“Böyük hadisəsi olmayan, səssiz bir ailə dramıdır” – Hekayə müzakirəsi

“Böyük hadisəsi olmayan, səssiz bir ailə dramıdır” – Hekayə müzakirəsi
25 noyabr 2026
# 12:00

Kulis.az "Hekayə müzakirəsi" layihəsində Furqanın "Protez dişlər" hekayəsi haqqında ədəbiyyat adamlarının fikirlərini təqdim edir.

Həmid Herisçi:

HİND FİLMLƏRİ GÖZ YAŞLARIMIZI ÇOXDAN QURUDUB. FURQANA BİRCƏ QƏTRƏSİ QALMAYIB

“Yazar özünü yazdığı bədii mətnə qətiyyən yaxın buraxmamalıdır”.

“Mətni yazar deyil, seçdiyi mövzunun özü yazır”.

Fransız ədəbiyyatşünası, tanınmış semiotik Rolan Bartın 1953-cü ildə qələmə aldığı “Yazının sıfır dərəcəsi” (fr. Le Degré zéro de l'écriture) əsərindən gətirdiyimiz bu misallar çox düşündürücüdür.

Razıyam. Yazar özünü, öz fikirlərini qələmə aldığı mətndən nə qədər uzaqda tutsa, yaxşıdır. Aleksandr Çexov da öz nəsrinə heç vaxt müdaxilə etməyib. Hekayələrini süjetin özünə yazdırıb.

Ən gözəl mətn yazarın özünün yox, qələminin yazdığı əsərdir.

Müəllif cınqırını belə çıxarmamalıdır öz əsərində!

Furqanın “Protez dişlər” hekayəsi oxşar üslubda - “müəllifsiz” yazıldığı üçün məni çox sevindirdi.

Bir var dişin tökülməsi. Bir də var bu bəlanın, bu süjetin lap kəlləçarxa qalxması:

Bir gün dişlərini nədir ey? Taxma çənəni, protezini də itirəcəksən hətta!

Belə dar məqamlarda həkimlər, psixiatrlar yox... yox... ədəbiyyat, hekayə köməyinə gələ bilər ancaq.

Hekayədə, adətən, iki dinamika, inkişaf xətti labüddür. Birincisi, görünməz, pərdəaltı, metafizik dinamikadır. Bu ilk dinamika mütləq ikinci dinamikaya – görünən, fiziki dinamikaya keçməzsə, demək, heç...

Hekayə alınmayıb.

Həmin bu iki dinamik xətt hekayədə var. Birinci, gözəgörünməz xətt dişlərin vaxtilə tökülməsidir. Müəllif bu romantik, banal epizodu yazmayıb ki... Lal sükutla keçib bu fiziki, labüd, qaçınılmaz epizod üzərindən.

Bütün diqqətini ikinci epizod – taxma çənənin itmə epizodu üzərində fokuslayıb.

Hekayəni bax, bu lal, gözəgörünməz, yazılmamış, məntiqi keçid bütövləşdirib.

Yaxşı. Hekayənin müsbətlərini deyib keçək mənfilərinə.

Süjet kəndçi süjetidir. Urbanistik deyil. Müəllif süjeti də, avtomobili də, oxucunu da yoldakı çalaya salmağı bacarıb: “Gözüm güzgüdə, oğula baxdığım yerdə təkərlərdən biri iri bir çalaya düşür. Ata yuxudan ayılır. Ayılan kimi də deyir ki, axırıncı dəfə olsun, bir də içməyəcəyəm”.

Avtomobili çıxarıb, razıyam, çaladan, süjeti isə yox.

Hekayənin həlli yoxdur.

Əvvəli var.

Axırı isə yoxdur.

Avtomobil düşdüyü çaladan çıxır, Furqan isə öz hekayəsinin çalasından çıxa bilməyib.

Qalıb orada.

İkinci qüsur isə hekayənin romantikası, sentimentallığıdır. Əsl ədəbiyyat həmişə postromantikadadır. Furqan isə bütün digər Azərbaycan yazarları kimidir. Qurumuş, əprimiş, adi, bədbəxt, dişsiz, protezsiz azərbaycanlıdan son göz yaşını vakuum nasosu ilə çıxarmaq istəyir.

Day bilmir ki, vaxtilə hind filmləri, Rac Kapur azərbaycanlıların göz yaşlarını son damlasına qədər sovurub qurudublar.

Bizə çoxdan ağladıblar bu göz yaşlarını.

Vaqif Bayatlı Odərin bir şeirində deyildiyi kimi: – Mən zalım adamam, kamança. Məni ağladammazsan.

Oxucudan göz yaşı, hekayədən “happy end” epizodunu vakuum nasosla çəkib çıxarmaq cəhdləri əbəsdir.

Azad Yaşar:

"Furqanın "Protez dişlər" hekayəsi səmimiyyətdən yoğrulduğu üçün xeyli rahat oxunur. Hekayənin giriş qismindən etibarən təhkiyəçi özünü sərxoş atanın oğlu İlkinin yerinə qoyur və bu nəcib, xeyirxah missiya hekayənin ta sonuna qədər davam edir. Adam təhkiyəçinin Furqanın özü olduğuna da hər hansı şübhə bəsləmir.

Hekayədə hər hansı konflikt, müşkül məqam yoxdur: ata kafedə yeyib-içərkən protez dişlərini itirib, onunla birgə kafeyə gələn oğlu ilə təhkiyəçi dişləri kafe sahibindən soraqlaşmaqla tapır və təkrar geriyə, kəndə qayıdırlar. Konflikt, düyün olmasa belə, hekayə adama xoş təəssürat bağışlayır. Bu fani dünyada insanlığın hələ də ölmədiyinə inamı artırır.

Mətndə işlənən bəzi yöndəmsiz feillərlə yanaşı, irad bildirəcəyim bir rus sözü var - "pyan". Dilimizdə "sərxoş", yaxud "içkili, kefli" kimi sinonimləri olan bu söz hekayədə əsl yamaq kimi görünür...

İlk hekayəsini oxuduğum Furqan bəyə yeni yaradıcılıq uğurları diləyirəm".

Sevinc Elsevər:

"Sadə və gözəl hekayə idi. Bəzi cümlələrdə redaktəyə ehtiyac var. Biri lap gözümə batdı, amma üstündən keçirəm. Məncə, Furqan bəy özü bir də hekayəyə baxsa, görəcək. Redaktə xətası xırda məsələdir. Düzəldilməsi mümkün bir şeydir. Və yazıçının boynunda yük də olmamalıdır. Professional redaktorların işidir. Düzələr. Redaktə işi bitməyən işdir. Özümdən bilirəm. Hər dəfə köhnə mətnim yenidən çap olunanda nəyisə dəyişirəm, ən azı cümlələri və s. Bir növbəti nəşrdə mətn yeni şəklə düşmüş olur çox vaxt.

Bunlar düzələr. Əsas odur, hekayədəki mühiti, ab-havanı hiss etdim. Yeniyetmə ilə empatiya qurdum yazıçının sayəsində. Uğur diləyirəm gənc müəllifə. Yazılan hər hekayə bizim bugünkü həyatımızı əks etdirir. Bir də təmənnasız yazılır bu mətnlər. Nəyə desən dəyər. Azərbaycan xalqı çox bəxtəvər, yarımış xalqdır. Həqiqətən də. Məsələn, mən polşalı olsam, Azərbaycan xalqına qibtə edərdim. Gənc adamlar, yaşlı adamlar, yaradıcı adamlar iş-güclərini atırlar, heç nəyin müqabilində gözəl işlər ortaya qoyurlar. İstər rəssamı olsun, istər bəstəkarı. Bir bəstəkar tanışım var. Deyir, sizin işiniz asandır, yazırsınız, çap edirsiniz, əvəzində heç nə qazanmasanız da, yayılır əsərləriniz. Biz musiqini yazırıq, sonra ifaçıları tapırıq, onlara cibimizdən pul veririk ki, konsertdə nümayiş etdirək. Bəzən dörd alət üçün yazırlar, pul çatmayanda alətin birini ixtisar edirlər ki, az pul çıxsın. Yenə deyirəm, xalqımız yarıyıb, vallah. Norveçli olsam, qibtə edərdim. İndi mən bu gəncə nə deyim? Sağ olsun ki, yazır-yaradır. Minnətimiz olsun! Gözəl də hekayə idi".


