Sənəd kimi öz yanımla gəzdirirəm həsrətini

Sənəd kimi öz yanımla gəzdirirəm həsrətini
23 avqust 2013
# 13:37

Kulis.az şair İsa İsmayılzadənin şeirlərini təqdim edir.

Tanış olmaq istəyirəm

Əl uzanır: - Tanış olaq!

Əl uzanır: - Salamat qal!

Əl uzanır dosta, yada,

əl – hələlik,

əl – əlvida.

Tanış olmaq istəyirəm,

doğma olmaq istəyirəm

sahildəki qızıl qumla,

arxivdəki keçmişimlə,

bağçadakı tər çiçəklə,

sinəmdəki tər ümidlə,

tər arzumla.

Tanış olmaq istəyirəm,

doğma olmaq istəyirəm.

Cib dəftərim telefonla,

adla dolu olsa belə,

əl açıram –

təzə insan istəyirəm,

təzə ünvan istəyirəm.

Qaldırıcı, endirici kranlarla,

ağ ulduzla, ağ buludla,

qəbirləri qucaqlayan

mərmər rəngli,

torpaq rəngli lal sükutla,

tanış olmaq istəyirəm,

doğma olmaq istəyirəm.

Təyyarənin qanadının,

qatarların fit səsinin arxasınca

əllərimiz dalğalanır ağ yaylıq tək,

əllərimiz dalğalanır ayrılıq tək.

Əl açılır üzümüzə qapı kimi,

Əl açılır üzümüzdə güllə kimi.

Barmaqlarla

pillə-pillə

dırmaşırıq harasa.

Mən əllərlə tanış olmaq istəyirəm,

doğma olmaq istəyirəm –

əlcək geyən,

qabar döyən,

çəlik döyən,

kətmən döyən əllərlə.

Hərdən məndən küssə də,

bir əlin ömrünü uzatmalıyam

oxşaya-oxşaya

isidə-isidə.

Mənim əlim havadadır,

mənim əlim yollardadır.

Qarşıma kim çıxasıdır,

Qarşıma nə çıxasıdır –

Əlimi kim sıxasıdır,

əlimi nə sıxasıdır –

sıxsın görək!

1941

Mənim doğulduğum il

naməlum bir əsgərin

adı, ünvanı oldu.

Mənim doğulduğum il –

səngərlər də doğuldu,

tüstülər də doğuldu.

Səngərlərdə doğuldu,

tüstülərdə doğuldu,

mənim doğulduğum il.

Mənim təvəllüdümü

torpağın sinəsinə

xəncər yarası kimi.

Yer kürəsindən keçən

döyüş səngəri yazdı.

Uzunboğaz çəkmənin

nallı dabanı ilə

Vətən əsgəri yazdı,

Göylərin sinəsinə

topun lüləsi yazdı,

Ulduzları isidən

fişəng şöləsi yazdı.

Yazdı təvəllüdümü

balınca göz yaşları,

yollara – anaların

ümidli baxışları.

Mən təvəllüd günümü

keçirmək istəmirəm.

Badələrin səsilə

oyatmaq istəmirəm.

Xatirə beşiyində

uyuşmuş həsrətləri,

Küsəyən qardaşımın

qabda qalan payı tək

soyumuş həsrətləri

oyatmaq istəmirəm.

Doğulduğum tarixə

Hamıdan çox yanıram,

Qara həşyə geyinmiş

şəkildən utanıram.

1962

Yağış gölməçəsi

Damcılar göylərdən əlini üzdü,

Buludlar

özünə boylanmaq üçün –

bulanıq güzgütək gölməçələri

torpağa düzdü.

Yağdı, tala-tala gölməçə yağdı,

göylərin dəlisov ilhamı yağdı,

sərçələrin soyuq «hamamı» yağdı.

Yağış gölməçəsi buludla doldu,

Günəşlə,

payızla,

sükutla doldu.

Göyə yuxarıdan aşağı baxdım –

bir vaxt Avropanın salonlarından

Bodenşted bizə baxdığı kimi,

Daş atıb, göylərin evini yıxdım,

Bir dərviş Parisi yıxdığı kimi.

«Atını» göylərdə sürdü çoxusu

ayağı çırmalı uşaqların da.

Çİlik-çilik oldu gölün yuxusu

çubuq köhlənlərin dırnaqlarında.

Uşaqlar yollandı yuxu dalınca.

Onların doluxmuş izi soğuldu,

Göy göyə çəkildi,

payız – ağaca,

Gölməçə kor oldu –

elə bil, torpağın gözü soğuldu.

