Səfər Alışarlıdan YENİ HEKAYƏ

Səfər Alışarlıdan <span style="color:red;">YENİ HEKAYƏ
10 fevral 2017
# 12:00

Kulis.Az Səfər Alışarlının “Limb və alidada” hekayəsini təqdim edir.

Ordudan təzə qayıtmış adama hərbi qadağalardan kənarda hər şey asan görünür. İki illik təpik döyməkdən, gündə bir stəkan bulanıq kisel içməkdən bezmiş və sanki son nəfəsində oraları tərk edərək azadlığa qovuşmuş cavan adama elə gəlir ki, gen dünyanın bütün qapıları taybatay açılıb onu gözləyir. Halbuki, gözləyən yalnız doğma evin qapısıdır, başqa qapılar açılar da, açılmaz da... İlqar o qapılardan birinin qarşısına şəhər camaatını özünə tamaşa etmək üçün bağa-bağçaya çıxarmış işıqlı, güllü-çiçəkli may gününün içindən keçib gəlmişdi. Qəsdən səyəllənə-səyəllənə gəlmişdi ki, nizami sıra yerişinin mülki həyatda qara qəpiyə dəyməz salak vərdişlərini canından bir az da çıxarsın və bununla özünün yeni mühitə alışmasını tezləşdirsin. Bəlkə də günəşli may hənirində tanış şəhərin köhnə küçələrindən, bağ-bağçalarından kefi istəyən kimi keçməklə bu nailiyyətini xeyli artırmışdı, amma azı üç metr hündürlüyündə ağappaq qapının bayaqdan bəri bircə dəfə də açılmaması nəsə bəri başdan ləzzət eləmirdi. Üç yerlik sərt kinoteatr skamyasında tək oturmuş İlqar sanki seansa vaxtından çox tez gəlmişdi və darısqal dəhlizdə kimsənin görünməməsi filmin ümumiyyətlə nümayiş olunacağına onun azadlıq havasından hələ doymamış gənc ürəyində sızıltılı şübhələr oyadırdı.

Qapının arxasında oturmuş şöbə müdiri Qurbanovla əsgərlikdən öncə İlqar başqa idarədə işləmişdi, indi sorağına gəlmişdi ki, mümkün olsa, yenidən bir yerdə çalışsın. İlqarın ürəyində Qurbanova qarşı köhnə tanış rəğbəti onların arasındakı uca yaş səddini keçə bilməsə də, hərdən bu səddin dəlmə-deşiyindən boylanmaqdan çəkinmirdi. Əslində isə o, Qurbanov üçün darıxmışdı, çünki müstəqil həyata qədəm qoymuş İlqarın bu şəhərdə xətti-xalı və hüsnü-camalı üçün darıxmağa başqa adamı yox idi.

İlk dəfə ekspedisiyada görüşəndə Qurbanov onu icraçıların, fəhlələrin, sürücülərin və təcrübə keçməyə gəlmiş tələbələrin arasından sanki dimdiyində götürüb kənara qoydu və nazik dodaqlı yekə ağzı boyu ehtiyatla gülümsündü. Neçə günüydü onların üzünə kimsə gülümsünmürdü, əksinə, özünü böyük və kiçik rəis sayan hər kəs onlara zəhmli görünməyə çalışırdı. Və qısa tanışlıqdan sonra Qurbanov konkret onun doğulduğu yerlərin kişilərinin çox da uzaq olmayan keçmişi haqda kinayəli eyhamla belə dedi: “Qarayaylağın köhnə kişiləri bilirsən nə deyirdilər? Adam içinə çıxan kimi lovğa-lovğa belə öyünürdülər: dünən getdim bazardan bir girvənkə erkək əti aldım apardım, külfət doyunca yedi, bığımın da yağı hələ getməyib!” Əlini olmayan bığlarına ləzzətlə çəkən Qurbanov ona yarıpıçıltı tonallığında mühəndis dəqiqliyi ilə izah elədi ki, bir girvənkə indinin təxminən dörd yüz qramıdır. Qurbanov əksər qarayaylaqlılar kimi ucaboy, qara adam idi, amma ağappaq dişləri və rusca gözəl danışmağı onun qarayaylaqlılara bənzərliyini azaldırdı ki artırmırdı. Elə oradaca məlum oldu ki, ekspedisiya rəisinin müavinidir, Moskvada institut bitirib və buradakı rusların çoxu kimi o da uzaq Sibir meşələrində icraçı işləyib. Miqyası təsəvvür eləyəndə İlqarın qarayaylaqlılar haqqında azalanı yenə çoxalana doğru yüksəldi.

Ekspedisiya Muğana təzə gəlmişdi, vəzifəsi əkinə yararsız şoran çöllərin xəritəsini çəkmək idi. Amma baş məskunlaşma qərargahı olaraq dəmiryolu stansiyasının yaxınlığındakı betonçular qəsəbəsinin eynitipli ikimərtəbəli evlərinə yerləşdirilmişdi və Muğanın əkinə yararsız şoran çölləri hələ buradan görünmürdü. Hər biri iki tələbə almış icraçılar çöllə döyüşə çıxmaq üçün hazırlıq işləri ilə məşğul idi. Onların bəziləri birbaşa xəritəsi çəkiləcək sahələrə, ya da oralara yaxın kəndlərə köçməyə hazırlaşırdı ki, hər gün uzaq yolu toz-torpağın içində gedib-gəlməsinlər. Qurbanov yenə gəlib onu balkonda gitara dınqıltısına oxuyan tələbələrin içindən dimdiyində götürdü və dedi ki, çölə getmək lazımdır.

- Kimin briqadasına veriblər səni? — maşına oturandan sonra Qurbanov ondan soruşdu.

- Smirnovun, — o, ağızucu cavab verdi.

- Niyə mızıldanırsan? - Qurbanov kabinənin darısqallığında dönüb onun üzünə baxdı. - Xoşuna gəlmir Smirnov?

- Yox, niyə ki! - o dedi və ikigünlük tanışlıqda Smirnovun ona münasibətində qüsur görmədiyini özü üçün bir daha müəyyənləşdirdi.

- Necə oldu bu sənəti seçməyin? — Qurbanov bir azdan sanki bekarçılıq üzündən soruşdu. Rəis müavini nəsə indi ona ilk tanışlıqdakından sərt görünürdü.

- Bilmirəm, “təsadüf” də demək olar, - o yenə mızıldandı, təfərrüatı danışmağa nədənsə çəkindi.

Qurbanov ilk tanışlıqdakı əhvalda olsaydı, bəlkə də nəyin badına getdiyini ona danışardı. Yoxsa üç kişinin susa-susa yol getməsi özlüyündə yaxşı əlamət deyil. Əlbəttə, danışa bilərdi. Deyərdi ki, texnikumda sənədləri qəbul edən qız başqa ixtisaslara normanın dolduğunu bildirəndən sonra çöllərdə, dağlarda xəritə çəkməyi necə romantikcəsinə təsvir etdisə, o razılaşdı. Bu razılığa qız məmnunca gülümsündü, ağappaq, incə barmaqları arasında oynatdığı qələmlə iri hərfləri muncuq kimi düzərək qovluğun üstünə “Topoqrafiya” sözünü yazdı və sənəd qəbulunun son günü olduğu üçün əsl qırğın yaşanan zalda butulkadan süzdüyü yarım stəkan mineral suyu sanki təşəkkür əlaməti kimi ona verdi. O isə özünə bilavasitə aid edilən, indiyədək eşitmədiyi yeni sözün hüsnündən doymadan bu qızın xətti ilə yazılmış bütöv bir vərəq məktubu oxumağın xoşbəxtliyini təsəvvür eləməyə çalışdı və məhdud fantaziyasının iyul bürküsündə suyu harasına içdiyini də bilmədi. Bütün yol boyu ürəyinə dolmuş şübhələrlə didişə-didişə özünü qınadı ki, bir stəkan suyun badına getdin, İlqar! İmtahanları verəndə də gözləri qapıda qalmışdı ki, indicə içəri girib onun qiymətini vərəqə məhz həmin gözəl xətlə o yazacaq, çünki ikinci elə gözəl xətt bu şəhərdə çətin ki, tapılardı. Amma gəlmədi, nə birinci imtahana gəldi, nə də ikinciyə... Elə bil yer üzünə onun sənədlərini qəbul etmək üçün xüsusi göndərilmiş bir mələkdi, öz işini asanlıqla yerinə yetirəndən sonra yenə göylərə çəkilib qeyb oldu, bir daha görünmədi. Aldığı “4”-lərin kağızda yazılışı İlqara çox solğun və təsirsiz göründü, belə qətiyyətsiz səliqə ilə yazılmış qiymətlərlə onu texnikuma qəbul etməyəcəklərini də fikirləşdi, amma elədilər. Sanki geodeziya elmi elə onun məəttəliymiş!..

Qurbanova deyə bilərdi ki, çöllərdə böyüyüb, qoyun-quzu otarıb, ot biçib, saman yığıb, orada işləyən arvadların, kişilərin oxuduğu nəğmələrə qulaq asıb, olub ki çöldə gecələyib, ulduzları görüb, Arazın səsini eşidib... Hətta şeir də yazıb. Bir sözlə, deyə bilərdi ki, bütün bunlara görə çöl onun ruhuna doğmadır, çölü sevir. Demədi, fikirləşdi ki, hələ qarşıda altı aylıq təcrübə müddəti durur, qismət olsa, başqa vaxt danışar. Ümumiyyətlə, bunları Qurbanova deməyə ehtiyacmı varıydı, Qurbanov özü o çöllərdə böyüməmişdimi?!

Maşın təzə, sürücü cavan oğlandı. Dediyinə görə, gecə səhərədək belə maşını həyətdə yatırtmaq günah sayılmalı və bu günahın davamlı təkrarlanmaması üçün Qurbanov həftədə, on gündə bir imkan verməliydi ki, o, şəhərə mal vursun. Qurbanov o barədə nəinki danışmaq, heç eşitmək belə istəmədiyini göstərmək üçün çantasından xəritəni çıxarıb “Aşir”in yolunu izləməyə başladı. “Aşir” siqnal qülləsinin adıydı, Qurbanov ora bucaq ölçməyə gedirdi.

Xeyli gedəndən sonra qonşu rayon mərkəzini keçən kimi Qurbanov maşını çöl yoluna çıxardı. Söyüdlü arx boyu tez-tez əyilən çınqıllı yol, nəhayət, körpünü keçib kollektorun uca dambası üstündə birdən qurtardı. Elə bil taxtanın başını mişarla kəsib xeyli aşağı atmışdılar: orada maşın təkərlərinin saldığı qoşa cığır böyürtkən basmış dambanın ətəyindən yetim uşaq kimi sallana-sallana sanki çölün vəhşi dərinliyinə doğru zorla gedirdi. Enməzdən öncə Qurbanov başını pəncərədən çıxarıb, ilğımın arxasında kölgə kimi oynamağa başlamış uzaq qüllənin qaraltısını sevinclə göstərdi.

- Odeey, “Aşir”!

“Aşir” qülləsinin böyüklüyü onun ən yüksək kateqoriya koordinat sisteminə aid olduğunu göstərirdi: dünyada sədd-sərhəd tanımayan o sistem birbaşa Qrinviç meridianına söykənir, yerdə qalan, tədricən kiçilə-kiçilə yer kürəsinin hər kvadratmetrini əhatə edən bütün başqa koordinat sistemləri ondan törəyir.

Amma “Aşir”ə çatmaq üçün bakılı balasının üstüçadırlı təzə Qaz-51-i cilotu, yosun və qamış basmış axarsız kollektorlar boyunca dambaların altı-üstü ilə uzun-uzadı fırlanaraq yeganə körpünü tapmaq əndişəsində bir saat da atılıb-düşdü.

- Xəritə köhnədi, bu kollektorların hamısı sonradan necə gəldi çəkilib, - Qurbanov şoran çölün düzündə sürücünü azdırmasına haqq qazandırmağa çalışdı.

- Ala, belə maşını bu çöldə məhv eləyərlər?! - sürücü öz arzularından ayrılmadan donquldanırdı. Bəlkə də çölün düzündə sürücüyə bütün bu yerölçmələr, dürbünlü alətlər, yataq kisələri, “raskladuşkalar”, su bidonları, yalnız real iş üzrə hesablanan konkret aylıq maaş və çöl pulu ilə birlikdə hələlik sınıb dağılmamış təzə oyuncaq kimi görünürdü, amma bunun gec, ya tez mütləq sınıb dağılacağına və heyf ki, onda maşının da köhnəlib əldən düşəcəyinə, şəhər uşağı hamıdan artıq əmin idi.

Maşının təzəliyinə baxmayaraq, çöl yolunun tozu altdan kabinəyə dolurdu. İlğım getdikcə tündləşir, susuzluq öz qəti hökmünü tozla bərabər içəri dürtürdü. Qurbanov isə elə bil bunların heç birini görmür, hiss etmir, yalnız “Aşir”ə çatmağın arzusu ilə ətrafa dörd gözlə baxırdı.

Yaxından “Aşir” qülləyə yox, şalbandan düzəldilmiş dağ maketinə oxşayırdı: çöllərdə geodezistlərin gördüyü işlərin ciddiliyindən hər kəsə xəbər verən bu möhtəşəm qüllə nə vaxtsa kimlər tərəfindənsə tikilmişdisə, hələ dururdusa və indiyədək ağac-ağac sökülüb oğurlanmamışdısa, deməli, məsələ heç də sadə deyildi. İllərin qar-yağışı, dağıdıcı günəş istisi “Aşir”i qocaltmışdı. Dəmir skoblarla bir-birinə calanmış şalbanların çat-catlağına əl girərdi. Bu əldən-ayaqdan uzaq çölün düzünə nadir göy cismi kimi düşmüş “Aşir” əyri-üyrü yulğunlarla, qaysaq bağlamış şor torpaqla, çökəklərdə sozalan ot-alaf və tikanlarla müqayisədə o qədər yad, kimsəsiz və baxımsız görünürdü ki, sanki dindirsən, min yerindən qan-yaş töküb ağlardı. Amma axıb gedən həyatında çox vacib nəyisə gözləyirmiş kimi, elə bil bütün gücünü toplayıb qamətinin düzlüyünü qoruyurdu, sanki bilirdi ki, uca başının yerdəki nöqtənin üzərindən azacıq yana əyilməsi onun sonudur. Hələ ki durmuşdu, bəlkə də bütün Muğanda ondan hündür nəsə tapmaq qeyri-mümkün idi.

Qurbanov teodolit qutusunu götürüb nərdivanla yuxarı qalxmağa başladı. Belə çıxırdı ki, İlqar da onun arxasınca sözsüz-söhbətsiz ora dırmaşmalıdı. Qurbanovun ağırlığı altında yırğalanan şalbanlar o qədər də zəif və tabanasız görünmürdü, amma nərdivan nisbətən nazik ağaclardan düzəldildiyinə görə çürümüşdü. Və canını dişinə sıxıb bu ləngərli yüksəkliyi yavaş-yavaş qalxan İlqarı yuxarıda nərdivandan da betər bir sürpriz gözləyirdi. Ora çatanda İlqar hiss elədi ki, qorxudan susuzluğu unudub, amma boğazı, içi-içalatı qupquru quruyub, üstəlik zəhrimar qüllənin ən yuxarı, sürahili çardağı da aşağıdakından qat-qat artıq ləngərlənir. Hətta sürücü də bu ləngəri hiss edib maşını dalı-dalı verərək qüllədən xeyli aralandı ki, xatadan-bəladan kənar olsun. İlqar qülləni qalxınca Qurbanov bircə kəlmə də danışmadı, heç yuxarıdan aşağı baxmadı da. Yalnız yuxarıda Qurbanov ona az-çox etibarlı görünən küncü göstərib tapşırdı ki, orada otursun və tərpəşməsin.

Burada asta meh də vardı və xəritəyə diqqətlə baxmağına mane olan bu meh Qurbanovu, deyəsən, əsəbiləşdirirdi.

Qurbanov hər bucağı iki-üç dəfə ölçməyə məcbur idi: “Aşir”in zəif meh altında belə yırğalanması bucağı bir dəfəyə dəqiq ölçməyə imkan vermirdi. Qurbanov teodolitin dürbününü lazımi nöqtəyə tuşlayıb gözləyirdi, meh sanki nəfəs dərmək üçün bircə anlığa dayananda, tez vinti burub gözünü okulyardan çəkir, sonra artıq yırğalanmanın amplitudasından asılı olmayaraq, vintlə bağladığı limbdən bucağın ölçüsünü dərəcə, dəqiqə və saniyə dəqiqliyi ilə ucadan səsləndirirdi ki, İlqar onları jurnala yazsın. Limb və alidada. Biri üfüqi bucaq üçün, o biri şaquli. Hər ikisini hələ texnikumdan xoşlamırdı, çünki ətrafında uşaqların daim basabas saldığı köhnə təlim alətlərində yan gözlük zərrəbinlərindən dairələrin paslı dərəcə ştrixlərinə baxmaq, baxıb da oradakı ölçünü tam dəqiqliyi ilə görmək müşkül iş idi. Elə bil dumanlı qapı gözlüyündən çölə baxırdın və gördüyün öz bulanıqlığı ilə səni görmədiyindən daha çox pərişan edirdi. Qurbanovun teodoliti müasirləşdirilmişlərdən idi, bütün ölçüləri dürbünün içindən oxuyurdu.

Döşəmənin çürüklüyü Qurbanova alətin ətrafında istədiyi kimi hərlənib, lazım olan uzaq obyekti tez tapmağa imkan vermirdi. O, bir əli ilə 16 metr yuxarıda bərkidilmiş başıkəsik şalbandan yapışıb, qalan bütün işləri o biri əli ilə görür, bədəninin yalnız qurşaqdan yuxarı hissəsini və başını tərpətməklə çürük taxtaların qırılmaq təhlükəsindən birtəhər qorunurdu.

İlqar ətraf çöllərin və uzaq kəndlərin bu yüksəklikdən görünən mənzərəsinə nəinki tamaşa edə bilmirdi, o, gözlərini dirədiyi jurnal səhifəsindən kənara, hətta cütləyib irəli, cadar-cadar olmuş taxtaların üstünə uzatdığı ayaqlarına belə baxmağa qorxurdu. Qorxu sanki qüllənin başından azacıq kənarda dayanıb gözləyir, meh şalbanları vahiməli bir cırıltı ilə ona tərəf əyəndə qəddar zərbəsini İlqarın sinəsinə elə vururdu ki, kəsilməkdə olan nəfəsi iti ox ağrısı ilə əmgəyində və dabanlarında əks-səda verirdi. Növbəti həmlələrin birində “Aşir”in ətrafındakı yer öz şoran talaları, yulğun və yovşan kolları, ağappaq duzlu qaysaqları ilə birlikdə dalğalandı və haradansa uzaqlardan üzü qülləyə tərəf şütüyən, pəncərələrindən qəribə ağ rəngdə yumşaq işıq süzülən metro qatarı bakılı balasının üstüçadırlı Qaz-51 maşınını öz küləyi ilə kənara tullayıb “Aşir”in yerə basdırılmış yoğun bünövrə şalbanlarına çırpıldı. İlqarın nəfəssiz qalmış qupquru boğazından çıxan qəfil səs hesabat əndişəsində çarpışan Qurbanovu əməlli-başlı diksindirdi. Bəlkə də “Aşir”in təpəsində çürük taxtaların sınaraq aşağı yuvarlaya biləcəyi İlqar həqiqətən yıxılsaydı, məhz həmin səsi çıxarardı: ”Vaa-a-yayaa-aaaa!..”

Qurbanov dönüb İlqarın üzünə baxanda onun rəngini ağarmış, alnını isə tərli gördü və bu ağarmış sifətə, tər puçurlanan alına, cütlənib irəli uzadılmış bir cüt ketli ayağa baxıb həyəcanlandı.

- Olmaya, qorxursan, ə?! — İlqara dedi. İçi qorxu ilə dolu səs elə bil çox uzaqdan gəldi, İlqara çatan da sözlərin mənası yox, məhz o qorxunun gizli cingiltisi oldu. Sonra səs kəsildi, yenidən səslənəndə pərçimi bərkidilmiş alət mexanizmi kimi ritmini tapdı və onun içindən çıxan cansız əl nəsə bir nasaz sızıltının müşayiətilə İlqardan tələb etdi: - Ver görüm jurnalı bura...

Qurbanov jurnala diqqətlə baxıb ona qaytarandan sonra İlqar çox təəccübləndi ki, bayaqdan bəri deyilən bucaq dərəcələrini səhv yazmayıb. O yazdığı dərəcələri yaddaşında axtardı, amma jurnaldakılarla tutuşdurmaq üçün birini də xatırlaya bilmədi. Bir anlığa o harada olduğunu, qarşısındakı adamla onu nəyin bağladığını, bura nə üçün gəldiyini anlamaqda çətinlik çəkdi. Qatar isə öz süd işıqlı pəncərələri ilə az qala “Aşir”in yarı hündürlüyündə dalğalanmış çölün yulğunu, qamışı içində bütün aydınlığı ilə dura-dura sanki nəsə vacib bir şey demək istəyirdi, amma İlqarın onu dinləməyə, demək istədiklərini xırdalayıb anlamağa sanki imkan tapmırdı, o bütün varlığı ilə bu işıqlı möcüzəni gözləri önündən kənarlaşdırmağa çalışırdı ki, Qurbanovun diktə elədiyi rəqəmləri dəqiq yaza bilsin. Amma qatar yerindən tərpənmək bilmirdi, elə israrlı dayanmışdı ki, sanki “Aşir” qarışıq bütün çölü, bütün Muğanı özünə yükləyib aparacaqdı. Nəhayət, başı torpağa girmiş bu tərpənməz qatarın belindən “Aşir” özü inək belindən sürüşüb düşən buğa peşmanlığı ilə sürüşüb düşdü və qəflətən baş vermiş bu fırtınadan sonra onun şalbanlarının dağılıb ətrafa tökülməməsi İlqarı jurnala dəqiq yazdığı rəqəmlərdən də artıq heyrətləndirdi.

“Aşir” əməliyyatı yuxarıda bəlkə də bir saatdan artıq çəkmədi, amma o qüllənin qorxunc cırıltı ilə ləngərləməsindən doğan həyəcanlı anlar süd işıqlı qatarı ilə peşə imtahanının ən çətin məqamlarından biri kimi İlqarın yaddaşında həmişəlik qaldı. İllər keçdikcə İlqar onu unutmaq, evdə qalmış köhnə, lazımsız bir əşya kimi yaddaşından götürüb tullamaq istəsə də, bunu bacarmadı, nə vaxt bu barədə düşündüsə, ona elə gəldi ki, möhtəşəm qüllə hələ də çölün düzündə ən dəqiq orientir olaraq durmaqda davam edir və onun yaddaşdan silinməsi ilə dərhal uçulub dağıla bilər.

Geri qayıdanda kabinənin darısqallığında ürəyi sıxılacağından qorxan İlqar yuxarı, kuzova mindi. Ayaqlarını skameykanın üstünə uzatmaqla kürəyini borta söykəyib huşlanmağa çalışdı ki, təəssüratlarının kəskinliyini bir qədər unutsun. Amma yolun nahamarlığı onun bu istəyinə mane oldu və günortadan xeyli keçmiş ekspedisiyanın həyətində maşından enəndə, üst-başını toz basmış İlqar sağ böyrünün yuxa yerində yumruq boyda zoqquldayan bir ağrını daha çox hiss elədi.

- Sən də gedib özünə sənət tapmısan da-a, — yəqin ki, yol boyu Qurbanovla söhbəti yenə alınmayan sürücü onun ağrıdan ikiqat olduğunu görəndə dedi və qoluna girib binaya, uşaqların yanına apardı.

XXX

Nəhayət, ağ qapı açıldı və açılan kimi İlqar çoxdan eşitmədiyi, daim istehsalat qayğıları ilə dolu mülayim səsindən Qurbanovu tanıdı. İçəridən çıxmış orta yaşlı kişi dəhlizdə hər kvadrat santimetri əzbər bilirmiş kimi, şkafların və skamyanın arasından akrobat çevikliyi ilə süzüb üstünə “Laboratoriya” yazılmış qapıya doğru uçdu. Çıxan başqa adamlara İlqar fikir vermədi, sanki diqqətini şöbə müdirindən yayındırmağa qorxdu ki, birdən Qurbanov onu tanımaz.

Qurbanov səliqəli kostyumda da çöl adamına oxşayırdı, əl-qolunu elə ehtiyatla tərpədirdi ki, elə bil təzə əyin-başını toz-torpaqdan qoruyurdu; sanki stol arxasından qalxan kimi kostyumu soyunacaq, yenidən yarımhərbi formasını geyinib həyətə düşəcək və yük maşınlarından birinə oturub çölə, icraçıların çəkdiyi xəritələrin dəqiqliyini yoxlamağa gedəcəkdi. Amma xırdaca, qara gözləri, sayıqlıqla oynayan diri baxışları qətiyyən dəyişməmişdi; baxdığı yerdə bütün qarayaylaqlılar kimi hər şeyi görürdü.

- Nə yaxşı ekspedisiyaya getmədin? — qısa hal-əhvaldan sonra Qurbanov ondan soruşdu.

- Getmişdim, — o cavab verdi. — Dedilər, onlar indi əsasən dənizdə işləyirlər. Mən dəniz işini bilmirəm.

- Sən hələ şəhər işini də yaxşı bilmirsən, — Qurbanov qayğılı səslə, onun bilmədiklərini xeyli yumşaldaraq dedi.

O, baxışları ilə təsdiq elədi ki, doğrudur, heç şəhər işini də bilmir.

- Hələlik icraçılarnan işlə, fikir ver nəyi necə eləyirlər, sonra baxarıq…

Qurbanov telefona cavab verincə o gördü ki, pəncərəsindən metro stansiyası və palmalar görünən uzunsov, uca tavanlı otaqda üç stol var. Qurbanovun stolu qapıya yaxın, həm də o birilərdən böyükdür, üstünə yaşıl müəşəmbə çəkilib, bortları və luzaları olsa, bilyard oynamağa da yarayar. Baş tərəfdə üz-üzə təqribən eyni yaşlı, eynəkli və ağbaş iki kişi oturub. Otağın küncləri, şkafın üstü və pəncərənin açılmayan tağının qarşısı vatman, millimetrovka, kalka rulonları ilə doludur.

Bir qədər keçmiş isə Qurbanov onu şəhər yaşıllaşdırma idarəsinin yataqxanasına müvəqqəti pasport qeydiyyatına da saldırdı. Amma əsas məsələ irəlidə dağ kimi durmaqda idi: biliklərini yeniləyib işi öyrənənəcən icraçıların yanında fəhlə işləməli idi.

Onu ilk olaraq İbrahimə caladılar. İbrahim enlikürək, qarınlı, amma qıvraq bir tatar idi, təqaüdçü olsa da, işləməyinə davam edirdi. İbrahimin şöbədə kiminlə nə danışdığı, tapşırığı necə aldığını nə görmək, nə eşitmək mümkündü. O, müdirin kabinetindən, o biri otqadan kölgə kimi keçib, şəhər xəritəsindən çıxarışı “kinoteatrda” ona göstərdi, yoğun, ətli barmağı ilə Anaşkin küçəsinin ətrafında dairə cızaraq dedi ki, təxminən iki hektara yaxın, balaca bir ərazidi.

İbrahim yalnız öz konkret işinin və vəzifəsinin sahibi idi, sanki bu böyük şəhərdə həyat öz keşməkeşi, macəraları və sürətli ritmi ilə bir tərəfə, İbrahim isə əlli il əvvəl qədəm qoyduğu və hər qarışına gözüyumulu bələd olduğu yolla ayrı tərəfə getməkdə davam edirdi. Hər halda ilk vaxtlar İlqara o belə görünürdü və nəsə başqa cür görünmək üçün İbrahimin heç tükü də tərpənmirdi. Çoxdanışan, öyüd-nəsihət verən deyildi, hər hansı əməliyyatın incəliklərini xırdalayaraq özünü bilici kimi göstərməyi də yoxuydu. Əlbəttə, o görürdü ki, biliyin olub-olmamasına, dayaz və dərinliyinə baxmayaraq, böyük alim, məşhur mütəxəssis ömürləri tükənib gedir, amma beş barmağı kimi tanıdığı bu şəhrdə onun məşğul olduğu planalma bitib-tükənmək bilmir. Əksinə, gün-gündən daha çox ehtiyac duyulan bu iş daim öz ağuşuna İlqar kimi cavanların gəlişini tələb edir ki, xəritələr naturadakı yeniliklərə adekvat olsun.

İbrahim onunla ertəsi günə belə vədələşdi:

- Səhər saat 8-də dəmiryol vağzalında 4-cü platformanın o biri başında...

- Anaşkin küçəsi dəmiryolundan çox uzaqdı axı, — İlqar icraçının vağzala görüş təyin etməsini başa düşmədi.

- Hə, uzaqdı, — İbrahim soyuqqanlıqla təsdiq elədi. — Amma biz oradan başlayacağıq.

İlqar sual üzərində baş sındırmaqdan vaz keçdi. Əgər qoca kişi vağzaldan başlamaq istəyirsə, qoy başlasın, onun üçün nə fərqi var haradan başlamağın? O fəhlədir, vəssalam. Sabah tezdən hər şey bəlli olacaq. İlqar evə gedə-gedə fikirləşirdi ki, bu işi hansısa icraçının yanında fəhlə işləməklə öyrənmək çox çətindi. Çünki o, əsgərlikdən öncə də bir neçə ay fəhlə olmuşdu, amma texnikumdakı dərslərdən qazandığı nəzəri biliklərinə bu fəhləliklə, demək olar ki, heç nə əlavə eləyə bilməmişdi. O, əmin idi ki, bu işi yalnız müstəqil icraçı işləməklə öyrənmək olar. Və birdən İlqar dəhşətlə fikirləşdi ki, o, geodeziya elmindən heç nə bilmir, bildiyi, öyrəndiyi xırda-xuruşun da çoxunu bu iki ildə unudub.

Diplomuna görə əsgərlikdə İlqarı ən müasir raket divizionuna hesablayıcı götürmüşdülər. Bir ay mayorun əlinin altında işləyəndən sonra onu zabitlərin moduluna köçürdülər. İki ildə lokatorların sarımtıl monitorundan, arifmometrdən və loqarifma xətkeşindən savayı xəritə adına heç nə görmədi. Amma nəzəri oyunlarda hər gün neçə-neçə düşmən obyektini məhv etdi. Di gəl, hərbi biliklər bunlardan tamam fərqlidi. Orada onun hesablayaraq verdiyi hər koordinatın dəqiqliyi həmin andaca paralel daha iki səviyyədən dərhal yoxlanılır və səhv komanda icraya buraxılmırdı. Burada isə o təkdir, səhv etməmək üçün biliklər tam və dəqiq olmalıdır. Bəs indi o, biliklərini bərpa etmək üçün yenə illərlə icraçıların yanında fəhləmi işləyəcəkdi? İlqar fikirləşdi ki, bəlkə də Qurbanov işə götürməyi çək-çevirə salsaydı, başqa idarələrə üz tutub yenidən çöllərdə işləməyi seçərdi, çünki orada vaxtilə nələrisə öyrənmişdi, ancaq həmin anlarda Qurbanovun etimadı o qədər böyük və hərarətli görünürdü ki, İlqar onu ayaqlayıb keçə bilmədi.

Şəhərin qıraq məhəllələrindən birində, dağın başında kiçik ev idi, orada tanış uşaqlar kirayədə qalırdılar: İlqarı də birtəhər öz böyürlərinə pərçimləmişdilər. Biri tələbə, biri tikintidə krançı, biri polis... Başlarının da üstündə polisdən betər ev yiyəsi Kübra. Deyilənə görə evi polis tapmışdı, tezliklə evlənib arvadı ilə burada yaşayacağını Kübraya söz vermişdi, yoxsa kimiydi burada ailəsinin içinə dörd bığıburma kişini buraxan? Amma iş elə gətirmişdi ki, polisin nişanlısı başqasına qoşulub qaçmışdı və bu gənc ailə dramına görə Kübra ev söhbətində hələ ki rəhmdillik göstərirdi.Səhər həyətdə tufan olmuşdu. Tələbə əlini yuyanda yaralı barmağına keçirdiyi rezini həyətdəki kranın böyrünə atıbmış. Kübra onu xəkəndazın üstünə alıb böyük cinayət əməlinin əşyayi-dəlili kimi gətirmədimi qapıya?! Qırışı yarıya qədər açıq sarımtıl rezin Kübranı havalandırmışdı.

- Ay sizin... (filan-filan-filan! Ay sizi... behman-behman!) Qalmışdınız küçədə yalvarırdınız ki, buraxım evə. Budu mənim yaxşılığım?! (Ay sizi filan-filan!..) Aparın bu kandonu atın belə qarayaylaqlı dədələrinizin, analarınızın qabağına! Mənim həyətimə niyə atırsınız?

Sual əslində çox ciddi idi: bu, prezervativ olsaydı belə, həyətin ortasındakı kranın yanına necə gedib çıxa bilərdi? Ora həm Kübranın, həm də qonşuların pəncərələrindən görünür: orada yalnız əl-üz, qab-qaşıq yumaq, uzaqbaşı, paltar suya çəkmək olar. Prezervativ oyuncaq deyil ki, kimsə onu əlində oynadanda ora salsın. Prezervativ aptekdə 2 qəpiyə satılan balaca rezin məmulat olsa da, burada çox ciddi şeydir. Sanki ölüm-dirim məsələsidir.

Bir azdan Kübraya güclə izah elədilər ki, bu heç də onun təsəvvür elədiyi, daha doğrusu, düzgün təsəvvür eləyə bilmədiyi şey deyil, sadəcə barmaq yarasını tozdan, sudan qorumaq üçün istifadə edilmiş adi rezindi.

Denən, “Kübra” olan bəndə zərrə qədər peşmançılıq hissi keçirdimi səhər-səhər acqarnına camaatın anasına, dədəsinə göndərdiyi söyüşlərə görə? Yox, canım, əksinə, söhbəti ustalıqla süzdürüb atdı fayda verəcək məsələyə: İlqarın burada qalıb-qalmayacağını dəqiqləşdirdi və kəsmətini kəsdi: ev kirayəsinə ayda 10 manat əlavə edilsin, gündüzlər qaxılıb evdə oturmasın, getsin işləsin, axşam da gəlsin başını qoysun yerə yatsın. Vəssalam. Bütün bunlar ona görə belə olmalıdı ki, Kübranın evində bu gün-sabah ərə gedəcək qız böyüyür, Kübra özü də ərsiz qadındı, amma beş kişiyə yetər qeyrəti, namusu var.

Polisinki isə sanki artıq namus-qeyrətdən keçmişdi. Əyri təbəssümü ilə boyunun ucalığından arvadın açıq qol-qıçını dümdüz baxışları ilə seyr edə-edə dedi:

- Bu hövsələynən axırı sən mənnik olassan!

Kübra bu dəfə başqa həvəslə dingildəyərək dolu bədənini əsdirdi, amma sözdə belə cavab verdi:

- Xoxx! Qorxdum ha sənnən! Allahın bir çıqqılıca ulduzu da yoxdu çiynində... Nəçənniyimə bax!

- Sən öləsən, basaram səni içəri, qalarsan qışqıra-qışqıra!

- Sən öləsən, beş dağıya səni sistemdən bayıra atdırram!

Bu yerdən sözlər bir səmtə, anladılan eyhamlar isə başqa səmtə getdi və bir neçə belə qatbaqat ricətdən sonra Kübra evində ərlik qız böyütdüyünə, ya da nəsə başqa şeyə görə sivişib aradan çıxdı.

Belə mənzərəni ilk dəfə seyr edən İlqar fikirləşdi ki, Kübra ilə dil tapıb mehribanlıqla bu həyətdə yaşamaq üçün yəqin ki, polis kimi artistlik eləmək lazımdır. Gələcəkdə, tanışlıqları daha da dərinləşəndə bunu eləyib-eləyə bilməyəcəyini yəqinləşdirməkdə çətinlik çəkən İlqar indi bu mənasız işə özünün necə həvəssiz olduğunu hiss elədi. Fikirləşdi ki, diqqətini və bacarığını toplayıb peşə biliklərini artırmaq və tezliklə müstəqil icraçı kimi fəaliyyətə başlamaq onun üçün daha vacibdir. Amma məsələ bununla da bitmirdi. İlqar müstəqil icraçı işləməyə başlayanda, onun istehsalat fəaliyyətinin tam yarısı ev şəraitində — hesablamalarda və çertyoj taxtasının arxasında keçəcəkdi. Buna isə, deyəsən, nə otağın, nə də Kübranın kirayənişinlər üçün ayırdığı hövsələnin həcmi imkan verirdi. İlqar hesabladı ki, işə başlamaq üçün əlində yalnız Qurbanovun köhnə dost etimadı, başlamamaq üçün isə bu etimaddan qat-qat kəsərli səbəblər var.

Dağ başındakı evi şəhərdən köhnə daş karxanası və maşın-maşın tikinti zibili tökülmüş çöllük ayırırdı. Evdən yaxındakı mikrorayonun avtobus dayanacağına gedən cığır karxananın uca sahilləri və daşlaşmış bu zir-zibil komalarının arası ilə o qədər dolana-dolana gedirdi, elə bil onu qəsdən belə fırladıb dolaşdırmışdılar ki, yeni mikrorayon tikənlər və onlardan da öncə plan çəkən topoqraflar dağı üç tərəfdən sarmış gecəqondulara doğru şəhəri genişləndirməyə gələndə yolu tapa bilməsinlər. Çöllükdə sərsəri adamtək daim öz-özünə gəzməkdə olan meh seyrək tikan kollarını və otları oynadır, təpələrin arxasından bura bişmiş çörək, bəzən də ütülən heyvan baş-ayağının iyini gətirərək məkana qlobal dəyişiklik təşvişi yayırdı.

İlqar 4-cü platformanın başına vaxtından əvvəl gəldi və İbrahimi uzaqdan görüb tanıdı. Qəbul edilmiş qatarın sonuncu vaqonu da onu ötüb keçdiyindən İbrahimin həndəvərində cəmi əlli metr o yanda baş verən basabasdan, vur-çatlasından əsər-əlamət yox idi. İbrahim uca sahildən suya tullanmağa hazırlaşan tənha üzgüçü kimi platformanın başında o qədər ciddi görkəmdə dayanmışdı ki, bir anlığa İlqar bu adamın məhz onu gözlədiyinə görə burada durduğuna şübhə elədi.

Hər ikisi qatarlardan platformalara tökülüşmüş sərnişinlərin, onları qarşılayanların, haray-həşirlə özünə yol təmizləyən arabaçıların axını arasından keçib gəlmişdi. Yalnız bu iki nəfərin vağzalda hər gün təkrarlanan qələbəliyin ortası ilə uzun perronun bu başından girib o biri başına qədər getməsi, ümumiyyətlə, həmin səhər orada olması vağzalın məğz və mənasına uyğun gəlmirdi. Və onları vağzal ağuşunda qaçışan minlərlə adamın hər birinə, o cümlədən səfəri başa vurmuş yorğun vaqon bələdçilərinə, hətta polislərə belə göstərib niyə burada olduqlarını soruşan olsaydı, doğru cavabın tapılmaq ehtimalı sıfırdan yuxarı qalxmazdı. Hər halda maraqlı idi icraçının yeni layihəyə dəmiryolundan başlaması. Əlindəki köhnə çantanı İlqara verib belə izah elədi:

- Biz buradan iyirmi-otuz dənə kastil yığmalıyıq, — İbrahim qısaca deyərək sirri açdı. — Nöqtə kimi yerə vurmaq üçün.

Hər şey aydındı. Rəhmətliyin oğlu, bunu dünən desəydin nolacaqdı, mıxlar çıxıb qaçmayacaqdı ki?! Asfalt üzərində belə nöqtələrin məsələsini adətən yerə mismar çalmaqla da həll edirlər. Ya da elə mismarsız: baltanın ağzı ilə iki dəfə yüngülcə vurmaqla plyus işarəsini asfalta həkk eləyib tən ortasını koordinat nöqtəsi sayırlar. Bunu İlqar hələ texnikum dərslərindən bilirdi.

İbrahim izah elədi ki, onun əlli illik təcrübəsində şəhər planalması üçün kastil ən etibarlı və ən sınanmış vəsaitdir, çünki xaç işarəsini külək, ya da hər səhər küçələri süpürən arvadlar toz-torpaqla doldurub yox eləyə bilərlər. Yox eləməsələr də, lazımi anda onları dərhal tapmaq çətinləşir. Həmin nöqtələrin isə öz yerlərində sağ-salamat ən azı iki-üç ay durması İbrahimə vacib lazımdır.

Dəmiryolunun vağzala girən çoxsaylı sıralarında kastil-zad yoxuydu. Qatranlı şpalların arasında nə desən varıydı, hətta səhər Kübranın həyətdə səhv saldığı prezervativlərin əslini də burada görmək mümkündü, amma kastil gözə dəymirdi. İbrahim əlli ildi buradan kastil yığırdı, kastil qalardı?! Yolçəkənlər bilsəydilər ki, onların relsləri şpala mıxladıqları bu dəmirlər nə vaxtsa kiməsə belə ciddi lazım olacaq, bəlkə də nəzərə alardılar.

Onlar öndən və arxadan sürətlə şığıyan elektrik qatarlarından qoruna-qoruna az qala növbəti stansiyaya qədər müxtəlif yol zolaqları boyu irəlilədilər, amma tapa bildikləri cəmi-cümlətanı 5-6 kastil oldu. İbrahim orta yolla gedə-gedə bütün başqa yollara, hətta İlqarin kastili necə axtardığına da nəzarət edir, dəmir mıxı tapanda isə məmnuniyyətlə götürüb gözucu süzür, sanki keyfiyyətini, pasdan aşınıb-aşınmadığını yoxlayırdı. Bəlkə də ürəyində kastilə, məsələn, belə deyirdi: “Elə bilirdin səni tapa bilməyəcəm, qalıb burada veyillənməyə davam edəcəksən? Haydı, get gir çantaya, mənə lazımsan!” İlqar də arada fikir verirdi: İbrahim yolların arası ilə elə böyük səbir və inadla irəliləyirdi ki, lazımi sayda kastil toplamaq üçün lap Tiflisə qədər gedərdi. Növbəti stansiyaya yaxınlaşanda birdən İbrahim dayandı və İlqarı astaca səsləyib, sevinclə ən qıraq yolun altına tökülmüş çınqıl komasının yanında kastil tığını göstərdi. Sifəti işıqlanmış İbrahim elə bil ağac şpala vurulan adi qara mıx yox, heç kimin görmədiyi, görüb də dəyərini anlaya bilmədiyi bir araba qızıl tapmışdı. Əgər İbrahim çantasının qulpunun qırılacağından qorxmasaydı, bəlkə də bir o qədər sayda ora əlavə kastil dürtərdi. Amma dəzgahın ağzından təzəcə çıxmış, bəzi yerlərində hələ göyümtül alov parıltısını itirməmiş otuz kastili ona dəqiq saydıraraq çantaya yığdıran İbrahim birini də özü götürüb, təxminən təsbeh yerinə əlində oynatmağa davam etdi.

- Sən bunun papağına fikir verirsən? — İlqara dedi. — Əslində, bunun papağının ortasına beton mismarı ilə bir nöqtə vurmağımız da pis olmazdı.

- Görsələr, bizim papağımıza elə nöqtə vurarlar ki, bir də bu tərəflərə üzükmərik, — İlqar da İbrahimə təpinən kimi oldu.

İlqar bayaqdən bəri İbrahimə əsgərlikdən xatırladığı bir kastil əhvalatını danışmaq istəyirdi, amma icraçının inciyəcəyindən ehtiyatlanaraq susurdu. Əldən-ayaqdan uzaq Arxangelsk kəndində balıqçılar tora bağlamaq üçün köhnə dəmiryolundan xeyli belə mıx söküb aparıblarmış. Kəndin kolxoz fəalı bunu eşidib, gəlib mıxları oğurlayıb aparıb dəmiryoluna və başlayıb onları təzədən şpallara vurmağa. Balıqçılar tez polisə xəbər verib, polis də gedib kolxoz fəalını iş başında, mıxı yerinə vuran kimi yox, sökən kimi yaxalayıb. Arxangelsk vilayətində belə işlərin necə baş verdiyini və günahkarlara hansı inzibati cəzanın tətbiq edildiyini İlqar bilmirdi, amma indi onları da bu iş başında tutsaydılar, yəqin ki, “sağ ol” deməyəcəkdilər.

“Vağzalarxası” adlanan küçəyə çıxdılar ki, avtobusa minib obyektə getsinlər. Avtobus çantanın ağırlığını hiss eləyibmiş kimi gücənə-gücənə diki dırmaşmağa başlayanda fürsətdən istifadə edən İbrahim İlqara peşənin ikinci istehsalat sirrini açdı: biletləri heç zaman atmırsan, layihənin sonunda hesabat verəndə, çöldəki hər iş gününə dörd-beş bilet təhvil verib pulunu Qurbanovdan alırsan. Onun üçün biletlərin üstündəki seriya nömrələri fərqli olmalıdı. İlqar sonralar bu biletlərin necə yığıldığını və necə təhvil verildiyini gördü və o vaxtdan baºlayaraq ömrü boyu əlinə keçən bütün növ nəqliyyat biletlərinin bu prosedura yatımlıq dərəcəsininə görə qəribə hislər keçirdi. Adətən icraçılar biletləri hesabat verməyə bir-iki gün qalmış nəqliyyatın son dayanacaqlarındakı çəpərlərin dibindən, kolluqlardan, bəzən zibilxanalara yaxın yerlərdən toplayırdılar. Günün sonunda sürücülər öz hesabatları xətrinə onları metrlərlə cırıb oralara tullayırlar. Bir-birinin gözündən “millimetrovka” kağızın üstünə yapışdırılmış bu bilet həngaməsinin rəsmi adı “Amerika bayrağı” idi. Biletlərin çoxunun yazısı qırmızı rəngdə olduğu üçün onları yan-yana və alt-alta yapışdıranda yaranan ağ-qırmızı zolaqlar bu oxşarlığı müəyyən qədər yaradırdı. İlk dəfə bunu kimin dilə gətirdiyi məlum deyildi, burada hər şey, bütün yerölçmə bilikləri və davranışları sistemi ciddi ənənəçilik qanunları üzrə təşəkkül tapmışdı. Burada bilik və vərdişlərin hərəkəti, məna və məntiq dürüstlüyü yalnız bir cığıra sığırdı, ondan kənara yalnız səhvlər, yanlışlıqlar və təhriflər çıxa bilərdi ki, bunlardan da bircə dənəsinin bir santimetri bütün planın ölçülərini alt-üst edib onu yararsız hala salırdı. Qurbanovun müavini hesabatı qəbul edərkən başqa sənədlərlə bərabər dörd-beş dəfə qatlanmış həngaməni görəndə mütləq götürüb açır və məmnuniyyətlə onun həqiqi mövcudluğunu qaimdən mızıldanmaqla belə ifadə eləyirdi: “A vot i amerikanskiy flaq, oçen xoroşo!” Layihə institutunun geoloji-kəşfiyyat şöbəsi proletariat diktaturasının beynəlxalq imperializm ideologiyası ilə mübarizəsinə öz töhfəsini bu minvalla, onun başlıca ölkəsinin bayrağına həqarət etməklə verirdi.

Həmin gün sənətin sirlərinə aid başqa bir ciddi yenilik baş vermədi. İbrahim üç hektara yaxın ərazidəki küçə və səkilərdə gözəyarı müəyyənləşdirdiyi nöqtələrə iyirmi altı kastili mıxlayıb yaxın divarlara və dəftərinə onların nömrəsini yazandan sonra dərindən nəfəs aldı və əvvəlcədən gətirib buradakı həyətlərin birinə qoyduğu 20 metrlik dəmir lentlə nöqtələrarası məsafələrin ölçülməsinə başlamağın mümkünlüyünü elan etdi. İbrahim qəti xəbərdarlıq etdi: bu polad lentin üstündən maşın keçdisə, vəssalam, iş bitdi, mütləq sınacaq və bir də heç zaman ölçüyə yararlı olmayacaq. Ona görə İbrahimin küçədən keçən maşınları bir neçə dəqiqəliyinə əyləmək vəsaitləri də vardı, amma xoşbəxtlikdən onları bu dəfə obyektə gətirib çıxarmamışdı.

İbrahim dedi ki, adətən şəhərdə işləyəndə nahar fasiləsinə çıxmağa ehtiyac qalmır, saat üçdə-dörddə iş yekunlaşır. Amma cavan olduğu üçün İlqara özü ilə günorta yeməyi gətirməyi məsləhət gördü. İbrahim deyirdi ki, yaxşı icraçı çöl işlərinə lazım olan, məsələn, bir ayın işini iki həftəyə görür, sonra gedib evində rahatca çay içə-içə ölçü-biçilərini kağıza köçürür. Elə də oldu. İbrahim on günə əsas işləri yekunlaşdırsa da, ərazidəki tərpənməz yerüstü obyektlərin ruletka ilə ölçülməsi uzun çəkdi.

İş prosesinin özəl xüsusiyyəti bu iki nəfərin bir yerdə olmasını qəti şəkildə rədd edirdi. Ona görə gənc mütəxəssisin ustadan öyrənmək istədikləri bir qədər çətin başa gəlirdi. İlqar maraqlanıb soruşduğu hər şeyi sonradan İbrahim izah eləyir, hətta alətdə göstərirdi də. Ancaq məsələ bununla bitmirdi, burada davamlı vərdiş lazım idi, həm də çöl ölçüləri yalnız evdə ediləcək silsilə hesablamalar nəticəsində cızılacaq plana köçürüləcəyi halda özünü doğrulda bilər və istənilən nəticə hasil olardı. İbrahimin evdə edəcəyi bütün əməliyyatların İlqarsız keçəcəyi isə şübhə doğurmurdu. Eləsə, İlqar necə, harada öyrənəcəkdi bilmədiklərini?

- Sən çöl işlərini öyrən, — Qurbanov onun narahatlığını bölüşərək qətiyyətlə dedi, — ev işlərini biz sənə burada öyrədərik.

“Bura” üç çertyojçu qadının kulman arxasında işlədiyi böyük bir otaqdı, göyümtül boyalı divarlarına yapışdırılmış köhnə təqvimlər uşaq qəbiri təəssüratı yaradırdı, rəngi saralmış, bəzi yerlərdə suvağı çatlamış tozlu tavan isə çox uca olduğundan, deyəsən, heç kimin nəzər-diqqəti ora qədər pərvaz eləmirdi.

Ortadakı stolun üstündə xəritəköçürmə aləti asilloqraf qiymətli muzey eksponatı kimi durmuşdu. Diqqətlə baxanda stolun xüsusi olaraq məhz bu alət üçün düzəldildiyi görünürdü: ən azı iki metrin bir metr yarıma nisbətində oyma naxışlı ayaqları ilə stol asilloqrafın altında vəfalı həyat yoldaşı sədaqətini nümayiş etdirirdi. Heç kim ona dəyib-toxunmurdu, heç kim onu bekarçılıq üzündən qurdalamırdı, o stolun üstünə heç kim heç nə qoymurdu, yarımçıq işlənmiş xəritədə nəsə axtarmırdı, hamı onun yanından səliqə ilə keçib öz işi ilə məşğul olurdu. Elə bil hələ də öz işləkliyini və gərəkliyini itirməmiş köhnə köçürmə cihazı yox, böyük çətinliklərlə özünü təsdiq etmiş yerli xəritəşünaslığın hörmətli heykəli idi. İcraçıların ev işlərini yerinə yetirməsi üçün də əlavə stollar vardı, amma onlar öz çılpaqlığı və sahibsizliyi ilə müvəqqəti tərk edilmiş oba alaçıqlarına oxşayırdılar.

Üç pəncərənin üçündən də küçənin o biri üzündəki metro stansiyası, oraya girib-çıxan adamlar görünürdü. Adamların pəncərələrdən görünən yad və yalnız öz qayğılarına məftun qaraqabaqlığı onlardan ötrü mürəkkəb geodeziya elmini öyrənib xəritə çəkmək həvəsini boğurdu. Metroya daxil olanlar şüşə qapılardan içəri bir-bir, iki-bir, sanki təsadüfən, ya da maraq xətrinə nəyəsə baxmağa girirdilər, amma çıxanlar həmişə müəyyən nizam və davamlı dəstə axını ilə elə bil hansısa mənasız, cəfəng bir mərasimi ənənəvi olaraq yerinə yetirməyə çıxırdılar. Amma onların bu əzmkar nizamı və kollektiv həmrəyliyi elə metronun qarşısındakı meydandaca dağılır və bir dəqiqədən sonra sərnişinlik immunitetini tamam itirən bu dəstələr bütün şəhər əhli kimi hər cür azar-bezara asanlıqla mübtəla ola biləcək adicə fərdlərə çevrilirdilər. Onların təkadamlıq uzun sırasını yuxarı qaldırıb bir-bir öz belindən düşürən zəhmətkeş eskalator pilləkənləri isə sanki haradasa planlı şəkildə istehsal olunan və dəstə halında formalaşdırılaraq bura göndərilən növbəti sıraları qəbul etmək üçün yenidən ağılsızcasına aşağı qaçırdı. Yalnız şəhər gecələrinin dərin yuxusunda təkrar olunmayan, müvəqqəti fasilə verən bu proses ikinci mərtəbənin pəncərələrindən boylanan geoloji-kəşfiyyat şöbəsinin daim yenilənməyi tələb edən plan və xəritələri üzərində işin bir başqa təkrarı idi.

Qadınların üçü də ondan yaşca böyükdü, çox böyükdü: onu bəzən görür, nəsə deyir, nəsə soruşurlar. Səsləri qara tuş dolu reysfederlə xətkeş altında çəkdikləri düz xətlər kimi sabit ahəngdə və dəyişməz tonallıqda olur. Bununla belə, bəzi başqa söhbətlərdə birdən kulmanın arxasından başlarını yana çıxarıb nəsə deyəndə gülməli mənzərə yaranır, elə bil körpə uşaqla məzələnirlər: “Ciçç! Mən burdayam!” Yalnız danışan, nəsə deyən və dediyinə xüsusi inam və diqqət tələb edən qadın adətən başını kulman arxasından bir neçə saniyəlik çıxararaq monoloqunu söyləyir, dinləyənlər isə öz işlərindən ayrılmır. Onlar eləcə öz uca taxtalarının arxasında həm işləyir, həm dialoqa qatılır, həm çay içir, həm qeybətləşir, Qurbanovun müəyyən etdiyi aylıq plana uyğun kalka köçürmələri eləyib maaş alırlar. Bəzən də öz qayğıları içində bata-bata onu görmürlər, heç səsləri də gəlmir, eləcə susurlar. Adətən çöldə lığ basmış axmaz kollektorlar elə susur və birdən sahildən şappıltı ilə suya tullanan boz bir tısbağa sükutu pozaraq adamı diksindirir.

Foti də onları o cür diksindirir. Sanki uca dikdabanları deyil, ağappaq incə topuqları qoca parketi köhnə nağara kimi dilə gətirir: tuk,tuk,tuk-tukk! İçəridəki sükutu pozmağa təzə heç nəyi olmayanda, çeynədiyi saqqızın düyməçəsini partladır və göz vurur. Foti şöbənin gözəli, Qurbanovun məşuqəsidi. Laboratoriyada qazıntılardan gətirilən süxur nümunələrini müxtəlif aşqarlarla analiz edib rəy yazır. Təzə süxur bəzən həftələrlə gəlmir, onda işsiz darıxan Foti laboratoriyadan çıxır, kinoteatrı ehtiyatla keçib Qurbanovun otağına daxil olur, yaşıl müşəmbənin qarşısında incə qovaq kimi dayanıb rəngli dırnağının ucu ilə stola toxuna-toxuna nəsə deyir. Elə deyir ki, Qurbanov onun sözlərini eşitsin, amma müavinləri eşitməsin. Elə də olur, onlar eşitmirlər, yalnız Qurbanov eşidir, lazım olanda o birilər hətta siqaret çəkmək adı ilə gedib kinoteatrda otururlar, pilləkən meydançasında hərlənib idarəyə gəlib-gedənlərlə çox səmimi salamlaşırlar. Fotinin içəri girib onları otaqdan çıxarmayacağı təqdirdə bu boyda həmkar mehribanlığı və qarşılıqlı nəvaziş dolu xoşhallığın əmələ gəlmədən fövtə verilməsi ehtimalı, əlbəttə, adamı heyrətləndirir. Fotiyə isə bəzən heç söz demək lazım olmur, demək istədiklərini sehrli baxışları ilə, füsunkar qədd-qamətini və fövqəladə dərəcədə gözəl dodaqlarını səssizcə tərpətməklə Qurbanova qapıdan boylanmaqla çatdırır, sonra isə qadınların otağına keçib qəhqəhəsinin hündür divarlarda əks-səda verən cingiltisi ilə onları diksindirir: ”Yenə yatmısınız?!” Buradan onun həmişəbahar rayihəsi nəinki divarın o üzünə, bütün Baksovet məhəlləsinə, bağa, metro meydançasına yayılır və şəhər bir neçə dəqiqəliyə huşunu itirir.

Növbəti qatarın stansiyaya boşaltdığı, hələ bihuş olmamış adamların içindən hərdən yaşlı kişilər çıxıb otağa gəlir, qadınlarla şirin-şirin hal-əhval tuturlar. Nə vaxtsa burada işləmiş, hər piketin dəqiqliyi üzərində bütün həyatı boyu baş sındırmış bu qocaları istehsalat qayğıları daha maraqlandırmır, keçmiş istehsalat həyatı onlara mənasız və yalan kimi görünür. Onlar öz ailə və uşaqlarından danışır, ümumiyyətlə, heç nəyə təəccüblənmirlər, elə bil dünyada hər şey onlarla bərabər qocalaraq əhəmiyyətini itirib. Onlar gənc mütəxəssislə də maraqlanmırlar, çünki gənci irəlidə nələrin gözlədiyini onlar daha yaxşı bilir və ona həsəd aparmırlar, bəlkə də halına acıyırlar. Bəlkə də həsəd aparmalı yalnız onun gəncliyidir, amma bunu nə gənc özü bilir, nə də geodeziya elmi. Bunu layihə institutunun geoloji-kəşfiyyat şöbəsi bilir, amma öz keçmişinə baxanda bütün heyrət və təəccüb hissi onu tərk edir, çünki ora yalnız qocalaraq sıradan çıxmış adlardan və daim yenilənməyi tələb edən köhnəlmiş xəritələrdən ibarətdir. Doğrudanmı keçmiş onlar üçün bu qədər maraqsız və əhəmiyyətsizdir? Axı onların çəkdiyi planların üzərində memarlar binalar tikib, küçələr çəkib, kommunikasiyalar yerləşdirib, yeni məhəllələr, mikrorayonlar salıb. Nə olsun, indi orada rahat yaşayan adamlar onları tanımır, xatırlamır və bəlkə gedib orada kiminsə qapısını döyüb bir stəkan su istəsələr, heç qapını açan olmaz.

Kinoteatrda çox rahat oturmuş Əlibala kişi ilə tanış oldu. Əlibala kinoteatrda indiyədək getmiş bütün hind filmlərini əzbər bilən dağlı qədeşbaladı: 75 yaşının xeyli hissəsini burada keçirmişdi. Arıq, hündür, qıvraq bir qoca fəhlə idi, şöbədəki bütün icraçılarla işləmişdi. İcraçılar haqqında hər şeyi, hətta onların özlərinin bilmədiklərini də bilirdi. İş prosesinin nələrdən ibarət olduğunu, şəhərin hansı hissəsinin hansı çətinlik kateqoriyasına aid olduğunu, eləcə də bütün reper və koordinatları məlum istinad nöqtələrinin yerini Əlibala qədər yalnız Qurbanovun müavinləri bilərdi.

- Mərkəzdə hansı həyətdə neçə quyu var, onlardan neçəsi kanalizasiya, neçəsi su, neçəsi telefon quyusudu, hamısını bilirəm, — Əlibala kişi oturduğu rahatlıqla da danışa-danışa ona filmləri izah eləyirdi. — Çoxunun dərinliyini də deyərəm, uzağı beş-altı santı səhv eləyərəm.

- Nə əcəb indiyə qədər özün öyrənib müstəqil işləməmisən? — İlqar öz problemlərinin perspektivinə boylana-boylana intizarla soruşdu.

- A, yooo, mənnük dögü, — Əlibala əlini yellədi.

Rusca qırıldayan bu idarədə Əlibala kişi öz ana dilində danışan nadir adamlardan biri idi. O hərdən rusca danışanda da adama elə gəlirdi ki, fikrini doğma dildə ifadə etdi və qəribə idi ki, hansı dildə danışmasının fərqinə varmadan idarədə hamı onu ikicə sözündən başa düşürdü. Ay ərzində Əlibala üç, bəzən dörd icraçı ilə çəkilişlərə gedirdi, ona görə maaş cədvəlində onun adının qabağına müxtəlif naryadlardan toplam babat məbləğ çıxırdı.

Əlibala ilə tanışlıq İlqarın gələcəklə bağlı optimizmini və ixtisasa vurğunluğunu deyil, əksinə, ürəyindəki şübhələri artırdı. Fikirləşirdi ki, onu bu idarədə iki yol gözləyir: ya İbrahimin yolu, ya da Əlibalanın.

İbrahimdən sonra İlqarı yeni işə “Traxman” familiyalı icraçı ilə göndərdilər. Şöbədə hamı ona familiyası ilə müraciət edir. Elə bil bu sözdəki tezbazar və universal fel ahəngi camaatın xoşuna gəlir. Bu, İlqarın həyatda qarşılaşdığı ilk adamdı ki, yəhudi olduğunu gizlətməyə ehtiyac duymur. Atlet bədənli, yaraşıqlı bir oğlandı Traxman, nə sirdirsə, müraciət etdiyi hər kəs ona təbəssümlə cavab verir. Sanki adamlar onunla daim zarafat edir, onunla ciddi danışanda da əziyyət çəkib fikirləşmir, beyinlərini gərib cümlə qurmur, əksinə, bütün bunları etmədən dincəlir və xoş ovqatlı havayı ünsiyyətdən doyunca zövq alır. Arxadan enlikürək atletə, sifətdən yorğun klouna oxşarlığı var Traxmanın. Dediyi hər sözün dalınca elə işıqlı nəzərlə baxır, elə bil bu sözü ömründə ilk dəfə dilinə gətirib və indi onun nə effekt verəcəyini maraqla izləyir ki, jurnala yazıb hesabatına daxil eləyə bilsin. Elə bil sözün çatdığı yerdən cavabdan öncə quş çıxacaq və o quş öz əsrarəngiz gözəlliyi və sirli pırıltısı ilə hamının könlünü xoş eləyəcək.

Küçənin ortasında aləti də nöqtənin üstündə sanki əyləncə xətrinə qururdu, bir də gözünü açırdın ki, günün yarısı gedib, xeyli də iş görülüb. Böyrüncə də bu nöqtədən o nöqtəyə yoldan keçən avaralardan biri mütləq sürünürdü. Traxman bəzən onları şaxısla lazımi nöqtələrdən piket verməyə göndərir, bəzən də elə-belə, sanki bekareçılıqdan onlarla məzələnirdi. Onu fəhlə məsələsi üzrə Qurbanovun qeyri-rəsmi müavini də adlandırırdılar: yeni fəhlə axtaran hər kəs ona müraciət edirdi. Traxman da küçədə təsadüfən tanış olduğu işsiz avaraları tərifləyə-tərifləyə onlara hədiyyə edirdi. Mahiyyət və məzmunca Traxmanın İbrahimlə eyni işi gördüyünə bəzi anlarda İlqar inanmaq istəmirdi. Çünki biri ilə işləyəndə o yorulur, o biri ilə yorğunluğu yalnız evə gəlib çatandan sonra hiss edirdi.

Traxman istinad nöqtəsi olaraq yerə kastil yox, adicə mismar vururdu, amma mismarın tez sıradan çıxa biləcəyini nəzərə alaraq böyründəcə səki daşının üstünə plyus işarəsi cızırdı. Əksər hallarda isə səkilərdəki müxtəlif quyu qapaqlarının tən ortasından nöqtə kimi istifadə edirdi.

- Mismar itsə də, deşiyi qalacaq, — deyirdi. — Çölün cəngəlliyi deyil ki…

Traxman itmiş nöqtənin dəqiq bərpasını da ona çox asanlıqla başa saldı.

- Təkcə ölümə çarə yoxdu! – dedi və ucadan güldü, sanki ölümün çarəsizliyi də Traxmanı sevindirməyə bilmirdi.

Əslində isə onun içində həyatın ağır və çətin qıvrılmalarıma qarşı qəti müqaviməti formalaşdıran bir mühərrik işləyirdi. Bu mühərrik çox vaxt ondan asılı olmadan özü özünü tənzimləyir, gələn gur axının içində lazımsız nə varsa kənara atır və yalnız həqiqi dəyər və əhəmiyyətə malik olanlarını Traxmanın düşüncəsinə buraxırdı. Onun çantasında həmişə iki buterbrod olurdu. Deyirdi ki, anası onu buterbrodsuz evdən işə buraxmır. İlqara elə gəlirdi ki, anası hər iki buterbrodu oğlu üçün çantaya qoyur, sadəcə Traxman öz payından birini ona verir. Ruletka ilə ölçəndə Traxman nisbi məsafə yaxınlığında özünün hələ gənclik təravətini itirməmiş həyatından, gördüyündən, eşitdiyindən müxtəlif hadisələr danışırdı. Danışdıqlarının hansısa yerində mütləq qəşş eləyib ucadan gülür, sonra yenə sözünə davam edirdi. Birmərtəbəli həyətlərdə arvadlar onun yaraşığına, daim şən əhvalına və ucadan danışığına tamaşa eləməyə çıxırdılar. Suallar verib ona sataşır, bəziləri naz-qəmzə ilə tanış olurdular. Traxmanın iş üstündə çay qonaqlığı və axşam alətləri yığmağa yer problemi yox idi. İlqar heyrət eləyirdi onun eyni anda neçə işi birdən görmək bacarığına. Həm ruletkadan ölçü götürürdü, həm jurnalda cızdığı çertyojun müvafiq yerinə yazırdı, həm onu istiqamətləndiridi, həm də həyətə çıxıb onunla məzələnən arvadlarla laqqırtı vururdu.

Traxman deyirdi ki, əsas məsələ nöqtələrin koordinatlarını düzgün hesablamaqdı, qalan nə varsa, hamısını bəd ayaqda şəklini çəkmək də olar. Deyirdi, kağız adamdan fərqli olaraq hər şeyə dözür. Amma koordinatları dəqiq hesablamaq üçün bucaqları və nöqtələrarası məsafələri dəqiq ölçmək lazım idi. Traxman yoldan keçənlərlə də laqqırtı vura-vura bunları necə eləyirdi, bir Allah bilir.

Bir dəfə günorta buterbrod yeyəndə Traxman ondan soruşdu:

- Sən bu sənəti həqiqətən öyrənmək fikrindəsən, ya elə belə vaxt keçirirsən?

- Həqiqətən, — İlqar dedi. — Amma mən şəhər planalmasını yaxşı bilmirəm...

İlqara elə gəlirdi ki, o, texnikumda yaxşı oxumayıb, çünki bütün bu prosesləri orada onlara öyrədiblər. O isə bilmir və bilmədiyinə görə indi xəcalət çəkir.

- Çöl, şəhər fərqi yoxdu, — Traxman onun gözünün içinə baxa-baxa öz işıqlı şüaları ilə şəfəq saçdı. — Bucaq hər yerdə bucaqdı, sıfırdan üç yüz altmış dərəcəyədək. Məsafə də məsafədi, sıfırdan sonsuzluğadək. Onları dəqiq ölçməyi bacarmaq lazımdı. Mən sənə bunun yolunu deyərəm.

İbrahim deyərdi ki, bucağı teodolitlə, hündürlüyü isə nivelirlə ölçmək lazımdır. Traxman elə demirdi, o ölçməyi necə öyrənməyin yolunu bilirdi.

Traxman dedi ki, bucaqları ölçüb qurtaran kimi teodoliti ona verəcək ki, aparıb evdə məşq eləsin. Sadəcə məşq eləməsin, Kübranın həyətində yerə beş-altı nöqtə vurub qapalı çoxbucaqlı yaratsın, bucaqları teodolitlə, məsafələri isə adicə ruletka ilə ölçsün. Traxman dedi ki, nəticəni özü gəlib yoxlayacaq. Hər şey düzgün və dəqiq olsa, keçəcək koordinat hesablamasına.

Neçə vaxtdır ümidsizlik gölündə gah batıb, gah çıxan İlqar üfüqdə xilas qayığının ağ yelkəninin xəfif yelləntisini görüb sevindi.

Kübranın həyəti əyri trapesiya formasında idi: bütün pəncərələr, o cümlədən küsərək arxasını çevirmiş qonşu evlərindən də ikisinin pərdəli pəncərələri ortadakı su kranına sanki qara eynək altından baxırdı. Boş yerlərdə çox vaxt yuyulmuş paltar, yataq ağları yellənirdi. Kübra öz qapısı tərəfdə ipə sərdiyi xalça-palazla gərdəkfason bir şey düzəltmişdi və orada qızı ilə yayı yola verirdi.

O həmişəkindən xeyli tez gəlmişdi, ilk dəfə idi polis, tələbə və krançı ilə yaşadığı bu otaqda tək qalmışdı. Pəncərədən içəri gün düşmədiyi üçün adam burada özünü yorğun və əhvalsız hiss edirdi. Tələbə evdə olanda mətbəxdə bişirdiyi xörəyin xoş iyi bütün başqa iyləri üstələyib bu hissi unutdurur, sanki evə qadın həniri gətirirdi. Amma indi üç-dörd çarpayı, şkaf , stol-stullarla ağzınacan dolu otaq alçaq tavanı ilə içəri girəni çölə itələyirdi. Bəlkə də yay olduğuna görə belə idi.

Birdən qız gərdəyin dalından çıxıb ona tərəf gəlməyə başladı. O cür yerişlə kənd arvadları adətən dalaşmağa gedir. O özünü itirən kimi oldu: belə açıq-aydınlığı ilə, demək olar ki, ilk dəfə gördüyü və əvvəllər ani görüntülərində dəli-dolu Kübranın nisbətən cavan variantını xatırladan qız heç də onun təsəvvür etdiyi kimi deyildi. Əynindəki idmançı şalvarı, qısaqol qırmızı köynəyi və azca qaralmış sərrast sifəti onu Kübradan və küçədən keçən çoxlarından dərhal fərqləndirirdi.

- Bu nədi, mənim şəklimi çəkirsən? — qız yaxınlaşan kimi ştativin üstündə qurulmuş teodolitə işarə elədi.

O izahat verdi:

- Bu, - dedi, - şəkil çəkmək üçün deyil, bucaq ölçmək üçündür. Gətirmişəm məşq eləməyə.

O, qızın bu köhnə həyəti bulud kimi basmış cır tutdan, gün düşməyən otaqdan, anası Kübradan fərqli olaraq həyat eşqi ilə nə qədər dolu olduğunu həmin an bütün parlaqlığı ilə hiss eləmədi, çünki özü də təxminən o yaşda idi və ona elə gəlirdi ki, bu yaşda başqa adamlar, xüsusilə qızlar və ümumiyyətlə, bəşəriyyət haqda nəsə ciddi bir şey düşünmək olmaz.

- Sənin adın Lalədir, hə, eləmi? — o bunu dəqiq bilə-bilə nədənsə qızın özündən soruşmağı vacib saydı.

- Aha, - qız başı ilə təsdiqlədi. - Olar mən ondan baxım?

Baxdı, nə gördüsə, kəllə-mayallaq gördü.

- Bu niyə belə baş-ayaq göstərir?

- Bunların xüsusiyyəti elədi, - İlqar izahatı uzun sayıb qısa cavabla keçinməyə çalışdı.

- Sən mühəndissən? - Lalə onun da üzünə dürbündən baxırmış kimi bir gözünü qıyaraq baxdı.

Və o indi gördü ki, Lalənin dümdüz ağız-burnu yüngülcə qələm çəkilmiş qaş-gözü ilə birlikdə sanki teodolit altında dəqiq qurulmuş ölçülərin mütənasibliyindədir.

- Mən... - Bu yaxınlıqdan az qala çaşaraq dedi. - Texnikum bitirmişəm. Amma indi çətinliyim var.

- Niyə? - qız təəccüblə, buna qətiyyən inanmırmış kimi ağızucu soruşdu.

Elə soruşdu ki, elə bil günün bu çağında, bu şəhərdə, bu yaşda və bu boy-buxunda oğlanın çətin vəziyyətə düşməsi tamamilə qeyri-mümkün və ağlasığmaz bir iş idi.

İlqar gedib divarın dibindəki skameykada oturdu və öz durumunu qıza necə danışacağını düşündü.

- Bilirsən, mən çöllərdə işləməyi öyrənmişdim, - özündən asılı olmadan belə başladı. - Çöllərdəki iş buradakından fərqlidi. Amma gəldim şəhərə düşdüm. Mən bunu heç kimə deməmişəm, heç kimnən bu barədə məsləhətləşməmişəm...

- Bəs sənin atan-anan yoxdu onlarla məsləhətləşəsən?

- Mən onları narahat eləmək istəmirəm, - İlqar bir qədər susandan sonra əlavə elədi. - Mən müstəqil işləməyi mümkün qədər tez öyrənməliyəm.

Lalənin hara baxdığı, nə düşündüyü, deyəsən, heç özünə də aydın deyildi. O, tutun sallanmış budağını yüngülcə dartışdıra-dartışdıra sanki bütün ağacın silkələnməsini istəyir və bu qüdrəti ilə İlqarın problemlərini də çözməyə çalışırdı.

- Müstəqil işləməyi öyrənim, bir az pul yığım, çıxıb gedəcəyəm, - İlqar ümidsizcəsinə dedi.

- Hara gedəcəksən? - Lalə eyni ümidsizliklə “hara”nın harada olduğuna cavab gözləmədən soruşdu.

- Moskvaya gedəcəm, - İlqar bir an əvvəl ağlına gəlməyən bu şəhər adını tapmağına sevinən kimi oldu. Hətta nəyə gedəcəyini də dərhal qızın önündə müəyyənləşdirdi. - Gedəcəm instituta girməyə.

Amma dediyi sözlərə özü də inanmadı, çünki onların həqiqət olması üçün çox şeylər, birinci növbədə müstəqil işləməyi öyrənmək lazım idi.

# 1662 dəfə oxunub

Müəllifin son yazıları

# # #