BİRİNCİ ƏHVALAT, YAS YERİNDƏ SÖHBƏT
Axşam çağları idi, anam mənə zəng etdi. Həmişə mən ona zəng edərdim, hal-əhval soruşardım. O, zəng edəndə əvvəlcə gündəlik söhbətlər edər, amma mən duyardım ki, bu gündəlik söhbətlərin axırında nə isə bir xəbər var. Bu dəfə də yanılmadım. Girişdən sonra anam dedi ki, uzun illərin rəfiqəsi, həm də onun müəllim yoldaşı olan Ofeliya müəllimənin sevimli bacısı rəhmətə getmişdi. Ofeliya müəllimə məktəbimizdə ən gözəl rus dili müəlliməsi idi. Onun müəllimlik etdiyi zamanlar rus dili müəllimliyi çox dəbdə olan peşə idi. Şagirdlər və məktəb kollektivi onu çox istəyirdilər. Demək olar ki, anamla eyni vaxtda müəllimlik fəaliyyətinə başlamışdılar. Anam Azərbaycan dili və ədəbiyyatı, Ofeliya müəllimə isə rus dili fənləri üzrə.
Mən həmin məktəbin aşağı siniflərində oxuyanda məktəbə anamla bir yerdə gedərdik. Yasamalda metro tikilirdi. İndiki Elmlər – İnşaat stansiyaları xətti. O vaxt mənə elə gəlirdi ki, bu xətt heç zaman tikilib başa çatmayacaq. Doğrudan da stansiyanın tikintisi hardasa mən IV sinifdə oxuyanda başladı, mən universiteti bitirib Akademiyada işləyəndə istifadəyə verildi. Şərifzadə küçəsi bu tikinti başa çatana qədər demək olar ki, iflic vəziyyətində idi və biz-anam və mən evdən piyada dörd dayanacaq yol gedirdik məktəbə. Yarı yolda Ofeliya müəllimə bizə qoşulurdu. Mən istər-istəməz yolboyu onların söhbətlərinin şahidi olurdum. Onlar gündəlik deyəcəkləri dərsləri müzakirə edir, icmal yazmaqlarından tutmuş, tədris zamanı istifadə etdikləri pedaqoji metodlardan tutmuş, dərs proqramına qədər, bir sözlə dərsin gedişi, keyfiyyəti, ortaq siniflərdə şagirdlərin vəziyyəti barədə yolboyu müzakirələr aparırdılar. Lakin onlar cavan idilər. Söhbət gəlib ev, məişət məsələlərinə də çatırdı. Bu zaman hər ikisi mənə - Qızım, sən bir az qabaqda get. – deyərək, o söhbətlərin mənim qulağıma çatmamağına çalışırdılar.
Nə isə... İndi anam məndən xahiş edirdi ki, mən onunla Ofeliya müəlliməyə başsağlığı verməyə gedim, ona yoldaşlıq edim.
Ertəsi gün anamla görüşüb, Ofeliya müəllimənin mənim iş yerimə yaxın olan evinə getdik. Sevimli müəlliməm bizi beşmərtəbəli xruşşovkanın girişində qarşılayıb, üçüncü mərtəbədəki birotaqlı mənzilinə gətirdi. Müəlliməmin çox səliqəli, işıqlı, rahat mənzili var. Doğrudan da əşyalar nə qədər də cansız olsalar da öz sahiblərinə uyurlar. Mən Ofeliya müəllimənin mənzilini görməsəydim də onu elə beləcə təsəvvür edərdim. Özü kimi işıqlı, dinc, həlim, səliqəli.
Biz yas ritualını yerinə yetirəndən sonra, müəlliməm mənim yaşayışımla, ailəmlə maraqlandı. Hər bir söhbətin bir ucu həmişə cəmiyyətə dirənir. Bəlkə də müəlliməm mənim yaşadığımız mühit, məişət, cəmiyyət haqqında nə düşündüyümü duymaq istəyirdi. Bir onu bilirəm ki, hər bir cəmiyyətdə ağır yük həmişə ziyalı zümrəsinin üzərinə düşür. Uzun və dəyərli söhbətdən sonra mən bütün duruma yekun vuraraq, dəqiq nəticəni əyani şəkildə göstərmək üçün, həm də hər iki müəllimənin dərs üçün darıxdıqlarını nəzərə alaraq, Qasım bəy Zakirdən başlayıb, sonda Molla Pənah Vaqifin “Görmədim” müxəmməsindən bir neçə bəndi dedim:
Mən cahan mülkündə, mütləq, doğru halət görmədim,
Hər nə gördüm, əyri gördüm, özgə babət görmədim,
Aşınalar ixtilatında sədaqət görmədim,
Biətü iqrarü imanü dəyanət görmədim,
Bivəfadan lacərəm təhsili-hacət görmədim.
Xah sultan, xah dərvişi gəda biittifaq,
Özlərin qılmış giriftari-qəmü dərdü fəraq,
Cifeyi-dünyayədir hər ehtiyacü iştiyaq.
Munca kim, etdim tamaşa, sözlərə asdım qulaq,
Kizbü böhtandan səvayi bir hekayət görmədim.
Hər sədavü səs ki, dünyaya dolub əksər əqəl,
Cümlə məkrü alü fənnü fitnədir, cəngu cədəl,
Dirhəmü dinar üçündür hər şeyə yapışsa əl,
Müqtədilərdə itaət, müqtədalərdə əməl,
Bəndələrdə simü bəylərdə ədalət görmədim... və s.
Dərsini yaxşı öyrənən, nümunəvi şagirdini dinləyirmiş kimi, məni səbirlə dinləyən, ədəbiyyat müəlliməsi olan anam davam etdi: - Aşiqanə lirik şeirlərin müəllifi olan Molla Pənah Vaqif bütün yaradıcılığı boyu gözəlliyi vəsf etmişdir. Amma yaradıcılığının və həyatının sonunda iki satirik əsər - “Bax” rədifli qəzəl və “Görmədim” müxəmməsini yazaraq, zəmanəsinin ictimai mühitinə öz kəskin münasibətini bildirmişdir.
Bir anlığa mən məktəb illərinə qayıtdım. Özümü şagird kimi hiss edirdim. Ofeliya müəllimə üzünü mənə tutaraq, davam etdi: - Bayaq adını çəkdiyin Qasım bəy Zakirin satirik şeiri onun M.F.Axundova yazmış olduğu məktubundandır. Və mənim söhbətin əvvəlində adını çəkdiyim şeirin bir parçasını Ofelya müəllimə dediklərimizi qüvvətləndirmək üçün bir daha söylədi:
Xəbər alsan bu vilanın əhvalın,
Bir özgədir keyfiyyəti- Qarabağ,
Həqdi, bundan əqdəm görübsən sən də,
Hanı o qaidə, o qanun, səyaq.
Qüttaüttəriqin vüfuru vardır,
Yaylaqda, aranda, qatar-qatardır,
Yenə soxa-soxdur, apar-apardır,
Bizim başımızda çatladı çanaq...
və s. deyib, Ofeliya müəllimə sözünü bitirdi.
Hər iki müəllimənin dərs demək üçün ürəkləri yanırdı. Cavanlıqlarındakı həvəsləri nəinki sönmüş, daha da alovlanmışdı. Rus dili müəlliməmizin Qasım bəyin yaradıcılığına belə bələd olması məni heyrətə saldı. Anama bələd idim. Onun necə eşqlə dərs keçdiyinin şahidi olmuşdum. Azərbaycan dili dərsi olanda bütün qrammatik materialı cümlə təhlili zamanı bizdən dəqiqliyi ilə tələb edirdi. Cümlələr isə mütləq ədəbiyyat fənnindən keçdiyimiz yazıçının əsərindən olmalı idi...
Hər ikisi yaşa görə təqaüdə göndərilmişdi. 40 ildən çox məktəbdə dərs deyən, gözlərinin nurunu yoxlama dəftərlərində əridən, ailələrinə göstərdikləri qayğıdan kəsib, ömürlərini məktəb həyatına, şagirdlərinə sərf edən müəllimləri heç bir tədbir keçirtmədən, gələn ildən siz yoxsunuz deyərək, təqaüdə göndərmişdilər. Belə qədirbilməzlik olmaz.
Belə qiymətli insanlarla dəyərli və mənalı söhbətimizi yekunlaşdırmaq vaxtı idi. Mən könülsüz sevimli müəllimimlə sağollaşıb ayrıldım.
İKİNCİ ƏHVALAT, KABABÇI ƏDƏBİYYAT MÜƏLLİMİ
Gündəlik qayğılardan, işdən-gücdən yorulanda şənbə-bazarı həsrətlə gözləyirsən. Xüsusən də yaz gələndə şəhəri tərk etmək istəyirsən. Bu ikiüzlü, tikilib-sökülən, havası zəhər şəhərdən çıxıb uzaqlaşmaq, insan, maşın səsi gəlməyən təbiətə qovuşmaq üçün dağlara can atırsan.
Əvvəlcədən qərarlaşdırdığımız kimi növbəti şənbəni dostlarla Pirquluya yola düşdük. Bütün etiket, mentalitet, nə bilim nə ket, nə met, hamısını şəhərdə atıb gəldik dağa – Qoşa bulağa. Aydın səma, təmiz hava, insanın beynini ayıldır. Gözə də istirahət lazımdır. Göz də dincəlməlidir. Yaşıl donun geyinmiş meşə, tala, dağlar, uzaqdan bizə hədə-qorxu gələn o qara bulud da göz oxşayır. Qoşa bulaqda əl-üzümüzü tərtəmiz saf suda yuyandan sonra qadınlar yemək tədarükü görməyə başladıq, kişilər manqal başına toplaşdılar. Dəstəmizdəkilər əsasən ziyalı zümrəsinin adamları idilər. Onlar da bir yerə toplaşdılar, söhbətlərinin mövzusu bəlli idi. Bir azdan dostlardan biri mənə yaxınlaşıb, xanım, vallah kababçımız sənin professorunun pişiyini ağaca dırmaşdırıb, deyə zarafatlaşdı. Mən arxaya çevriləndə, (onun professor dediyi mənim həyat yoldaşım, onun isə qardaşı idi), professorun kababçı ilə çox şirin söhbət etdiyinin şahidi oldum. Bir azdan yemək zamanı yoldaşıma iradımı bildirdim. Riayət edəcəyimizə inanmasaq da evdən çıxanda bir-birimizə söz vermişdik ki, elm, bilik, cəmiyyət, ziddiyyət, istirahət günləri bu mövzulara toxunmayacaqdıq. Mən bilirdim ki, yoldaşım kiminləsə şirin söhbət edirsə, deməli burda nəsə var. O, kababçının çox savadlı, klassik ədəbiyyatı bilən, Füzuli aşiqi olan, onun qəzəllərini ən qabaqda gedən ədəbiyyatşünaslar qədər dərindən dərk edən bir ədəbiyyat müəllimi olduğunu bildirdi. “Qoşa bulağ”ın ədəbiyyat müəllimi olan kababçısı.
ÜÇÜNCÜ ƏHVALAT, ŞOKA SALAN İBTİDAİ SİNİF MÜƏLLİMİ
Bütün həftəni istirahət günlərini gözləyirsən. Amma o iki gün necə gəlib keçir, bilmirsən. Birinci gün gəldi. Duz günü. El içində duz günü ağır gündür deyirmişlər. Həmin gün xeyirli iş dalınca getməyin deyirmişlər. Amma məcbur biz işə çıxmalıyıq. Elə ilk eşitdiyim əhvalat da həmin günün duz günü olduğunu bir daha xatırlatdı. Bir rəfiqəmlə görüşdüm. Hal-əhval, uşaqlarını xəbər aldım. Yenə də söhbət təhsildən düşdü. Uşaqları məktəbdə oxuyurdular. Soruşdum indi vəziyyət yəqin yaxşı olar, biz orta məktəblə çoxdan vidalaşmışdıq. Mənimkilər ikinci sinifdə oxuyanda, 1996-cı ildə, dedilər təhsildə islahatlara başlayırıq. Onlar orta məktəbi də bitirdilər, hətta ali məktəbi də. Mən bir islahat görmədim. Rəfiqəm dedi ki, ibtidai sinifdə müəllimə dərs zamanı səs-küyü yatırda bilmirmiş, hirslənib, yazı masasının üstünə əlini çırparaq qışqırıb: “ Тихо, твари, из за вас я второго ребенка не могу рожать “. Mənim o iki gün etdiyim istirahət bu xəbərlə burnumdan gəldi. Güclə özümü toparlayıb : - Nə danışırsan? – deyə bildim. O da – предстовляешь - deyərək, bütün mənzərəyə yekun vurdu.
P.S. Yazdığım hər üç əhvalat göründüyü kimi real hadisələrdir. Hərçənd ki, bir çoxları real hadisələri hekayə şəklində yazmaqdansa, mücərrəd olayları qələmə almağı üstün tuturlar. Amma, yenə də olsun. Bu yazılası və ibrət götürüləsi hadisələrdir. Bir də ki, insanlar o zaman realist yox, romantik olurlar ki, real hadisələrə müdaxilə etmək iqtidarında olmurlar. Əllərini yerdən üzüb, təxəyyül həyatı yaşayırlar. Canlı ikən ruha çevrilirlər.
Nə isə... Bu da son hadisə.