Estetik əməliyyat: Qərbin xəstə təxəyyülü

Estetik əməliyyat: Qərbin xəstə təxəyyülü
17 iyul 2014
# 12:26

Kulis.Az italyan filosof Umberto Qalimbertinin “Qərbin xəstə təxəyyülü elm və din arasında” məqaləsini təqdim edir.

İnsan sağlamlığının qayğısına qalan, onu xəstəliklərdən təmizləməyə çalışan elmi tibb adlanır. Hippokratın təbirincə desək, tibb elminin məqsədi xəstəliklərdən yayınmaqdır. Aristotelin fikrinə görə isə təbabətin məqsədi təbiətin özünü sağaltmasına yardım etməkdir. Əslində məsələyə bir az daha yaxından nəzər yetirsək görərik ki, bizi sağaldan dərman yox, onun təkan verdiyi təbii prosesdir.

Təbabətin inkişafı ilə yaxından tanış olmaq üçün din və elm, insan və ölüm arasında olan münasibətləri təhlil etmək gərəkdir. Qədim yunanlar ölüm faktorunun tamamilə fərqinə varsalar belə, bu ideya xristian dinində bir az fərqli təqdim edilir. Əbədi və ya ölümdən sonra başlayan həyata inanan kəsimin elmə olan münasibəti xeyli fərqli olur. Peyğəmbərlərin xəstələri dua edərək, möcüzəvi bir şəkildə şəfaya qovuşdurmasına çoxları inanır. Bu növ əhvalatlar elm və din arasında olan qədim əlaqənin sübutlarıdır.

Məsələn, xristian dini keçmişi günahlarla çirklənmiş, bu günü oyanış, gələcəyi isə qurtuluş kimi qələmə verir. Elm də bu düşüncə tərzindən çox uzaqlaşmır. Elmə görə keçmişi hesablamaq, indiki zamanda isə yeni axtarışlara başlamaq lazımdır. Çünki indiki zaman axtarışlara münbit şəraitin təqdim olunduğu məqamdır. Gələcək isə elmdə də intibahın gətirəcəyi qurtuluş anlamına gəlir.

Amma günümüzdə bu iki sahənin arasında uçurumun dərinləşdiyini demək olar. Buna səbəb olaraq elm və din arasına üçüncü elementin, yəni, texnologiyanın daxil olmasını göstərmək olar. Texnologiyanın inkişafı bizə təbiətin limitlərini aşmaqda yardım edir. Süni mayalanma, embrionların doldurulması və ya orqan nəqli bu inkişafın bariz sübutlarıdır. Artıq insanlar texnologiyadan yararlanaraq ölümə bir çarə tapmağa, ölümsüzləşməyə çalışırlar." Qazanılan bilik çərçivəsində mümkün olan hər şeyi etmək" prinsipi getdikcə daha da önəm qazanır. Texnologiya kütlə tərəfindən qocalıq əleyhinə bir alətə çevrilməyə başlayır. İnsanlar qocalıqdan qorxurlar.

Ahıllıq sadəcə bioloji tale olmaqla kifayətlənmir. O həm də mədəni-tarixi bir hadisədir. Keçmişdə cəmiyyətin böyük hissəsini yaşlı nəslin daha müdrik olduğuna inananlar təşkil edirdi. Platon özü qocalığı müdriklik və zənginlik kimi qələmə verirdi.

Lakin günümüzdə yaşlılıq həyatın nəbzini tuta bilməmək, gecikmək anlamına gəlməkdədir. Hələ XIX əsrdə Maks Veber bu problemlə bağlı yazırdı: "Gələcək nəsillər həyatdan doymuş şəkildə deyil, yorğun şəkildə köçməyə məcbur olacaqlar. "

Qocalıq yaşanması kifayət qədər çətin olan bir prosesdir və bunun fərqli səbəbləri var. Birinci səbəb hər kəsə aid olan " Mən və Bədən" arasında gizlənir. Vücud artıq dünyada yaşamaq üçün səbəb yox, əngəl olmağa başlayır. Bədəni yavaş-yavaş tənəzzülə uğradan qocalıq onu hərəkət subyektindən diqqət subyektinə çevirir. İnsan diqqət subyekti olmağı sevmir və bu məqamda ikinci səbəb aşkara çıxmağa başlayır: "Mən və Dünya " .

İnsan qocaldıqca münasibətlərin necə sadələşdiyinin, fəqirləşdiyinin şahidi olur.

Üçüncü səbəb isə sırf eşq-məhəbbət məfhumu ilə bağlıdır. Yaşlandıqca cinsi aktivliyin zəifləməsi qocaları erotik subyekt olmaqdan çəkindirir. Geriyə qalan isə eşq xatirələri, bədənin yaddaşı və başqa mücərrəd hisslər olur.

Aydın məsələdir ki, heç də hər kəs bu səbəblə barışmağı qəbul etmir və estetik cərrahiyyəni öz bədəni üzərində tətbiqə qərar verir. Sırf estetikaya əsaslanan bu yalançı cərrahiyyə mifi Qərb düşüncə tərzini mənfi istiqamətə aparan və onu idarə edən önəmli bir ünsürdür. Belə demək mümkünsə, artıq Qərbdə bir qocanın üz ifadəsi heç kimi maraqlandırmır. Reklamlarda, televiziya kanallarında, hətta siyasətdə belə çox zaman gənc, dinamik və bahalı kosmetika məhsullarının istifadə olunduğu üzlər axtarılır.

Əgər Qərb mədəniyyətini idarə edən bu xəstə təxəyyülü müalicə edə bilsək qocalıqda böyük dəyərlər tapmaq mümkündür. İnsan qocaldıqca öz xasiyyətini inşa edir və özünü tanıyır. Məncə, qocalıqda tapa biləcəyimiz birinci önəmli dəyər məhz xarakterin inşasıdır.

Filosof Manliyo Zqalambronun təbirincə desək, eşq gizlənmək üçün divarlara ehtiyac duymur. Onun estetik gözəlliklə bir o qədər əlaqəsi yoxdur.

Yalnız yaşlandıqca, cinsi aktivliyin və tələblərin tükəndikcə sevginin nə olduğunu anlamaq olar. Məhz sevgi ahıllıqda tapa biləcəyimiz ikinci önəmli dəyərdir.

Tərcümə etdi: Nihad İsa

# 3032 dəfə oxunub

Müəllifin son yazıları

# # #