Əfsanə Laçın
Bulud adamlar
Səmada maviliklər içində Bulud adlı padşahlıq var. Padşahlıq göy üzündə olduğundan hər kəsə əlçatmaz görünürdü. Hamı tez-tez səmaya boylanır. Quşlar belə ora uçmağa çalışırlar.
Bulud Padşahlığında həyat gecələr başlayır. Yerdəkilər görməsin deyə, yerlə göy arasına qaranlıqdan örtük çəkilir. Örtük sehirlidi. O, səmaya sərilən kimi adamlar yuxuya gedir. Padşahlığın gözətçisi sarayın darvazasından gecələr ay, gündüzlər isə saçaqlı günəşi asır. Küçələrdə sıx-sıx çilçıraqlar asılıb. Yerdəkilərin ulduz adlandırdıqları çilçıraqlar...
Padşahlıqda nələr baş verir? Kimlər yaşayır?
Orada balaca bulud adamlar yaşayır, bulud quşlar uçur. Bütün əşyalar, canlılar buluddandı. Onlar darıxanda ağlayır. Yerə yağış yağır...
Bulud adamlar ora-bura qaçışanda ildırım çaxır, yer-göy titrəyir. Bulud quşlar qanadlarını çırpanda küləklər əsir. Bulud körpələr güləndə günəş saçaqlarını yerə sərir.
Uşaqlar bulud topaları ilə oynayanda tez-tez əllərindən yerə düşürürlər. Onda qar yağır.
Hərdən buludların rəngi qaralır. Bu o zaman baş verir ki, onlar yerə enmək istəyirlər. Axı, onlara da yerdəkilər maraqlıdı.
Nə zaman körpələrin səsləri aləmə yayılır, buludlar sevincdən müxtəlif şəkillərə düşür, uşaqlarla oynayırlar. Kimi bunu görür, anlayır, kimi yox...
Buludlar səmada gəzişirlər. Doğrusunu desəm oxuyub-oynayır, küsüb-barışır, söhbət edir, dərdləşirlər.
Bizim səmaya köçmüş sevdiklərimiz də buludların arasında yaşayır. Bulud adamlarla birgə...
Bulud adamlar da, sevdiklərimiz də bizi görür və eşidirlər. Əgər ürəkdən istəsək biz də onları eşidə, görə, duya bilərik. Hərdən səmaya baxıb gülümsəsək onlar da sevinər.
Ağac adamın, Qanadsız Mələyin, Qara Adamın, Nuhun daha yadıma düşən-düşməyən, tanıdığım-
Bu nağıl hər gün, hər dəqiqə, hər saniyə davam edəcək. O gün bitəcək ki, dünyanın sonu gələcək. Nə Buludlar padşahlığı, nə də yer kürəsi olmayanda...
Hər şeyin bir sonu var axı...