olasan ölüm – gözəl bilmir, çirkin bilmir. Dünyanın işi belədir, mənim əzizim. Gör ha, paltarını da soyunub, rahat ölsün. Qızdakı ürəyə bax!

Anfisanı ertəsi gün bəndin yanından tapıb gətirdilər.

Nəm, yoğun, əşrəfi kimi parlaq saçları və solğun dodaqlarında günahkar təbəssüm, o, tabutda görünməmiş dərəcədə gözəl idi.

Bir qoca arvad mənim tabuta baxdığımı görüb:

- Sən ona baxma, - dedi, - oğul. Baxma. Bu gözəlliyin qabağında ürək tab gətirməz, ürək qəfil partlayar.

Ancaq mən Anfisaya baxmaya bilmirdim. Ömrümdə ilk dəfə mən ölümdən güclü olan misilsiz qadın məhəbbətinin şahidi olmuşdum. İndiyəcən bu cür məhəbbəti mən kitablarda oxumuşdum, ağızlardan eşitmişdim və özlüyümdə nədənsə elə düşünmüşdüm ki, belə sevgi hamıdan çox rus qadınlarının payına düşür.

Anfisanı dəfn eləmək üçün qəbir üstünə xeyli adam gedirdi. Kolya hamıdan dalda idi – o qızın ata-anasından qorxurdu. Kolyaya yaxınlaşmaq istədim, lakin o, bunu görüb geri qaçdı və döngəyə burulub gözdən itdi.

Ürəyimdə hər şey alt-üst olmuşdu, mən daha bir sətir də yaza bilmirdim. Mən bu kənar yerdən şəhərə köçməli oldum, daha doğrusu, şəhərə köçmədim, stansiyaya, dəmiryol həkimi Mariya Dmitriyevna Şatskayanın alçaq, ala-qaranlıq evinə köçdüm.

Anfisa öləndən bir az əvvəl şəhər bağından keçirdim. Yay kinosunun yanında bir dəstə uşaq oturmuşdu. Onlar öz aralarında sərçə kimi civildəşə-civildəşə nə isə gözləyirdilər.

Kinodan ağ saçlı bir kişi çıxdı, uşaqlara bilet payladı və onlar bir-birini itələyə-itələyə, deyişə-deyişə kino zalına dürtüldülər.

Sifətdən cavan görünən ağ saçlı kişiyə qırxdan artıq yaş vermək olmazdı. O, gözlərini qıyıb, məni mehribancasına süzdü, mənə əl eləyib getdi.

Bu qəribə adamın kim olduğunu uşaqlardan öyrənməyi qərara aldım. Kinoya girib, hay-küylə, fışqırıq səsi ilə, fısıldayan, burnunu çəkən uşaqların heyrəti, həyəcanı ilə dolu zalda saat yarım oturub, köhnə “Qırmızı şeytan balaları” filminə baxdım.

Seans qurtarandan sonra mən uşaqlarla birgə zaldan çıxıb, onlara bilet alan ağ saçlı adamın kim olduğunu soruşdum.

Dövrəmdə o saatca səsli-küylü uşaq mitinqi başlandı və bu qarmaqarışıq söhbətdə, az-çox hər şey mənim üçün aydın oldu.

Məlum oldu ki, ağ saçlı adam dəmiryol həkimi Mariya Dmitriyevna Şatskayanın qardaşıdır. Xəstədir, “başı xarabdır”. Sovet hökumətindən böyük pensiya alır. Nəyə görə aldığı məlum deyil. Ayda bir dəfə, pensiyasını alanda o, bütün stansiya uşaqlarını yığıb kinoya gətirir.

Pensiyanın nə vaxt gələcəyini uşaqlar dəqiq bilirdilər. Həmin gün onlar səhərin gözü açılan kimi Şatski olan evin dövrəsində hərlənirdilər, vağzalın qabağındakı bağçada otururdular və özlərini elə göstərirdilər ki, guya heç nədən xəbərləri yoxdur.

Şatski barəsində mənim uşaqlardan öyrəndiyim bu oldu. Başqa söhbətləri, əlbəttə, nəzərə almıram. Məsələn, Yamsk slobodasının uşaqları da özlərini kinoya gedənlərin dəstəsinə qoşmaq istəmişdilər, ancaq stansiya uşaqları onların bu həmləsini dəf eləmişdi.

Olduğum evin sahibəsi Anfisanın ölümündən sonra yorğan-döşəkdən qalxmadı, elə hey ürəyindən şikayət eləyirdi. Həkim Mariya Dmitriyevna Şatskaya bir gün xəstəyə baxmağa gəldi və mən onunla tanış oldum. Mariya Dmitriyevna ucaboy və olduqca diribaş qadın idi. Bu yaşınacan o, inqilabdan əvvəlki ali qız məktəblərində oxuyan tələbələrin səliqə və yaraşığını saxlamışdı.

Qardaşının geoloq olduğunu, ruhi xəstəliyə tutulduğunu və onun bizdə də, Avropada da məşhur olan elmi işlərinə görə, doğrudan da fərdi pensiya aldığını mən həkimin özündən öyrəndim.

Sonra Mariya Dmitriyevna həkimlərə məxsus bir hökmlə mənə dedi:

- Sizin burada qalmağınızın heç bir mənası yoxdur. Bu gün, sabah payız gəlir, yağış tökəcək, buralarda palçıq dizə çıxacaq. Üstəlik də burada ürəkaçan bir şey yoxdur, işləməli yer deyil! Köçün, gəlin bizə. Bir qoca anamdır, bir qardaşımdır, bir də özüməm, mənzil isə beş otaqlıdır. Qardaşım qanacaqlı adamdır, sizə mane olmaz.

Mən Mariya Dmitriyevanın mənzilinə köçdüm və “Qara Boğaz” povestinin gələcək qəhrəmanlarından biri – geoloq Vasili Dmitriyeviç Şatski ilə tanışlığım buradan başlandı.

Dəmiryol həkiminin mənzili doğrudan da sakit idi. Hətta adama bir növ yuxulu kimi gəlirdi. Mariya Dmitriyevna gününü ambulatoriyada və xəstələrin yanında keçirirdi, onun qoca anası kart kağızları ilə axşamacan fala baxırdı, geoloq isə çox nadir hallarda öz otağından çölə çıxırdı. Səhərlər o, oturub qəzet oxuyurdu: yazılanın bir kəlməsini də buraxmırdı, sonra Şatski, demək olar ki, gecə düşənəcən tələsə-tələsə nəsə yazırdı, gündə bir qalın dəftər doldururdu.

Yalnız hərdənbir boş stansiyadan yeganə manevr qatarının səsi eşidilirdi.

Əvvəllər Şatski məndən hürkürdü, sonra öyrəndi, mənimlə söhbət etməyə başladı. Bu söhbətlərdən onun xəstəliyinin xarakteri məlum oldu. Səhərlər, hələ yorulmamış, o tamam ağıllı adam idi, həm də yaxşı söhbətlər eləyirdi. Şatski çox şey bilirdi. Lakin azca yorulan kimi sayıqlamağa başlayırdı. Bu sayıqlamanın məğzində bir növ ruhi xəstələrə xas olan maniakal ideya dururdu, ancaq bu ideyanı xəstə möhkəm məntiqlə əsaslandırırdı.

Şatskinin xəstəlik tarixçəsi “Qara-Boğaz”da təsvir edilmişdir.

Orta Asiyaya geoloji ekspedisiya zamanı o, basmaçıların əlinə keçir. Başqa əsirlərlə birgə onu da hər gün güllələməyə aparırlar. Ancaq Şatskinin bəxti gətirir. Basmaçılar əsirləri beş-beş çıxarıb, onların beşincisini güllələyəndə həmişə o üçüncü yerə düşür, əsirlər ölümə iki-iki çıxarılanda isə Şatski həmişə birinci olur. O, sağ qalır, lakin ağlını itirir. Bir müddət Krasnovodskda, yük qatarının atılıb qalmış köhnə bir vaqonunda yaşayır və çox uzun axtarışlardan sonra bacısı onu həmin vaqondan tapıb gətirir.

Hər gün axşam Şatski Livnıdakı poçta gedib, Xalq Komissarları Sovetinin ünvanına sifarişli məktub təhvil verirdi. Mariya Dmitriyevanın xahişi ilə poçt rəisi məktubları Moskvaya göndərmir, onları qaytarıb həkimə verir, həkim isə alıb yandırırdı.

Şatskinin Moskvaya nə yazdığını öyrənmək həvəsinə düşdüm və tezliklə öyrəndim.

Bir axşam çarpayıya uzanıb kitab oxuyanda Şatski içəri girdi. Ayaqqabılarım çarpayının böyründə, burnu ortalığa tərəf qoyulmuşdu. Şatski onları diqqətlə nəzərdən keçirib:

- Başmaqlarınızı heç vaxt belə qoymayın, - dedi. – Bu, olduqca təhlükəlidir.

- Niyə? – dedim.

Şatski:

- Bu saat bilərsiniz, - deyib otaqdan çıxdı və bir dəqiqə keçməmiş mənə bir varaq kağız gətirdi.

- Oxuyun! – dedi. – Qurtarandan sonra mənə tərəfki divarı taqqıldadarsınız. Əgər sizin üçün bir şey qaranlıq qalsa, mən gəlib aydınlaşdıraram.

O, getdi. Vərəqi qabağıma qoyub oxumağa başladım:

“Xalq Komissarları Sovetinə. Ölkəmizin məhvinə səbəb ola biləcək qorxunc bir təhlükənin yaxınlaşmaqda olduğunu mən Xalq Komissarları Sovetinə dəfələrlə xəbər vermişəm.

Hamıya məlumdur ki, Yerin geoloji qatlarında böyük maddi enerji vardır (məsələn, daş kömürdə, neftdə, şistdə). İnsanlar bu enerjini çıxarıb, ondan istifadə etməyi öyrənmişdir.

Lakin az adamlar bilirlər ki, Yerin həmən bu qatlarındaca, bu qatların yarandığı epoxanın psixi enerjisi mövcuddur.

Livnı şəhəri Avropada ən qüdrətli devon əhəngi yataqlarının üstündədir. Devon dövründə yer üzərində təzəcə yaranan şüur olduqca bədxah, amansız və hər cür insani əlamətdən məhrum idi. Çanaqlı balıqların qara beyni o vaxtki şüurun ən üstünü idi.

Bu ibtidai psixi enerji molyuska-ammonitlərin tərkibinə yığılmışdır. Devon əhəngi təbəqələri sözün əsl mənasında daşa dönmüş ammonitlərlə doludur.

Həmin dövrün xırdaca beyni olan hər bir ammonit öz daxilində son dərəcə böyük və son dərəcə qorxulu psixi enerji yaşadır.

Uzun əsrlər boyunca insanlar, xoşbəxtlikdən, geoloji təbəqələrdə yaşayan psixi enerjini çıxarmağın qaydasını bilmirdilər. Ona görə “xoşbəxtlikdən” deyirəm ki, əgər insanlar bu enerjini yerindən tərpətsələr, yer üzündə hər şey məhv olar. İnsanların beyni bu enerji ilə zəhərlənər, onlar qorxunc vəhşi heyvanlara çevrilərlər, kor və rəzil instinktlərin təsiri altına düşərlər. Bu isə mədəniyyətin məhvi deməkdir.

Xalq Komissarları Sovetinə dəfələrlə bildirdiyim kimi, faşistlər devon dövrünün psixi enerjisinə yol açmağın və ammonitləri canlandırmağın üsulunu tapmışlar.

Devon dövründən qalan ən qalın təbəqələr bizim Livnı şəhərinin altında yerləşdiyindən, faşistlər o enerjinin ağzını məhz burada açmağa hazırlaşırlar. Əgər onlar buna nail ola bilsələr, insan nəslinin əvvəlcə mənəvi, sonra idə fiziki məhvinin qarşısını almaq mümkün olmayacaqdır.

Livnı rayonunda psixi enerjini tərpətmək planını faşistlər ən incə nöqtələrinəcən işləyib hazırlamışlar. Bütün mürəkkəb planlar kimi, onu da asanlıqla dəf etmək mümkündür. Adicə, boş bir şeyin nəzərdən qaçırılması planın baş tutmamasına səbəb ola bilər.

Buna görə də Livnı şəhərini tezliklə böyük hərbi hissələrlə əhatə etmək zərurətindən başqa, şəhərin əhalisinə ciddi göstəriş vermək lazımdır ki, bir sıra vərdişlərindən əl çəksinlər (çünki faşistlər öz planlarını Livnı şəhərində yaşayan əhalinin məhz bu vərdişləri əsasında qurmuşlar) və faşistlərin gözlədiyinin əksinə hərəkət etsinlər. Buna bir misal göstərmək istəyirəm. Livnı şəhərində yaşayan vətəndaşların hamısı yatmazdan qabaq başmaqlarını çıxarıb, çarpayının yanında burnu otağın mərkəzinə doğru qoyurlar. Bundan sonra başmaqların burnunu divara sarı çevirmək lazımdır. Məhz bu cəhət, ola bilsin ki, faşistlərin planında nəzərdə tutulmamışdır və belə boş bir şeylə o plan tamam alt-üst ola bilər.

Bunu da əlavə etməliyəm ki, Livnı şəhərində devon qatlarından təbii yolla (lap az da olsa) sızıb çıxan psixi zəhərin nəticəsində burada yaşayan əhalinin mənəviyyatı başqa bu böyüklükdə və bu tipdə olan başqa şəhərlərdəki adamların mənəviyyatından çox-çox xarabdır. Devon qatları üzərində üç şəhər durur: Kromı, Livnı, Yelets. Köhnə bir məsələdə boş yerə deyilməyib ki: “Kromı – yerin-göyün haramı, Livnı – oğru, çapar evi, Yelets – oğru gəldi, tələs”.

Faşist hökumətinin Livnıdakı casusu buradakı aptekin müdiridir.”

Şatskinin başmaqlarımın burnunu divara sarı çevirməyinin səbəbi indi mənə məlum oldu. Eyni zamanda qanım qaraldı. Mən Şatskilər ailəsindəki sükutun bircə tükdən asılı olduğunu başa düşdüm. Burada hər dəqiqə qeylü-qal gözlənilirdi.

Sonra mənə məlum oldu ki, belə qeylü-qallar bu evdə çox tez-tez olur, ancaq Şatskinin anası və Mariya Dmitriyevna bunu başqalarından çox ustalıqla gizlədirdilər.

Ertəsi günün axşamı biz çay içə-içə homeopatiyadan danışanda, Şatski süd dolu dolçanı götürdü və südü sakitcə samovarın odluğuna boşaltdı. Şatskinin qoca anası hirsli-hirsli çığırdı. Mariya Dmitriyevna tərs-tərs qardaşına baxıb dedi:

- Bu nə hoqqadır çıxarırsan?

Şatski məzlum-məzlum gülümsəyib, izah eləməyə başladı ki, məhz bu cür vəhşi hərəkət faşistlərin planında, yəqin, nəzərdə tutulmamışdır və bu, şübhəsiz ki, həmin plana böyük zərbə vuracaq, bəşəriyyəti fəlakətdən qurtaracaqdır.

Mariya Dmitriyevna əvvəlki ciddiyyətlə qardaşına:

- Öz otağına keç! – dedi və yanıq süd qoxusu çıxsın deyə hirslə pəncərələri taybatay açdı.

Şatski başını aşağı salıb dinməz-söyləməz otağına getdi.

Buna baxmayaraq “ayıq vaxtlarında” Şatski həvəslə və çox söhbət eləyirdi. Onun ən çox Orta Asiyada işlədiyini və Qara-Boğaz körfəzinin ilk tədqiqatçılarından biri olduğunu da mən məhz belə vaxtlarda öyrənmişdim.

Şatski Qara-Boğaz körfəzinin Şərq sahillərini təsvir eləmişdi, oranın xəritəsini çəkmişdi və körfəzin yaxınlığındakı quru dağlarda daş kömür yataqları olduğunu aşkara çıxartmışdı.

Xəzər dənizinin qorxunc və sehrli körfəzi – Qara-Boğaz haqda, onun suyunda olan tükənməz mirabilit ehtiyatı haqda, səhraları Yer üzündən silməyin mümkün olması haqda ilk məlumatı mənə Şatski vermişdi.

O, səhraya ürəkdən nifrət eləyirdi, - elə nifrət ki, cansız şeylərə bu cür nifrət etmək mümkün deyil. Səhra Şatskinin dilində qara yara, qaşınan qotur, yerin bağrını söküb yeyən xərçəng idi; təbiətin murdar əməli idi.

Şatski deyirdi:

- Səhra yalnız qırmağı, öldürməyi bacarır. Səhra ölüm deməkdir. Əgər bəşəriyyətin ağlı başındadırsa, o, bunu dərk etməlidir.

Dəlidən belə sözlər eşitmək təəccüblü idi.

- Gərək onu xirtdəkləyəsən, nəfəs almağa qoymayasan və döyəsən, dayanmadan, elə hey ölənəcən möhkəm döyəsən. Gəbərib ölənə kimi gərək ondan əl çəkməyəsən. Sonra onun cəmdəyinin üstündə yumşaq tropik cənnət yaradasan.

Bu sözlər mənim daxilimdə yatan nifrəti – uşaqlıq illərimin əks-sədasını oyatdı.

Şatski deyirdi:

- İnsanlar bir-birlərini qırmağa sərf etdikləri güc və vəsaitin yarısını səhraları yer üzündən silmək işinə sərf etsəydilər, səhralar çoxdan yoxa çıxmışdı. Xalqın bütün var-dövləti və milyonlarca insan həyatı müharibəyə qurban verilir. Üstəlik, elm də, mədəniyyət də. Hətta poeziyanın özünü də kütləvi qırğınların iştirakçısı eləmişlər.

Mariya Dmitriyevna öz otağından dedi:

- Vasya! Sakit ol! Daha müharibə olmayacaq. Heç vaxt.

- Heç vaxta bax! – deyə Şatski gözlənilmədən ona cavab verdi. – Elə bu gecə ammonitlər hərəkətə gələcəkdir. Bilirsinizmi harada? Adamın dəyirmanının yanında. Gedək, bir az gəzinək, həm də ora baş çəkək.

Sayıqlama başlandı. Mariya Dmitriyevna onu apardı, dərman verib yatağa uzatdı.

Mən əlimdəki romanı tezliklə qurtarmaq, səhraları məhv etmək barədə yeni kitab başlamaq istəyirdim. “Qara-Boğaz” povestinin ilk qayəsi belə yarandı.

Mən Livnıdan payızın axırlarında getdim, yola düşməzdən əvvəl birinci dəfə tutduğum evin sahibləri ilə vidalaşmaq üçün ora getdim.

Arvad hələ də yorğan-döşəkdən qalxmamışdı. Kişi evdə yox idi. Polina məni şəhərəcən yola saldı.

Hava qaralmışdı, cığırlarda buz xırçıldayırdı. Ağaclar yarpağını tökmüşdü, yalnız bəzi yerlərdə almaların budaqlarında quru, çəhrayı yarpaqlar gözə dəyirdi. Durğun səmada soyuq qürubun işıqlandırdığı yeganə bulud da sönməkdə idi.

Polina mehribancasına mənim əlimdən yapışıb yanımca gedirdi. Bu anda o, mənə balaca uşaq kimi görünürdü və bu tənha, utancaq qıza mənim ürəyim yanırdı.

Şəhər kinosundan zəif musiqi səsi gəlirdi. Evlərdə işıq yandırırdılar. Samovarların tüstüsü bağların üstündə havadan asılı qalmışdı. Ağacların çılpaq budaqları arasından artıq ulduzlar görünməkdə idi.

Ürəyim anlaşılmaz bir həyəcanla döyünürdü və öz-özümə düşünürdüm ki, bu gözəl aləm üçün, hətta bircə bu Polinadan ötrü, insanları şən və ağıllı həyat qurmaq uğrunda mübarizəyə çağırmaq lazımdır. Yer üzündə insanı qəmləndirən, onu bircə damcı belə göz yaşı axıtmağa vadar eləyən nə varsa, hamısının kökünü kəsmək lazımdır. Səhralar, müharibələr, ədalətsizliklər, yalanlar, insanın qəlbinə toxunan hər şey məhv edilməlidir!

