Qalib Şəfahət
Mən yaşamıram
Mən yaşamıram ki,
sadəcə,
hər gün,
yaşamağın yanında
işə gedib gəlirəm.
Hamı elə bilir ki,
mən orda dincəlirəm.
Məni orda
görən olub,
elə bilirlər,
mən də orda yaşayıram.
Yaşamağın yanında
gözümü ovxalayır,
alnımı qaşıyıram.
Yaşamağın yanından
keçib getmək,
gedib gəlmək,
hələ
yaşamaq deyil ki,..
Sürünməkdi, sürünmək.
Yaşamağa doğru,
sürünmək.
Dərdi çox böyükdü,
gözə başqa cür
görünmək.
***
Sevgilim,
qəlbimi qırma.
Soyuğa, borana
tab gətirə bilməzsən.
Hələ neçə
qarlı, çovgunlu
qış var,
qarşıda...
***
Məndən sən gedən yolda
marşrut işləmir,
gedib gələn də yoxdu,
o yolda.
Gələcəyəm piyada.
Bir az səbr elə,
Darıxma.
Yolum çox uzaqdı.
Həm də
Yolumda nə çox
daş-kəsək,
sıldırım qaya.
Çıxmağa çalışıram.
Təngiyə-təngiyə,
tələsə-tələsə.
Tək, tənha, piyada.
Nəfəs almağa da
heç vaxtım yoxdu.
Sənin də insafın hardadı?
eşqimi
qaldırıb qoymusan
uca dağın
lap zirvəsinə.
***
O qədər
Gözlərimdə
əyilim düzəlmisən ki…
Gözlərim çaş qalıb.
Əyri görür
hər şeyi.
Tökülür
Dünya dağılır üstümə,
Dağılıb, lay-lay tökülür.
İçində bir kədər-qüssə,
Çölündə haray tökülür.
Tökülür dərd-səri ilə -
Baş götürüb qaçmaq olmur.
Hər şey qalıb özbaşına,
Başdan da baş açmaq olmur.
Nəyi doğru, nəyi yalan?
Bilinmir yolu, ərkanı.
Dünya inamsız qalıbdı,
İtiribdi din-imanı.