Modernizm kultu - Elnarə Akimova yazır

Modernizm kultu - <span style="color:red;">Elnarə Akimova yazır
11 noyabr 2015
# 21:00

Kulis tənqidçi Elnarə Akimovanın “Azərbaycan poeziyasında yeni təfəkkür kultu – Modernizm” məqaləsini təqdim edir.

I YAZI

Hər şair dünyaya yetişdiyi dövrün, mühitin çevrəsindən baxır. Şairin yetişdiyi, poetik təfəkkürünün formalaşdığı zamanın onun yaradıcılıq yolunun müəyyənləşməsində xüsusi rolu olur. Əslində mübadilə qarşılıqlıdır: “Hər dövr və nəsil öz şairini elə ona görə böyük poeziyaya gətirir ki, əvəzində şair də öz nəslini, dövrünü böyük poeziyaya gətirsin. Əks təqdirdə isə, bu böyük bədii estetik qanunauyğunluğun pozulduğu yerdə isə poetik nəsillər və fərdiyyətlər arasında təbii münasibətlərin də qanunauyğunluğu pozulur və tarixə, əbədiyyətə yeni nəsillər əlavə olunmur.” (Yaşar Qarayev). Keçid dövrü kimi xarakterizə olunan, müəyyən sosial-siyasi, iqtisadi problemlər, mənəvi-psixoloji sarsıntılar yaşadan 1990-cı illərin özü ilə gətirdiyi mövzular yeni idi və o, ətraf aləmə, dünyaya münasibətdə tam yeni yanaşma tələb edirdi. Elə bir yanaşma ki, orada yeni zamanın və yeni insanın durumu, yaşantısı əksini tapa bilsin. Dövrün başlıca məramı – yeni təfəkkürün təşkili, təşəkkülü olduğundan poeziyanın başlıca məramı hakim missiyanın realizəsinə yönəlmişdi. Çağdaş dövrün tələbindən poeziyanın özünü sərf-nəzər etməməsi təbii idi. Çünki yeni təfək­kür yeni insanın dərki məsələsini qabardır və insan təfəkkürünün, psixologiya və mənəviyyatının yenidən qurulması prosesində bədii ədəbiy­­yat spesifik təsir qüvvəsinə malikdir. Bu mənada, onun orqanik, üzvi hissəsi kimi fəaliyyət göstərən poetik düşüncənin proseslərə müdaxiləsi yeni təfəkkür quruculuğu proseslərinin intensiv və aktiv xarakter daşımasına stimul idi.

Yeni təfəkkürə canatım, köhnə psixologiyadan, düşüncə tərzindən qopub müs­təqil, sərbəst, tam milli əsaslarda yaradıcılıq prosesinə dönüş poeziyanın təlqin etdiyi başlıca qayə olsa da buna nail olmaq o qədər də asan məsələ deyildi. Bunun üçün məhz, "milli varlığa çökmək", zamanın üzərinə böyük məsuliyyət yükü qoymuş Sözün nüvəsinə (təcrübəsinə), bətninə enmək və məhz oradan baxış bucağını çağdaş gün­lərə səmtləndirmək gərəkirdi. Digər tərəfdən, dünya estetik-fəlsəfi fikrinin milli ədəbiyyata doğru yolunun qapalı olması səbəbindən uzun zaman susmuş, yaxud təcrübədən keçirilməmiş estetik təmayüllər vardır ki, müstəqillik əldə olunduqdan sonra prosesə yeriyirdi. 1990-cı illər yeni mərhələyə hər iki qütbün təması - dünya şeirinin poetik gücü və ənənəvi-realistik şeirin nəfəsi ilə daxil olurdu.

1990-cı illərdən başlayaraq milli poeziyamıza modernist cərəyanların tətbiqi prosesi başladı. Poeziyanın bütünlükdə ritmi, avazı, düşüncə yönü “izm” axtarıcılığına doğru istiqamətləndi. Kommunist partiyasının süqutu ilə sosialist realizmi metodunun rəsmi hökmfərmalığına bilmərrə son qoymasa da bir-birindən fərqlənən müxtəlif yaradıcılıq metodu istiqamətini üzə çıxardı və 90-cı illər poeziyası ilk növbədə, bu metodların çoxcəhətli, qarşılıqlı münasibətləri fonunda araşdırılmalıdı. Tənqidçi Əsəd Cahangir “Minillərin ayrıcı” məqaləsində poetik təsərrüfatı aşağıdakı bölgülər üzrə təsnif etməyi məqsədəuyğun sayır: “Milli realist şeir, Simvolist şeir, Modernist şeri və Postmodernist şeir”. Bu bölgü 90-cı illər şeirimizin ümumi inkişaf stixiyasını demək olar ki, dəqiq sərgiləsə də müəyyən mübahisəli məqamlara yol açır. Məsələn, təqdim edilən bölgüdə mübahisə doğuran məqam tənqidçinin simvolist şeiri modernizmdən ayrı təsnif etməsidir. Aydındır ki, simvolizm dekadentizmdən sonra gəlib özündən sonra modernizmi gətirən, onu yetişdirən cərəyandır. Bu mənada Ə.Cahangirin simvolist şeiri əlahiddə təsnif etməsi ilə razılaşmaq olmur. Tənqidçi “Yeni ədəbi nəsil: axtarışlar, problemlər” toplusunda əksini tapan məqaləsində da həmin bölgünü israr edir: “Vəziyyətin mürəkkəbliyi çoxsaylı metodların qarışığından ibarət eklektizm yaratsa da, hər halda bu gün gənc şairlərin yaradıcılığını üç başlıca istiqamətdə təsnif etməyə mane olmur: realizm, simvolizm və modernizm. Nəhayət, bunlara hələ lap yenicə yaranmaqda olan postmodern meylləri də əlavə etmək olar”. Tənqidçi-ədəbiyyatşünas Vaqif Yusifli “Poeziyanın yolları və illəri” monoqrafiyasında Ə.Cahangirin təsnifatındakı digər məsələ ilə razılaşmayaraq yazır: “... dördüncü bölgünü şeirimiz üçün artıq oturuşmuş bir poetik istiqamət kimi təqdim etmək doğru deyil. Müasir Azərbaycan poeziyasında “postmodernist şeir” istiqaməti hələ yalnız eksperiment səciyyəsindədir”. Burada isə V.Yusiflinin fikirləri bizi qane etmir. Nədən ki, 1990-cı illərdən başlayaraq postmodernizm müasir bədii düşüncəni stimullaşdıran əsas yaradıcılıq istiqaməti olduğundan həmin dövrün poeziyası haqqında danışarkən ondan ayrıca bəhs eləməmək düzgün olmazdı. Hətta eksperiment səviyyəsində olsa belə müasir Azərbaycan poeziyasının müstəqillik illəri çağımızadək bu təmayülün təsiri altında təhlilə cəlb edilir. Necə ki, həmin bölgünü qəbul etməyən V.Yusiflinin özü belə “Poeziyanın illəri və yolları” monoqrafiyasında postmodernizmdən ayrıca bəhs etmiş, onun Azərbaycan poetik fikir məkanında funksionallıq gücünü təhlil etməyə çalışmışdır.

İfa tərzinə, fakta, həyat hadisələrinə yanaşma üsuluna görə yeni dövrün poeziya nünunələrini əksər tənqidçi-ədəbiyyatşünaslar (N.Cəfərov, Q.Bayramov, T.Əlişanoğlu, R.Ulusel, S.Məmmədova və b.) əsasən, bu formada təsnif etmişdir: ənənəvi şeir, eksperimentçi şeir, modernist şeir və avanqard tipli şeirlər. Digər ədəbiyyatşünasların təsnifatlarında müəyyən ayrıntılar nəzərə çarpırsa da, ümumilikdə poetik düşüncə sistemimizin təsnifatı ənənəvi şeirlə modernizə axtarışlarının qarşılıqlı, yaxud bir-birini inkar edən mənzərəsi üstə əyaniləşir. Üst qatda hakim olan etiraz, modernist şeirləri qəbul etməmək mövqelərinə rəgmən alt qatda bu cərəyanların varlığı özünə daha hamar yol açır. Var olmayan bir nəsnə haqda necə bəhs etmək, dartışmaq, fikir mübadiləsi aparmaq olar?! Ortada olan mətnlər daha çox bu mövqeni israr edir.

Bəhs edilən modernist cərəyanların şeirdə ifadəsi mətnlər üstə əyaniləşdi, reallaşdımı, yoxsa yalnız monifestasiya kontekstində danışmağa rəvac verdi?! Yəni, çağdaş Azərbaycan poeziyasında hansı təcrübə daha artıq sözünü deyir – poetik irs, onun yeni modifikasiyada təqdimi, yoxsa yeni şeir axtarışları, onun yeni forma və məzmunda təzahürü?

Birbaşa deyim tərzinə köklənən ənənəvi şeir, təcrübə xarakteri daşıyan eksperimentçi şeir, eləcə də modernist və avanqard şeirlər yaşarılığında bu gün də israr edir. Sadəcə özünü təsdiq etmə, yaxud tükətmə faktoru ilə. Məsələn, bu gün modernist deyə təsnif olunan şeir 1960-80-ci illərin poetik məkanında eksperiment səciyyəsi ilə seçilirdilər. Zamanı gəldi, özünü təsdiq etdi, R.Rzanın poeziyada sərbəst gəzişmələri sərbəst şeiri stimullaşdıran zəminə çevrildi, V.Səmədoğlunun psixoloji yaşamları bütöv bir tendensiyaya yol açdı. Bu gün həmin poeziyadan ənənəvimi deyə bəhs edək, yoxsa modernist şeir deyəmi?! Ancaq unutmayaq, yenilik cəhdlərinə açıq olan modernləşmə meylləri hələ modernizm hadisəsi demək deyil. Bu baxımdan, 90-cı illər poeziyasında lirik ovqatın özündən əvvəlki poeziya ilə ruhsal-mənəvi yaxınlığı vardı, fəqət onun daxili yaşamını, təkliyini, tənhalığını stimullaşdıran amillər fərqli idi. Yəni, yollar eyni ola bilər təbii, fəqət yolçuluqlar ayrı idi.

Hər dövrün öz yeniliklər dalğası var. Müstəqillik dönəminin yeniliyi Avropa modernist cərəyanlarının poeziyaya axını, tətbiqi, təbliği (proses başlıca olaraq bu şəkildə gedirdi) formasında meydana çıxırdı. Önəmli olan nə idi, bilirsinizmi?! “Mənim üçün həqiqi poeziya intellektual düşüncəni milli dillə ifadə edən poeziyadı” – yazırdı Bayram Əvəzoğlu. Bax, bütün bu yenilik cəhdlərinin, modernizə axtarışlarının nəhayətində çox az mətnlər həmin zirvə məqamına yüksələ bilirdilər. Azərbaycan poeziyasında milli modernizə cəhdləri də bu zaman baş tuturdu. Şeir çağdaş zamanın və insanın durumunu, onun fərdi ağrılarını milli dillə ifadə etməyə nail olanda.

Erminq Kristi yazır: "Poeziya reallığın imitasiyası və ya hansısa təfsiri deyil. Poeziya özlüyündə daha çox reallıqdır. O, adiliyin pərdəsini kənarlaşdırmaq və şüurumuzun "gerçəkliklə" təmasda olduğu "qoruyucu mexanizmi"nin fəaliyyətini nümayiş etmək cəhdini təcəssüm edir. Yaxşı əsər – reallığın oxucu şüurunda partlayan laxtasıdır. Bu sözlər yalnız poeziya deyil, bütün modernizm estetikası üçün qanun gücünə malikdir.” Bütün dünya civarında XX əsrin əvvəllərindən başlayaraq baş verən böyük dəyişikliklər, ənənə və novatorluğun qarşıdurmasının yaratdığı böhran məhz üçüncü minilliyə keçid ərəfəsinəsinin mahiyyətinə və məzmununa təsir edən əsas ünsürlər idi. Bəllidir ki, XX əsr tarixin yaddaşında yalnız iki dünya müharibəsi, inqlab və əksinqilab, total çevrilişləri və bunun fonunda qabaran sosial-ictimai, siyasi-iqtisadi dəyişiklikləri ilə deyil, həm də bunları dərk etməyə, yenməyə çalışan, mənəvi böhran yaşayan insanın özgələşməsi ilə yadda qaldı. İçinin təkliyi, mənəvi tənhalığı ilə baş-başa qalan insan gerçəkliyin dərkinin yeni formalarını axtarmağa başladı. İnsan özündən əvvəl mövcud olmuş ənənəvi sənətin əleyhinə çıxmağa, yeni təfəkkür kultu yaratmağa başladı. Sənətdəki klassik modellər köhnəlmiş, insanı dərkdə heç nəyə yaramayan təfəkkür tipləri kimi inkara məruz qaldı və gerçəkliyi əks etdirmədə daha avandard konsepsiyalar irəli sürülməyə başlandı. Bu konsepsiyada insanın fərdi duyğuları daha öndə idi. Texnologiyanın sürətli inkişafı, elmdə baş verən irəliləyişlər, təbiət elmlərində edilən kəşflər, informasiya partlayışı - heç biri insanın xoşbəxt olmasına yol açmadı və bu, nəhayətində XX əsr insanının dünya, təbiət və “mən”i arasında başlanan daxili özgələşməyə gətirib çıxardı. İnsanın həyat hadisələrinə münasibətdə estetizmdən və humanizmdən məhrum olmasını şərtləndirdi. Bütün dünya miqyasında özünü göstərən bu prosesin adı modernizm kimi səciyyələndirilirdi.

Modernizm sözü latınca "modernus" sözündəndir, mənası "indi", "tez", "bu dəqiqə" deməkdir. O keçmişin əleyhinə çıxan, onu büsbütün inkar edən, daha çox yeniliyə can atan, zamanın nəbzini tutmağa çalışan cərəyandır. Bu cərəyana görə həyat durmadan inkişafdadırsa, bədii düşüncə də onunla ayaqlaşmağa çalışmalı, keçmişin ənənəvi meyarlarından silkinib ayrılmalıdır. Deməli, modernizm daha çox zamanla bağlı yeni ideyaların ortaya çıxmasına rəvac verən düşüncə sistemidir. Eyni zamanda bəllidir ki, yeni zaman barədə ideya istər-istəməz yeni insan, yeni dünya, yeni düşüncə barədə ideyaların doğuluşunu da şərtləndirir.

D.Sarabyanovaya görə “Modernizm keçmiş zamanın yükünü daşıyır, - xüsusən XIX əsrin”. Bu yük insanların çiynində zamandan zamana ötürülür. Özünü aldadan, başını qatan insan hərdən içini tökməyə fürsət, dərdini bölüşməyə imkan gəzir. O zaman həyat örtüyə, qılafa bürünmədən mətnlərdə üzə çıxır. Modernizm daha çox həyatı olduğu kimi, haşiyəsiz-boyasız təsvir etməyi təlqin edən cərəyandır. Bütün sərt, fəci və dramatik yönləri ilə bədii düşüncənin predmetinə çevrilən həyat ona görə bu qədər cansıxıcı və boz təsir bağışlayır, birmənalı qarşılanmırdı. Amma doğrudanmi, həyat bu qədər acı, rəngsiz və darıxdırıcıdı? Yoxsa, modernistlər üçün təsvirə çəkilən yalnız bu məqamlardır? Bəlkə anlayışın özündən əvvəlki sənətin inkarında, ənənəvi düşüncəyə etirazın alt qatında məhz, bu amil dayanır? Məsələ burasındadır ki, həyat yalnız romantikadan, hər şeyin yaxşısına hesablanmış nəsnələrin cəmindən ibarət mövcudluq forması deyil. Dünyanın, yaşanan ömürlərin, talelərin pərdəarxası gizlinləri də var... Bu cərəyanı realizmdən, yaxud naturalizmdən fərqləndirən incə fərq, sərhəd də bunda idi. Norveçli yazar Steyn Münhen qeyd edir ki, “Naturalistlər dünyanı deyil, onun surətini təsvir edirdilər.” Realistlər isə daha çox tənqid, ifşa yolunu tutaraq, ümumiləşmiş şəkildə cəmiyyətin problemlərini qabardırdılar. Modernizm isə daha çox fərdin ifadəsinə, onun individual yaşayışının, düşüncəsinin təsvirinə hesablanmış baxış, dünyagörüş idi. Modernizm özlüyündə obyektivi ədəbiyyatın bərkdən danışmağa o qədər də adət (bəlkə də cəsarət!) etmədiyi tərəflərə tuşlayırdı, underqraund məqamları hədəf alırdı. O zaman Espen Hovardsholmun yazdığı kimi belə bir sual yaranır,: “... bizim görməyə vərdiş etdiyimizi yalnız qeydə alan sənətin mənası varmı?” Modernist sənət təbii ki, gerçəkliyin stenoqrafı olmaq missiyasından çıxış eləmirdi. Sadəcə, onun predmetinə çevrilən məqamlar o qədər dərinlərə işləyir (dərinlik modernizmdə vacib məqamdır) və onları təbii, natural nüans səhihliyi ilə sərgiləyirdi ki, oxucu çaşırdı: orda özünü, qonşusunun həyatını, rastlaşdığı situasiya və fiqurların portretini görürdü. Modernizmin əsas manifestasiyasında bu belə izah olunurdu: “... incəsənətdə ağırlıq mərkəzi zahiri plandan daxiliyə keçib: sənətkarın vəzifəsi obyektiv mövcud olan gerçəkliyi təsvir, təcəssüm etmək deyil, öz daxili bədii məkanından çıxış edərək, bu gerçəkliklə münasibətə girərək, sırf subyektiv sənət yaratmaqdır.” Modernizm “sırf subyektiv sənət” kredosuna əsaslandığı üçün “fövqəlsavaş” estetikasından çıxış edir, hər şeyi içinin təzahürlərinə enərək mətnə gətirirdi. Onun “içi” isə bəşər naqisliklərindən bezmiş, usanmış ruhun yorğunluğundan qidalanırdı və hər bir mübarizəyə qapalı məcrada manevrlər edirdi. Bu mənada, demək lazımdır ki, modernist estetika həyatın böhranından deyil, daha çox həyata münasibətin böhranından nəşət tapan düşüncə hərəkatı idi. Modernistlər bəlkə ona görə ənənəvi sənətin əleyhinə çıxırdılar ki, onların hər şeyin düzələcəyinə olan inamını qəbul edə bilmirdilər. Çünki hətta realistlər elə güman edirdilər ki, tənqid, ifşa, yaxud maarifçilik yolu ilə dünya düzəninə dəyişiklik edəcək, xariqüladə çevrilişə nail olacaqlar. Modernistlər isə tərəqqidən büsbütün əllərini üzmüşdülər. Hər halı ilə travestik duruma düşən dünyanı harmonik şəklə salmaq onlara görə çətin, hətta mümkünsüz idi. /"Ədəbiyyat qəzeti"/

# 1824 dəfə oxunub

Müəllifin son yazıları

# # #