Zirzəmidəki erməni

Zirzəmidəki erməni
20 aprel 2015
# 10:11

Kulis Elçin Hüseynbəylinin "Ayaqlarınla qorxunu silmək" yazısını təqdim edir.

Telefon zəng çalır.

- Ata, bibidi, -qızım dəstəyi mənə uzadır. Mənsə ayaqqabılarımı geyirəm ki, evdən çıxım.

- Bacı qurban, deyirlər ki, Səbişgilin padvalında kimsə var. Get gör kimdi. - “Zirzəmi” yox, “padval” deyir. Amma özünü hamıdan qabağa soxma. Sən onlara daha yaxınsan. Mən də gəlirəm.

- Baho, işə düşdük də. Yusif də gözlüyür, - deyə öz-özümə deyinirəm.

- Yusif qaçmır ki! – ev adamı deyir.

- Yusif yox e, pivə qaçır. Dilim ağzımda yanır.

- Nə məsələdi?-xəbər alır.

- Əşi, nə bilim, Tərişdi, deyir ki, Səbişgilin padvalında kimsə var.

- Get, get, amma aralıdan bax. Xatalı adam olar. Getməsən, deyəcəklər ki, mən qoymamışam. Onsuz da əskim tüstülüdü.

- Sənin əskin tüstülüdü deyə, o boyda kişi məni gözləsin.

- Yolüstü dəy, gör nə məsələdi?

Yay axşamıdı, gün hələ batmayıb.

Səbiş ortancıl bacımdı, zəng edən böyük. İndi kimin əri Rusiyadadısa, ev sahibi arvadlar hesab olunur: Səbişgilin, Zərişgilin, Gülüşgilin evi və s...

Zirzəminin qabağına 10-15 uşaq yığışıb. Hərəsinin də əlində bir şey var: topdan tutmuş oyun kartlarına qədər. Çoxlarının süd dişi hələ tökülməyib, ağızlarını əngəldib zirzəminin açıq qapısından içəri baxırlar.

Bacım zirzəminin üstündəki pəncərədən həyəcanla deyir:

- Dünənə kimi padvalın qapısı bağlıydı, bu gün həyət uşaqları görüblər ki, açıqdı.

Zirzəmiyə girmək istəyəndə əlavə edir:

- İçəri girmə, eləcə qapıdan bax, səni vurarlar, nə bilirsən içəridəki haranın avarasıdı.

- Bah, vurarlar! – deyə kişilənirəm.

Bizim bu xırda dialoqumuzu eşidən və yaxınlıqdakı besedkada (sözxanada) oturmuş qadınlar səslərini kəsirlər və onlardan biri öz uşağının üstünə çəmkirir:

- Fidan, cəhənnəm ol, bu tərəfə!

- Padvalın qapısını kim açıq qoyub? –deyə başımı yuxarıya qovzayıb soruşuram.

- Keyxanımın işi olar. (“Keyxanım” balaca bacımızın ayamasıdı). Veşlərini aparanda qapını bağlamaq yadınnan çıxıb, açarları da mənə qaytarmıyıb.

Balaca uşaqlar müəmma içində və qorxulu bir maraqla mənə baxırlar.

- Onu kim görüb, - deyə bacımdan soruşuram və hələ də içəri girməyə ürək eləmirəm.

- Uşaqlar görüblər.

- Hansı uşaqlar? Siz? – deyə uşaqların üzünə acıqlı-acıqlı baxıram. Sanki bütün bu həngamənin səbəbkarı bunlardır. Yolumdan elədilər mən.

- Mən yox, mən yox, lap yaxınlıqdakı uşaq dala çəkilir.

- Bəs kim görüb? Sən? – o birisindən xəbər alıram.

- Mən onun öskürdüyünü eşitdim, - lap balacası qorxa-qorxa deyir.

- Dördkünc idi, - indi o biri uşaq nazik səslə civildəyir və dördkünc addımlarla geri çəkilir.

- Adam dördkünc idi?

- Yox, - başını bulayır, - gölgəsi.

- Özü də maskası vardı, - bu isə başqa bir uşağın səsidi.

- Hə, gözləri cırıq idi.

- Hələ bizə şişka da atdı.

Bunu deyən şam qozasını nəzərdə tutur.

Nəhayət, zirzəminin zir-zibilli, xırda pillələrinə ayağımı qoyuram və yenidən çənəmi yuxarı tutub soruşuram:

- Bura niyə bu gündədi!?

Əslində bütün bunlar qorxuya üstün gəlmək üçündü.

- İçəri girmə! –kimsə arxadan çığırır.

Dönüb baxıram ki, böyük bacımdı. Töyşüyür. O boyda yolu, yəqin qaça-qaça gəlib.

- Bəlkə ermənidi!?

- Pah nə böyük iş olub. Hələ yəqin bayrağı da var. Onların dərsini hər yerdə vermişəm. Dünyanın hər tərəfində. Düz gözlərinin içinə demişəm ki, Qarabağ bizimdi. Hələ lazım gəlsə, Xankəndinə üçrəngli bayrağımızı özüm sancacam.

- Qeyrətinə qurban olum, ehtiyatlı ol, səni vurarlar! Sənə bir şey olsa, evimiz yıxıldı.

- Heç nə olmaz,- deyə şeşələnirəm. Görmüş adamlarıq.

Son ifadəni rus filmindən çırpışdırmışam.

- O biriləri qırılıb da, gərək həmişə səni irəli verələr.

Aha bu da ev adamının səsidi. Ürəyi durmayıb gəlib.

Həyət arvadları, uşaqlar, yoldan ötənlər mənim bir neçə dəqiqədən sonra göstərəcəyim qəhrəmanlığın intizarındadırlar.

Ayağımı bir pillədə aşağı qoyuram, böyük bacım qolumdan tutsa da, dayanmıram və:

- Burda kimsə var?-deyə qaranlıqdan soruşuram.

Səs gəlmir.

Dediklərimi bir də təkrar eləyirəm, aşağı əyilib şam qozası götürürəm və qaranlığa tolazlayıram.

Yenə də sükut. Ürəklənib zirzəminin qapısından içəri keçirəm. Balaca pəncərədən içəri işıq düşür. Heç kim yoxdu. Arxa otaqlara baxmıram. Bəlkə doğrudan da kimsə var.

- Heç kim yoxdu,- deyirəm və çölə çıxıram.

Hamı rahat nəfəs alır. Məndən başqa. Mən hələ də peysərimdə qaranlığın qorxunc kabusunu duyuram və ayağımın altına yapışmış nəm torpağı pillələrə bərk-bərk silirəm, sanki qorxumu silirəm...

Aprel 2015

# 866 dəfə oxunub

Müəllifin son yazıları

# # #