Yanırsan?

Yanırsan?
3 oktyabr 2014
# 11:11

Kulis.az yazıçı Natiq Rəsulzadənin “Payız” hekayəsini təqdim edir.

B.B. Ədəbiyyat İnstitutunun bağında, Gertsenin abidəsinin altındakı skam­yada oturub nostalji ovqata qapılaraq, 70-ci illərin əvvəllərində təhsil aldığı ali məktəbin, Moskvada keçən coşğun, qayğısız, gümrahlıq, gənclik havası dolu tələ­bə­lik illərinin... nə isə arxada qalmış çox şeyin xiffətini çəkirdi. Payız idi. Oktyabr günlərinin biri.

B.B. (inisiallar adının və soyadının baş hərflərinə uyğun gəlsə də, əslində bu, yerli-yersiz yarı and, yarı müqəddimə kimi işlətdiyi ifadənin baş hərflərinə müvafiq olaraq dostlarının ona verdiyi müraciət forması idi) əyləşdiyi yerdən məhəccərli hasarın o üzündə - küçədə və Tver bulvarında o tərəf-bu tərəfə dolaşan - yaz mövsümünə uyğun geyinmiş yeniyetmə, gənc qızlara baxırdı, qızlar elə həmin qızlar idi, lap əvvəllərdə olduğu kimi. Moda da bu illər ərzində gedib təzədən qayıtmışdı. B.B. burnunu çəkib, qüssəsini də müvəqqəti unudub dirçəldi. Töv­şü­yə-tövşüyə siqaret çəkdi, kötüyünə çırtma vurub, yanından ötən növbəti qızı tərəd­düd içində səslədi:

- Ay qız!

Sonra nə deyəcəyinisə bilmirdi. Qəribə də olsa, nərmə-nazik qız dayandı və bir qədər təəccüblə tələsik skamyadan qalxan B.B.-yə baxdı. O, hasara yaxınlaşıb, sanki qəfəsə salınmış kimi, hər iki əlilə məhəccərdən yapışdı və bacardığı qədər səsinə yumşaqlıq verib, nə vaxtsa öyrəndiyi və çoxdan unutduğu ingilis tələffüzü ilə təkrar etdi:

- Ay qız.

- Nədir, əmi?

Qız çox sakit halda, tamamilə istehzasız-filansız soruşdu.

B.B. birdən anladı ki, əllini haqlayır və qarşısındakı qızla çox yəqin ki, düz otuz il əvvəl, bu barmaqlıqlı hasar arxasında oxuyarkən, həmyaş olub.

- Ay qız, - mən çox tənhayam, - tələbəlik illərinin kasıb repertuarından istifadə edərək, sözünə davam elədi.

Qız deyilənləri soyuqqanlılıqla qarşıladı, ancaq getmədi, hadisələrin necə davam edəcəyini gözlədi, yəqin hər şeylə maraqlanan idi. B.B. bağın çıxışına doğru addımladı, çıxış əks tərəfdə olduğundan belə təsəvvür yaranırdı ki, təzəcə titrək səslə yolundan etdiyi qızdan qaçır. Qız tərəddüd içində yerində qurcalandı, ayaq­la­rının birini götürüb, o birini qoydu, amma gözlədi. B.B. gözlərinə inanmayıb sevin­cək qıza yaxınlaşdı, amma cəsarət etməyib qızın dirsəyinə toxundu (qız qolunu çəkdi, guya toxunulmazdır), sanki öz dediyinə inanmayıb:

- Siz füsunkarsınız, - dedi - həyəcandan səsi batmışdı, öz səsini güclə eşi­dirdi, elə bil onu yastıqla boğurdular, o da vəsiyyət edirdi.

- Əmi, - ondan fərqli olaraq qız öz ilahi görkəminə uyuşmayan, təəccüblü dərəcədə adi tərzdə dilləndi, - sizin kimilərdən mən yüzlüyün parasını götürürəm.

B.B. o dəqiqə ruhdan düşdü, öz-özünə:

- Dünyada müqəddəs hisslər qalmayıb, - deyə dodaqaltı mızıldandı.

- Qalıb, - qız etiraz etdi - ancaq onlar çox bahadır.

B.B. gərginliklə olub-qalan pullarını fikrində hesabladı və başa düşdü ki, bu işgüzar qıza verəcəyi əlli dollar onun kasıb büdcəsinə zərbə vuracaq və geriyə qayıtmaq ьçьn heç təyyarə bileti də ala bilməyəcək. O, köksünü ötürdü, qulağının ardını qaşıdı, həyatın çətinliyi barədə nə isə mızıldandı və qız vəziyyəti anladığın­dan yoluna düzəldi. Lakin B.B. tez özünə gələrək, yaralı ovun dalınca qaçan ovçu kimi, iti addımlarla qaçıb küçəni keçməyə hazırlaşan qızı haqladı. Qızın dirsəyindən tutub onu özünə tərəf çevirdi və zavallı bir görkəm alıb soruşdu:

- İyirmiyə olar?

Qız yenə dirsəyini çəkib dərindən nəfəs aldı:

- Get dincəl, əmi, bu lap havayı düşər ki!

- Gedək, - B.B. qətiyyətlə dilləndi, - narahat olma, razılaşarıq.

Küçəni birlikdə keçdilər və Tver bulvarının ortasına düşdülər, nə yer, nə də vaxt B. B. üçün əlverişli deyildi.

B.B. ikinci il idi ki, Qış sarayı kimi Ədəbiyyat İnstitutuna hücum edirdi. İkinci hücum zamanı İra adlı və çox cingiltili, parlaq familiyalı qızla rastlaşdı, geniş yayılmış ada məhəl qoymayaraq sonralar onu soyadı ilə çağırırdı. Əslində onun adı İra yox, Regina idi, lakin ona bu adla müraciət edəndə xoşu gəlmirdi. Səbəbini belə izah edirdi ki, o adamlarda öz adına qarşı allergiya yaranır ki, onlar adqoyma məqamına nəzarət edə bilmirlər. Qız əvvəllər onu adı ilə çağırsa da çoxmənalı abreviaturanın daşıyıcısı olduqdan sonra, bu dilinə yatmayan qafqazlı adını bir qırağa atıb, ona ixtisarla müraciət etməyə başlamışdı.

- B.B, - deyərdi o, - bu gün Nikitskiyə getsəydik pis olmazdı. Orada Ku- rosavanı göstərirlər.

- Hə, - oğlan fikirləşib cavab verərdi, - Kurosavaya baxmağa dəyər.

Tanışlarıgildə təsadüfi bir məclisdə rastlaşmışdılar, qonaqlar çayı, şampan şərabını, portveyni (yeri gəlmişkən, B.B.-nin vətənində istehsal edilən və əyyaşlar arasında məşhur olan, B.B.-nin də bundan qürur duyduğu içki), arağı bir-birinə qarışdırıb, yetmişinci illərə xas yarıpıçıltı ilə Soljenitsının nəşr olunmamış əsərlərindən danışırdılar. B.B. və İra tezliklə bir-birinə isinişərək sevənlərin adəti üzrə boş şeyləri (qız özlərindəki mənfi və xoşagəlməz xüsusiyyətləri belə adlandırırdı) nəzərə almadan, demək olar ki, canbirqəlb olmuşdular.

Həmişə yataqxanadan qızın mənzilinə zəng vurub deyərdi:

- Soriqo, bu gün yemək yemə, pəhriz saxla, bizi sabah şam yeməyinə dəvət ediblər. Araqla zeytuna. Zeytunu özümüz almalıyıq.

Onun yarışit zarafatlarına artıq alışmış olan qız isə cavab verərdi:

- Yaxşı.

Beləliklə, dönüb olmuşdu Regina Soriqo. Bax beləcə, Pribaltika-osetin adı. Ədəbiyyat İnstitutunun tələbəsi olduğunu nəzərə alıb, artist təxəllüsünü xatırladan bu adı ilk tanışlıqdan ona təklif etmişdi, axı gələcəkdə muzalara xidmət edəcəkdi. B.B. nəzakətlə təşəkkürünü bildirib imtina etmişdi. Bizdə daha ekzotikləri var.

Fərq yaşlarında idi. Oğlanın on doqquz, qızın iyirmi üç yaşı vardı. Ədəbiyyat İnstitutunun yataqxanasında, "Malinovkada toy" kimi naftalin iyi verən köhnə filmlərin göstərildiyi, ədəbiyyat sahəsində Nobel mükafatı - heç olmazsa 1975-ci il ьçьn - almaq arzusu ilə yaşayan bekar tələbələrlə dolu qaranlıq kinozalda oturub, şəkərli fındıq yeyirdilər, birdən oğlan qızın biləyindən tutub (onun ekssentrik hoqqalarına adət etsə də, gözlənilməz hərəkətdən qışqırdı) hörümçək kimi özünə tərəf çəkərək, onu zaldan çıxardı, ekranda isə filmin şən personajları oxumağa, oynamağa başlamışdılar. Bayırda noyabr idi. Yer də yaş, palçıqlı.

- Nə olub? - qız sakit, lakin qəzəbli halda dilləndi. - Fındıqlar başına vurub?

B.B. ehtirasdan səsi batmış halda cavab verdi:

- Başıma yox.

- Əlbəttə, - yanında əyləşmiş kurs yoldaşı soyuqqanlılıqla onun gedişini şərh etdi - belə pornofilmə baxandan sonra hər kəs həvəsə gələr.

Bir dəfə növbəti, daha doğrusu, növbədənkənar qəzəbli yaxınlıq zamanı (əgər bu zərif "yaxınlıq" sözü gurultulu, narahatlıq ifadə edən "qəzəbli" təyininə uyğun gəlirsə), qız ehtirasdan, məmnunluqdan boğularaq kəsik-kəsik nəfəs alır, güclə eşidilən bir səslə nə isə inildəyirdi. Sonra inilti konkret sözlərlə ifadə olunurdu:

- Ölmək ölməkdirsə, elə indicə ölüm, ilahi!

- Sus, - finişi haqlayan sprinter kimi, o da tövşüyərək xırıltılı səslə dillənmişdi.

...Bunu yazıb nə isə xatırladı. Səhər o qədər də xoşuna gəlməyən və qeyri-yaradıcı işlərin axarında yadından çıxmasın deyə qeydlərini etmək üçün kağız axtarırdı, lakin bir vərəq belə tapmadı, kreslodan durub qonşu otağa keçərək gecənin bu vaxtı şkafdan ağ kağız axtarmağa həvəsi yox idi. Elə burada, hekayəni tamamladığı sonuncu səhifənin ortasında tələsik yazdı: "Maklerin yadına salmaq lazımdır ki, müştərini tələsdirsin". Və sona da bir nida işarəsi qoydu. Məsələ burasındaydı ki, o böyük mənzilini satmaq, əvəzində kiçik mənzil almaq, qalan pula bir müddət yaşamaq, təsadüfi, ürəyinə yatmayan gəlirlər haqqında düşünməmək istəyirdi. Onun yaşadığı bu Allahın hifz etdiyi ölkədə yazıçıların əməyinə qiymət verilmirdi, bütün dünyadasa yazıçı zəhmətinin məhsulu ən yüksək qiymətini alırdı! Burada isə qonorar az idi, çox az idi. Sözün əsl mənasında yazıçılar dilənçidən də pis yaşayırdılar, dilənçilər daha çox qazanırdılar. İstədiklərini yazıb, hər şey barəsində düşünüb, birdən hekayəni davam etdirmək həvəsini itirdi. Qələmi (qrafik-fantastik 2000-ci ildə bu yazı aləti ilə işləyirdi, kompüterlər, cənablar, kompüterlər yazıçılar üçün əlçatmazdır) atıb yatmağa getdi. Əsnəyərək, "sabah bitirərəm" – o da əgər ümumiyyətlə, bir şey yazmaq lazımdırsa, - deyə düşündü. Yadına düşdü ki, on beş-iyirmi il əvvəl yazıçılıq, ədəbi yaradıcılıq ona deyilməyəcək zövq verir, hər tapıntının, hər uğurlu cizginin, ovqatın, dialoqun doğurduğu sevincdən ürəyi şiddətlə döyünür, isti, nəfəskəsici dalğa canına yayılırdı, o şövqlə işləyir, heç qonorar haqqında düşünmürdü də, bununla belə, xeyli qonorar da alırdı. Bəs indi... İndi isə əlində yazdığı hekayəni yarımçıq qoyub, sabah görəcəyi işlərin qeydiyyatını aparır. Beləliklə, həyat bütün şüurlu ömrünü sərf etdiyi sənətə də müdaxilə edib. Həyat qələbə çalır. Yaxşı, yatmaq lazımdır.

Bir gün Regina Soriqo onu zooparka aparmağı xahiş etdi. Onlar Puşkin meydanında, şlyapasını çıxararaq ayaq üstə dayanmış şairin heykəlinin yanında görüşdülər.

- Həyat necə keçir? - Regina Soriqonu dörd gündü görməyən B.B. maraqla soruşdu.

- Həyat? - qız suala sualla cavab verdi və sanki bu sözün dadını aydınlaşdırmaq istəyirdi. - Belə də. Axarı ilə gedir. Hər şey ötür məndən...

O, konservləşdirilmiş hazır yeməkləri sevmirdi və yataqxanada, otağında onu iş gözləyirdi, dörd gün ərzində ilk dəfə çətinliklə işdən qopub heç nə demədən sakit quzu kimi qıza qoşulub zooparka yollandı.

Ayıların sayı çox idi. Qonur, kor-kobud, qəzəbli, qaradinməz, mürgülü, xırda gözləri donuq, əyripəncə ayılar.

- Bunlar nə iləsə lap səni xatırladırlar, - qız dedi. - Xüsusən də dal ayaqları üstə qalxanda.

- Yəqin onunla ki, mənim də ayaqlarım var, - oğlan cavab verdi.

Qız dedi:

- Əlbəttə, ancaq mən sənin yerinə olsaydım zarafat etməzdim.

Dəhşət dərəcədə ayıya oxşayasan, özün də zarafat edəsən, bu heç beynimə batmır.

Qəribə idi, nə qədər qıza alışırdısa, bağlanırdısa bir o qədər də ona xəyanət edirdi, elə bil həmişəlik bağlanmaqdan ehtiyatlanırdı. Qız da belə güman edirdi, lakin acığı tutmurdu, yaradan onu qısqanclıq bəlasından uzaq etmişdi. Oğlanın hər xəyanətinin üstü açılanda deyirdi:

- Bu təbiidir. Mən səndən böyüyəm. Nə etmək olar?

- Fərqi yoxdur - deyə qızla razılaşmırdı. Bunu ağılsızlıq hesab edirdi, hə- qiqətən o vaxt buna əhəmiyyət vermirdi.

- Var, - qız inadla söyləyirdi.

- Fərqi yoxdur, - oğlan da dediyindən dönmürdü.

- Var, - qız tərslik edirdi. - Var, var, var, var!

- Nə fərqi var? - Oğlan aydınlaşdırmaq istəyirdi.

- Var!

- Aydındır.

Demək olar ki, həmişə söhbətləri belə qurtarardı, çünki onların münasibətlərində sözün heç bir əhəmiyyəti yox idi. Hətta, bir-birlərinə yalan deməyə də ərinirdilər. Söz elə söz idi, başqa heç nə. Əgər bircə baxışla, bircə udumluq nəfəslə bir-birlərini anlayırlarsa...

O vaxtlar böyük populyarlıq qazanmış "Bitlz" qrupunu çox sevirdilər, bütün mahnılarını əzbər bilirdilər. Gertsen kьçəsindəki zoologiya muzeyinə getməyi, içi, Allah bilir nə ilə doldurulmuş, qıvrılmış, yoğun, yekə pitona baxmağı xoşlayırdılar.

- Ölürəm bu ilanın qarnını yırtıb içinə baxmaq üçün, - qız bu dəfə marağını gizlətmədi.

Oğlan şalvarının arxa cibindən iri ölçülü bıçaq çıxartdı, tiyəsini şaqqıltı ilə açıb qıza verdi.

- Ay səni!.. - qız astadan dilləndi, – sən banditmişsən ki! Bax, üzə çıxır. Silahla gəzirsən, özü də belə iri.

- Hə? - Oğlan kişiləndi. - Yaxşı olardı ki, bu sözü yataqda deyəydin.

Lakin Moskvanı, sevdiyi küçələri tək gəzməyi xoşlayırdı. Gəzib-dolaşdıqca ürəyində yuxarıda adı çəkilən dördlüyün mahnı sədaları oyanır və beyninə fikirlər dolurdu. Belə olduqda, yolun ortasında dayanır, həmişə özü ilə gəzdirdiyi bloknotu ("ən solğun mürəkkəb ən möhkəm yaddaşdan etibarlıdır" məsələnin müəllifini unutsa da, aforizmi tez-tez işlədirdi) çıxarıb fikirlərini, obrazlarını, süjetləri, küçədə eşitdiyi ifadələri, qeydləri, bir sözlə ağlına gələnləri qeyd edirdi, ümid edirdi ki, ağlı və ağlına gələn fikirlərlə nə vaxtsa qədirbilən bəşəriyyəti heyran və xoşbəxt edəcək, insanlıq, bəlkə, ona da, o şlyapasını çıxarmış kişi kimi qiymət qoyacaq. Nə qoyacaq? Əlbəttə ki, heykəl, nə qoyacaqdılar ki?!

İşləmək həvəsi olanda, qız onu əsəbiləşdirirdi. B.B.-yə elə gəlirdi ki, qızın münasibəti onu üzür və ona əziyyət verir. Zəhlətökənliyi, nəzakətsizliyi ilə. Br-r-r-r...

- Sən heç vaxt evlənməyəcəksən. - bir dəfə qız ona belə demişdi.

- Lap yaxşı, təki Allah elə eləsin, gedə bilərsən, qapı açıqdır, - başını yazı makinasından qaldırmayaraq cavab verdi, amma əslində tam dəqiqliklə üzünü köçürdüyü xırda qarışqayabənzər xətlə yazılıb doldurulmuş vərəqə baxsa da heç nə gцrmьrdь. Hiss içindən qaynayırdı. İndicə partlayacaqdı.

- Yanırsan? - Hiss olunurdu ki, qız da oğlanı sancmaq istəyir, - partlamağa hazırlaşırsan.

- İtil buradan! - oğlan qışqıraraq hirslə vərəqləri o yan-bu yana səpələdi.

- Sən kağızları cır tök, - qız vaxtında məsləhət verdi, - bu daha rahat olar.

Oğlan bağırdı:

- Səndən soruşan yoxdur! Sənə deyildi axı, itil buradan?!

- Çox yaxşı, – qız heç halını da pozmadan cavab verdi, son dəbli çantasını çiyninə aşıraraq getməyə hazırlaşırdı. - Əla. İndi gedib "Rusiya" kinoteatrı - "Yaşıl ev" marşrutu ilə işləyən trolleybusun sürücüsünə təslim olaram.

- Get, get, - deyə mızıldanıb dəli kimi makinanın üstünə düşdü, bir anda ağlından keçən və əlyazmasında qeyd olunmamış fikrini kağıza həkk etməyə başladı.

Həmişə qız ona yaxınlaşıb başından, ya da çiynindən (başı papaqlı olanda) öpərdi.

- Sən mənim ən sevimli, ən əziz yaramazımsan, - belə və buna bənzər sözlər deyərdi. - Cavab ver!

- Allah yetirsin, vətəndaş.

Və qız qapının qıfılını sakitcə şaqqıldadıb gedərdi.

Onların tanışlıqlarının, dostluqlarının, münasibətlərinin, məhəbbətlərinin üçüncü ili gedirdi. O qədər də dəbdə olmayan sözü işlətməkdən çəkinmirik. Heç bir zaman dəbdə olmayan söz: iyirmi iki və iyirmi altı. Oğlanın və qızın yaşı. Yadınızdan çıxmayıb ki?

Ancaq hansı şairsə deyib ki, həyatda hər şey dəyişir və hər şey nə vaxtsa bitir. Bəlkə də şair deməyib, nasir deyib. Bəlkə də heç kəs deməyib. Fərqi yoxdur.

Tədricən münasibətləri soyuyurdu və bu soyuyan münasibəti isitmək fikirləri də yoxuydu. Hər ikisi üçün darıxdırıcı bir zaman yetişmişdi. Belə günlərin birində o çıxıb getdi. İşə, təhsilə, redaksiyalara get-gələ, şəxsi ambisiyalara, axtardığı və nəhəng şəhərdə asanlıqla tapdığı macəralara, sərbəst həyata başı qarışdığından qızın yoxluğunu ilk vaxtlar hiss etmədi. Hiss edəndə ki, qız yoxdur - az vaxt ötəndən sonra - birdən başa düşdü ki, xiffət edir, darıxmaq yox, əməlli-başlı xiffət edir. Bütün qüvvəsi ilə onu geri qaytarmaq istəyir!

O, Qafqazın kiçik əyalət şəhərinə teleqraf göndərdi, qız ondan uzaqlaşmaq üçün başqa yol görmədiyindən doğmalarının yanına getmişdi.

Daha üç teleqram göndərdi və ona əbədiyyət kimi görünən bir həftədən sonra B.B. qızdan məktub aldı. Məktubun qalınlığı zərfdən də hiss olunurdu və bu onu narahat etdi. Səhv etməmişdi. Zərfi açmamışdan fikirləşdi ki, bir adamın gedişi ilə böyük bir şəhər necə boşalarmış. Məktubda qız onunla hesab çəkirdi, nəticə çıxarırdı, boş-boş şeyləri yada salırdı və onu rahat buraxmağı xahiş edirdi. O, məktubu axıra qədər oxumadı, sıx-sıx yazılmış ikiqat dəftər vərəqindən ibarət məktubu bir kənara atdı. Axşam yaraşıqlı qızların toplaşdığı Kalinin prospektindəki "Metelitsa" kafesinə kef çəkməyə getdi. Tələbəliyinin sonrakı illərində çox şeylər olmuşdu, çoxlu əlaqələr, çoxlu həyəcanlar, hisslər, təsadüfi və qeyri-təsadüfi tanışlıqlar. Qəşəng və çirkin qızlar, dostlarla içki məclisləri, heç kəsin məcbur etmədiyi yorucu iş, başgicəlləndirici şöhrətpərəstlik. Lakin Soriqo ilə olduğu kimi əsl və dərin bir şey B.B.də heç bir vaxt olmamışdı.

Ona görə də indi Ədəbiyyat İnstitutunun bağında oturub onun divarları arxasında keçən illəri, yeniyetməlik çağlarını, ilk növbədə onu, o qızı xatırlayırdı. Yadına düşürdü ki, ondan sonra uzun müddət özünə gələ bilməmişdi, gözləmədiyi məktubu alandan sonra, hətta, xəstələnmişdi, bir neçə gündən sonra köhnə "An"la kiçik, murdar şəhərə uçmuş, onların evlərinə gəlib (ilk dəqiqədə qız yerindəcə donmuşdu, sonra da yadında deyil, nə isə cəfəngiyat danışmışdı, yəqin ki, çaşqınlıqdan), italyan filmlərində gördüyü kasıb mafioz ailəsini xatırladan böyük ailənin toplaşdığı stolun arxasından onu qaçırmışdı. Kolluqda xəlvət bir yerə çəkib zorlamaq istəmişdi, sonra fikrindən çəkinmişdi, qızğınlıqla nə isə sübut etməyə çalışmışdı, nə isə yapışqanlı, heç nəyə yaramayan acı sözlər deməyə başlamışdı. Qız isə baxışları ilə deyilənləri təkzib etmişdi. Yadındadı ki, qız onu aeroportda yola salmağa gəlmişdi, onlar bu iy verən kiçik aeroportda qalın stəkanlarda turşumuş pivə içmişdilər. Böyür-başlarında milçəklər uçuşurdu. Minik elan olunanda qız günahkarcasına gülümsəyərək demişdi:

- İndi bizim həyat yollarımız həmişəlik ayrılır, ancaq mən çox istəyirəm ki, sən xoşbəxt olasan... Mümkün olduqca.

Onda bu ifadə nədənsə inandırıcı səslənmədi və çox bayağı alındı.

Sonra təyyarəyə tərəf necə addımlaması, trapa çatarkən geri dönüb sərnişinləri yola salanlar arasında onu görməməsi, illüminatordan necə aşağıya, paytaxtla müqayisədə çox kiçik, boz, maraqsız, bununla belə o cür qəşəng qızı əlindən almış şəhərə baxması... İnstitutu necə bitirməsi, getdikcə az-az bu şəhərə gəlməsi, vaxtilə çox sevdiyi şəhərin necə dəyişməsi, necə...

Unudulmaz Ədəbiyyat İnstitutunun bağında fikirlərə qərq olaraq gələcəyə baxan - indi məlum olur ki, heçliyə – Gertsenin heykəlinin altında oturub bütün bunları yada salan 49 yaşlı B.B. birdən ağladı.

Lakin elə bu vaxt bağın hasarından o tərəfdəki kьçədən bir qız keçirdi. Və B.B. tələsik qıza əl etdi, tərəddüdlə barmaqlarını şaqqıldadaraq, inamsız halda qızı səslədi:

- Ay qız!

Qız döndü...

# 2016 dəfə oxunub

Müəllifin son yazıları

# # #