Polina, ilk şəhər evlərinə çatana kimi yanımca yeridi. Orada mən onunla vidalaşdım. Qız başını aşağı dikdi, bir müddət sarışın saçlarını didişdirdi və gözlənilmədən dedi:

- Bundan sonra mən çoxlu kitab oxuyacağam, Konstantin Georgieviç.

O, başını qaldırıb utancaq gözləri ilə mənə baxdı, əl verib görüşdü və evlərinə tərəf qaçdı.

Mən basırıq ümumi vaqonda Moskvaya qayıdırdım.

Papiros çəkmək üçün gecə tambura çıxdım, pəncərəni aşağı salıb, başımı çölə çıxartdım.

Qumlu torpaqlıqla gedən qatar xəzan vurmuş meşələrin yanından ötürdü.

Meşələr, demək olar ki, görünmürdü. Onların varlığını relslər üzərində şütüyən təkərlərin sıx, qalın ağaclıqlara saldığı əks-sədadan bilmək olurdu. Sanki dənəvər qarın nəfəsindən qalxan sərin havadan donmuş yarpaq qoxusu gəlirdi.

Meşələrin başı üzərində ulduzları par-par parıldayan payız səması dayanmışdı: səma qatarla birgə irəli çapır, qatardan geri qalmırdı. Körpülər aram-aram səslənirdi və qatarın sürətlə getdiyinə baxmayaraq, aşağıda, körpülərin altındakı tutqun sularda ulduzların ani parıltısı görünürdü.

Tüstünün, buxarın içində qatar taqqataraq taqqıldayır, gurhagur guruldayırdı. Yanıb qurtarmaqda olan şamlar titrəşən fənərlərdə şölələnirdi. Havada, təkərlərin dövrəsində qıpqırmızı qığılcımlar uçurdu. Öz dəli sürətindən məst olmuş qatar sevinclə fit verirdi.

Mən möhkəm əmin idim ki, qatar məni xoşbəxtliyə aparır. Nəzərdə tutduğum yeni kitab beynimdə dolaşırdı. O kitabı yazacağıma inanırdım.

Pəncərədən başımı çıxarıb gecə, dünyada misli olmayan rus torpağı haqqında rabitəsiz nəğmələr oxuyurdum. Külək üzümü, ətirli qız saçı kimi qıdıqlayırdı. O saçı, o küləyi, o müqəddəs torpağı mən öpmək istəyirdim. Lakin bunu etmək mümkün deyildi və mən oxuyurdum. Rabitəsiz sözlər qoşub coşur və göylərə baxa-baxa şərqdə buludlar arxasında işaran açıq səmanın maviliyinə, gözəlliyinə heyrət edirdim.

Mən şərq tərəfdə işaran mavi səmanın saf parıltısına heyran-heyran baxırdım, nəhayət, başa düşdüm ki, dan yeri sökülür.

Pəncərədən gördüyüm füsunkar aləm, ürəyimi çulğalayan bu nəhayətsiz sevinc heç özümün də baş aça bilmədiyim bir tərzdə məni buna sövq edirdi: yazmaq, yazmaq və yazmaq!

Lakin nə yazmaq? Bunun indi mənim üçün heç bir fərqi yox idi. Gördüyüm bu gözəllik, onu tükənməkdən, üzülməkdən, ölməkdən qorumaq həvəsim nəyin ətrafında cəmləşəcəkdi, bu fikirləri hansı mövzu maqnit kimi özünə çəkəcəkdi – bunun indi heç bir fəqi yox idi.

Bir müddət keçəndən sonra bu duyğular “Qara-Boğaz” povestində cəmləşdi. Ancaq bu duyğular başqa bir kitaba da daxil ola bilərdi, lakin o kitabın da əsas mövzusu gərək həmin istiqamətə yönələydi, o kitab da gərək o vaxt məni vaqonda çulğalayan hisslərdən yaranaydı. Görünür, hər bir əsərin qayəsi insanın qəlbində doğulur.

“Qara-Boğazın” əsas qayəsi ürəkdə doğulandan sonra, necə deyərlər, “bişirmə” dövrü gəldi, daha doğrusu, əsəri real məzmunla doldurmaq dövrü başlandı.

Tərcümə: Əkrəm Əylisli

# 3307 dəfə oxunub

Müəllifin son yazıları

# # #