Furqan
ölüm
gedənlərin
geri dönməməsi deyil,
gələnlərin geri dönməsidi
ölüm...
bəxt
ən əvvəl ağac idim mən,
sonra salfet kağızı oldum,
indi zibilqabına atılıram...
halbuki,
hansısa kitab rəfinə də
qoyula bilərdim...
qurbağalar
akvariumdan xəbərsiz quşlar,
qəfəsdən xəbərsiz balıqlar varsa
qurbağalar xoşbəxtdir...
son nəfəsdə yazılan şeir
bu gün bir şeir yazıb,
bir hekayə oxuyub,
bir film izləyib məni...
deyəsən,
bitmişəm!
son
bütün gedişlərin sonu həmişə
ya matdı, ya heç-heçə...
məğlubiyyət dönmək istəyidi -
keçmişə...
bir də bütün gedişlərin əvvəli var,
canım-gözüm...
içdən gələn səs -
yəni nəfs!
əslində
1.
əslində
eyni şeydi elə
yoxuş və eniş…
birində sən gedirsən,
birində ayaqların…
2.
məsələn,
bu ağac
öz kölgəsini qoruyur
günəşin istisindən…
…və biz də
yarpaq olmalıydıq əslində…
olammadıq -
heyf…
3.
sağ əlim qaşınır,
nəyəsə yozurlar…
sol əlim qaşınır,
yozurlar yenə…
daha
bilmirlər ki,
etmədiyim dualardı -
qaşındırır ovcumu…
4.
açıq-aydın eşidirəm:
bu qoca ağac
hər dəqiqə,
hər saat,
hər gün
yarpaq pıçıltısıyla
şükür edir Allaha-
insan yaradılmadığı üçün…
5.
gedəndə
arxamca su atdılar
və dedilər ki, yeri!
atdıqları su
ləpirlərimi yuyub apardı,
qayıda bilmədim geri…
6.
bu yağan yağışın
ucundan tutub
ancaq yoxa çıxmaq olar, qadası -
toz üstə yıxılıb qalmış
bir sərxoş ləpir kimi…
7.
çərçivədə şəkiltək
zamanın buz halıyam…
və yaxud da kiminsə
sülənən xəyalıyam…
saat neçədi?
bilmirəm…
həyat necədi?
bilmirəm…