Sənsiz yatağıma məndən əvvəl qəmin döşənər

Sənsiz yatağıma məndən əvvəl qəmin döşənər
25 dekabr 2012
# 08:00

Kürçaylı Məmmədovun şeirləri

***

Gecələr işıqları daha çox sevirəm, ana,

Sevdiyim qızların heç biri yarım ola bilmədi,

Yarımçıq qaldım,

Bəlkə bundandır o sevgi...

Gecələr musiqiləri daha çox sevirəm, ana,

Ürəyim uyuyur notlarda.

Və bir gün tapmasan

elə notlarda axtar məni...

Gecələr uzaqları daha çox sevirəm, ana,

Uzaqlar yaxınların ümid,

təsəlli yeridir.

Səndən uzaqda yaxşıyam,

Narahat olma.

Vaxtında yemək yemirəm,

Çayım həmişə soyuq,

Tez-tez də xəstələnirəm...

Gecələr yolları daha çox sevirəm, ana,

O yolları ki, “necədir” sualını

dondurub gözlərində,

nigaranlıq yaradıb ürəyində,

bütün yollar sənə aparır əslində...

Gecələr payızı daha çox sevirəm, ana,

yağış ömrü arzuladığım qızın ahı

gecələr daha çox tutur məni bu payız.

Yağış damır taleyimdən

həmin qızın yanaqlarına...

Gecələr ölümü daha çox sevirəm, ana,

İnsanlar tənhalığı sevdiyi kimi

vuruluram ölümün təkrarsızlığına.

Ölürəm hər gecə,

hər səhər məni dünyaya gətirirsən yenidən...

Gecələr ayrılıqları daha çox sevirəm, ana,

Ayrılıqlar müdriklər üçündür.

Bu bomboz, avam insanlar

haradan bilsinlər nədir ayrılıq.

Bu işlək, qarın insanlar

haradan bilsinlər ki,

həyatı sevmək üçündür ayrılıqlar...

Gecələr həyatı daha çox sevirəm, ana,

İşıqları,

musiqiləri,

uzaqları,

yolları,

payızı,

ölümü,

ayrılıqları sevdiyim kimi.

Sevə bilmədiyim yarımçıqlıqdı,

O yarımçıqlıq ki,

sevdiyim qızların heç biri yarım ola bilmədi,

Para qaldım...

***

Bu gecə işıqlarına,

Tənhalıq kölgə salır.

Hərdən sal yadına, məndən

Eh, səndə nələr qalır...

Düşüb yolların ağına,

Sənə doğru gedirəm.

Həsrətin ac, ürəyimi

Ona kabab edirəm.

Sənin telefon nömrəndə,

Barmaqlarım üşüyər.

Sənsiz yatağıma məndən,

Əvvəl qəmin döşənər...

Bir musiqi səni anar,

Sən olmayan otaqda.

Bir oğlan uzanıb qalar,

Üzüqoylu yataqda.

Yağış döyər pəncərəni,

Xatirələr titrəyər.

Nə səndən bir xəbər, nə də

Telefon zəngi gələr.

# 2739 dəfə oxunub

Oxşar xəbərlər

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

14:30 14 iyun 2024
Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

11:30 23 may 2024
#
#
# # #