Kulis.az Aysel Zaurqızının tərcüməsində Po Chung-lingin “Pələng oğul” hekayəsini təqdim edir.
Bir zamanlar Şanxay Əyalətindəki meşədə Çen Ma adlı dul qadın var idi. Çen Ma oğlu ilə tək yaşayırdı. Onun oğlu atasının və babasının sənətini davam etdirirdi. O, yerli hakimin icazəsi ilə pələng ovu ilə məşğul olurdu. Onun pələng dərisindən, ətindən və sümüyündən olan gəlirinin payı özünü və qoca anasını balaca, kirli daxmasında azuqə ilə yaxşı təmin eləməyə kifayət edirdi.
Soyuq qış ayına qədər hər şey yaxşı idi. Bir gün dəhşətli qar çovğunu baş verdi və Çen Manın oğlu öz ovçu yoldaşlarından uzaq düşdü. O, ac dişi pələngə yem oldu. Bu dul qadına böyük zərbə idi. Qəm, kədəri sakitləşəndən sonra Çen Ma başa düşdü ki, çıxılmaz vəziyyətdir. O, tək qalmışdı. Hamı yaşlı qadını tərk eləmişdi. Çen Ma itmiş oğluna görə hakimin yanına getdi. Hakimdən ona müavinət verilməsini xahiş etdi. Çünki, bu, onun yeganə dayağı sayılırdı. Hakim qərar verdi ki, bundan sonra ovçular tərəfindən ovlanan hər pələngin gəlirindən onun da azacıq payı olacaq. Söz yox ki, bu qərar ovçular tərəfindən yaxşı qəbul olunmadı. Onların da ailələrinin yaşlı və cavan üzvləri çox idi.
Beləliklə, ovçular Çen Manın oğlunu parçalayan pələngi öldürdülər. Onlar qərara gəldilər ki, Çen Maya mənfəət payından verməsinlər. Əvəzində onlar Çen Manı dişi pələngin yeni doğulmuş balasının yanına apardılar. Pələngin balasının qızılı tükləri, titrək ayaqları var idi. Onun hələ dişləri yox idi, top kimi balaca, yumru idi. Ovçular pələngin boynuna kəndir dolamışdılar. Kəndir çox sıx idi, bala pələngi boğa bilərdi. Çen Ma bu köməksiz məxluqu görüb ürəyi ağrıdı, onun gözləri yaşla doldu. Ovçular gedəndən sonra pələng balası oturduğu yerdə yırğalandı və Çen Manın ayaqlarına uzandı. Çen Ma əyilib pələngin qulağını ovuşdurdu. Pələng də öz yumşaq diliylə onun çəkmələrini yaladı. Yaşlı qadın pələng balasına baxdı və ah çəkdi. "Ovçular mənə sənin ətini kəsib yeməyi tapşırdılar. Sənin dərin mənim ayağım üçün isti çəkmə, sümüklərin isə oynaqlarımın ağrısı üçün yaxşı məlhəm ola bilər. Bəs mən səni necə öldürüm? Sən balaca canlı varlıqsan, mən isə çəlimsiz bir qocayam."
Və beləcə Çen Ma pələngin boynundakı ipi açdı və ona ağacın bişmiş köklərindən yedizdirdi. Çen Manın oğlunun anbarda taxıl və kök ehtiyatı var idi və o, qış davam edənə qədər ərzağı artırmağı düşünürdü. Odun ehtiyatı azalanda Çen Ma yatağını isti saxlaya bilmirdi. Bu səbəbdən isti və yumşaq kürkü olan bala pələngin yanında burularaq yatırdı.
Bir dəfə qonşu kənddən olan qadın Çen Maya tikiş tikmək üçün nəsə gətirdi.
Çen Ma tikiş tikməkdə çox mahir idi və bir müddət bu işlə məşğul oldu. Bu əməyinin qarşılığında ona qurudulmuş maral əti və bir az taxıl verdilər. Əvvəllər bala pələngi heç kim görə bilmirdi, o, çoşqa boyda idi. Ancaq yaz gələndə o böyüyüb buzov boyda oldu. Artıq dişləri və caynaqları tam görünürdü. Bunu görən ovçular pələngi öldürməyi qərara aldılar.
Bunu bilən Çen Ma oğlunun nizəsini götürüb öz sevimli heyvanını qorudu. Pələngi öldürmək istəyən ovçuların qarşısını alıb dedi: "Mən həm yoldaşımı, həm də oğlumu itirmişəm. Bu pələng indi mənim yeganə yoldaşımdı. Mən hakimin yanına gedib onu oğul kimi övladlığa götürməyi tələb edəcəm."
Ovçular elə bildilər yaşlı qadın dəli olub. Onlar qadını ələ salıb gülməyə başladılar. Amma qadının qətiyyətli olduğunu gördülər. Bundan sonra pələngi öldürməyə cəsarət eləmədilər. Həm də hakimin qərarı olmadan onlar pələngi öldürə bilməzdilər. Beləliklə, Çen Ma hakimin yanına getdi. Ovçular da onu izləməyə başladılar. Yaşlı qadın hakimin yanına gedib hər şeyi danışdı, pələngi övladlığa götürmək istədiyini dedi.
"Hörmətli ana" - hakim dedi. "Sizin qərarınız çox qeyri-adidir. Siz qorxmursunuz ki, bu pələng bir gün öz vəhşi təbiətinə qayıtsın və sizi acgözlüklə yesin?"
"Möhtərəm hakim"-yaşlı dul qadın göz yaşları içərisində cavab verdi: "Burda qorxulu heç bir şey yoxdur. Mən çox ömür sürmüşəm və indi yeganə qorxduğum şey tək qalmaqdır. Bu məni çox narahat edir. Xahiş edirəm bu körpə pələngi götürməyə mənə icazə verin, mən ona çox baxıb qulluq etmişəm. İndi o mənə öz doğma oğlum qədər əzizdir."
Mehriban hakimin bu yaşlı qadının yalvarışlarına etiraz etməyə ürəyi gəlmirdi. Nəhayət o, qadının söylədikləri ilə razılaşdı. Beləliklə, hakim pələngi övladlığa götürmək üçün sənəd tərtib edilməsini əmr etdi.
Qərara əsasən pələngi ovçulardan qorumaq üçün hakim vəhşi heyvanın boynundan misdən böyük kulon asılmasını əmr etdi. Klonun üzərinə "Fu Çi" sözləri əks olundu. Bu pələng oğul mənasına gəlirdi. Çen Ma hakimə dərin təşəkkürünü bildirərək diz çökdü. Sonra o Fu Çini meşəyə, öz daxmasına apardı.
Növbəti qış fəslində Fu Çi xeyli böyüdü. Pələng böyüyüb oynayanda Çen Manın daxması da yavaş-yavaş uçulurdu. Sonradan o pələngə yaxın bir mağara içində ev düzəltdi.
Lakin mehriban pələng onu övladlığa götürmüş anasına tez-tez baş çəkirdi, həmişə ağzında ya maral əti, ya da ağac budağı gətirirdi. Pələng hələ də onun ayaqlarını yalamağını xoşlayırdı. Çen Ma da onun qulaqlarını tez-tez sığallayırdı. Çen Manın bütün ehtiyacları, qayğıları həll olunurdu. Ona elə gəlirdi ki, öz doğma oğlu onun qayğısına qalır.
Çen Ma yüz yaşa çatanda öldü. Onun ölümündən sonra ovçular gördülər ki, Fu Çi gecələr onun məzarını qoruyur. Bundan sonra ovçular pələngi rahat buraxdılar. Pələng heç vaxt insanlara və heyvanlara hücum eləmədi. Bir neçə il belə davam edəndən sonra pələng bir daha görünmədi. Ovçular Pələng oğula dərin heyranlıq bəsləyirdilər. Ona görə də onlar Çen Manın məzarı başında bir daş abidə ucaltdılar. Bu abidənin üzərində Pələng oğul Fu Çinin hekayəsi həkk olundu. Bu hadisədən sonra Fu Çi Şanxay Əyalətində məşhur bir əfsanəyə çevrildi.