Qızına tapşırıq verib ki, kibrit qutularını satmasan, evə gəlmə

Qızına tapşırıq verib ki, kibrit qutularını satmasan, evə gəlmə
5 yanvar 2015
# 15:08

Kulis.az gənc yazar Asiman Eyniyevin “Barbarosa” hekayəsini təqdim edir.

Uzun pəncərənin tülündən axşam günəşinin öləzimiş şüaları süzülürdü. Yaşlı qadın siqaretini yandırıb kibrit qutusunu kağız yığınının üstünə atdı. Şeirini tamamlaya bilmirdi. Hündür kreslodan ayağa qalxdı. Sol ayağını birtəhər arxasınca sürüyüb mətbəxə keçdi. Qaz sobasının üstündəki qəhvədan daşmışdı. Siqareti dişlərilə möhkəm sıxdı.

– Lənətə gələsən! –dedi.

Siqaretin maviyə çalan tüstüsü sol gözünü göynətdi. Gözünü qıyıb qazı söndürdü, əski parçasıyla sobanın ətrafını sildi, qəhvəni fincana süzüb yenidən otağa qayıtdı. Əlindəkini stolun üstünə qoyub pəncərəyə yaxınlaşdı. Ağ, nəmli tülü çəkdi, pəncərəni açıb başını bayıra çıxartdı. Havadan yanmış rezin iyi gəlirdi. Hardasa zibil yeşiyinə od vurmuşdular. Yan binanın divarına çəkilmiş qraffitiyə baxdı. “Dünən o şəkil yox idi, yəqin gecə çəkiblər”–deyə düşündü. Nədənsə o şəklin silinməsini istədi. “Bu, küçə uşaqlarının işi deyil, kim çəkibsə öz məqsədi var”–dedi qadın əsəbiləşərək. Şəklin üstündə “postmodern arxitektura” yazılmışdı.

Dar küçədə futbol oynayan uşaqların səsi aləmi götürmüşdü. Ayaqyalın topun arxasınca qaçan qızı görüb həyəcanlandı. Əlindəki siqaret kötüyünü həyətə tolazladı. Pəncərəni azca yuxarı qaldırıb yerinə oturtdu. Pəncərənin taxtası şişmişdi və bağlamaq bir az çətin idi. Qəfil isteriyaya qapıldı. Bayaq oxuduğu nağıl yadına düşmüşdü. “Kibritsatan Qız”ın nağılı...

Qəhvədən bir qurtum götürüb fikrini dağıtmaqdan ötrü yenidən kresloda oturdu. Vərəq üzərinə düzdüyü sözləri yerbəyer edə bilmirdi. Qağayı, dəniz, qayıq, liman, çərpələng, qəhvə, külqabı, mavi çiçəklər və başqa sözləri toplayıb nəsə yazmaq istəyirdi. Alınmırdı... Kibritsatan qızın əksi gözlərinin önündə canlandı. Qarda ayaqyalın dolaşan qızın aqibəti onu dərindən sarsıtmışdı. Qadın ürəyində özünü söydü. Axı niyə oxudu o nağılı, niyə? Nağılın təsirinə bu qədər düşmək olarmı? Nağıldır da, sonu faciəylə bitən adi bir nağıl...

Danimarkalı yazıçının uşaqlar üçün qələmə aldığı nağılda bir qız təzə ilin ilk axşamında kibrit satmağa yollanır. Yolda ayaqqabılarını itirir və qarda ayaqyalın gəzməli olur. Soyuğa tab gətirməyən qızcığaz evlərdən birinin tinində daldalanacaq yer tapır. Divarın küncünə qısılır. Qızcığazın atası zülmkardır, qızına tapşırıq verib ki, kibrit qutularını satmasan, evə gəlmə.

Qızcığaz, qutudan bir kibrit çıxarıb yandırır. Xəyalında olan dadlı xörəkləri kibritin işığında görür. Kibrit sönəndən sonra onun kiçik arzuları da puç olur. O, bu minvalla bir neçə kibrit yandırır və xəyallara dalır. Sonda qızcığaz, onu ən çox istəyən bir adamı –təzəcə ölmüş nənəsini kibritin işığında görür. Nənəsindən ayrılmamaq üçün qutudakı kibritlərin hamısını birdən yandırır. Ətraf işıqlanır. Qızcığaz görür ki, nənəsi onun əlindən tutdu, onlar birlikdə harasa yollandılar...

Səhəri gün evin tinindən qızın ölüsünü tapırlar. Onu tapanlar belə qərara gəlirlər ki, qızcığaz isinmək istəyirmiş və yanında nə qədər kibrit varsa hamısını yandırıb.

– İlahi, dəhşətdir! Axı niyə? –yaşlı Barbarosa beynini ovuşdura-ovuşdura masanın üstündən kibrit qutusunu götürdü, baxdı, əlində oynada-oynada ayağa durdu. Otağın küncünə qoyulmuş telefon zəng çaldı. Zırıldayan telefona yaxınlaşan Barbarosanın fikri dağınıq idi. Dəstəyi götürüb:

– Eşidirəm! –dedi Barbarosa.

- Bağışlayın, almanlar tərəfindən hazırlanan əməliyyat planı “Barbarossa”yla danışıram?–deyə dəstəyin o biri tərəfindən kimsə qəhqəhə çəkdi.

– Xeyr, siz şairə Barbarosanın evinə zəng vurmusunuz. Bir də o əməliyyat planı iki “s”–lə yazılır –deyə əlavə etdi: –Qızım, sənə ehtiyacım var, bu gün bizə gəl. Bilmirəm, ürəyim darıxır –ürəyində danimarkalı yazıçını söydü–özümü pis hiss edirəm –dedi, kibrit qutusuna baxa-baxa onu barmaqları arasında gəzdirdi.

– Əlimdə bir az işim var, tamamlayım gələrəm.

– Yaxşı, gözləyirəm, mütləq gəl!

Barbarosa dəstəyi yerinə qoydu. Qələmi götürüb divara vurulan təqvimə yaxınlaşdı. Nədənsə bugünkü tarixi uğursuz bir gün kimi işarələdi. Kreslonu pəncərənin qarşısına çəkib oturdu, əlindəki kibrit qutusunu barmaqlarının arasında gəzdirə-gəzdirə dərindən ah çəkdi.

– Bu cür hadisələr baş verir, bilirəm. Nağıllar uydurma deyil, olmuş əhvalatlardır. İllər ötdükcə nağıla çevrilirlər. İlahi, axı uşaqların günahı nədir? Bir sehrli qüvvə yetərdi ki, o qızcığaz soyuqda donmasın. İlahi, niyə belə edirsən?

O, bir neçə dəfə dərindən nəfəs aldı. Rahatlanmaqdan ötrü gözlərini yumdu.

Binanın qarşısında dayanan maşından qara parçadan kostyum geyinən bir qadın düşdü. Ehmalca binanın ikinci blokuna girdi. Pillələri qalxdı. Qapılarına çatanda dayandı. Nəsə fikirləşdi, sonra qapı zəngini basıb qapının böyründə gizləndi. İstəyirdi ki, gəlişi anası üçün sürpriz olsun. Bir az gözlədi. Zəngi təkrar dörd dəfə basdı. Açan olmadı. Çantasından hövlnak ehtiyat açarı tapıb, qapını açdı.

Kresloda oturan Barbarosa gözlərini yummuşdu.

Qız:

– Ana– deyə çığıraraq onun üstünə atıldı. Bu vaxt Barbarosanın əlindən nəsə düşdü. Qızı buna fikir vermədi. Hətta ayağı ilə onu tapdaladı da. Kibrit qutusu əzilmişdi...

10.03.2013

# 1749 dəfə oxunub

Müəllifin son yazıları

# # #