Kulis.az “Əsl kino” layihəsində Marko Tullio Cordanonun “Yüz addım” və Uli Edelin “Baader-Maynhof kompleksi” filmlərini təqdim edir.
İtalyan rejissoru Marko Tullio Cordanonun “Yüz addım” filmi 2000-ci ildə ekrana çıxıb. “Yüz addım” Qızıl Qlobus mükafatına nominant olub və Venesiya festivalında bir neçə mükafata layiq görülüb.
Süjet: Əhvalatın qəhrəmanı Peppino (Luici Lo Kaşo) İtaliyanın kiçik şəhərlərindən birində yaşayır. Onun ailəsinin yetərli maddi imkanları və cəmiyyətdə nüfuzu var. Peppinonun atası (Luici Mariya Burruano ) mafiya ilə əlaqədə olan birisidir. Hələ Pepinno uşaq olanda onun qohumu və mafiyanın bosslarından biri Don Çezare (Pippo Montalbano) qətlə yetirilir. Bu hadisə balaca oğlanın həyatında dərin iz buraxır. O yerli rəssam, kommunist Stefanonun (Andrea Tidona) yanına gedərək xahiş edir ki, Çezarenin portretini çəksin. Amma rəssam bundan imtina edir və Çezare ilə fikir ayrılığının səbəblərini açıqlayır. Stefano onun dünyagörüşünə təsir edir. Və Peppino gənc yaşlarında sol baxışların təmsilçisinə çevrilir, korrupsiyalaşmış hakimiyyətə, onunla əməkdaşlıq edən mafiyaya qarşı mübarizə aparır. Nəticədə Peppino ilə atası arasında konflikt yaranır. Ailənin təzyiqinə baxmayaraq, Peppino yolundan dönmür. Mafiya onu zərərsizləşdirməyi qərara alır...
Filmdəki hadisələr real əhvalat əsasında çəkilib. Peppino İmpastato sol yönümlü aktivist və jurnalist olub. Onun əsas fəaliyyəti mafiyanın ifşasına yönəlib. O, mafiya ilə mübarizə məqsədilə mədəni və siyasi tədbirlər təşkil edib. Atası Luici yerli mafiya ilə sıx əlaqədə olduğundan Peppino ailəsi ilə münasibəti kəsib. 1978-ci ildə Siciliya mafiozları tərəfindən qətlə yetirilib. Yalnız 1997-ci ildə onun qətlinə görə günahkar bilinən Qaetano Badalamenti ömürlük həbs cəzasına məhkum olunub.
Rejissor filmdə konflikti qəhrəmanın mafiya ilə mübarizəsindən çox, valideynləri ilə münasibəti, onun arzularıyla reallıq arasındakı uçurum üzərində qurur. Eyni zamanda gənc nəslin liberallığı ilə yaşlı nəslin mühafizəkarlığı arasında toqquşmanı göstərir. Hekayənin belə qurulması filmi daha emosional və təsirli edir.
Marko Cordano italyan kinosunda siyasi-ictimai mövzuları əks etdirən Françesko Rozinin, Elio Petrinin, Ettore Skolanın yolunu davam etdirir.
Filmin adı İmpastato ailəsinin yaşadığı evdən mafiyanın bossu Badalamentinin evinə qədər olan məsafəni nəzərdə tutur.
Uli Edelin “Baader Maynhof kompleksi” Almaniya, Fransa və Çexiyanın birgə istehsalıdır və 2008-ci ildə ekranlara çıxıb.
Süjet: Hadisələr 1967-77-ci il Almaniyasını əhatə edir və terror təşkilatı Qırmızı Ordu Fraksiyasının meydana gəlməsi, fəaliyyəti haqdadır. Alman gəncləri Amerikanın müxtəlif ölkələrdə apardığı imperialist siyasətə qarşı çıxırlar. Hər şey isə İran şahı Məhəmməd Rza Pəhləvinin Almaniyaya səfərinə gənclərin etirazından başlayır. Alman polisi aksiyaçılara qarşı amansızlıq nümayiş etdirir. Daha sonra Andreas Baader (Moris Blyaybtroy), Qudrun Enslin (Yohanna Vokalek) və daha bir neçə nəfər iri alış-veriş dükanlarından birini yandırır. Beləcə, ölkə hakimiyyətinə, sahibkarlara qarşı silahlı mübarizə başlayır. Onların mübarizəsinə jurnalist Ulrika Maynhof (Martina Qedek) da qoşulur. O, hətta mübarzidən ötrü komfortlu həyatından və iki qızından imtina edir...
Qeyd etdiyim kimi film Qırmızı Ordu Fraksiyasının yaranma səbəblərini və fəaliyyətini araşdırır. Filmdə rejissor hər iki tərəfin-həm hakimiyyətin, həm terrorçuların amansızlığını qabardıb. Bununla belə müəllif tarixi faktların bədii həllini verməyib. Ona görə filmə sənədli ekran əsəri kimi də baxmaq olar.
Filmdə Qırmızı Ordu Fraksiyasının qətlə yetirdiyi bankir Yurgen Pontonun qətli də təsvir olunub. Premyeradan sonra bankirin arvadı İqnes Ponto ərinə verilən dövlət mükafatından imtina edib. Onun sözlərinə görə, hakimiyyət Qırmızı Ordu Fraksiyasının qurbanlarına xatirə abidəsi ucaltmaq əvəzinə, bu təşkilat haqda çəkilən filmi maliyyələşdirib. Bundan başqa İqnes Pontonu filmin premyerasına dəvət edəndə, ərinin qətli haqda səhnənin çəkildiyini deməyiblər. O, filmin prodüserlərini, ərinin qətl olunması səhnəsinin doğru təsvir etmədiklərini deyib. Ərinin necə öldürülməsini qadın qonşu otaqdan görüb.
“Baader-Maynhof kompleksi” Oskar mükafatına nominant olub.
Rejissor Uli Edel məşhur kinematoqrafçı Duqlas Syörkun assistenti işləyib.