Xəyalımdakı bir qadın dodağı

Xəyalımdakı bir qadın dodağı
14 may 2014
# 10:27

Kulis.az gənc şair Ömər Xəyyamın şeirlərini təqdim edir.

Hansı yazar yaza bilər,

İçimə ağladığım anları.

Hansı cəllad asa bilər,

xəyali insanları.

İçində ağlamağı demirəm e,

Heç bilirsən, içə ağlamaq nədi?

Göz yaşımı mədəmdə hiss etmişəm,

Yandırır ağrılarım,

içimdədi...

Hansı rəssam çəkə bilər,

içimdə qəbristanı.

Gözümdə öldürdüyüm kədərlər,

Gözyaşımla islanır...

Böyüyür, böyüdükcə...

Özümdən içə-içə...

Hansı şair yazacaq,

Mən hər dəfə görəndə

Yanındakı körpəni,

Ruhum necə tərpənir.

Sənə ana deyəndə,

yetimləşirəm mən də.

Hansı rəssam çəkəcək,

ürəyimi necə daş etdiyini,

Divardakı rəsmlərdən getdiyini.

Balıncınla yataqda gecə sevişdiyimi,

Sənin şərab içdiyin bakallarda

dodaq yerinlə hər gün,

necə öpüşdüyümü...

Kim çəkəcək?-

öz gözümdən,

it kimi düşdüyümü...

***

Ölüm, bir çiçəkdə dirilim,

Qurban ola bu anıma min ilim.

Qoy çürüyüm,

bir çiçəyə yurd olum.

İt olum, qurd olum.

Qorxuram nəfər olmaqdan,

nəfərlərdən qorxuram.

Şəhərlərdən qorxuram.

Bir quş olam

yarısökük yuvada.

Ya da ki

yağışlı havada

torpağın ətri.

Yarpaq olam,

yağışlarda

- çiyələk ətri.

Oğrusu yox, yalanı yox,

Heyvan olum.

Qoşulub dəvələrə

karvan olum.

Beynimin olmağı-

vallah mənə əzabdı.

bu nə sınaq, nə hesabdı?!

Heyvan dili bilsəydim,

Beyinimi satardım.

Pəncə yalayıb ayı kimi,

düz bir ömür yatardım.

Gözlərimi verərəm,

Yarasa yarasaya.

İstəmirəm görüm...

dönüm-

Marsa, Aya.

Necə gəlmişəm, bura haradı?

xarabadı.

Bircə addım...

Bircə addım qalıb bəlkə

adam olum.

Adam dolu

bütün dünya.

Nə olacaq

mən olmazsam guya?

Ya dünya təzədi, ya mən köhnəyəm.

Bilmirəm nəyəm.

Yavaş-yavaş adamlığa yoluxuram.

Qoymayın dostlar,

adam olmaqdan,

Yaman qorxuram...

***

Xəyalımda bir qadın dodağı yatır,

Xəyalımda bir qadın gözləri.

Nə öpməyə hünərim çatır,

çəkə bilmir dizlərim...

Birtəhər yaşayıram,

yeriyirəm.

Saflığından əriyirəm...

Necə ağırdı sənin ruhun,

Xəyalımda bir qadın ruhu.

İstəyirəm geyindirəm bir qadına.

Öpüb baxam,

dodağının dadına.

Saatlarla kimlə desən baxışım,

titrədər bədənimi,

bircə baxışı.

Xəyalımda bir qadın cismi,

Ölsəm, kəfənim olar.

Adamın belə bir

sevəni ola.

Xəyalımla

mən özümə əzabam,

çirkabam.

O təmizdi,

safdı.

Çıxmaz reala,

bilir ki, Sahibi necə əclafdı.

# 3278 dəfə oxunub

Müəllifin son yazıları

# # #