(Xəbərdarlıq! Aşağıda oxuyacaqlarınız sadəcə olaraq müəllifin xəstə təxəyyülünün məhsuludur. Oxuduğunuza ciddi fikir verməyin)
I
Azərbaycan. Bakı. “N” saylı hərbi hissə. 2012-ci ilin dekabr ayının 20-si. Saat 23:40
Gizir Ələsgərov rabitə qovşağına daxil olanda növbətçilər ayağa qalxdı. Çavuş Əhədov orta səslə qışqıraraq “FARAĞAT” dedi. Əsgər Yatağanov sağ əlini papağındakı kakardaya uzadaraq əsgər salamı verdi. Gizir çavuşa tərs-tərs baxdı və dedi:
-Çavuş, b***, bunu hərbi hissə növbətçisi eşitsə g****ü dağıdar.
Çavuş gülümsədi və dedi:
Yoldaş gizir, yerlilərə nə vaxtdan hörmət bəsləmək cinayətdir?
Gizirin acığı soyudu və o mülayimcəsinə çavuşa şapalaq vuraraq, “ərk eliyib vururam haa”, dedi.
Əsgər Yatağanov məəttəl qalmışdı. Bunu görən gizir, təlimata başladı.
- Əvvəla, siz başa düşməlisiz ki, indi olduğumuz hərbi obyekt ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir. Biz olmasaq düşmənlər bizə hava hücümu edərək, paytaxtımızı bombalayar. Ona görə, kimin var-yoxu ona əzizdirsə, növbə vaxtı yatmasın. Əhədov, bura gəl!
Əhədov gizirə tərəf addım atdı. Gizir isə öz növbəsində çavuşu qolundan tutaraq rabitə qovşağından çıxardı. Onlar çölə çıxdılar və hərəsi bir siqaret yandırdı. Yatağanov dayandığı yerdə, elə əli kakardasına mismarlanmış vəziyyətdə qalmışdı.
- Ə, çubuş, mən gedirəm bazlığa, onsuzda indi “YAT” əmri verilib hamı da yatır. Hərbi hissə növbətçisi də harasa rədd olub. Sən qalırsan burada, o cavan əsgərə də özün nəzarət elə. Başa düşdün?
Çavuş siqaretindən bir qullab alıb, “başa düşdüm” dedi.
- Deməli belə, nəsə olsa mənə zəng elə. Başa düşdün?
Əhədov bu dəfə cavab verməyə ərinərək, “aha” dedi. Gizir belə cavabdan sonra siqaretindən sümürdüyü tüstünü çavuşun üzünə üflədi. Əhədov yavaşca öskürərək gizirə dedi:
- Yoldaş gizir, indi sabah doğurdan dünyanın sonu olacaq?
- Əhədov, sən öləsən, biləm ki mən olmayan müddətdə növbə çəkdiyin vaxt yatmısan, bax onda sənin üçün dünyanın axırı gələcək! Birdə bilirsən nə var? Çavuş Əhədov!?
- Mən!
- Kələm!
Çavuş gic kimi güldü.
- Gülmə! Azərbaycanın hava sərhədlərini qorumağa addımla marş!
Əhədov ciddiləşdi, “OLDU” deyərək yerində fırlandı və rabitə qovşağına addımladı. Dodaqlarının arasındakı siqaretlə girdi Yatağanovun yanına.
- Əlini aşağı sala bilərsən,əsgər.
Yatağanov əlini yavaş-yavaş aşağı saldı. Əhədov isə radiolakatorun monitorunun qabağında əyləşərək, balaca boş Nescafe qutusunun içinə siqaretinin külünü tökdü.
- Vəzifə borcunu bilirsən?
Əsgər gözlərini divara zilləyərək ”Azərbaycan Respublikasının hərbi qulluqçusu” sözlərini demişdiki, çavuş onun sözünü kəsərək, “kifayətdir” söylədi. .................................
- Qulaq as, mən gedim bir az qızla telefonla danışım, sən gəl otur mənim yerimdə. Bu gördüyün monitorda hansısa nöqtələr görsən mənə xəbər elə.
- Oldu - Yatağanov qışqırdı.
- Xiyarsan? Sox içinə! İstəyirsən ki hamı bura tökülüşsün?
- Yox.
- Onda dediyim kimi, sox içinə.
Sonuncu sözləri çavuş Əhədov monitorun qarşısından qalxaraq dedi. O Yatağanovun yanından keçdi, cibindəki mobil telefonu çıxardı və geriyə dönərək əsgərin başına bir qapaz vurdu.
Çavuşun axırıncı sözləri bunlar idi, “yatma ha, məni soruşsalar deyərsən ki, ayaqyoluna gedib”.
Çavuş “ayaq yoluna” getdi. Yatağanov isə cibindən çıxardığı filtersiz siqareti yandıraraq bir qullab alıb monitorun qarşısına keçdi. Elə oturan kimi başa düşdü ki, nə zabit, nə gizir,nə də ki, çavuş söyüşü “girmir”. Ona görə yerini rahatlayaraq gözlərini yumdu. Yumulu gözlərlə improvizə edilmiş külqabını özünə tərəf çəkdi. Yatağanov yavaşça yuxuya gedirdi, monitorun mərkəzindəki dairəyə isə yüzlərlə “nəsə” yaxınlaşırdı. Bəlkə də heç kim heç yerə getməsəydi və yaxud heç kim yatmasaydı, heç nə olmazdı. Amma bunların hamısı ehtimaldır. Müammalı ehtimal…..
İlk partlayışlar saat 00:02-də oldu. Partlayan Bakının yanındakı Hava Hücumundan Müdafiə bazaları, “Nasosnu” kimi tanıdığımız qəsəbənin yanında yerləşən Hərbi Hava Qüvvələrinin təyyarələrlə və yanacaqla dolu olan anqarları, Milli Məclisin, Prezident Aparatının, Müdafiə və Müdafiə Sənayəsi Nazirliklərinin binaları oldu. Heç 1 dəqiqə keçmədi ki, Daxili İşlər Nazirliyinin, Bakı Şəhər Baş Polis və Səbayıl Rayon Polis idarələrinin, Azərbaycan Respublikasının Elmlər Akademiyasının binaları partladıldı. Bakı bir-birinə dəymişdi. Əvvəlcə hamı elə bildi ki, yenə hansısa müğənninin ad günüdür və ya konsertidir, ona görə atəş-fəşanlıq edirlər. Sonra dedilər ki, zəlzələdir. Buna əsas da var idi, çünki, ilk partlayışları çox adam eşitməsə də, evlər silkələndi. İkinci partlayışlardan sonra isə məlum oldu ki, nəsə naməlum hadisələr baş verir.
Partlayışlar o qədər güclü idi ki, hətta Rixter cədvəli üzrə 12 ballıq zəlzələyə tab gətirməli yeni tikilən göydələnlərin bəziləri oyun kartları kimi dağıldı. Yalnız 5 və 9 mərtəbəli binalara heç nə olmadı. İnsanlar bilmirdi, bayıra çıxsın, yoxsa evlərində qalsın. Üçüncü partlayış dalğasından sonra məlum oldu ki, harda olsan da, fərqi yoxdu, onsuz da canını qurtara bilməyəcəksən. Dekabr gecələri çox soyuq olur,xüsusilə çölə ancaq gecə paltarında çıxanda.
Üçüncü partlayış dalğaları Bakının yaşayış binalarına tuş gəldi. Əhmədli, Günəşli, Yasamal, 20 yanvar kimi tanınan ərazilər darmadağın olmuşdu. Binalar yanır, küçələrdə adam əlindən tərpənmək olmur, Fövqaladə Hallar Nazirliyinin yanğn söndürən maşınları Bakının yeni simvolu olan “Flame Towers”i söndürməyə çalışır, polis maşınları harasa tələsir. Hər yerdən ağlayış, polis, təcili yardım və yanğın söndürən maşınların xüsusi sirenalarının səsi gəlirdi. Yəqin ki, ilk dəfə olaraq, qabağı on barmaq qaldırılmış VAZ 2107 maşınının sahibi Heyrəddin özünü belə çarəsiz hiss edirdi. Onun bir neçə min manata aldığı və “Nə var e Ələsgər, Ələsgər” bağıran səs siqnalı məhz bu gün heç kimi güldürmürdü. Bu gün, 21 dekabrda paytaxtlıların və paytaxtlı ola bilməyib elə kəndli kimi qalanların böyük bir faciəsi idi. Tüstüdən göz gözü görmürdü, amma səmada Gəncədən havaya qaldırılmış qırıcı təyyarələri görmək olurdu.
Heç kim baş aça bilmirdi ki, nə baş verir, hansı day-daya,kimə zəng edəsən ki, sənin dərdin bitsin. Ama çox keçmədi ki, kiminsə ağlına gəldi ki, dənizkənarı parka getsin. Bir qrup üzdən iraq müxalifyönlü gənc bahalı paltar butiklərinin qapı-pəncərələrini sındıraraq camaata isti paltarlar paylamağa başladılar. Bunu görən bir neçə mühafizəçi bu müasir “Robinqudçuların” payını verdi. Mağazaların qabağında yığılan yüzlərlə insanın gözü qabağında onları eşşək balası kimi döydülər. Bu arada təyyarələr Bakı səmasını süzməyə davam edirdi. Təyyarələrin birindən parlaq işıltı göründü.Çox keçmədi ki, bu işıltı daha birində peyda oldu. MİQ-29-dan Teleleqüllə tərəfə iki gözqamaşdırıcı işıq xətti uzandı. Bir neçə saniyədən sonra Teleqüllədə yerləşən “Azərbaycanın ən bahalı restoranı” adını qoruyub saxlayan məkanda artıq qorumağa heç nə qalmamışdı. Niyəsə bu heç kimi təcübləndirmədi.
Çox keçmədi ki, Bakıda işıqlar söndü. Adi halda paytaxtımıza qaranlıq çökməli idi, amma yanan binalar əl əxsusda Ələddinin ləmpəsi, və yaxud Dankonun qəlbi kimi alışan “Flame Towers” sakinlərə bol işıq verirdi. Məlum oldu ki, Mingəçevir və Şəmkir su elektrik stansiyaları partladılıb və indi bütün Aran bölgəsini su basıb. Ama bakılılar və özlərini onlara oxşatmaq istəyənlər bütün bunları Salyandan gələn ilk qaçqınlardan, hələ bir neçə saatdan sonra öyrənəcəkdi. Hələlik isə heç bir telefon işləmirdi, atalar oğullarını, analar qızlarını, arvadlar ərlərini, bacılar qardaşlarını, Fatimə xala isə oynaşını axtarırdı.
İlk fikri hamı bir mənalı rədd etdi. Nəzərə alsaq ki, ilk fikir “yadplanetlilərin Azərbaycana hücümu idi” hər şey gözəl başa düşülən idi.
İkinci versiya o idi ki, Rusiyada sərxoş zabitlər Nyu-Yorku bombalamaq əvəzinə Bakını nişana alıblar. Üçüncü versiya isə İranın dünyaya öz etiraz səsini məhz Azərbaycanı bombalamaqla bildirməsidir. Lakin bütün bu versiyalar səhv idi. Heç kimin ağlına belə gəlmirdi ki, bu addım nəhayət Ermənistanda hakimiyyətə gələn yerli fanatiklərin Bakıya göndərdiyi “sağ ol”u idi.
Bizim baş qəhraman, 23 yaşlı, Bakı Dövlət Universitetinin jurnalistika fakultəsindən qovulan tələbəsi Bəhruz isə bütün bunları dəniz kənarı parkda qarşıladı. O, yenicə tanış olduğu qızı taksiyə mindirib təzəcə Kukla teatırının yanındakı skamyaların birinə oturmuşdu ki, partlayışlar başladı. Bəhruz təbii ki qorxdu, özü də çox. Çox keçmədi ki, Kukla teatırı da darmadağın oldu və teatırın divarlarından biri düz onun yanına düşdü. Bir parça daş isə onun başına dəydi. Bəhruz huşunu itirdi.
Səhər tezdən kimsə Bəhruzu dağılmış teatrın qalıqlarının arasından qaldırdı. Bu, yekə ulduzlu polis zabiti idi. Bəhruzu təcili yardım maşının içinə qoydular və o yenə huşunu itirdi.