Arabir göylərə boylanmaq üçün,

gəlinlər kimi,

özünə daha çox inanmaq üçün

torpağa güzgü də,

köz də gərəkdir.

1962

Həsrət

Sən qanadlı xəbər kimi,

yad qapını açan gündən –

Həsrətinlə yaşayıram bir otaqda,

həsrətinlə yaşayıram bir torpaqda,

bir dünyada.

Qatarlarda, təyyarələrdə, gəmilərdə

sənəd kimi öz yanımla

gəzdirirəm həsrətini.

Ora-bura sürüməkdən

bezdirirəm həsrətini.

İstəyirəm, azdıram mən həsrətini

alqış dolu salonlarda –

bacarmıram.

İstəyirəm, azdıram mən həsrətini

dalanlarda,

döngələrdə,

izdihamlı küçələrdə –

bacarmıram.

Həsrətinə gücüm çatmır, sənə – əlim,

İstəyirəm, həsrətini

Meşələrə, dənizlərə atıb gəlim –

Bacarmıram.

Həsrətinə gücüm çatmır, sənə – əlim

Süfrəmdəki çörək deyil, həsrətindir,

sinəmdəki ürək deyil, həsrətindir, - hey döyünən

Ürəyimin başını mən

ovuduram bir uşaq tək.

Səndən qalan xatirələri,

olub-qopan həsrətini

ürəyimin qabağına atıram mən

oyuncaq tək,

öz başımı qatıram mən

bir uşaq tək.

Həsrətini içirəm mən,

həsrətini çəkirəm mən.

Nə yaxşı ki, həsrətin var!..

Həsrətinlə yaşayıram bir otaqda,

həsrətinlə yaşayıram bir torpaqda,

bir dünyada,

Yaşayıram,

yaşayıram,

yaşadıram həsrətini.

1963

Adsız şeir

Saxlayım saatımı, söndürüm işığımı –

Heyfim gəlir saata da,

işığa da,

özümə də,

qaranlığa da.

Əl çəkin,

dodaqlarım bağlı qalsın

nənəmin qapısı kimi.

Gözlərim durulsun,

əllərim fikrə gestin.

Susum, susum

bir namərdin qəsdi kimi.

Sahildə qumları,

göydə ulduzları,

yerdə adamları,

nadanları

saymaq istəyirəm.

Canınız yanırsa mənə,

əl çəkin yaxamdan, əl çəkin:

bir mühasib çağırın,

ya da ağıllı bir maşın –

hesablasın görək

nə qədər yalan udmuşam,

nə qədər qəzəb,

neçə arzuma başsağlığı verilməyib,

nələr keçib könlümdən, yuxumdan…

1965

Oyuncaqsız uşaqlığım

Mənim oyuncağım olmayıb heç vaxt.

Hərdən kövrələndə,

uşaqlaşanda,

yaşımdan, təmkindən…

nə bilim, nədən

beşcə addımlığa uzaqlaşanda,

özümə oyuncaq almağım gəlir.

Yapışıb əlindən körpəliyimin

«Uşaq aləmi»nə çəkmək istərəm –

Günlərin bir günündə

balaca İsaya mağazalardan

bir qucaq sevinc alam.

Ciblərinə, papağına, qoynuna

qonşudan oğurlanan

alma əvəzinə, armud yerinə

sevinc dolduram.

Bir papaq sevinc,

iki cib fərəh

bəs eylər ona.

Sonra uşaq xəyalım,

uçub gedə kəndimizə.

Plasmas sevincindən

plastilin fərəhindən,

bir də rezin şadlığından

paylaya uşaqlara.

«ZİM balası» ilişib, tozlu yolda qalanda,

«təyyarə»nin qanadını

dəcəl əllər, sərt budaqlar qıranda –

gərək məndən inciməsin

görməmiş uşaqlığım.

Mənim oyuncağım olmayıb heç vaxt,

Oyuncaq yollara asfalt çəkilib.

Oyuncaq arxlar da çoxdan quruyub,

Oyuncaq ağaclar çoxdan qarıyıb,

yandırılıb sobalarda

Sevinc oyuncağım olmayıb heç vaxt.

İndisə hərdən

mənə qonaq gəlir oyuncaq sevinc –

bir ürək,

bir otaq,

bir qucaq sevinc…

1967

Etiraf mahnısı

Mənim boyum – yüz altmış dörd,

mənim sinəm – əlli beş.

Ürəyim də lap balaca.

