Fidan Ülvi
Sehrli pəncərə
.... Qəribdir, indi eyni ölkənin torpağındayıq, eyni havanı uduruq. Yerin eyni nöqtəsindən səmaya baxırıq. Bəlkə də 9 il bundan əvvəl belə vəziyyət üçün nələri qurban verməzdim. İndi isə hər şey tam fərqlidir.
Maraqlıdır, heç bir zaman əlim-əlinə toxunmadı, canlı şəkildə bir-birimizi də görmədik. Amma həyatımın elə günləri olub ki, səni görməsəm öləcəyimi düşünürdüm. Hava, su kimi ehtiyac duyurdum sənə. Aramızdakı sehrli şüşə məsafələri, uzaqlığı, ölkələri yox etmişdi sanki. Əvvəl-əvvəl arabir görüşərdik o pəncərənin önündə. Danışmazdıq. Yazışardıq. Sən sevgini etiraf etdikdən sonra məndə də bağlılıq yarandı. Daha tez-tez görməyə başladıq bir-birimizi....
Sən mənə şüşənin o tərəfindəki həyatın necə getdiyini, ailəni, yaşadığın yerin adət ənənələrini danışırdın. Mən də özümünkülərini. Qəribədir, məhz həmin şüşə önündə mən biri üçün ağlamağı, dəli kimi sevinməyi öyrəndim. Bütün emosional hislərimi orada yaşadım. Ətrafdakılar mənə dəli kimi baxırdılar.
Artıq sənin sifət ifadələrindən kefinin yaxşı və ya pis olduğunu anlayırdım. Gülüşünü görəndə dünyalar sanki mənim olurdu. Yemək yediyini görürdüm o pəncərədən. Sən də mənim tez-tez çay içməyimi görüb, təəccüblənirdin. Bir sözlə bir-birimizin həyat tərzinə çevrilmişdik. Hər gün universitetdən çıxıb o pəncərənin önündə oturmağa tələsirdim. Səni görməyə tələsirdim. Lakin bir gün o pəncərəni qərarsızlığın, etinasızlığınla sən sındırdın.
Yadımdadır, o gün səndən soruşdum ki, aramızdakı məsafələri qət etmək istəyirsənmi? “Atam çox hirslənər, icazə verməz dedin.” Sonra yenə soruşdum: “Bəs gəlmək istərdinmi?” Bax bu sualın cavabı illərlə yandırdı məni. Dünyamı yerlə bir etdi həmin gün. “Əmin deyiləm” dedin. “Tamammı. davammı?” dedim. “Sən qərar ver” dedin.
Bilirsən, ondan sonra elə bir dua etdim ki, rəbbimə... içdən, hıçqıra-hıçqıra... Tez bir zamanda da qəbul oldu. Doğru deyirlərmiş səmimi edilən heç bir duanı rəbbim geri çevirmir. “Allahım içimdə, qəlbimdə böyük bir boşluq yarat, hissiyyatsız olmaq istəyirəm. Soyuqqanlı olmaq istəyirəm” dedim. Daha acı çəkməmək üçün bütün hislərimdən imtina etdim həmin gün. Bilmirəm həmin duanın qəbul olduğu üçün indi peşman olum, yoxsa sevinim. Hissiyyatsızlıq çox qəribədir...
İllər keçdi, indi sənin yaşadığın, nəfəs alıb-verdiyin torpaqdayam. Nə qəribə bir duyğudur....
Burda olduğumu bilmisən. Yəqin pəncərədən görmüsən... mənə orda ismarıc da qoymusan “nə zaman gəldin?” deyə. Cavab verməyimi gözləyirsən. Bəlkə görüşməyimizi də ... Amma artıq mən əmin deyiləm. Çünki ailəliyəm. Elə sən də
Yadımdadır. ilk oğlun olanda mənə yazıb demişdin ki, oğlum sənə bənzəyir. Mənim oğlumun şəkilini gördükdə isə “aslan” demişdin ona. Demək olar ki, eyni vaxtlarda nişanlandıq. Evləndik. Amma başqa-başqa adamlarla.
İndi avtobusun pəncərəsindən bayıra baxıb ürəyimdə səninlə danışıram. Bilmirəm səni qınayım, yoxsa təşəkkür edim olanlara görə. Amma ən çox lənətləmək istəyirəm. Çünki sənə görə etdiyim dua səbəbindən indi hissiyyatsızam. Bilirsən bir qadın kimi hissiyyatsız yaşamaq necə çətindir?..
İndi səninlə aramızdakı yeganə əlaqə o sehrli pəncərədir. Kompüter ekranı və internet. Onu tam bağlamaq da mümkün deyil. Bəlkə də bu yaxşıdır. İllər sonra boylanıb həyatımızın hansı mərhələdə olduğuna bir nəzər yetiririk. Həyat necə də qəribədir.