Pozğun çörəkçinin məhəlləsi

Pozğun çörəkçinin məhəlləsi
27 yanvar 2015
# 15:56

Bu məhəllədə hamı can deyib, can eşidirdi. Böyük-kiçik yeri bilinirdi. Kiçiklər böyüklərə hörmət edir, böyüklər kiçiklərin qayğısına qalırdı...

Bu məhəllənin qadınları iffətli, kişilərı həyalı və qeyrətli idi. Kiminsə namusuna xor baxmaq ölümə bərabər idi. Onların ruziləri bol, canları da sağlam idi. Hamı bir-birinə kömək edir, bir-birinin qayğısına qalırdı. İrəli gedənin gözü arxada qalırdı ki, geridə qalanları da irəli aparsın...

Bu məhəllədən nə qədər alimlər çıxmışdı! Evlərdə qab-qacaqdan çox kitab vardı. Böyüklü-kiçikli kitabla yatar, kitabla durardılar...

Bu məhəllə şükürlə oyanar, şükürlə yatardı. Allah da onların təşəkkürünə bol-bol nemətlərlə təşəkkür edərdi...

Bu məhəllənin quşları da hər səhər şən-şən ötərdi. Məhəllənin ağacları da təravətli idi, külək sığal çəkdikcə başını sevinclə sağa-sola əyərdi. Bu məhəllənin səması da fərqli səma idi, yerlə göy bir-birini başa düşərdi...

Bir gün həmin məhəllənin düz ortasında bir çörək evi açıldı. Hamı sevindi. Daha evlərdə çörək bişirilmədi. Hamı sevinclə çörək evinə tələsdi, çörək evinin sahibinə xeyir-bərəkət diləyirdilər. O isə, işinə insanlara xidmət yox, sadəcə pul qazanmaq vasitəsi kimi baxırdı. Onun üzünə təbəssüm edənlər insanlar yox, pullar idi. Onun üçün çörəklə digər şeyləri satmaq arasında heç bir fərq yox idi...

Bu çörək evinin çörəkçisi olan qadın da müdrük təbiətli bir qadın idi. Ayrı məhəllədən gəlmişdi, xasiyyəti də ayrı idi. Onun həyası da ayrı cür idi... Qəlbi fəsadla qaynadığına görə gözləri də qaynayar, gənclərə və kişilərə ata-qardaş gözü ilə yox, heyvani ehtirasını və sevgi aclığını doyuracaq bir vasitə kimi baxırdı... Onun əlləri də qəlbi kimi fəsadla qaynayırdı və bu əllər gözəl məhəllənin yaxşı insanlarına səhər-axşam çörək bişirirdi...

***

Bir məhəllə vardı... Bu məhəllədə heç kim bir-biri ilə yola getməzdi. Böyük-kiçik yeri bilinməzdi. Kiçiklər böyüklərə hörmət etməz, onları lağa qoyar, sözünü kəsərdi. Böyüklər də kiçiklərə rəhm etməzdi. Heç kim bir-birinin qayğısına qalmaz, hamı özünü düşünərdi. İrəli gedəni qətiyyən arxaya baxmazdı, geridə qalanlar da irəli gedənin ayağından çəkərdi...

Bu məhəllə elmə, savada pis baxar, kitab oxuyanları lağa qoyardı. Kitabı olanlar da onları boş qab-qacaq kartonlarına yığar, ortalıqdan götürərdi...

Bu məhəllənin camaatı naşükür idi. Daim hər şeydən şikayət edər, heç bir şeyə qane olmazdı. Allah da bu naşükürlüyə görə onlardan öz bərəkətini kəsmişdi...

Bu məhəllənin qadınları həyasız, kişiləri arsız və qeyrətsiz idi. Kiminsə namusuna xor baxmaq onlar üçün adi bir şey idi. Onların ailələri kasıblıq içində idi. Nə qədər qazanırdılarsa, yenə də bəs etməzdi. Daim hiss edirdilər ki, nə isə çatışmır. Nə qədər yeyirdilərsə gözləri doymazdı. Dünya onlara dəniz olmuşdu-nə qədər içirdilərsə bir o qədər də yanğıları artardı. Bunun nəticəsində böyüklü-kiçikli hamı xəstə idi. Qazandıqlarının çoxu həkimlərin cibinə axardı, ancaq yenə də sağalmazdılar...

Bu məhəllədə hər səhər qarğalar qarıldaşardı. Sevgi quşları bu məhəllədən köç edib getmişdi. Məhəllənin ağacları öz təravətini itirmiş, külək tərpətdikcə cırıldayardı. Bu məhəllənin səması tutqun, havası ağır idi. Bura göy yağış yağdırmır, yer bitki bitirmirdi. Yağsa da ya toz-torpağı yatırmayacaq qədər az, ya da selləmə yaradacaq qədər çox yağardı...

Bu məhəllə öz evlərində çörək bişirməyə tənbəllik edib pozğun qadının bişirdiyi çörəyi yeyən əvvəlki gözəl məhəllə idi...

24.01.15

# 1405 dəfə oxunub

Oxşar xəbərlər

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

14:30 14 iyun 2024
Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

11:30 23 may 2024
#
#
# # #