Mən böyük sevincə alışmamışam,

Mən böyük sevincdə alışmamışam,

Sevinc küləyindən, fərəh mehindən

Köksüm körük kimi genişlənəndə –

divar sinəmin çatlamasından,

qumbara ürəyimin partlamasından,

bir az qorxuram.

Ürəyimin də

sevinc tutumu

arzumdakından

min dəfə kiçik.

Daha doğrusu –

sən dəfə kiçik.

Nəyimə gərək «sevincmetr»lər?

ürəyim varsa,

«Sevincmetr»siz də yola gedərəm.

Mən böyük sevincə alışmamışam,

Mən böyük sevincdə alışmamışam.

1967

Günlərin bir günündə

Günlərin bir günündə

əsim-əsim əsdi yel.

Bir qatarın dalınca

gözlərim də tələsdi,

əllərim də tələsdi.

Günlərin bir günündə

çarpayının üstündə

yoxa çıxdı bir şəkil.

Divarlar üstümə gəlmək istədi,

ağaran şəkil yeri

gecələr üstümə gülmək istədi…

Günlərin bir günündə

soruşdular adımı:

illər keçdi üstümdən,

yellər keçdi üstümdən

mən bir cavab verincə.

Günlərin bir günündə

vuruldum ulduzlara –

ulduzlar diksinmədi.

Yorulub, yola düşdüm,

Əlimi qaldıranda

qatarlar əylənmədi,

təyyarələr enmədi.

Ömrümdə bircə kərə

əl elədim vaqonlara,

əl elədim günlərə,

durnalara, əllərə…

Günlərin bir günündə

əsim-əsim əsdi vaxt.

Əllərim də tələsdi

yollarım da tələsdi.

Günlərin bir günündə

gedib çatıb axır ki,

məndən qaçan arzuya,

məndən qaçan illərə,

məndən qaçan günlərə.

1968

Xatirə

İşıqlar təzəcə yanmışdı kənddə.

Dedin ki, yanında yer saxlayarsan,

qaçıb gələcəyəm kinoya mən də.

Çığırlar, səkilər əl-ələ tutub,

sürünüb gedirdi kluba sarı.

Aramızda düşüb qaldı o axşam

hər gün aşdığımız bir kənd hasarı.

Bir vaxt on beş yaşlı gür həvəsimiz

yamanca dırmaşdı, dərəyə indi.

Sol yanım boş qalıb elə o gündən,

Hey dolub-boşalıb elə o gündən.

Bir səs tanıyırdım səsinə oxşar,

Bir söz tanıyırdım –

umu-küsünə oxşar,

hansı döngədəsə yoxa çıxdılar.

İndi otuz yaşlı gur nəfəsim var,

indi on beş yaşlı sərt həvəsim var.

Sol tərəfdə ürək, sağda – xəyalın,

arada – boşluq.

Mən isə yenə də sizə qoşulub,

çıxıram yollara ayağı yalın…

* * *

Mən yatağa girən kimi

yazılmamış şerlərim

çaqqıldadır,

taqqıldadır makinanı.

…Bir qatarın cədvəlindən,

bir dərənin bürküsündən

xəbəri yox heç kəsin.

Bir ilhamın toxluğundan,

bir partanın yoxluğundan

xəbəri yox heç kəsin.

Öz relsinə düşməz yenə,

bir dərədə üşüməz yenə,

bir masanı aşmaz yenə

yazılmayan şerlərim.

Bilirəm ki, bu gecə də

yatmayacaq, yatmayacaq

yazılmayan şerlərim.

Çaqqıldatsa, taqıldatsa «Erika»nı-

varaqlar ağ qalacaq,

ağ şerlər yazılacaq.

Bir masa var, çəkilib öz qınına,

bir çəmən var, bulanıb yaz qanına…

Yağış yağır…

Yığış gedək, yazılmayan şerlərin yanına…

1968

Köhnə yuxular

Bu axşam yaxşıca qəribsəmişəm,

Əllərin yuxuma gəlib çıxmasa,

göbələk dərməsəm, moruq yığmasam,

buluddan asılan beşiyin üstə

laylay eşitməsəm –

yatmayacağam,

yatmayacağam, yatmayacağam.

Bu axşam yaxşıca qəribsəmişəm:

bu neon deyilən ağ şam neyləsin,

bu şəhər neyləsin, axşam neyləsin.

…İndi o çöllərdən keçər metrolar,

bir vaqon göbələk yığıram ordan.

Sonra da qatarlar düzələr yola,

Bakıya qayıdar.

Beləcə hər gecə çıxar aradan.

Bir qucaq sünbül də ətəkliyə yox,

vaqonlara dolar, indi hər gecə.

Mən – ayağıyalın, mən – başıaçıq…

İnək otararam yuxularımda.

Köynək axtararam, başmaq gəzərəm

kəndimizə köçən univermaqda.

O yollar, o illər o

əllər çoxdan

Bakıya köçüb.

…Bu da alatoran!

Nimdaş paltaralan

gəlib keçəcək,

köhnə köynəyim ki, yoxdur satmağa:

paltarım təzədir, dostlarım təzə.

Təkcə yuxular var… köhnə yuxular.

Ona da müştəri tapılmaz yəqin.

Yarımçıq yuxular, qırıq yuxular,

kəpənək yuxular, qoruq yuxular,

biçənək yuxular, moruq yuxular

yıxılar, diksinər, sıxılar hər gün

tramvay səsindən, maşın səsindən.

Bir kənd şəhərim var, bir şəhər kəndim,

yerim lap rahatdır, arxayın olun…

1969

Ağ gecədən gələn qonaq

Burda qızıl səhər,

orda ağ gecə…

Süd gecədən keçə-keçə,

süd gecəni içə-içə

dəyişmisən necə də.

Uçurduğum məktublar

ağ gecəni, ağ gündüzü

ələk-vələk eləyib,

qayıdacaq kor-peşman.

Ağ gecələr

süd vaqonlu qatarlara dollar bir gün,

gümüşqanad təyyarələr

ağ gecəni, bir də səni

dimdiyinə alar bir gün…

Burda, cənub meydanları

qollarını açar sənə,

boyanarsan mis rənginə.

Boyanarsan,

ağ gecəyə uzanan

qanadlı səs rənginə.

1969

Bir şair yaşayırdı

Əli Kərimin əzin xatirəsinə

1

Bir şair yaşayırdı,

yerlə göy arasında.

Hamımızdan xəbərsiz

bir ölüm yaşayırdı

qaşla-göz arasında.

Qələmini daşa vurdu –

Qəlpələndi sözü, səsi,

Qəlpələndi xatirəsi.

Otağında solan ağ kağızları

retgen işığına tutsanız əgər,

söz taparsınız,

səs taparsınız,

iz taparsınız

Varaqların ürəyində qəlpə qaldı,

qələm istər,

ilham istər sağaltmağa.

Yarın ürəyini ağ kağızların,

yoxlayın nəbzini yox kağızların!

Bir şair yaşardı

yerlə göy arasında.

Ayağının ucunda

gəlib keçdi dünyadan.

Söz ucundan, şer ucundan

qıvrılanda ürəyimiz,

kövrələndə dodağımız

Əli Kərim avtoqraflı xatirələr

gəlib tutar əlimizdən.

Bir şair yaşayırdı

yerlə göy arasında.

Bir məzar yaşar indi,

bir şair yaşar indi

şer xiyabanında.

Avtoqraf xatirələr

gecələr Göyçaya yollanıb gedər;

nurlu əllərini, ipək səbrini,

şerlə, işıqla dolu qəbrini

bir dəstə ehtiram ziyarət eylər…

1969

2

Bir il beş günlükdür ölümün sənin,

bir il beş günlük.

Bir il beş günlük körpənin

ayağı yer tutur, dili söz tutur.

Sənin ölümünsə ömrü boyunca

nə ayaq açacaq, nə dil açacaq.

Bir il beş günlükdür ölümün hələ…

Təqvimdə böyüyüb yaşa dolacaq,

38 yaşlı ölümün, Əli,

nə vaxtsa səninlə yaşıd olacaq.

Bir il beş günlükdür ölümün sənin,

heç il bir günlükdür ölümün sənin.

Ölümün öləcək, dəfn olunmağa

çiynində gedəcək şerlərinin…

1970

İşıqlar

Qatar tərpənəndə, elə bildim ki,

dostlarım məni yola salınca –

şəhər işıqları düşüb dalımca

atlı qoşun kimi qovacaq məni…

pəncərə önündə donub qalmışdım.

Şəhər işıqları göz-göz yanırdı,

qatar sərxoş-sərxoş yırğalanırdı.

Gecə lampaları – yuxu rəngində,

Dəhliz – ala-toran, kupe – mürgülü…

Pəncərə önündə donub qalmışdım.

İşıq dirəkləri – işıq hörüklü

milyon qıza dönüb, mənə baxırdı.

Bu milyon baxışda gözüm qamaşdı.

Hörüklü qızlarla bircə anlığa

danışmaq istədim – dilim gəlmədi,

sözüm qamaşdı.

