Yeganə Cansail
Avtobus silsiləsindən – Xəzəl, buldozer və Zəngilan...
Yarımçıq çəkilər və atılar
Yandırar yarpaqları.
Asfalt üstə bir qucaq xəzəl,
Boğular siqaret tüstüsündə.
Hər yarpaq bir adam sevgisi
Boğular yarımçıq sevgilər
Köz olmuş siqaret tüstüsündə...
***
Bir əl soxular
Buldozer cismində.
əvvəl divarları, sonra xatirələri...
sökər, qaşıyar,
daş-daş evlərin divarlarından
körpə gülüşlərini,
qoca şikayətlərini.
sahibsiz gündəlik qalar
evin küncündə.
bir vaxtlar
hamıdan gizlənən
indi ətrafa xatirələri boylanan
sahibsiz dəftər...
sökər bu əl,
daş-daş
daşlaşmış xatirələri.
...Və küçədən qocaman bir ah ucalar
“...bizim evimiz...”
****
22 il bundan öncə
Bir ev tikilər.
Taxtalardan,
Sahibsiz, sökülmüş binaların daşlarından
Və göz yaşlarından...
Ailə köçər,
Hər gün
“Evimi qoyub gəlmişəm” -deyən
Ananın səsi ucalar,
Divarın o tayından.
22 il ötər,
Divarın bu tayında
Doğulan uşaqlar bir gün,
Sınıq qapılara,
Bir qərib ad yazar
“ZƏNGİLAN”...