Zahid Xəlil: “Şeirlərini təriflədim, məlum oldu özünün deyil”

Zahid Xəlil: “Şeirlərini təriflədim, məlum oldu özünün deyil”
9 aprel 2015
# 15:38

Uşaqlığımızın, gəncliyimizin, ədəbiyyatımızın, müəllimlərimizin aynası Zahid Xəlil! Ömrünün yetmişindən sonra da, otuzunda, qırxında, əllisində olduğu kimi, hər nəsillə uşaqlaşaraq, hər nəsillə birlikdə böyüyən, hər dövrün tələbə dünyasıyla cavanlaşan, tələbələrinin iç dünyasınacan nüfuz etməyiylə tələbələrinin nüfuzlu və sevimli müəlliminə çevrilən, pedaqogika tarixində nəinki Azərbaycanda, keçmiş SSRİ miqyasında “Azərbaycan uşaq ədəbiyyatı”nı tanıdan, elə həmin o SSRİ miqyasında heç yerdə olmayan ən gözəl uşaq verilişlərinin müəllifi.

Bir vaxtlar şeirini səsləndirən redaksiyaya həftəyə 25 min məktub alan Zahid Xəlil bu gün... “bazar uşaqlarının yaxşı baş çıxartdığı bazar iqtisadiyyatı” dönəmində... elə yenə də müəllim, alim, pedaqoq olaraq qalır! İlk növbədə isə... bu dönəmin yaddaşında qalsa da, gündəmində görünməyən Zahid müəllim indi statusunu, önəmini itirən uşaq ədəbiyyatının sonuncu mogikanıdır. Həm:

Ruhumla, hissimlə nə əlləşirsən,

Deyirsən açılan təzə çiçəyəm?

Vallah, lap havayı gözəlləşirsən,

Onsuz da mən səni sevməyəcəyəm - tipli həzin, lirik şeirlərin müəllifiylə, həm də Azərbaycan ədəbiyyatının ən sevimli uşaq şairiylə, yazıçısıyla, müəllimiylə uşaqlarımız üçün öyrətmənlər hazırlayan ADPU-ya getdim.

Zahid müəllimin saçları kimi darağa gəlməyən uşaq ədəbiyyatından, özündən, tələbələrindən danışmağa, söhbətə...

- Zahid müəllim, uşaqlarımızın və uşaqlığımızın Zahid Xəlil dünyasından Sizi arayıb-axtaran varmı?

- Var. Çox olub. Ən sonuncu axtaran, tanıyan küçədə rastlaşdığım bir oğlan oldu. Gənc Tamaşaçılar Teatrının rejissoru imiş. Mənim “Ballıca” kitabımı axtardığını bildirdi.

İndi uşaqlarla görüşəndə daha çox valideynlərinin yadına düşürəm. Anaları, nənələri məni xatırlayır, televiziya verilişlərimi ən çox da. Bildiyiniz kimi, indi az çap olunuram. Şairi də tanıdan kitablarıdı.

- Zahid Xəlil inanırmı ki, onun şeirləri o şeirləri oxuyan uşaqların həyatını dəyişdirəcək gücdədi?

- Mənim üçün bunu demək çətindi. Ancaq yenə də deyə bilərəm ki, sevənlər var hər zaman, hər dönəmdə də olub. Ən son məni sevindirən, kövrəldən bir məqamı deyim. Dünən (ayın 6-sı – A.C.) keçirdiyim görüşdə haqqımda çoxlu danışanlar, şeirlərimi söyləyənlər oldu. Tədbir bitəndən sonra dəhlizdə bir uşaq yaxınlaşıb əllərini belimə dolayıb qucaqladı, elə boyu çatdığı yerdən öpdü. Öpdü və getdi. Bu artıq tamam başqa şeydi. İfadə etmək çətindi!

- Hazırkı uşaq ədəbiyyatı uşaq psixologiyasını formalaşdırmaq baxımından Sizi qane edirmi, ümumiyyətlə, bu gün uşaq ədəbiyyatında çatışmayan nədir?

- Heç varmı ki? Boşluqdu.

- Ədəbiyyatın bu qolunu tənzimləmək mümkündümü – dövlət xəttiyləmi, ədəbi tənqidin gücüyləmi, başqa təbliğat vasitələriyləmi?

- Ədəbi tənqidin özünü tənzimləmək lazımdı! Hazırkı ədəbi tənqid “qoçu təfəkkürü”ylə üz-üzə qalıb. Nə qədər ki, şeir olmayan şeirlər oxunur, yayımlanır, nəsrə aidiyyatı olmayan dırnaqiçi hekayələr, romanlar olacaq, ciddi yazarlar oxunmayacaq. Ədəbi tənqid özü inkişaf eləməlidi.

Hərdən fikirləşirəm ki, mənim onda hazırladığım verilişlərə və yenə də o ruhda hazırlasam, indi kimdi baxan!?

Tənzimləmə bütün sahələr üzrə olmalıdı – həm nəşriyyat, həm televiziya, həm mətbuat üçün.

Mən dünyada elə millət tanımıram ki, televiziyası yazıçısına qonorar verməsin! Kim gəldi, necə gəldi, kitab çap edir, kim gəldi, necə gəldi, hər yerdə çıxış edir. Ən azından, Almaniyanın timsalında misal çəkirəm. Kitabı satılmayan müəllifə sanksiyalar tətbiq olunur. Ümumiyyətlə, belə qadağalar olmalıdı - ya bir neçə il çap olunmaqdan məhrum olunmalı, ya maliyyə cəriməsi tətbiq edilməlidir.

- Onda da “senzura zülmü” başlayacaq...

- O da doğrudur. Sovet dövrünün də o işi vardı. Mənim “Ballıca” kitabımı o vaxt çap eləmək istəmirdilər. Rus uşaq ədəbiyyatının tanınmış nümayəndəsi Aqniya Barto mənim yaradıcılığımla tanış idi. Azərbaycana gələndə görüşdük. Şeirlərimdən sətri tərcümələr edib ona oxudum. Çox maraqlı gəldi ona. RSFSR yazıçılarının qurultayında çıxış edəndə mənim haqqımda maraqlı yazıçı kimi danışmışdı. Sonra həmin çıxıs “Literaturnaya qazeta” da çap olundu. Gətirib həmin qəzeti “Gənclik” nəşriyyatının direktoruna təqdim etdim. Sonra “Ballıca”nı 40 min tirajla çap etdilər.

- Sovet dövrünün maneələri aydındı. Bəs o dövrün böyük sovet ədəbiyyatının ədəbi mühitində hansı dəstəyi hiss edirdiniz?

- Bayaqkı sualın cavabında səthi olaraq toxundum. Əslində, o görüş mənim Barto ilə ikinci görüşüm idi. İlk tanışlığımız həmin hadisədən beş il əvvələ təsadüf edir.

Mən Barto haqqında veriliş hazırlayırdım. Zəng elədim, o vaxt görüşü səhər saat 10-a təyin etdilər. Məcbur olub gecə reysi ilə Moskvaya uçdum. Taksi şoferinə ünvanı deyəndə, təəccübləndi ki, ora yazıçıların binasıdı, kimgilə gedirsən? Dedim, Bartogilə. Dedi ki, səndən pul almayacam, amma Bartoya de, mənim oğluma şeir yazsın.

Barto məni soyuq qarşıladı. Ümumən, qaraqabaq qadın idi. Divarda şəkillər vardı, uşaqların çəkdiyi şəkillər. Biri diqqətimi çəkdi, imzaya baxdım ki, Rodari yazılıb. Bartodan soruşdum ki, bu uşaq Rodarinin övladıdırmı? O təsdiqlədi, amma təəccüblə soruşdu ki, Rodarini nə yaxşı tanıyırsan, bəlkə özündə yazıçısan? Mənim də uşaq şeirləri yazdığımı biləndə şeirimi söyləməyimi istədi. Onda bir şeir dedim.

Qazanı qaza asdılar,

Qazana bir qaz basdılar.

Qazın qılçı qırıqdı,

Qazanın da qulpu sarıqdı.

Başqa şeir istədi. Onda da bunu dedim.

Süleymanın sarı kəhəri var idi,

Sarı kəhərin sarı yəhəri var idi.

Süleymanın sarı kəhəri satıldı,

Sarı yəhər samanlığa atıldı.

Elə yanımdaca Kuşaka zəng elədi: “Yuri Naumovic, burda bir maraqli adam var. Onunla görüşməyini istərdim.”

Sonralar Kuşakın tərcüməsində Moskvada bir neçə kitabım çap olundu. 1983-cü ildə “Günəbaxanlar böyüyəcək” adlı kitabım 150 min tirajla çap olundu. Çox gözəl də satıldı. 92-ci ildə yuxarıdan icazə alıb həmin kitabı 2 milyon tirajla çap elədilər. Sonra Kuşakın tərcüməsində “Salam, Çırtdan” kitabım da “suvenir nəşrlər” silsiləsindən çap olunub. Üç hekayəm “Literaturnaya qazeta”nın “İlin ən yaxşı yumoristik hekayəsi” müsabiqəsində qalib olub.