Pəncərə önündə donub qalmışdım.

Şəhər işıqları göz-göz yanırdı,

qatar sərxoş-sərxoş yırğalanırdı,

şəhərin üstündə – bayram şamları…

uzaqda alışan hər dik, hər təpə

Novruz xonçasını xatırladırdı.

İşıq hörüklər qaldırıb göyə

Bilmirəm, niyə

başının üstündə tutmuşdu onu.

* * *

Şəhər işıqları düşüb arxamca

atlı qoşun kimi gəlirdi hələ.

İşıq qoşununu yarıb keçməyə,

işıq ordusunu vurub keçməyə

tələsirdi qatar.

Birdən yoxa çıxdı qoşun.

Gecə tunelinə cumdu vaqonlar,

Qaranlığı yara-yara

gedirdi qatar…

* * *

Gecə belə sovuşdu,

üfürüldü şam kimi.

Şütüyə-şütüyə

Qatar çatdı səhərə.

Günəşin tellərindən

şığıyıb keçə-keçə.

Günəşin tellərini

sünbül kimi biçə-biçə

getdi qatar.

İşıq hörüklərin

gözündən itdi qatar.

* * *

Pəncərə önündə donub qalmışdım.

Qovaq yarpağından, tut yarpağından

könlümdə yamyaşıl ümid alışdı.

Baxdım – gözüm qamaşdı.

Qovaq yarpağını, tut yarpağını

Səsləmək istədim, dilim gəlmədi,

Sözüm qamaşdı.

Yaşıl işıq düşdü yolumun üstə

yaşıl hörüklü qız – söyüd görüncə…

Mən yaşıl nəğməli bir qız görmüşəm,

işıqlı saçını özüm hörmüşəm

yaşıl əyyamında uşaqlığımın…

1976

Belə havalarda

Təkərlər altında döşənib yağış.

Yağış döngəsindən keçir maşınlar,

yağış küçəsindən qaçır adamlar.

Belə havalarda neyləmək olar?

Şırhaşır

şəhəri alıb başına.

Bağlandı düymələr, gizləndi əllər,

bu yağış altında qoyub axşamı

yenə öz evinə çəkildi hamı.

O körpə günlərə qayıtmaq üçün

belə havalarda neyləmək olar?

Bəlkə sən deyəsən, divar saatı?

Bəlkə sən deyəsən, yaşıl telefon?

Gölməçə həvəsli,

biçənək səsli

ayağı çırmalı bir dəstə uşaq

gecə, yuxusunda yemlik dərəcək,

göbələk tapacaq – özündən iri,

çiyələk tapacaq – gözündən iri.

Mənim gözlərimlə tapacaq onlar,

mənim əllərimlə dərəcək onlar.

Belə havalarda onlar hər gecə

tapmaca deyəcək mənim səsimlə,

mənim əllərimlə qurşaq tutacaq,

mənim gözlərimlə yuxu görəcək.

1968

İşıqlı yarpaqlar

Yarpaqlar lampa tək alışıb-yanır

meşənin ağac – otaqlarında.

İşığa bürünüb şahpalıd, çinar,

lampalar asılıb budaqlarından.

Talaya, cığıra çilənir işıq,

qamaşır gözləri sərvlərin də.

Göydən çıdır-çıdır ələnir işıq

yağışqarışıq,

dumanqarışıq,

nağılqarışıq.

Yuyur çıraqları noyabr ayı,

ehmalca-ehmalca yerə döşəyir.

Ehtiyatlı olun, ayaqlamayın,

lampalar qırılar,

qaralar meşə.

Ürəyim rəngbərəng işıqla dolu,

qulağım tutulur sarı sükutdan –

yarpaqlar bir azca danışsın barı.

Allah eləməsin, yağsaydı dolu

sındırıb tökərdi çilçıraqları.

Bu nəhəng qovağı qopara bilsəm,

götürüb, birtəhər apara bilsəm.

asardım bu gecə tavanımızdan

çilçıraq kimi.

Nənəmin gözünə işıq gələrdi.

Nə bilim, bəlkə də elə o gündən

«otuzluq» lampasız küsərdi məndən –

onun könlünü də özüm alardım.

Məndən olsaydı,

Yastı tövləmizin əl çırağını

Asardım şahpalıd budaqlarından.

Payızlıq lampalar –

O sərv, o çinar

Yanardı nənəmin otaqlarında.

Yalta, 1976

oxuzali.az

# 2192 dəfə oxunub

Müəllifin son yazıları

# # #