Hospital və xəstəxanalarda yer olmadığına görə camaatı məktəblərin akt zalına və idman zallarına yığırdılar. Bəhruzun da olduğu 160 saylı məktəbin idman zalında çoxlu adam var idi. Şəxsi xəstəxanalar və tibb mərkəzləri bir n xəsarət alana da pulsuz xidmət göstərmirdi.
Bəhruz özünə gələr-gəlməz cibindəki pul kisəsini yoxladı. O yerində yox idi. Bu da o deməkdir ki, nə pullar, nə də Bəhruzun şəxsiyyətini təsdiq edən sənədlər var idi.
III
Məktəb-xəstəxanada pəncərələrinin birində balaca, Çin istehsalı radio ötürücü qoyulmuşdu. Xırıltılı səslər gəlirdi. Aparıcılar nəyə görəsə ləhcə ilə mahnılar səsləndirirdilər. Birdən hamımızın Qarabağın azad olunması xəbərini səsləndirməsini arzuladığımız Mətanət xanımın vahimə dolu səsi eşidildi.
- Əziz azərbaycanlılar, mənfur qonşumuz olan Ermənistan Azərbaycana xaincəsinə hücüm edib. Robert Koçaryan tanınmayan Qarabağ Respublikasının başına keçərək, Ermənistanda dövlət çevrilişi edən “Sasunlu David” adına millətçilərlə əlbir olaraq Azərbaycanı diz çökdürmək qərarına gəlib. Dekabr ayının 20-dən 21-ə keçən gecə Azərbaycanın bir çox şəhərləri, konkret isə Bakı, Mingəçevir, Sumqayıt, Xaçmaz, Astara, Balakən, Sabirabad raket bombalarının qurbanına çevrildi. Ermənistan və tanınmamış Qarabağ Respublikasının orduları Murovdağ istiqamətlərindən irəliləyərək, Azərbaycan ərazisinə soxularaq, Daşkəsən, Göygöl və Göranboy rayonlarını ələ keçirib. Hal-hazırda Gəncə şəhərində qızğın döyüşlər gedir. Orda ermənilərlə mübarizə aparan təkcə milli ordu əsgərləri deyil, həm də “Sürət Hüseynov” adına özünü müdafiə batalyonu vuruşur. Ermənistanın İcevan şəhərində yerləşən bazalarından hücuma keçən ermənilər Tovuz rayonunu ələ keçirərək, Qazax və Ağstafa şəhərlərini tamamilə Azərbaycandan ayırıblar. Tərtər, Bərdə, Ağcabədi və İmişli uğrunda indi də döyüşlər gedir. Mingəçevir su anbarı partladıldığından Aran bölgəsi su altında qalıb. Birləşmiş erməni qüvvələrinin avanqardı Kürdəmir istiqamətində sürətlə irəliləməyə başlayıb. Azərbaycan Rusiya sərhədində sərhədçilərimizlə hərbi geyimli insanlar arsında atışma qeydə alınıb. Məlum olan budur ki, Naxçıxan Muxtar Respublikası tərəfə bir güllə belə atılmayıb. Sapı özümüzdən olan baltalar, yəni Azərbaycan İqtidarına müxalif qüvvələr Avropa ölkələrinə xəbər verib ki, Bakıda xaosdu və Azərbaycana təcili kömək lazmdır.
Birdən Mətanət xanımın qışqırığı, yarım saniyə sonra isə güllə səsləri eşidildi. Xəbərlər əvəzinə Səyyad Əlizadənin “Bizim Metropoliten” mahnısı səslənməyə başladı.
IV
Özündə güc tapan Bəhruz ayağa qalxdı. Bir neçə saniyə bundan əvvəl o ancaq radiodan gələn pis xəbərləri eşidirdisə, indi o, ətrafında nə qədər səs-küy olduğunu anladı. Uşaqların və qadınların hönkürtü ilə ağlamaları, ağ xələtli həkimlərin kiməsə nəyisə başa salmaq cəhdləri, hərbi və polis geyimində olan insanların bir-birlərinin üstünə qışqırmağı Bəhruzun başında dözülməz ağrı yaratdı və o başa düşdü ki, buranı təcili tərk etməlidir. Bəhruz inamsız halda küçəyə çıxdı. Dağıntılar altından çıxarılan meyidlər dərhal təcili yardım, hərdən isə mülki maşınlara qoyularaq Dəniz Vağzalı tərəfə aparılırdı. Evlərin əksəriyyəti dağılmışdı.
Bəhruz bir neçə addım atmışdı ki, kimisə və ya kimlərisə axtaran mülki geyimdə olan silahlı qrup gördü. Onlar yoldan keçənləri saxlayır, onların şəxsiyyət vəsiqələrini tələb edirdilər. Vəsiqələr olmadığı təqdirdə saxlanılanları yolun kənarında dayanan 6 nömrəli marşrut avtobusuna otuzdurdular. Avtobus, demək olar ki, ağzına qədər dolmuşdu. Birdən Bəhruz hiss etdi ki gücünü bərpa edir və qaçmağa cəhd etdi. Niyə görəsə o, düz silahlı qrupun üstünə qaçdı. Təbii ki, saxlanıldı və ondan şəxsiyyət vəsiqəsi tələb edildi. Bəhruzun yadına düşdü ki, şəxsiyyətini təsdiq edən bir dənə də sənədi yoxdu, bundan başqa, o, anladı ki, nə adı, nə də soyadı yadında deyil.
Bəhruz artıq 6 nömrəli marşrutda ayaq üstə dəyanmışdı. Avtobusda ondan başqa olanların arasında söz-söhbət gedirdi ki, bu 6 nömrəli marşrutun sonuncu dayanacağı Milli Məclisdən yuxarıda yerləşən Oksford məktəbinin qabağı yox,cəbhə bölgəsi olacaq. Bu isə Bəhruzun planlarına daxil deyildi. Sözün açığı Bəhruzun heç planı da yox idi. O, hələ sona qədər ətrafda baş verənləri anlamırdı.
Avtobus yavaş-yavaş darmadağın olmuş Nefçilər prospekti ilə irəliləməyə başladı. Şəhərə hərbi texnika yeridilmişdi. Zirehli maşınlar hər tərəfdə idi. Bibiheybət məscidinə çatanda, avtobus sürücüsü marşrutu saxlayaraq nəzir verməkdən ötrü avtobusdan düşdü. Bu an qapının açıq olmasından istifadə edən Bəhruz özünü avtobusdan bayıra atdı. Yerə düşər-düşməz o qaçmağa başladı. Məscid sağ salamat idi. Onun ətrafında isə çoxlu sayda müxtəlif ölçüdə maşınlar var idi. Onların hamısı nəzir verməyə gəlmişdilər. Təbii ki, bu günün simvolu kimi məscidin qapısının ağzında T-72 tankı dayanmışdı. Bu da o demək idi ki, “məscidin qapısı açıqdır, itin abırına nə gəlib?!” atalar sözü öz aktuallığını itirdi. Bəli, Bəhruz qaçırdı, özü də geriyə, Bakı istiqamətinə. Bunu görən tankın yanındakı silahlı adamlar onun arxasınca “dayan” qışqırıdı. Özündən asılı olmayaraq o dayandı və səs gələn tərəfə baxdı.Artıq heç nə eşitmirdi, sadəcə silahlı adamların təşviş içərisində geriyə çəkildiyini gördü. Birdən məscidin qabağında dəyanan tankın lüləsindən ona tərəf nəsə uçduğunu gördü. Hər şey,sanki, yavaş-yavaş baş verirdi. Birdən Bəhruzun yadına nəsə düşdü. O gülümsəyərək “mənim adım Bəhruzdu, Yatağanov Bəhruz dedi”. Elə bu an tankın lüləsindən çıxan, balaca, boş Nescafe qutusunun onun düz başına dəydiyini hiss etdi.
Əsgər Yatağanov rahat kreslodan yerə yıxılaraq oyandı. Bu çavuş Əhədov tərəfindən əsgərin başına atılan qəhvə qutusunun təsiri idi. Yatağanov cəld ayağa durdu. Bu an rabitə qovşağına Hərbi Hissə Növbətçisi girdi. Çavuş Əhədov isə ona “növbə çəkdiyim zaman heç bir hadisə baş verməyib” söylədi. Bunlar da Bəhruzun gözləri önündə sanki, ləng, lap ləng canlanırdı. O fikirləşdi ki, bir də Hacıqabullu Məmmədovdan nəşə almayacaq.