Məmməd İsmayılın YENİ ŞEİRLƏRİ

Məmməd İsmayılın <span style="color:red;">YENİ ŞEİRLƏRİ
20 iyun 2017
# 21:00

Kulis.az məşhur şair Məmməd İsmayılın yeni şeirlərini təqdim edir.

Onun da bir belə günləri vardı

Onun da bir belə günləri vardı,

Əriyib gedərdi güney qarında;

Bulaqlar başında fikrə dalardı

Qalardı gözləri yaz sularında…

Fikrini çaşdıran hansı ətirdi

Kimdi ovunduran könlü təkləri

Sulara qoşulub axıb gedərdi

Qarşıda arzunun gələcəkləri…

Sabahın canında cavanlıq çağı,

Torpağın ruhunda bahar buxarı;

Necə tökülürsə payız yarpağı,

Əriyib gedirsə necə yaz qarı…

Həvəsdən qulağı darı dəlirdi,

Daşını atırdı yetim təkliyin.

Bilmək istəyirdi hardan gəlirdi

Yazbaşı coşqusu gül-çiçəkliyin…

Gözündə gözəldi dünyanın əksi,

Hələ yuxudaydı vaxtın kini də.

Hardan gəldiyini bilmirdi şəksiz,

Bilmirdi haraya getdiyini də…

Sabahdan gəlirdi gənclik sorağı,

Ruhunu ünvansız hisslər sarırdı.

Kölgədə dən gəzən quşlara baxıb

Kim bilir, nə qoyub, nə axtarırdı.

Payız dağlarının qisməti çənmiş...

“…Unutma ki, bu dünyada
sözlərini dərd eləmək oldu peşəm…”

İllər ümidini alıb apara
Tamarzı qalasan bir xoş kəlməyə.
Hardasa bir ürək haray qopara
Duyasan, əlindən bir şey gəlməyə…

Kimin əlindədir qıymasın ömrü,
Qalmağa yeri yox, gələn gedərmiş.
Sonra bilərsən ki, hər yazın ömrü
İydə çiçəyinin ömrü qədərmiş…

Bu necə yarışdı sonu heç-heçə
Yerdə ürək para, göydə ay para.
Vətəndə qəlbindən qəriblik keçə
Qürbət ayıq düşüb alıb apara…

Çox olsa özünə ərk eləyərsən,
Payız dağlarının qisməti çənmiş…
Səksənə çatanda dərk eləyərsən
Ağıldan keçənlər başa gələnmiş…

Yerlərə göylərin sevgisi varsa,
Yerə də, göyə də yarıyar ağac.
Kökü gedib-gedib daşa çıxarsa,
Ən üst budağından quruyar ağac…

Ayrılıq dönəndə ögey vərdişə
Payıza bənzəyər ötüb kəçən yaz;
Araya qaranlıq gecələr düşər
Axşamın səhərdən xəbəri olmaz..

Bulaqdı çağlayan, sulardı axan
Gözündə yerlərlə göylər birləşir.
Tumurcuq gözüylə çevrilib baxan
Çiçəklər arxanca nə fikirləşir…

Sehirmi yer ilə göy görüşməsi
Göyə canatımlar inaddan deyil.
Sevgi anıları - dil sürüşməsi
Hələ ilhamnandı həştaddan deyil.

# 1442 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #