Yazıçı Ələviyyə Babayeva ilə vida mərasimini kim keçirməli idi?

Yazıçı Ələviyyə Babayeva ilə vida mərasimini kim keçirməli idi?
23 sentyabr 2014
# 17:30

Bu gün yazıçı Ələviyyə Babayeva dünyasını dəyişib. Yazıçının ailəsindən verilən məlumata görə, bu gün səhər saatlarında vəfat edən Ələviyyə xanım Yasamal qəbiristanlığında, həyat yoldaşının yanında dəfn olunmasını vəsiyyət edib.

Uzun illər Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuş Ələviyyə Babayeva ilə vida mərasiminin keçirilməməsi sosial şəbəkələrdə bir çox qələm sahiblərinin etirazına səbəb olub. Bir çox sadə insanlar isə Ələviyyə Babayevanın bu günə kimi yaşadığını onun ölüm xəbəri ilə öyrəndiklərini yazıblar.

"Sanki mən özüm ölmüşəm"

Yazıçıya qarşı olan bu biganəliyə münasibət bildirən yazar Aysel Əlizadə facebook sosial şəbəkəsində yazdığı statusda Ələviyyə Babayevanın bu cür səssiz şəkildə dəfn olunmasından məyus olduğunu qeyd edib. “Yeni Müsavat”-a açıqlama verən xanım yazar bildirib ki, Ələviyyə xanım

tək-tük qadın yazarlarımızdan biri idi: “Qadın yazıçı deyəndə fəxrlə Əzizə Cəfərzadəni, onu, onların ardınca gələn Afaq Məsudu, İradə Tuncayı örnək vermişik. Bütün yazıçı qadınları ruh qohumum sayıram. Adlarını çəkdiklərimi də, Vircinia Vulfu da, Jorj Sandı da. Elə bilirəm, mən ölmüşəm.

Ələviyyə xanım uzun illər “Gənclik” nəşriyyatının direktoru olub. Gözəl insan idi, istedadlı idi. Ağrıları, zərbələri olub. Bunu yazmadıq, araşdırmadıq. O cür qadına elə səssizcə ölmək yaraşırdımı? O bəlkə də düzgün öldü, amma biz cəmiyyət olaraq düzgün yaşamırıq.

Mən özümü yalnız ona görə, bağışlaya bilmirəm ki, onunla görüşmədim. Ondan soruşmadım, bilmədim nə düşünür, nə ağrıdır onu, niyə susur. Bəlkə bu yaşa kimi gözləyib bizi, getməmişik… Yazıçılar Birliyi onun dəfnini təşkil etməli idi. Hər halda sıradan biri kimi ölüb getməli deyildi.

Onun haqqında son illər heç nə bilmirəm, etiraf edirəm ki, bu mənim günahımdır. Ancaq AYB-dən heç olmasa kimsə olmalıydı orada. Mən yasların, dəfn ziyafətlərinin əleyhinəyəm. Amma cəmiyyətin belə bir adəti, törəni varsa, o cəmiyyətin yazıçısının ölümü adi bir hal kimi ötüşdürülməli deyildi, ən azı ziyalıların ölümü”.

Ələviyyə Babayevanın vida mərasiminin təşkil olunmasına münasibət bildirən Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin rəhbəri Zöhrə Əliyeva bildirdi ki, yazıçılarla bağlı vida mərasimlərinin təşkilini Azərbaycan Yazıçılar Birliyi həyata keçirir: “Rəhmətə gedən yazıçının dəfn mərasimini təşkil etmək naziliyin vəzifəsi deyil. Ələviyyə Babayeva Yazıçılar Birliyinin üzvü olub və onlar bunu təşkil etməli idilər. Ancaq nə zamansa onun yubileyinin keçirilməsi, xatirə gününü, əsərlərinin təqdimatını keçirmək nazirlik tərəfindən təşkil oluna bilər. Ələviyyə Babayeva Azərbaycanın tanınmış qadın yazarlarından biri idi. Onun əsərlərinin çapı, külliyyatının hazırlanması və sair məsələlərdə biz laqeydlik göstərsək, o zaman qınaqdan söhbət gedə bilər”.

Zöhrə Əliyevanın sözlərinə görə, Ələviyyə Babayevanın ailəsi də onun səssiz şəkildə, yalnız ailəsinin, qohumlarının iştirakı dəfn olunmasını istəyiblər”.

Yazıçılar Birliyinin katibi Rəşad Məcid isə qeyd etdi ki, dünyadan köçmüş yazıçı ilə vida mərasiminin keçirilməsi bir protokol qaydasıdır və ancaq “xalq yazıçısı” adını almış və rəsmi titulları olan şəxslər üçün keçirilir: “Ələviyyə Babayevanın bu kimi titulları olmadığına görə, o, vida mərasimi keçirilmədən, sakit şəkildə dəfn olundu. Ancaq AYB üzvləri onun dəfnində iştirak edəcəklər. AYB onun vəfatı ilə əlaqədar ailəsinə başsağlığı göndərib və bu mətbuatda da dərc olunacaq”.

AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza isə bildirdi ki, Yazıçılar Birliyinin dəfn, vida mərasimlərinin təşkili ilə bağlı heç bir öhdəliyi yoxdur: “Bu barədə dövlət qurumları tərəfindən qərar verilir və AYB də onu həyata keçirir. Bu məsələdə Azərbaycan Yazıçılar Birliyinin adını yanlış olaraq hallandırılar. AYB xatirə günü, anım mərasimi, yaradıcılıq gecəsi keçirə bilər, ancaq dəfn mərasiminə müdaxilə etmir. Dövlətin özünün siyasəti var ki, kim hansı statusdadır, harada dəfn olunmalıdır, harada vida mərasimi keçirilməlidir. Yazıçılar Birliyi isə bugünə qədər heç zaman bu məslələrə qarışmayıb. Bunu Mədəniyyət və Turizm Nazirliyindən soruşa bilərsiniz. Yazıçılar Birliyi dəfndə iştirak edib başsağlığı verir, hətta maddi yardıma ehtiyac olarsa onu da edir. Hazırda AYB-nin əksər üzvləri dəfndə iştirak edir”.

Qeyd edək ki, Ələviyyə Babayeva 1921-ci il avqustun 12-də Bakıda anadan olub. Orta məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsil alıb. Ədəbi fəaliyyətə 1936-cı ildə "Ədəbiyyat qəzeti"ndə dərc olunmuş "İki həyat" adlı hekayəsi ilə başlayıb.

O, hekayə, povest və romanlar yazmaqla yanaşı, müasir rus ədəbiyyatından tərcümələr edib. A.Qaydarın "Uzaq ölkələr" (1950), V.Biankinin "İz ilə" (1947), "Ayı balası" (1959), "Qırmızı təpə" (1963), K. Paustovskinin "Oğru pişik" (1951), V.Q.Korolenkonun "Satın alınmış uşaqlar" (1962), Y. Sotnikin "Əcaib quş" (1964), V.Astafyevin "Ulduz xəzanı" (1970), Y. Çaruşinin "Nikitanın oyuncaqları" (1984) və kitabları onun tərcüməsində kütləvi tirajla çap olunub.

"Azərbaycan qadını" jurnalında məsul katib (1951-1973), "Gənclik" nəşriyyatında müasir ədəbiyyat şöbəsinin müdiri (1973-1976), sonra baş redaktor (1976-1985) olub.

Azərbaycan Yazıçılar Birliyinin qəbul komissiyasının üzvü, tərcümə seksiyasının rəhbəri çalışıb.

Ə. Babayeva "Adamlar və talelər”, "Səni axtarıram”, "Əlvida”, "Rəngbərəng yuxular” və s. kitabların müəllifidir.

# 5078 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #