Ayaq səslərindən qorxan torpağam - Həsən Kürdən yeni şeirlər

Ayaq səslərindən qorxan torpağam - Həsən Kürdən yeni şeirlər
28 fevral 2020
# 18:07

Kulis.az Həsən Kürün yeni şeirlərini təqdim edir.


Gedib qayıtmayanlara ithaf

- Qızım, sənin adın nə?
- Mənim adım Qərənfil.
- Gözünə qurban olum,
darıxırsan elə bil.

- Atamı gözləyirəm.
- Atan hardadır məgər?
- Müharibəyə gedib;
o döyüşür gecələr.

- Nə vaxt gedibdir atan;
gecikdiyi çoxdurmu?
- Çoxdur, əmi can, çoxdur.
- Ananın da atandan
bir xəbəri yoxdurmu?

- Anam indi işdədir.
- Qızım, harda işləyir?
- Anam çox mehribandır,
yarpaqları çox sevir,
səhərdən-axşamacan
onları təmizləyir.

-Yaxşı, mehriban anan
atandan bir söz demir?
- Demir, əmi can, demir,
daha yollara baxmır,
daha onu gözləmir.

Mən dünən çox ağladım
gecə yatmazdan öncə.
Anamın nə etdiyin
izləyirdim gizlicə.

Atamın divardakı
şəklini qucaqlayıb,
belə deyirdi, əmi:
“Mən necə böyüdəcəm
Atasız bu yetimi”.

Xəzan səsi

Gözümün işığı, burda payızdı
Hər kəs yığışıb öz gödəkcəsinə.
Bircə sevincini görəydin onun,
Günəş gülə-gülə sovuşub getdi
Bahar tətilinə gedərcəsinə.

Gözümün işığı burda payızdı
Burdakı yarpaqlar payıza kölə
Zavallı ağaclar payıza əsir.
Bağçanın sonuncu bənövşələri
Bir saxsı dibçəkçün evə tələsir.

Mən indi payızın çiyinlərində,
Yazın gəlişini gözləyən bağam.
Mən indi səngərdən boylanan əsgər,
Ayaq səslərindən qorxan torpağam.

Dişimi, dişimə sıxıb dözürəm
Olur belə şeylər, olur qadası.
Tək qalan adamlar özündən küsür,
Getməyə bir qucaq yer tapmayanda,
Yıxılır bir küncdə qalır qadası.

Bəs ora necədi? Havası, suyu
Quşlar çöldə ölür, yoxsa qəfəsdə?
Adamlar necədi? Hər darıxanda
neçəsi söz qoyur sözünün üstə?
Sən necə, nə qədər dəyişilmisən?
Yenə yerə düşən çörək qırığın
Öpüb qoyursanmı gözünün üstə?

Yox, sən dəyişilmə, özünü qoru,
Aldanma küçənin xəzan səsinə.
Kaş ki illər sonra bir yaz səhəri,
Birgə oyanaydıq azan səsinə.

Bağışla İlahi

Xoşbəxtlik payladın bütün dünyaya
Üstündə ot bitən daş xoşbəxt oldu.
Ovçunun əlləri əsdi bir anlıq
Göydə qanad çalan quş xoşbəxt oldu.

Hərə bir ağızdan rəhmət oxudu
Bir anlıq ölülər xoşbəxt oldular.
Hər günəş doğuşun bayram etdilər
Hər səhər dəlilər xoşbəxt oldular.

Xoşbəxtlik payladın bütün dünyaya
Hamı öz vaxtından tez xoşbəxt oldu,
Yağış yerə düşdü toz xoşbəxt oldu.
Özgə bir insanın bəy masasında,
İlahi sevdiyim qız xoşbəxt oldu.

Mən, bizi qovuşdur deyə yalvarıb
Sənə əl açmışdım aşiq olanda.
Hamı xoşbəxt oldu bu yer üzündə,
Layiq olmayan da, layiq olan da.
Mən niyə yadından çıxdım görəsən.

Hamı xoşbəxt oldu bu yer üzündə,
Kəpənək bağçada, arı pətəkdə
Hətta xoşbəxt oldu bir vaxt kəsilmiş
Yenidən canlanan kiçik kötük də.
Mən niyə yadından çıxdım, görəsən
Nə günah etmişəm bu böyüklükdə?

Yox, nəsə etmişəm dinc durmamışam
Bəlkə duz tökmüşəm yara üstünə.
Bəlkə bilməmişəm bir qaranquşun
Yuvasın yıxmışam bala üstündə.

Bəlkə göz dikmişəm mən canı yanmış
Dünya sərvətinə dünya malına.
Bəlkə amin demək yadımdan çıxıb
Yaşlı nənələrin dualarına.

Qurbanın olaram, keç günahımdan.
Bağışla İlahi, bilim ki varam.
Bağışlasan elə sən bağışlarsan
Mən olsam özümü bağışlamaram.


Daşdan Adamlar

Ağac qocalanda başını əyir
Torpağa təşəkkür etməkdən ötrü.
Neçə budağını qurban verərdi,
Neçə meyvəsini yerə salardı,
Haçansa yenidən bitməkdən ötrü.

Qocaldı yanında olan adamlar,
Birinin gözünün ağı qocaldı,
Birinin ağzında dili qocaldı,
Birinin getdiyi qatar dönmədi
Birinin əlində gülü qocaldı.

Dünya qarasına, ağına baxmır,
Qocaldı, əzizim hamı qocaldı.
Biri yağış üçün dua edəndə,
Birinin evinin damı qocaldı.

Sən də qocalmısan vaxtsız, vədəsiz,
Hardan gəlib keçdi bu ömür bu gün.
Yəqin ki, bir xeyli peşman olmusan,
Bu qoca dünyaya gəldiyin üçün.

Səni qocaldıbdır, bu daş binalar,
Əyibdi qəddini dikəltdiklərin.
Ovcunda içində qəbər yaratdı,
Alnından süzülüb düşəndə tərin.

Bəlkə heç bu sənin bəxtin deyilmiş,
Bəlkə qismətini özgəsi yedi.
Hətta asılqandan təzə adıyla,
Asdığın köynək də toz içindədi.

Utanma ey qoca, daşdan utanma!
Utansın suyu şor olan dənizlər,
Utansın günəşi gizlədən dağlar.
Öləndə hamını daşa tapşırıb,
Hamının başına daş salacaqlar.

Sarı tikan

Atdığım addım da soyudu məndən,
Etdiyim dualar üzümə durdu.
Sən çıxıb gedəndən, gecə yatmaq da,
Səhər oyanmaq da gözümə durdu.

Tutdu zalımlığı çərxifələyin
İnsan təravəti qalmadı məndə.
Gül də itirərmiş gözəlliyini
Yanında sarı bir tikan bitəndə.

Özünə yaxşı bax, məni düşünmə,
Qayıtma, çürüsəm, ölsəm qayıtma.
Qayıtma, uzaqdan səni səsləsəm,
Durub ayağına gəlsəm qayıtma.

Düşünmə əzizim, düşünmə məni,
Bilmə ki, kimləyəm, nəyəm, nəçiyəm.
Sən indi yağışsan, göyün üzündə,
Mən sənə susamış bir gölməçəyəm.

Hələ ölməmişəm, ayaq üstəyəm
Unut nə qədər ki, gec deyil unut.
Şəklimi cıranda gözünü bağla,
Adımı çəkəndə qulağını tut.

Qoru özünü bu, ac camaatdan,
İkisi mərddirsə, biri namərddir.
Mənisə qınama, qurbanın olum.
Səni sevməməyin, günahı çoxdur,
Səni sevməməyin özü bir dərddir.

Sonra evə qayıtdım

İki gitarist oğlan
Bildiyi mahnıları
Hey ucadan oxuyur.
Onların gözlərində
İndi hamı xəsisdi.
Gitara sandığına
Mən də heç nə atmıram
Birinin səsi pisdi...

Balıqçı gəmisi də
Tək qoydu ləpələri
Gün qaralar-qaralmaz
Yanımdakı tabloda
Bu sözlər yazılmışdı:
“İntihar etmək üçün
dənizə girmək olmaz”

Orda uşaq var idi
Hörüklü qız uşağı
Yaşı doqquz-on olar.
Dənizə yalvarırdı:
“Atama de qayıtsın
ona ehtiyacım var”

Ondan utandım Allah
O balaca uşaqdan.
Gözündəki həsrətdən
Ürəyindəki dağdan.

O uşağın dilindən
Elə sözlər eşitdim.
Hamımızın yerinə
Dənizə nifrət etdim.

Sonra evə qayıtdım
Keçdiyim məhəllədə
Bir mənzərə var idi
Yadımdadır hələ də.

Dörd mərtəbəli bina
“Antena”lı köhnə dam
Üstünə bir quş qonub
Birdə yarımcan adam.

Özünü tullamağa
Biraz gücü çatmırdı
Bir az də cəsarəti.
Bir yığın bekar adam
Doldurmuşdu həyəti.

Mən elə qorxurdum ki,
Birdən cəsarət tapıb
Özünü atar indi.
Bir neçə gənc jurnalist
Yeni xəbər var deyə
Gizlicə sevinirdi.

Sonra bir qadın gəldi
Əllərini qaldırıb
Xeyli göz yaşı tökdü.
Dedi: “gəl gedək evə,
Allah özü böyükdü!”

Allah onu bağışla
Yoldaşının gözündən
Axan yaşa bağışla.
Al onun dərdin, qəmin
Dağa, daşa bağışla.

Bağışla sahildəki
Səndən acığı gələn
Saçı hörgülü qızı.
Nə qədər ölməmişik
Bağışla hamımızı...

Görüntünün olası içeriği: Həsən Kür, yakın çekim

# 5039 dəfə oxunub

Müəllifin son yazıları

# # #