Bu cür dəstəklər stimul verirdi yaradıcılığa, təbii ki.

- Başqa bu cür stimulverici hadisələr də olubmu?

- Moskva radiosunda “Yazıçılar mikrofon qarşısında” rubrikası vardı, orda çıxış eləmişdim. Bir həftə sonra zəng edib redaksiyaya çağırdılar. Stolun üstündə çoxlu məktub var idi. Düz 25 min uşaq mənə məktub yazmışdı.

- İçinizdə üsyan havası olurmu – qiyamçı anlamında demirəm, amma... Yoxsa, ən böyük üsyanı yaradıcılığınızla verdiyiniz faydanı hesab edirsiniz?

- Yazıçının üsyanı necə olmalıdı? Mənim “Bağıran adam” adlı hekayəm var, bilmirəm oxumusunuz ya yox, qısa olaraq məzmununu deyirəm: bir adam bağırmaq istəyir, istəyir getsin meşədə bağırsın. Meşədə balaca qarışqaları görüb fikrini dəyişir, qorxur ki, bağırsa, qarışqaların bağrı yarılar. Digər yerlərdə də eləcə və nəhayət gəlir Yasamalda dördüncü mərtəbədəki evinin balkonuna çıxır və ordan bağırır. Kimi elə bilir zəlzələdi, kimi elə bilir göy guruldayır. Və hekayənin sonluğu belədi: o adam artıq xoşbəxt idi, həyatında bir dəfə də olsa, ürəkdən bağırmışdı! Bu obraz, təbii ki, müəllifin - mənim obrazımdı.

- Özünüzün bəyəndiyiniz uşaq yazıçısı, uşaq ədəbiyyatındakı boşluq dolanacan tövsiyə edə biləcəyiniz müəllif?

- Canni Rodarini tövsiyə edərdim, məsələn. Onun “Celsomino yalançılar ölkəsində” əsəri son dövrlərdə yenidən nəşr olunub. Bu, təqdirəlayiqdi. Amma sovet dövründə Əli Kərimin tərcüməsində nəşr olunmuş “Telefonla danışılan nağıllar” kitabı daha maraqlı alınmışdı. Tərcümədə Əli Kərimin istedadı qabarıq hiss olunurdu.

Tomas Andersonun adını çəkməsəm olmaz. Əslində, o, fəlsəfi yazardı. Onun “Noxud üstündə yatan şahzadə” əsərini götürək.

- Bəs rus ədəbiyyatından?

- Elə bayaq adını çəkdiyim A. Barto, S. Mixalkov, S. Marşak.

- Əslində, uşaqlar ən diqqətli, ən saf oxucudurlar, ümumən, oxucunun böyüyü, kiçiyi olmur, amma yenə də, özünüzü uşaq ədəbiyyatı çərçivəsində necə hiss edirsiniz, sıxılmırsınız ki?

- Bayaq mən Andersonun “Noxud üstündə yatan şahzadə” əsərini misal gətirdim. Kim deyir ki, o sırf uşaqlar üçün nəzərdə tutulub.

Öz yaradıcılığıma gələndə isə, hekayələrimin məhz uşaqlara aid olduğunu hesab eləmirəm. “Kralın kreslosu” adlı bir hekayəm var. Orda deyilir ki, bir gün kreslolar eşidir ki, kral gəzməyə çıxıb, hansı kresloda otursa, o, kralın kreslosu olacaq. Kreslolar hamısı yola çıxır. Onlara bir ayaqaltı (el arasında “kozyol” deyilir) da qoşulur. Sən demə, kral kor imiş. Yorğun kral həmin ayaqaltına oturur və o bədbəxt ayaqaltı ömürlük kralın kreslosu olur. Bu, təkcə uşaq hekayəsidirmi?!

- Zahid müəllim, sizin həm də televiziya jurnalisti kimi böyük təcrübəniz var, hansı illərdə hansı uşaq verilişlərinin müəllifi olmusunuz?

- 1973-cü ildən 2005-ci ilə qədər müxtəlif adla verilişlərim olub: “Sizin sevimli yazıçılarınız”, “Məktəblinin kitabxanası”, “Çıraq”, “Sərbəst düşüncə”.

- ...və nəhayət, müəllim kimi. Özünüzü uşaqlığına həsr etdiyiniz uşaqların, dərs dediyiniz tələbələrin içindən istedadlı bildiyiniz, gördüyünüz oldumu?

