“Titanik”in son nəfəsi – Fərid Hüseyndən yeni şeir

“Titanik”in son nəfəsi – Fərid Hüseyndən yeni şeir
17 aprel 2020
# 01:01

Kulis.az Fərid Hüseynin “Titanik”in son nəfəsi” uzun şeirini təqdim edir.

Batan gəmilərə ithaf olunur…

Əksər uğursuzluqlar
səhvlərin bir-birini
ələ verməsindən başlayır.
Əvvəlcə bir sap çözülür –
ardıyca uralanır çox şey
və gəmi
az əvvəl üzərində dayandığında batır, –
sulara qərq olur.

Əlüstü xəyanətkarlar çıxırlar göyərtəyə,
yaşam həyasızlığı çökür üzlərinə,
qırmızı-qırmızı yalanlar püskürürlər:
“Biz bu gəminin batacağını bilirdik”,
“bu qara günü lap çoxdan xəbər vermişdik”.
Bu gün ən ucadan qışqıranlar,
dünən öz səsindən diksinənlərdi,
gəmisə var qüvvəsiylə çırpınır sularda,
tilovdakı balıq sayaq, –
yenə də ölümdən üstündür yaşamaq.

Günəşsə eyni işi görməkdən usanmır:
suların üzünə doğaraq çıxır,
dağların arxasına keçərək batır
və bu vərdişlə aləm
“dünya belə gəlib, belə də gedəcək”
nəğməsini oxuyur.

Suyun dibindəki dirəyə bağlanmış zəncir
Gəmini özünə sarı çəkir
bircə gəmi bilir bu həqiqəti,
bircə gəmi bilir niyə ki, batır,
sularsa Allahın gözləridi
olanlara öz içindən baxır.

Ölüm yaxınlaşanda
üzə çıxır hər kəsin bir ömür hekayəti,
yaşadıqcasa heç kəs
öz nağılına inanmır.
İnsan əbədiyyət övladıdır deyə
yaşamaqdan usanmır.

Buzlar kürəyini
şərin soyuq üzünə söykəyib,
suların gümüşü şilləsindən
gəminin qəlbi göyərib.
Bəxt yatanda
dörd yanında
baltalı əllər çoxalır
gəmi bir əcəl ağacdı
sularda budanır.

Sular günahları yuyacaqlar deyə
qurudan çoxdurlar.
Tanrının rəhminə arxayındı hər şey.
Mən indi son yuxumu görürəm,
ömrümün nəticəsinə
uzun hesablamalardan sonra
“tənhalıq” deyirəm.
Həyat sonuncu süfrəsini salıb
axır anımın təəssüfünü yeyirəm.

Çox adamın ömründə bir yaralı at dövrü olur,
sahibin sinəsinə sıxır tüfəngini –
sonra dişinin aralarına dolur atəş səsi.
Bəlkə də, ölümlərin ən betəri
gözünü yumub dünyadan əl çəkməkdi,
gəminin dəmir barmaqlıqları arasından
necə batmasını görməkdi.

Burda ümidlərdən ən axıra qalanı sevgidi,
kapitanın gicgahına sıxdığı güllə sevgidi,
sahibiylə birgə batan yadigar sevgidi,
bu gecə gözə dəyməyən ay sevgidi,
yapma saçların suda üzməsi sevgidi,
geyilməmiş paltarların islanması sevgidi.
Eşidilməyən siqnal səsi belə sevgidi,
hamını öz sonu çatdıran,
əlini aqibətinin əlinə yetirən
hər nə varsa sevgidi.

Ölüm qoxuyuram, ey göylər,
mənə təbiəti öyən mahnılar oxuma,
demə dünya necə gözəldi,
güllərin rəngindən,
otların yaşıllığından dəm vurma,
mən indi dünya mənzilimin sonuncu pilləsindəyəm,
torpağa bərkidilmiş addımlarla evimdən ayrılıram,
bir yasaq nəğməyəm, – oxuna bilmirəm,
yaşamaq bir kaktusdur indi – toxuna bilmirəm.

Səsin hardan gəlməsini bilməyən bir narahatın
dünyanı dinşəməsidi sevgisizlik,
tənhalıq isti ürəkləri duztək yalayır.
amma qundaqdakı uşaq
batan gəmidəki hay-küydən arxayın
ana bətnindəki əbədiyyətin
xəyali rəngləri ilə “oynayır”.

Duzlu suyu şirindən öz əməli ayırır,
gəmi indi gözlərini yumub
barmaqlarını toxundurmaqla
ona belə bağlayanları tanıyır.
Ümidsiz bir dərzi
gecənin qara parçasını
hər kəsin boyuna görə arşınlayır.

Susun,
qara qışqırıq salmayın,
qaçanda bir-birinizi vurub yıxmayın,
şeytanı həyat eşqinizlə yemləməyin,
indi mənzil başına çatmayan bir gəmi
dəli edir hər kəsi,
dor ağacından asıb özünü
həyatın kölgəsi.

Zülmət əllərini göyə açıb
işıq qollarını yerə uzadıb
aradakı boşluqda həsrət uğuldayır,
sahibsiz görünən külək
çarəsizliyin başını sığallayır.
Ay suyun üzündən dördəlli yapışıb,
batır gəmi,
batır,
iki yerə parçalanır,
özünün özündən ayrılığı öldürür onu,
bir film kimi bitir
bu gəminin sonu.

# 2436 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #