Kulis Rusiyanın tanınmış kinoşünası Anton Dolinin ölkəsində kinematoqrafiyanın vəziyyəti haqqında Deutsche Welle saytına verdiyi müsahibəni təqdim edir.
- Bu yaxınlarda Rusiyada deputatlardan Milanov adlı birinin, “İqrı prestolov” filmini qadağan etmək barədə təklif səslənib. Belə bəyanatlara münasibətiniz necədir?
- Burada hər şey sadədir. Rusiya elə ölkədir ki, orada əsl siyasət deyə bir şey yoxdur. Ona görə də siyasətlə onunla heç bir bilik, savad dərəcəsi olmayan adamlar məşğul olur. Əgər sən bir işə yaramırsansa gərək bir şey fikirləşəsən ki, gözə çarpasan. Deputat Milanov adamların beynini qıcıqlandıran, parlaq təəssürat buraxan şeylər danışır ki, ölkədə tanınsın. Tanınır da. Baxmayaraq ki, o, axmaq-axmaq danışmaqdan başqa bir iş görmür. Onun təşəbbüslərini ciddi şərh etmək ona layiq olmadığı diqqəti göstərməkdir.
- Kinematoqrafiyanın həyatına dövlət hansısa şəkildə müdaxilə edə bilərmi və etməlidirmi?
- Dövlətin müxtəlif incəsənət növlərinə, xüsusən qeyri-kommersiya tipli növlərinə kömək etmək haqqı var. Müəllif kinosu heç vaxt və heç harda pul qazana bilməz, bu sənət naminə sənətdir, amma onun müəllifinə yaşamaq, yemək-içmək lazımdır. Arzu olunandır ki, dövlətin iştirakı kömək etməklə məhdudlaşsın. Amma totalitarizm və avtoritarizm elə idarəçilik formalarıdır ki, orada dövlət demək olar ki, hər şeyə müdaxilə etmək istəyir. Bu yalnız sənətlə məhdudlaşmır, məsələn şəxsi həyata da aid ola bilir. Məsələn, əgər onları maraqlandırırsa ki, kim necə sevişir (onları da bu əlbəttə maraqlandırır, bəzi qanunlar birbaşa bu haqdadır) onda onların tarix dərsliyində və ssenarilərdə nə yazılmalı olduğunu müzakirə etməsinə niyə təəccüblənirik?
- Sənət əsərlərində ana söyüşünün qadağan olunmasının ili tamam oldu. Artıq bu qadağanın nəticələrindən danışa bilərikmi?
- Ötən ilin iki əla filmi – Valeriy Qermanikin “Bəli, bəli” və Zvyaqintsevin “Leviafan”ı prokata kəsilmiş variantda çıxdılar. Nataliya Meşşannovanın “Kombinat Nadejda” filmi ümumiyyətlə prokata çıxarılmadı. Bu, ağla gələ bilən ən axmaq və zərərli qanunlardan biridir.
- Sanksiyanın kinonun üzərində hansısa təsirlərini hiss edirsiniz?
- Deyəndə ki, baxın Rusiyada da münasibət başqadır, sanksiyalar filan var, inanmayın. Söhbət sənətdən gedəndə sanksiyanı vecinə alan yoxdur. Kanndan tutmuş ən balaca festivallara qədər bütün festivallara film axtaranlar bütün dünyanı gəzib yalnız yeni və istedadlı bir adam axtarırlar. Onlara yeni ad, sima, individuallıq lazımdır. Əgər onlar maraqlı bir rus, qazax, belorus və ya başqa milliyyəti olan rejissor tapsalar buna ancaq sevinərdilər. Müsabiqəyə salar, tanınmasında yardımçı olardılar. Ukraynada fərqli kino çəkən, parlaq insan, “Qəbilə” kimi film çəkmiş Miroslav Slaboşpitskini tapanda bu Kann festivalındakıları daha çox sevindirir, nəinki Slaboşpitskinin özünü.
- Rusiyada müşahidə olunan müəyyən texniki gerilik kinematoqrafiyada hiss olunurmu?
- Bizim kinematoqrafiyamız əyalətçidir, amma hər hansı milli kinematoqraf da bu vəziyyətdədir. Dünyada yalnız bir universal kinematoqraf var ki, o da ölkəsi üçün yox, bütün dünya üçün kino istehsal edir, o da Hollivuddur.
Müəllif kinosu yalnız müəllifin istedadı ilə bağlıdır. Rusiyada istedadlı adamlar başqa ölkələrdəkindən az deyil. Kino dili, aktyorlarla, operatorla iş baxımdan bizdə hər şey qaydasındadır. Necə olmasa Rusiya uzun müddət böyük kinematoqrafiya imperiyası olub. Sadəcə indi, o artıq dəb göstərə bilmir və bu da yalnız bizim taleyimizdə deyil. Alman kinosu da dəb göstərə bilmir.
- Bəs dəbi kim təyin edir?
- Avropada diqqət Rumıniya və Macarıstanın asketik kinosuna yönəlib. Asiya da əvvəlki kimi sonadək öyrənilməmiş ərazidir, sözsüz ki, o da dəbi təyin edə bilir.
- Siz təzəliklə Roy Andersson haqqında kitab buraxmısınız. Sizə qədər o rejissor haqda kitab yazan olmayıb. Sizi bunu etməyə nə vadar etdi?
- Anderssonun yaşı 70-ə çatsa da o gənc rejissordur. Filmlərindən birinin iflasından sonra o yenidən çəkməyə başlayıb, uğursa ona bu yaxınlarda gəlib. Mən istədim onu Rusiyada tanısınlar, onda rus mədəniyyəti ilə oxşar nəsə var. Onda qəribə melanxoliya, özünəməxsus qara yumor, qroteskə meyllilik, rus sənət əsərlərindəki kimidir. İstəyəndə ki, film ölkənə gəlsin, sənsə nə distribütersən, nə də kinoteatrın var, onda nə edə bilərsən? Yalnız yaza bilərsən. Mən də kitab yazdım.