Sara İbrahim:

"İndiyə qədər Furqandan heç nə oxumamışdım. Yaradıcılığı ilə tanışlığım “ Protez dişlər” hekayəsi ilə oldu. Normal hekayədi, maraqla oxudum. Oğulun zəif, kiçik çiyinlərinə indidən öz yükünü qoyan, ağzında gəzdirdiyi protez dişinə də yiyəlik edə bilməyən məsuliyyətsiz, narsist ata obrazı oxucuda ikrah, təəssüf hissi yaradır. Belə oğulların gələcəyini təsəvvür etmək çətin deyil: özünəinamsız, zəif, qorxaq. Böyük ehtimalla böyüyüb sərbəstləşən kimi içməyə başlayacaq. Özünü dərk edəndən atasından aldığı hədiyyə travmaları olub. Belə iradəsiz, zəif “kişiciklər” adətən, küçədə, məhəllədə özündən güclülərin qarşısında kiçilir, ailədə isə əsl “cəngavərə” dönür. Uşağın ğözü qarşısında anası döyülüb, alçaldılıb. Ata çox güman, öz gücünü oğlunun da kiçik, gücsüz bədənində “ sınayıb”. Sürücünün “Bəs nə olmaq istəyirsən?” sualına uşağın verdiyi cavab düşündürücüdür. Adətən, ailədə zorakılıq görmüş uşaqlar böyüyəndə polis olmaq istəyir. Kiçik yaşlarında özlərini müdafiə etməyə gücləri çatmayanda onları incidənləri cəzalandırmaq üçün. Uşaq protez diş bükülüsünü cibindən çıxarıb əlində möhkəm tutur. Elə bil, ovcuna qorxularını yığıb saxlayır. Protez diş itərsə, ona və evindəkilərə sərxoş atanın hansı cəzaları verəcəyini təsəvvür etmək çətin deyil.

Hekayə bir qədər səthi yazılıb. Ata maşında yatdığı müddətdə sürücüylə dialoqlarda onun ailəsindəki vəziyyəti, uşağın daxili dünyasını dərindən işləmək olardı. Düzdür, uşağın maşında “ tikan üstə” oturmağının təsviri oxucuya çox şey deyir. Amma onun qorxularını, evindəki atmosferi daha geniş yazmaq olardı. Bir də sonluq yaxşı yazılmayıb. Hekayənin kulminasiya nöqtəsi onun son cümləsi ola bilərdi. ”Protezi elə tutub, sanki atasının əlini tutub”. Bu cümlə, məncə, mətnin məzmununa uyğun deyil. Ata müharibədə, ya da qəzada yaralanıb şikəst olsaydı və oğul onun əziyyətini çəksəydi, onda bu fikir yerinə düşər, mətnin sonu uğurlu bitərdi.

Müəllifə yeni, mükəmməl mətnlər yazmağı arzulayıram".



Qafar Rüstəm:

"Hekayənin əvvəlində rəvayətçi yolda sərxoş atanı və onun 12-13 yaşlı oğlu İlkini maşınına götürür. Ata protez dişlərini "Dostluq" kafesində qoyub, indi onu axtarmağa gedirlər. İlk baxışda adi bir əhvalatdır. Amma burada protez diş insanın "üzü", ləyaqəti deməkdir. Ata onu kafedə itirib, geri qaytarmağa isə uşaq gedir. Sonda İlkin dəsmala bükülmüş dişləri atasının əlindən tutan kimi ehtiyatla saxlayır. Rollar dəyişib: uşaq ata, ata da uşaq olub.

Detallar da bu mənanı gücləndirir. Atanı bu hala salan kafenin adı ironik şəkildə "Dostluq"dur. Məktəbi sevməyən İlkinin polis olmaq arzusu evdə tapmadığı nizamı və qorunmanı başqa yerdə axtarmasıdır.

Zəif tərəflərə gəlincə, dialoqlar canlıdır, amma bütün mətn qısa, kəsik cümlələrlə yazıldığı üçün ritm monotonlaşır və oxucunu yorur. Rəvayətçi bəzən oxucunun özü görə biləcəyi şeyləri izah edir. Final obrazı gözəldir, amma bir az açıq verilib. Bir az gizli qalsaydı, daha güclü təsir edərdi.

Ümumilikdə bu, böyük hadisəsi olmayan, səssiz bir ailə dramıdır, mənası isə sətirlərin arasındadır. Ritm daha müxtəlif olsaydı, daha rahat oxunardı. Müəllifə uğurlar!"

# 55 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Reels Yazarlar Xəbərlər