- Yanlışdan istedadlı bildiyim də oldu, doğrudan ümidimdən də artıq məni yaşadan da. Şəkidən bir gəncin televiziyada işlədiyim vaxtlarda redaksiyaya göndərdiyi şeirlərini oxudum, uğurlu yol yazdım. Sonradan məlum oldu ki, bu adamın öz şeirləri deyilmiş.

Amma tutaq ki, Səhər Əhmədin şeirlərini tələbə vaxtı ilk mən oxudum, çap elədim. Bir məqamı etiraf edim. Səhərin bir şeirini oxudum, ağladım. Balaca qızım Aysel gördü. Onunla həmin an danışdığımın təəssüratı məni bu şeirləri kitab kimi çap etdirməyə sövq etdi. Onda kitab çap eləmək çətin idi, maliyyə problemləri vardı. 90-cı illərdi, sanki zəlzələdən sonraydı. Kitab çapı azalmışdı, nəşriyyatlar bu qədər deyildi, maliyyə ucbatından alınmaya da bilərdi. Amma çox istəyirdim ki, bu kitabı çap olunsun. Tələbələr belə o kitabın çapını intizarla gözləyirdi. Baxmayaraq ki, o kitabın çapına mən kömək etdim, amma o kitab da mənə çox kömək elədi, mənəvi zövqüm çox böyük oldu. Hesab edirəm ki, o balaca, çəhrayı üzlü ilk kitab 20 il sonraya mesaj idi. Sonradan da qəribə xarakterli Səhər bir daha sübut etdi ki, bu şeirləri yazan sıradan biri deyil, sanki mələkdi! Hələ gəncliyində atdığı addımlarla həyatın nüanslarını bildiyini nümayiş etdirdi. İndi mən Səhərin “Görüşməyənədək” kitabını oxuyuram, yenə də 20 il əvvəlki kimi kövrəlirəm.

Hər axşam

Soyuqdan və zülmətdən,

Səngərdəymis kimi üşüyürəm.

Amma yenə hərdən

Əsgər olmaq istəyirəm.

Elə bil ki, bi şeirin müəllifi çoxdan ölüb, yazan onun ruhudu.

- Səhərdən sonra bir də Səhər oldumu?

- Səhər olmadı, əlbəttə, o şeirlərin müəllifi olmadı, amma başqa tələbələr oldu. Müəllimliyin bir işi də var, sən bir Səhər yetişdirirsən, o bir başqasını. Beləcə ənənələr itmir, davam edir, cücərir, artır.

- Yazıçı kimi yaşam tərziniz?

- İndi mən o qədər də məhsuldar işləmirəm. Amma gəncliyimdə başqa cür işləyirdim. Elə olurdu ki, kitabım plana düşürdü, sonra yazırdım.

Bir dəfə yaradıcılıq ezamiyyəti götürüb ailəlikcə istirahətə getmişdim. Hər gün səhər saat beşə on beş dəqiqə qalmış durardım. Bir saat dənizdə çimərdim və saat 11-cən yazı ilə məşğul olardım. Heç səhər yeməyinə də getməzdim. Bir dəfə doqquza qalmış gəldim otağa, gördüm ki, uşaqlarım hələ yatır, onları oyatmamaq üçün oturub balaca bir hekayə yazmağa başladım: “Bir dovşan yolla gedirdi, əlinə bir güzgü düşdü...”. Beləcə mənim “Güzgü” hekayəm yarandı və o hekayə ciddi şəkildə işlədiyim hekayələrdən çox populyar oldu. “Ayna” adlı cizgi filmi də çəkilib o hekayəyə.

- Zahid müəllim, saçlarınızı daramırsınız?

- İndi bax, darayım (cibindən daraq çıxarıb qıvrım, ağappaq saçlarını darayır), yenə qarışacaq, həmin vəziyyətə düşəcək...

SÖZARDI: Zahid müəllimlə - uşaqlığımızın, gəncliyimizin, ədəbiyyatımızın, müəllimlərimizin aynası Zahid Xəlillə bir neçə dəfə görüşdüm, bir neçə dəfə ayrıldım – otağında, Universitetin dəhlizində... və hələ ki, ilk görüşümdən. Ruhən cavan qaldığını, əvvəlki şövqlə yazmaqda israrlı olduğunu söyləyən bu gözəl insanla növbəti söhbətə ümidlə.

Söhbətləşdi: Aydın Canıyev

# 3417 dəfə oxunub

Müəllifin son yazıları

# # #