Kulis.az Kamal Abdullanın "Bulud xatun və Beyrək" hekayəsi haqqında ədəbiyyat adamlarının fikirlərini təqdim edir.

"Bulud xatun və Beyrək" Azərbaycan neoepos nəsrinin ən dəyərli və intellektual nümunələrindən biri və mənə görə, Kamal Abdullanın ən yaxşı hekayəsidir.
Hekayə Azərbaycan ədəbiyyatında çox az-az müraciət edilən, lakin dünya ədəbiyyatının fundamental süjet motivlərindən biri sayılan Nostos janrında qələmə alınmışdır. Bu, antik ədəbiyyatın mühüm janrlarından biridir və Troya müharibəsindən qayıdan qəhrəmanların (Odissey, Aqamemnon, Menelay...) dənizlərdə və yad ölkələrdə yaşadıqları macəralardan bəhs edir.
Maraqlıdır ki, bu gün tibbdə və psixologiyada işlədilən "nostalgiya" (vətən həsrəti, keçmiş üçün darıxmaq) sözü iki yunan sözünün birləşməsindən yaranıb: Nostos (evə dönüş) və Algos (ağrı, əzab). Yəni nostalgiya evə dönə bilməməyin, vətəndən uzaq düşməyin yaratdığı mənəvi ağrıdır. Nostos janrında qəhrəmanı hərəkətə gətirən əsas motiv elə bu daxili ağrıdır.
Nostosların arasında günümüzə çatan ən mükəmməl nümunə Homerin "Odisseya"sıdır.
"Bulud xatın və Beyrək" hekayəsinin "Odisseya" motivləri ilə səsləşməsi bir növ janrın tələbidir.
Hekayənin qəhrəmanı Beyrəyin səmada rast gəldiyi Bulud xatun və onun bəyaz bulud sarayı Homerin "Odisseya" dastanındakı məşhur Kalipso arxetipinin Azərbaycan ədəbiyyatındakı mükəmməl modifikasiyasıdır. Beyrəyin böyük bir rifah içində belə saralıb-solması, qəlbinə çökən anlaşılmaz qüssə insanın öz köklərindən qopanda yaşadığı qaçılmaz tənhalığı simvolizə edir.
Mətnin kompozisiyasında paralel andlar qəhrəmanın taleyindəki tragizmi daha da dərinləşdirir. Beyrək həm Bayburd qızından, həm də Bulud xatundan icazə alıb vətəninə getmək üçün eyni sakral andı içir: oxla sancılmağa və qılıncla doğranmağa razı olur. Bu təkrar, qəhrəmanın Oğuz elinə və beşikgərtməsi Banuçiçəyə qovuşmaq, yəni öz "Nostos"unu tamamlamaq üçün gələcəyini və ruhunu fövqəltəbii güclərə girov qoymağa hazır olan böyük fədakarlığını göstərir. Bulud xatunun "Oğuzda sənin ölümün səni arar" xəbərdarlığına rəğmən, Beyrəyin yer üzünün ağırlığına və öz ölümünə doğru şüurlu şəkildə qaçması onun cəngavərlik ləyaqətinin təntənəsidir.
Ümumiyyətlə, əsəri dünya ədəbiyyatının ən qədim təməl daşlarından olan "Nostos", yəni müqəddəs evə dönüş mifi kontekstində dəyərləndirdikdə, mətndəki hər bir personajın və simvolun dərin sakral mənası üzə çıxır. Burada evə dönüş sadəcə coğrafi bir məkandan digərinə hərəkət etmək deyil, qəhrəmanın yad mühitlərdə itirdiyi kimliyini, yaddaşını və milli kodlarını yenidən qazanmaq üçün ruhunun verdiyi ağrılı bir mücadilədir.
Yeri gəlmişkən, modern ədəbiyyat bu mövzuya tez-tez müraciət edir.
Coysun "Uliss" romanı bir gün ərzində Dublində evini axtaran müasir insanın daxili nostosudur.
Tolkinin "Üzüklərin hökmdarı" silsiləsində Sem və Frodonun sınaqlardan keçib yenidən Şirə, öz evlərinə qayıtması klassik nostosdur.
Müasir filmlərdə, məsələn, Kristofer Nolanın "Interstellar» filmində qəhrəmanın kosmik qara dəliklərdən keçərək qızının yanına, evinə qayıtmaq mücadiləsi nostos janrının elmi-fantaziya formasıdır.
Kamal Abdullanın nostos formulasını bu hekayə vasitəsilə ədəbiyyata gətirməsi, ilk növbədə, "Dədə Qorqud" dastanının milli çərçivələrdən çıxarılaraq, bəşəri ədəbi kodlarla eyniləşdirilməsi missiyasına xidmət edir.
Orijinal dastanda bəzi məqamlar çox bəsit keçilir. Məsələn, Beyrək bəzirganları görənə qədər niyə 16 il Bayburd qalasında qaldı? Niyə qaçmağa cəhd etmədi? Banuçiçəyi niyə xatırlamadı? Mətn bura "sehrbazlıq – amneziya" və "Bulud xatunun səmavi əsarəti" xətlərini gətirməklə dastana mükəmməl bir motivasiya və məntiqi «bəraət» qazandırır. Beyrək qorxaq və ya laqeyd olduğu üçün yox, fövqəltəbii güclərin yaddaş manipulyasiyasına məruz qaldığı üçün Oğuza qayıda bilmir.
Klassik dastanda, bütün bənzər dastanlarda olduğu kimi, Beyrək monolit, bir növ şablon bir qəhrəmandır: ya vuruşur, ya sevir, ya ağlayır. Onun daxili dünyası, şüuraltı qorxuları, tərəddüdləri eposda yoxdur.
Hekayədə isə, Beyrək bulud sarayında hər şeyə sahib ikən xiffətdən saralıb-solur, içindəki "anlaşılmayan qüssə" ilə mübarizə aparır. Bu, artıq sadəcə qılınc oynadan alp deyil, daxili iztirabları olan fərd, modern insandır. Dastan burada öz qəhrəmanının psixoloji dərinləşməsini qazanır.
"Bulud xatun və Beyrək" bütün yönləri ilə gözəl və fərqıi bir əsərdir, o üzdən müəllifi təbrik edirəm".

“Bulud xatun və Beyrək” hekayəsi ilə bağlı iki məqamı qeyd etmək istəyirəm.
Beyrəyin Bulud xatunla konflikti baş tutmur. Beyrək bulud sarayında çox tez darıxır və qayıtmaq istəyir, halbuki o düşdüyü xəyali cənnətdə yaşamağa sevinməli, oranın dadını çıxarmalı, nəhayət bu sonsuz rahatlıqdan bezməli idi və yalnız bundan sonra Bulud xatunla arasında konflikt yaranmalı idi. Bulud xatun da onu asanlıqla buraxmamalı, aralarında müəyyən dramatik qarşıdurma baş verəndən sonra boşlamalı idi.
Hekayədə isə Beyrək sanki ilk gündən bu xəyali bulud cənnətindən bezir. Halbuki onun əvvəlcə bu dünyanın cazibəsinə qapılması, orada yaşaması, sonra isə həmin mükəmməlliyin içində boğulması-darıxmasın daha maraqlı ola bilərdi.
Hekayəni oxuyanda mənim yadıma Culian Barnsın “10/2 bölümdə dünya tarixi” romanı düşdü. Romanın sonuncu fəslində əsas personaj cənnətə düşür. Orada hər şey hüdudsuz və mükəmməldir. Məsələn, əgər ən yaxşı beysbolçu olmaq istəyirsənsə, bacarıqlarını inkişaf etdirib dünyanın ən yaxşı beysbolçusu ola bilərsən. Yəni insanın arzulaya biləcəyi hər şeyin ən yaxşısı, ən gözəli həmin cənnətdə mövcuddur.
Amma qəhrəman bir müddət sonra bu mükəmməllikdən bezir. Mələkdən soruşur ki, artıq cənnətdən də bezmişəm, yaşamaq istəmirəm. Ona deyirlər ki, cənnətdən sonra daha bir mərhələ var — sonsuz yoxluq. Kim istəyirsə, həmin sonsuz yoxluqda qərq olub gedə bilər.
Məncə, “Bulud xatun və Beyrək” hekayəsində də Bulud xatunun sarayı məhz belə bir cənnəti təmsil edir. Ona görə də Beyrəyin orada müəyyən bir inkişaf və daxili dəyişmə mərhələsindən keçməsi, əvvəlcə bulud aləminə bağlanması, daha sonra isə ondan bezməsi və çıxmaq istəməsi hekayənin dramaturgiyasını gücləndirə bilərdi.
İkinci məqam isə hekayənin sonundakı Dədə Qorqud və çobanlarla bağlıdır.
Hekayənin sonunda çobanlar Beyrəyə sadiqlik göstərir və onun yolunu daşlarla bağlayırlar. Çobanların bu addımı təqdirəlayiq və başadüşüləndir. Dədə Qorqud isə sanki antagonist obraz kimi təqdim olunur — elə bil düyünə getməsi səhv hərəkətdir.
Mənim qənaətimcə isə bir elin ağsaqqalı olan Dədə Qorqud məhz bu cür addım atmalı idi. Yəni təkcə Beyrəyin deyil, Beyrəyin göbəkgərdisini istəyən qarşı tərəfin də təmsil olunduğu elin böyüyüdür.
Bəlkə, heç Beyrək qayıtmazdı? Onda necə olardı? Bu məsələ var.
Belə bir vəziyyətdə Dədə Qorqudun düyünə getməsi onun antagonist olmasını yox, əksinə, öz elinin təəssübünü çəkən ağsaqqal kimi davrandığını göstərir.
Ona görə də mən Dədə Qorqudu burada antagonist personaj kimi yox, daha çox haqqına, düzünə uyğun hərəkət edən, öz məsuliyyətini yerinə yetirən bir obraz kimi görürəm".

"Kamal Abdullanın əksər hekayələrini, ən çox da, "Dədə Qorqud" ərkində və ədasında yazdığı mətnləri həzzlə oxuyuram. Bu mətnlərdə beynimizdə az qala əbədi daşlara - abidəyə dönmüş "Dədə Qorqud" obrazlarının "tərpəndiyini", hərəkətə gəldiyini, əl-ələ verib yallı getdiyini, köhnə tanışlar kimi bizə baxıb mənalı-mənalı gülümsədiyini, hətta göz vurduğunu görürəm. "Bulud xatun və Beyrək" hekayəsini əvvəl təbiətin qoynunda əl telefonundan oxumaq istədim, gördüm yox, bu mətni, Eko demiş, "çimərlikdə oxumaq olmaz". Özündə fövqəltəbiilik yükü, rəngbərəng dünyagörüşləri, təsəvvürləri dasıyan dən-dən düzülmış sözləri məhz dən-dən - bir sözü belə qaçırmadan - oxumaq lazımdı. Belədə, təhkiyə səni öz Sehrli xalatına bürüyüb, bazirganların xatirat oyadan saz sehrinə salıb, Bayburd qalasına aparacaq. Doğma, əziz Beyrəyin Bayburd zindanından, kafir qızının cadu dolu "işığından" necə xilas olmağına, - belə məlum olur ki, bizim aydan arı, sudan duru Beyrəyimiz məhbub Bayburd qızıyla heç də dinc oturmayıb, - on altı illik həsrətdən sonra qardaşı qədər sevdiyi Boz ayğırına qovuşmasına, əzab və sirr dolu Oğuz yolunu fəhmlə tapmalarına - müqəddəs Qayıdışa şahidlik edə biləcəksən.
Bu hekayədə, orkestrdəki kimi, çoxsəslilik var, - qədimlərdən gələn kal uğultu, ruh yaddaşı ilə "Dədə Qorqud"dan qopan doğma qopuz səsi, Bulud sarayının - yuxular dünyasının nəm çəkmiş səssizliyi...
Qınayan olmasa, deyərdim, bu hekayədə Qarabağın azad olunmasını da gördüm - qara-qara atların üstündə qışqıra-bağıra torpaqlarımızdan 'uçan" düşmən qoşununu, kəsilmiş başı öz əlinə verilmiş naxələf qoşun (qonşu) başçısını.
Bir də, göylərə baş vuran buludlu sarayı, bəli, - Şuşanı..."