Məmmədrza Şeyxzamanovun xatirə gecəsi keçirilib

Məmmədrza Şeyxzamanovun xatirə gecəsi keçirilib
5 noyabr 2015
# 10:32

Akademik Milli Dram Teatrında görkəmli teatr və kino aktyoru, xalq artisti Məmmədrza Şeyxzamanovun 100 illik yubileyinə həsr olunan xatirə gecəsi keçirilib. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, xatirə gecəsi Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının və Akademik Milli Dram Teatrının birgə təşkilatçılığı ilə baş tutub.

Xatirə gecəsində M. Şeyxzamanovun sənət dostları görkəmli sənətkarın həyat və yaradıcılığından danışıb, çəkildiyi filmlərdən fraqmentlər nümayiş olunub.

Akademik Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru Azərpaşa Nemət bildirib ki, Azərbaycan teatr və kino sənətində M. Şeyxzamanovun müstəsna xidmətləri olub: “Sevinirəm ki, Məmmədrza Şeyxzamanovun xatirə gecəsi onun doğma teatrın keçirilir. Məmmədrza müəllim nəhəng aktyor kimi adını teatr və kino tariximizə qızıl hərflərlə yazdırıb, onun bütün rolları yaddaqalan olub”.

Xalq artisti Ağakişi Kazımov M. Şeyxzamanovla bağlı xatirələrini danışıb, sənətkarı böyük obrazların yaradıcısı kimi dəyərləndirib.

Xalq artistləri Rafiq Əzimov, Hacı İsmayılov, Ramiz Məlik, əməkdar artist Elxan Qasımov sənətkarın kino və teatr fəaliyyətindən, onların səhnə həyatında oynadığı roldan danışıblar.

Tədbirdə sənətkarın ailəsinin 1937-ci ildə repressiya ilə üzləşməsindən bəhs olunan səhnə, xalq artistinin sənət yolunu özündə əks etdirən sərgi xatirə gecəsinin iştirakçılarının ixtiyarına verilib.

Yubilyarın qızı Afaq Şeyxzamanova atası haqqında xatirələrini tədbir iştirakçıları ilə bölüşüb və tədbirin təşkilatçılarına təşəkkürünü bildirib.

Yubiley mərasiminin rejissoru xalq artisti Mərahim Fərzəlibəyovdur.

Qeyd edək ki, Məmmədrza Şeyxzamanov 1915-ci ildə Gəncədə doğulub. 1954-cü ildə Mədəniyyət Nazirliyinin əmri ilə M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrında işə başlayıb.

Teatrda “Göz həkimi”ndə Şahbazov, “Qış nağılı”nda Poliksen, “Fərhad və Şirin”də Xosrov, “Vaqif”də Qacar, “Otello”da Otello, “Aydın”da Aydın, “Qaçaq Nəbi”də Qaçaq Nəbi, “Vaqif”də Eldar kimi bir-birindən fərqlənən, psixoloji, dramatik obrazları özünəməxsus şəkildə yaradıb.

M. Şeyxzamanov böyük ekrana ilk dəfə 1955-ci ildə “Bəxtiyar” filmində Rəcəbov rolu ilə çıxıb. Müxtəlif illərdə “Qızmar günəş altında”da Alı kişi, “Leyli və Məcnun”da Dərviş, “Bir qalanın sirri”ndə həkim Eldostu, “Onu bağışlamaq olarmı”da polkovnik Qurbanov, “Qatır Məmməd”də Gəncə qubernatoru, “Nəsimi”də Şeyx Əzəm kimi obrazlar yaradıb.

1963-cü ildə Adil İsgəndərovun Sabit Rəhmanın ssenarisi əsasında quruluş verdiyi musiqili komediya filmində - “Əhməd haradadır”da Şirin kişi rolunda çıxış edib.

1976-cı ildə sənətkar daha bir yaddaqalan obrazını yaradıb. Rasim Ocaqovun İsa Hüseynovun ssenarisi əsasında çəkdiyi “Tütək səsi” filmində İsfəndiyar kişi rolunda çıxış edib.

M. Şeyxzamanov 1984-cü il yanvarın 25-də vəfat edib.

# 1604 dəfə oxunub

Oxşar xəbərlər

"Oğru kimi özgəsinin torpağına soxulmayaydın!.."  - Qadın talelərindən cəsarətli film çəkən  görkəmli aktyor

"Oğru kimi özgəsinin torpağına soxulmayaydın!.." - Qadın talelərindən cəsarətli film çəkən görkəmli aktyor

12:07 12 avqust 2025
“Weapons” filmi qorxu janrında ilin hadisəsinə çevrilir

“Weapons” filmi qorxu janrında ilin hadisəsinə çevrilir

11:30 9 avqust 2025
Ceyms Kamerondan nüvə hücumları haqqında  yeni film

Ceyms Kamerondan nüvə hücumları haqqında yeni film

10:35 7 avqust 2025
“Mən qadınam” tammetrajlı film ssenarisi müsabiqəsinin qalibləri bəlli oldu

“Mən qadınam” tammetrajlı film ssenarisi müsabiqəsinin qalibləri bəlli oldu

17:18 31 iyul 2025
Pazolini və Viskonti filmlərinin ulduzu vəfat etdi

Pazolini və Viskonti filmlərinin ulduzu vəfat etdi

16:24 31 iyul 2025
Di Kaprionun yeni filminin treyleri yayımlandı

Di Kaprionun yeni filminin treyleri yayımlandı

15:33 31 iyul 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər